Şairlər Tanrının bir möcüzəsidir

 

Şahnaz Nəsirova: "Heç kəs bəxtəvərlikdən şeir yazmır"

 

Azərbaycanda istedadlı, sözünü cəsarətlə deməyi bacaran yazarlarımız, həm də xanım yazarlarımız az deyil. Onlardan biri də mətbuatda şeirlərinə tez-tez rast gəldiyim, AYB üzvü, əslən Sabirabad rayonundan olan Şahnaz Nəsirovadır. İstedadı və səmimiyyəti ilə seçilən Şahnaz xanım həmişə sözün böyüklüyünə, onun qüdrətinə hörmətlə yanaşıb. Bir sözlə, sözün müqəddəs, ilahi varlığına inanıb. Şahnaz xanım söhbətə şair Barat Vüsalın "Biz elə üç-dörd nəfərik" kəlməsi ilə başladı:

- Bu kəlmənin içində çox şey görürəm. Həmin bu üç-dörd nəfəri bir sərkərdə kimi təsəvvür edirəm. Bu sərkərdə ilə də böyük bir "ordu" yaratmaq olar. Söhbət sözdən, əsl yaradıcılıqdan gedir. Yəni söz ordusu, yazar ordusu... Sıralarımızda yazarlarımız çox azdır. Bunları dəyərləndirmək lazımdır.

- Şahnaz xanım, siz ədəbiyyata nə vaxt gəlmisiniz, ilk şeiriniz nə vaxt işıq üzü görüb?

- Uşaqlıq illərindən şeir yazıram. Təxminən üçüncü sinifdə oxuyarkan ədəbiyyata, poeziyaya böyük həvəsim vardı, günbəgün ona marağım artırdı. İçimdə məni nəsə narahat edir, həmişə özünə çəkib aparardı. Hərdən özüm-özümə qapılardım. Elə bu həvəslə də, şairlərin şeirlərini böyük bir intonasiya ilə söyləyərdim. Müəllimlərim bacarığımı görüb məktəb və rayon tədbirlərinə məni aparardılar. Hətta ədəbi festivallarda da iştirak edərdim. Yaxşı yadımdadır, beşinci sinifdə oxuyurdum. 9 May - Qələbə günü ilə bağlı rayon festivalına mən də qatıldım və xalq şairi Səməd Vurğunun "9 May Qələbə günü" şeirini ifa etdim. İfam münsiflər heyətinin çox xoşuna gəldiyi üçün məni mükafatlandırdılar. Onu da qeyd edim ki, orta məktəbdə təhsil alarkən inşa yazılarda sərbəst mövzuya üstünlük verərdim. Düzdür, o illərdə şeirlər yazırdım. Amma bir şair kimi ədəbiyyata 1996-cı ildən gəlmişəm. Həmin ildən bu günə kimi dövri mətbuatda çıxış edirəm. Üç kitabım işıq üzü görüb, sözlərimə bir neçə mahnı yazılıb, kliplər çəkilib.

- Bəs, Sabirabadda ədəbi mühit nə vəziyyətdədir, sizi qane edirmi?

- Açığını desəm məni qane etmir. Çünki kifayət qədər yazarımızın olmasına baxmayaraq, onların arasında nədənsə bir bağlılıq, körpü yoxdur. Ona görə ki, hərə öz ömrünü yaşayır. Amma şair ömrü adi ömrə bənzəmir. Məqsədim odur ki, rayonun istedadlı yazarlarını bir yerə cəm edək. Onları xalq istedadsızlarla qarışdırmasın. İstedadlıları üzə çıxardıb, təbliğatı ilə məşğul ola bilək. Buna da mənəvi dayaq və dəstək lazımdır.

- Ədəbiyyata bir "boz axın" gəlib. O axın ki, duman kimi ətrafı bürüyüb. Yəqin ki, bu sizin rayondan da yan keçməyib? Bəs, Şahnaz xanım özünü belə bir mühitdə görə bilirmi?

- Əlbəttə. Amma adam bəzən özünə şair deməyə utanır. Çünki bu ifadə bəzi kəslərin arasında işlədiləndə onların baxışlarından hiss edirsən ki, ədəbiyyatımıza biganədirlər. Bu biganəlik də ədəbiyyatımıza gələn bulanlıqdan, "boz axın"dan irəli gəlir. Yəni adamlar bu axına görə istedadlını istedadsızdan seçə bilmirlər. Bununla da istedadlı istedadsızın kölgəsində qalır. Yəni poeziyadan, yaradıcılığından xəbəri olmadığından səni də o cərgəyə qatırlar. Axı, belə deyil. İstedadlı gənc yazarlarımızın tükürpədici şeirləri var. Sözü içində mum kimi əzib, ondan istədiyi obrazı yaradan o istedadlı söz sahiblərinə qiymət verilməlidir. Zamanın xəlbirində qalan yazarları üzə çıxarmalı və onların təbliği ilə məşğul olunmalıdır.

- Sizin şeirinizdə belə bir ifadə yadımda qalıb, "ağlaya-ağlaya qayıdacaqsan". Bu şeir kimə işarədir?

- Fikrimi həmin şeirin bir bəndi ilə başlamaq istəyirəm:

 

Fələyin bizimlə axı qəsdi nə,

Dedin taleyimi yazıb tərsinə.

Kor olub içindən qalxan tüstüyə,

Ağlaya-ağlaya qayıdacaqsan.

 

Amma bu şeir şəxsi həyatımla bağlı deyil. Təbii ki, ünvan var. Ünvansız şeir yazılmır. Mən Allah adamıyam. Elə istedadı da mənə Tanrım verib. Qabımda nəyim varsa, Rəbbim göndərib. Mən həmişə ona sitayiş edirəm, ondan güc alıram. Oturanda da, duranda da, işə gəlib-gedəndə də, yazanda da Rəbbimə şükür etmişəm. Şairlər də Tanrının bir möcüzəsidir.

- Sizin şeirlərinizin birində "bu şəkil mənə bənzəmir" kimi çox gözəl ifadə də var. Bu ifadə həm də bir tapıntıdır. Bəs, nəyə görə Şahnaz xanımın şəkili şairin özünə bənzəmir?

- Mən bu şeirlə ömrümü, anımı yaşamışam. İnsan dünyaya gəlir, ancaq bir ömür yaşayır, ikinci bir ömür yaşamır ki. Bir də gözünü açıb, geriyə boylanıb baxır ki, ömür şam kimi əriyərək yox olub. Amma bu ömrü necə yaşadı, bu anı necə dərk etdi, onun varlığına, əhəmiyyətinə varmayıb.

Mənim bu şeirimin hər bir sətrində fəlsəfi məna var. Bax, o şeirdə mən özümü, şair ömrümü görürəm. Mənim "Bu şəklim məni tanımadı", "Yandır o şəkli" bu cür silsilə şeirlərim var. Amma mənim şeirimdəki şəkil cansız deyil. O şəkil ki, həyatda özüməm. Şəkillər mənim ömrümün anları, həyatımın səhifələridir:

 

Çox asmışam başım üstdən,

Gözümdəki yaşım üstdən.

Açarı itmiş qapıdır,

Qoy sinəmdə daşın üstə,

İndi vur sındır o şəkli.

 

- Siz həm də Sabirabad rayon icra başçısının müavini kimi məsul bir vəzifədə çalışırsınız. Şairliklə vəzifə bir-biri ilə yoldaşlıq edib, yol gedə bilirlərmi?

- Hər ikisini bir cərgədə aparmağa çalışıram. Amma yaradıcılığımda bir qədər axsamalar olur. O da vaxt məhdudiyyətidir. Bəzən özünə qapılıb köklənə bilmirsən. İstər-istəməz diqqətini vacib, mümkün olan sahəyə ayırırsan. Ona görə bəzən məndən şeir qonağım küsüb gedir. Belə yerdə şair Əli Kərimin söz haqqında bir şeiri yada düşür:

 

Nə zamanlar yazmamışam,

Sözlər qaçıb dağa-düzə.

Baxımsızlıq olan yerdə,

Söz özü də baxmır sözə.

 

- Bir şair kimi Azərbaycanda ədəbi mühiti görə bilirsinizmi?

- Bu söz aləmində yaranan ikitirəlik bir şair kimi məni də narahat edir. Bugünkü daş dünənki daşın üstünə qoyulmaqla divar yaranır, yəni bina tikilir. Amma bu gün o söz binamızı tikmək əvəzinə uçurmağa çalışırlar. Bəlkə də fərqinə varmadan, dərinə getmədən edirlər bunu. Bir qrup gənc yazar keçmişini, dünənini bəyənmir. Hətta çağdaş yazarlarımıza belə daş atırlar. Müqəddəs və ali kitabımız olan "Quran" Ulu Yaradan tərəfindən nazil olub. Həmin kitabda bir dəfə də olsun müəllif öz adını hallandırmayıb. Yəni mən əvəzinə "biz göyləri, yeri və kainatı yaratdıq" deyir. "Biz" sözünü deməklə insanları təkəbbürdən uzaq olmağa, mənəmlikdən çəkindirməyə çağırır. Amma bu gün "mən" azarına tutulanlar bizlərə kölgə salır. Ədəbiyyatımızda "mən xəstəliyi" aradan götürülməlidir.

- Sizdə "Aran" ədəbi birliyinin fəaliyyəti nə yerdədir?

- Açığını desəm, neçə ildir bu birlik yaranıb. Amma onun fəaliyyəti bu gün gözə çarpmır. Yəni bir şair kimi məni qane eləmir. Birliyin 10 ilə yaxındır ki, hər hansı bir tədbiri keçirilmir. Şərt birlik yaratmaq deyil, o birliyin ocağına istedadlıları yığmaqdır. Mən "Aran" ədəbi birliyinin işığında bu gün yazarları görmürəm.

- Şeirlərinizdəki kədərli notlardan hiss olunur ki, sizin də həyatınızda nəsə bir nigarançılıq, uğursuzluq olub. Elədirmi?

- Heç kəs bəxtəvərlikdən şeir yazmır. Şairi şair edən içindəki dərddir, bəşəri kədərdir. O elə bir dərddir ki, onu mən müqəddəs sayıram. Çox zaman olub ki, özümü bu dünyaya yük hesab etmişəm. Bəzən cəmiyyətdə insanlar arasında özümü tənha saymışam. Üzümü Tanrıya tutub deyirəm:

 

Ömür sönür an içində,

Könlüm qızıl qan içində,

Bu qədər insan içində

Təkəm Allah, təkəm.

  

 

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2011.- 17 may.- S. 7.