Müdrik insan, müdrik yaşda

 

Alim, şair Hikmət Mahmudov ömrünün 75-ci baharını qarşıladı

 

Türk və islam aləminin ən müdrik şəxsiyyətlərindən biri olan Əhməd Yasəvinin əsərlərində 7 prinsip öz əksini tapıb. Bunlar Allaha məhəbbət, insan sevgisi, xoş niyyət, qadın-kişi bərabərliyi, əmək, zəhmət və elmdir. Bu mənada güclü kəlamlar, sözün möcüzəsi ilə qazanılan qələbələr əməklə qoşadır. İnsan nə yaradıbsa, necə yaradıbsa onu da öz ağlının düşüncəsi ilə, böyük sənətkarlıqla ifadə etməyi bacarmalıdır. Məhəmməd peyğəmbərin hədislərinin birində deyilir ki, "Vətəni, alimin qələmi, əsgərin hünəri, əkinçinin zəhməti qoruyur". Doğrudan da xalq, əlinin zəhməti, ağlının gücü ilə yaratdığı sözü və kəlamı ilə pasportlaşdırılıb.

Görkəmli geoloq-alim, şair və pedaqoq kimi tanıdığımız Hikmət Mahmudov da xoşbəxtliyini əməkdə, elmdə tapıb desək yanılmarıq. Neçə insanın qəlbi nur alıb, neçə insanın həyat yoluna işıq düşüb, bu ziyalı zəkasından. Bəli atalar yaxşı deyib, "ot kökü üstə bitər". Hikmət Mahmudov da öz kökü üstə boy atan şəxsiyyətlərdəndir. İsmayıllı rayonunun Mican kəndindən başlayan bu ömür yolu 1936-cı ildə mayın 15-də təvəllüd tapıb. Halal müəllim əməyi ilə övladlarını böyüdüb tərbiyə etmiş İsmayıl müəllimi bu kənddə tanımayan az adam tapılardı. Şərəfli ömür yaşamış dövlət xadimi Rəşid Mahmudov, tanınmış alim, professorlar Ədhəm və Fikrət Mahmudov kimi şəxsiyyətlər İsmayıl müəllimin ocağından pöhrə verib, ən yüksək elm və sənət mərtəbələrinə ucalıblar. Ailənin sonuncusu Hikmət Mahmudov da bu ad - sanı çətinliklə qazanıb. Yaşadığı ömürdə saysız-hesabsız problemlərlə qarşılaşan Hikmət Mahmudov, qarşısına çıxan bütün sədləri aşıb, zəhmət, alın təri ilə istədiyi işi görüb, layiqincə başa çatdırmağa çalışıb. Sadə bir kənd müəlliminin övladı olan Hikmət müəllimin müharibə illərinə düşmüş uşaqlıq həyatı, Bakı və Qazaxıstanda keçən illəri, elmi axtarışları, ədəbi yaradıcılığı, hər biri ayrı-ayrılıqda onun ömrünə, taleyinə müxtəlif naxışlar hörüb. 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika, sonra isə geologiya-coğrafiya fakültəsini əla qiymətlərlə bitirərək, mühəndis-geoloq ixtisasına yiyələnən Hikmət Mahmudov təyinatını Qazaxıstan Respublikasına alır. O, Qazaxıstanda, xüsusən də cənubi Müqadjar sahəsində ilk dəfə qızıl olmasını müəyyən edib. Qazaxıstanda müxtəlif vəzifələrdə çalışan Hikmət Mahmudov vətəninə, xalqına xeyir verməyi hər şeydən üstün tutur və doğma Bakıya qayıdır. Gənc tədqiqatçının elmə olan marağı və həvəsi onu 1967-ci ildə Azərbaycan SSR Elmlər Akademiyası Geologiya İnstitutunun aspiranturasına gətirib çıxarır. Aspiranturanı müvəffəqiyyətlə bitirərək 1971-ci ildə apardığı səmərəli elmi-tədqiqat işləri nəticəsində elmi işini layiqincə müdafiə edərək, Geologiya-minerologiya elmlər namizədi alimlik dərəcəsi adını qazanır. 1992-ci ildə isə o, "Azərbaycanın mezo-kaynazoy yaşlı vulkanik şüşələri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edir.

Hikmət Mahmudov geokimya, vulkanologiya və ekologiya elmləri üzrə tanınmış alimdir. Əsas elmi fəaliyyəti qeyri-filiz faydalı qazıntıların fiziki-kimyəvi və geokimyəvi xüsusiyyətlərinin öyrənilməsidir. O, respublikada aşkar edilən perlit yataqlarının geokimyəvi xüsusiyyətlərini ilk öyrənən və onları hərtərəfli tədqiq edən və miosen yaşlı Güneydağ perlit yatağını aşkar edən tanınmış mütəxəssisdir.

H.Mahmudovun elmi yaradıcılığını bir çox dünya alimləri yüksək qiymətləndiriblər. Alim bir çox beynəlxalq səviyyəli simpoziumlarda və konfranslarda iştirak və çıxış etməklə, Azərbaycanda geologiya elmini layiqincə təmsil edib.

Professor Hikmət Mahmudovun apardığı elmi tədqiqatların nəticələri onun namizədlik və doktorluq dissertasiyalarında respublika və xarici ölkələrin nəşrlərində çap edilmiş 15 elmi kitabında, o cümlədən 9 monoqrafik əsərdə, 4 dərslik və dərs vəsaiti kitablarında 130-dan artıq elmi məqalələrində, elmi hesabatlarda, 7 müəlliflik şəhadətnamələri və səmərələşdirici təkliflərdə öz əksini tapıb. Hikmət Mahmudov eyni zamanda, 45 ilə yaxındır ki, ali məktəblərdə dərs deyir.

Bəli, həyatda elə insanlar var ki, onların seçdiyi həyat yolu, peşə, cəmiyyətdə tutduğu mövqe əvvəldən müəyyən olunmuş alın yazısıdır. Hikmət müəllimin peşəsi də onun poetik yaradıcılığına böyük təsir göstərir. Bəlkə də ona görədir ki, alim kimi təbiətin sirlərini öyrənən Hikmət müəllim şair kimi də təbiətdən ilham alır. Şairin "Qocalığa tələsmə" adlı kitabını oxuyarkən bir daha əmin olursan ki, müəllifin məşğul olduğu sahə bir-biri ilə sıx bağlıdır və onların hər hansı birinə üstünlük vermək çətindir. Özünün elm və poeziya haqqında söylədiyi fikir bunu bir daha aydın göstərir. "Əgər sənətim sağ gözümsə, şeyriyyətim sol gözümdür". Bəli, Hikmət Mahmud imzası ilə tanınmış şair təbiət vurğunudur. O, təbiəti böyük məhəbbətlə sevdiyi üçün geoloq sənətinə elə bu baxımdan yiyələnir. "Qıyma gözəlliyə" adlı kitabında təbiətlə vətən amalı birləşir. Bu birliyin sonu sevgidir. Şair təbiətə təkcə gözəlliklər məskəni kimi deyil, həm də canlı bir aləm kimi baxır.

 

"Burda meşələrin mehriban səsi,

nəğməkar quşların çağırışması var.

Burda hər çiçəyin isti nəfəsi,

Güllərin küsüşüb, barışması var".

 

H.Mahmudovun palitrasında ən gözəl cəhətlərdən biri budur ki, dünyanın bütün rənglərini görmək mümkündür. Onun şeirləri haqqında söz yazan tənqidçilər, ədəbiyyatşünaslar, alimlər çox haqlı olaraq bu dəyərli alimi təbiət məhəbbət şairi adlandırırlar.

 

Könüllərdə, baxışlarda gülər yaz,

Yar yarına rast gələndə can deyər.

Qara saçlar vaxt-vədəsiz ağarmaz,

Dil-dodaqlar dərd bölənə can deyər.

 

Bəli, Hikmət Mahmudovun şeirlərinin bir hissəsini məhəbbət mövzusu təşkil edir. Bunların zaman, cavanlıqda, ya sonralar yazılmasının fərqi yoxdur. Çünki onun məhəbbət mövzusunda yazdığı bütün şeirlərinin əsas leytmotivini məhz özünün qeyd etdiyi kimi saf, təmiz hisslər, ülvi arzular təşkil edir. Onun sözlərinə bir çox bəstəkar - Eldar Mansurov, İsrail Kərimov, Ələkbər Tağıyev, Tahir Əkbər 50-dən çox mahnı bəstələyiblər. Hikmət Mahmud imzası ilə 8 şeir kitabı, o cümlədən 10 poema çap olunub. Bir çox şeiri türk, rus, alman, bolqar, gürcü dillərində tərcümə edilib. Bir çox alim, ədəbi simalar - Əli Vəliyev, İlyas Əfəndiyev, akademik Fuad Qasımzadə, Budaq Budaqov, Məmməd Araz, Bəxtiyar Vahabzadə başqaları Hikmət Mahmudov poeziyasına dəyərincə qiymət veriblər. Hər şeydən əvvəl alim, şair Hikmət Mahmud elə, vətənə bağlı bir qələm sahibidir. Yaradıcılığının bütün sahələrində onun vətəndaşlığı, vətənpərvərliyi, insanpərvərliyi özünü göstərir. Bir ağsaqqal ziyalı kimi yol göstərir, yaxşı varsa qədrini bilməyə, qorumağa çağırır.

Ömrünün müdriklik çağını yaşayan Hikmət Mahmudovun mayın 15-də az, çox-düz 75 yaşı tamam oldu. Bəli bir insan ömrünün 75 baharı, 75 qışı. Həyatın enişli-yoxuşlu yollarından keçərək elmin nuruna bələnib, düz 75 il yol gəlib Hikmət müəllimin ömrü o, bu yolu şərəf ləyaqətlə keçib. Demək, bizdən sonrakı nəsillərə qədər bu yol uzanacaq. Bundan böyük xoşbəxtlik ola bilər ki?

biz öz növbəmizdə Hikmət müəllimə uzun ömür, cansağlığı arzulayırıq, onun yaxınlarının, doğmalarının arzusuna qoşularaq deyirik: Müdrik insan, müdrik yaşın mübarək!

 

 

İradə Cavadova

 

Həftə içi.- 2011.- 19 may.- S. 7.