"Müharibə olarsa, Türkiyə Azərbaycanı tək buraxmayacaq"

 

Türkiyənin Uludağ Universitetinin beynəlxalq münasibətlər üzrə professoru Tayyar Arının "Həftə içi"nə eksklüziv müsahibəsi

 

Son zamanlar Qarabağ probleminin həlli, bölgədə müharibə ehtimalının artması istiqamətində çox fikirlər səsləndirilir.

Hətta rəsmi səviyyələrdə də bu ehtimallara ciddi eyham vurulur. Lakin bəzi ekspertlər ərəb dünyasında baş verənlərin Qarabağ məsələsini ikinci plana keçirdiyini söyləyirlər. Bundan əlavə, bölgədə maraqlı olan qüvvələrin, o cümlədən Türkiyə, İran və Minsk Qrupu həmsədrlərinin yürütdükləri siyasətlər də ciddi müzakirələrə yol açıb. Bütün bu məsələlərlə bağlı suallarımızı "Həftə içi"nə eksklüziv müsahibəsində beynəlxalq münasibətlər üzrə ekspert, Türkiyənin Uludağ Universitetinin professoru Tayyar Arı cavablandırır:

- Türkiyə daha öncə dəfələrlə təkrarladığı kimi Cənubi Qafqazın inkişafı, sülh və sabitliyinin təmininə böyük önəm verir. Bu məqsədlə Ermənistanın da oxşar addımlar atacağını düşünərək 2009-cu ildə münasibətlərin normallaşdırılması prosesinə başladı. Lakin erməni tərəfinin özəlliklə işğal altındakı Azərbaycan torpaqlarını boşaltmaq niyyətində olmadığı anlaşılınca bu proses gözləmə mövqeyi ilə əvəzləndi. Türkiyənin Ermənistanla münasibətlərinin normallaşdırılmasının İrəvanın işğal siyasətinə bağlı olduğunu baş nazir Rəcəb Tayyib Ərdoğan 2009-cu ilin mayında Azərbaycanın Milli Məclisindəki çıxışında, həmçinin iyun ayında AKP-nin qrup toplantısında da bəyan edib. Baş nazirimiz bu istiqamətdəki bəyanatlarını daha sonralar da dəfələrlə təkrarlayıb. Ermənistan ilə Türkiyə arasındakı münasibətlərin normallaşmasının ən önəmli şərti dünən olduğu kimi, bu gün də İrəvanın Qarabağ siyasətində uzlaşmaz mövqeyindən geri çəkilməsi və işğal altındakı torpaqlardan çıxmasıdır. Türkiyə ATƏT-in Minsk Qrupunu da bu istiqamətdə fəaliyyətini artırmağa təşviq edir. Lakin maraqlı dövlətlərin müxtəlif səbəblər üzündən Ermənistanla bağlı fərqli siyasət yürütmələri bu münaqişənin həllinin axtarıb tapılmasına yardım imkanlarını çətinləşdirir.

- Danışıqlar artıq uzun müddətdir ki, davam edir. Lakin hələ də konkret bir nəticə yoxdur. Bu səbəbdən Dağlıq Qarabağda yenidən müharibənin başlaması ehtimalı nə qədərdir?

- Məlumdur ki, Azərbaycanın siyasəti ilk olaraq münaqişənin dinc yolla və diplomatik vasitələrlə həllinə tərəfdardır. Ancaq istər prezident İlham Əliyev, istərsə də xarici işlər naziri Elmar Məmmədyarov dəfələrlə azərbaycanlıların səbrinin tükənməz olmadığını söyləyiblər. Həmçinin, Azərbaycan artıq 10 il əvvəlki Azərbaycan da deyil. 100 min nəfərlik əsgəri gücü və 90 milyard dollara yaxın milli gəlirləriylə iqtisadi və hərbi baxımdan Qafqazın ən güclü dövlətinə çevrilib.

- Hazırda danışıqlar prosesində dominantlıq Rusiyanın əlindədir. Müharibə olacağı təqdirdə, Rusiya hansı mövqeyi sərgiləyəcək?

- Müharibə olacağı təqdirdə bunun ildırımsürətli hərbi əməliyyatlar olması və Azərbaycanın çox qısa zamanda işğal altındakı torpaqlarını geri qaytarması lazımdır. Bu Azərbaycanın beynəlxalq hüquqdan qaynaqlanan haqqı olduğu üçün kənar təpkilər müəyyən sərhəddə olacaq. Bu gün Rusiyanın Ermənistanda hərbi bazaları var. Bu müharibə baş verəcəyi təqdirdə onun savaşa qoşulmaq ehtimalının olduğu deməkdir. Lakin Moskvanın hərbi əməliyyatların başlanğıcında bu addımı atacağını düşünmürəm. Əslində, Rusiya bu münaqişənin hansısa yolla həllinə çalışır. Digər tərəfdən isə, Ermənistan üzərindəki hərbi mövcudluğunu itirmək istəmir. Rusiyanın müharibəyə qoşulması özəlliklə Azərbaycana qarşı hücumlar etməsi münaqişəyə Türkiyənin və NATO-nun da qoşulması anlamına gəldiyindən Moskvanın belə bir riskə əl atması ehtimalı azdır. Həmçinin, Qarabağdakı məsələ Gürcüstandakı vəziyyətdən çox fərqlidir. Ayrıca, Rusiyanın Türkiyə və Azərbaycanla da münasibətlərini təhlükəyə atmaq istəmədiyi görünür.

- Hamı münaqişənin hərbi yolla həllinin olmadığını söyləyir. Lakin bu ehtimal Bakı tərəfindən heç vaxt istisna olunmayıb. Bu halda bölgədə maraqlı olan Türkiyə, İran, ABŞ və Avropa Birliyinin hansı addımları atacağına dair nə deyə bilərsiniz?

- Türkiyənin bu vaxta qədər verdiyi bəyanatlardan da görünür ki, Ankara ilk öncə münaqişənin dinc yolla həllinə tərəfdardır. Ancaq müharibə baş verəcəyi təqdirdə, heç bir şübhə olmadan Azərbaycana hərtərəfli dəstək verəcək. Ayrıca, tərəflər arasında 2010-cu il avqustun 16-da imzalanan strateji tərəfdaşlıq və qarşılıqlı yardım anlaşmasının ikinci maddəsi də tərəflərin hər hansı birinə hücum olacağı təqdirdə, digər tərəfin istənilən vasitəylə yardıma gəlməsini nəzərdə tutur. Müharibə başlayacağı təqdirdə İranın Türkiyə ilə münasibətlərini riskə ataraq Azərbaycana qarşı hansısa mövqe nümayiş etdirməyəcəyi qənaətindəyəm. Özəlliklə daxildə həssas bir durumun yaşandığı İran hakimiyyəti ölkə əhalisinin dörddə birini təşkil edən azərbaycanlıları qarşısına almağa risk etməyəcək. Həmçinin, 1992-ci ildən fərqli olaraq İran-Rusiya münasibətləri də çox parlaq sayılmamalıdır. ABŞ və Avropa ölkələri isə BMT çərçivəsində hərəkət edərək təcili şəkildə BMT Təhlükəsizlik Şurasının toplanmasını, bu çərçivədə dərhal atəşkəs elan edilməsinə çalışacaq. Əgər Dağlıq Qarabağdakı müharibə həmin ərəfədə Türkiyə və Rusiyanın qatılmadığı böyük savaşa çevrilməyibsə, hərbi əməliyyatlar BMT-nin atəşkəs qərarını verməsiylə sona çatacaq.

- Rusiyanın münaqişənin həllində son illərdə dominantlıq etdiyini demişdik. Moskvanın bu prosesdə oynadığı rolu necə görürsünüz?

- Yuxarıda qeyd etdiyim kimi, Rusiya Ermənistandakı hərbi mövcudluğunu üstünlük kimi görür və bundan bacardıqca yararlanmağa çalışır. Bundan əlavə, Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu, onun hələ də davam etməsi Rusiyaya həm Azərbaycan, həm də Ermənistan hökuməti üzərində təsirli olmasına, mövqeyini hər iki ölkəyə qarşı alver kimi istifadə etməsinə şərait yaradır. Digər tərəfdən isə bölgədə yaşanacaq hansısa hərbi toqquşmalar bütün qüvvələr balansını alt-üst edəcək. Bu səbəbdən Rusiyanın hazırkı mövcud opportunist siyasətini davam etdirməsi olduqca risklidir.

- Türkiyənin Avropaya inteqrasiyasında başlıca maneələrdən biri kimi məhz Ermənistan amili göstərilir. Lakin İrəvanla münasibətlərin Azərbaycanda heç də xoş qarşılanmadığı məlumdur. Belə olan təqdirdə, Türkiyənin xarici siyasətində Azərbaycan və Ermənistanın yeri barədə nə fikirləşirsiniz?

- Türkiyə və Azərbaycan arasında özəlliklə Ermənistan ilə başladılan açılım və normallaşma prosesinə görə qarşılıqlı etimadda problemlər yaşansa da, bu problem artıq arxada qalıb. Tərəflər arasında hazırda keçmişdəkindən daha güclü yaxınlaşma başlayıb. Türkiyə üçün Azərbaycan nə qədər önəmli və əvəzsizsə, Azərbaycan üçün Türkiyə də o dərəcədə əhəmiyyətli və önəmlidir. Azərbaycanın təhlükəsizliyinin təmini Türkiyənin xarici siyasətində başlıca hədəflərdən biridir. Bu sonrakı dövrlərdə də dəyişməz olaraq qalacaq.

- Bir çoxları Türkiyədəki seçkilərdən sonra Ermənistanla yenidən normallaşma prosesinə qayıdılacağını söyləyir, parlament seçkilərindən sonra Türkiyənin Qafqaz siyasətində hansı dəyişikliklərin olacağı gözlənilir.

- Seçkilərdən sonra Ankaranın İrəvanla bağlı siyasətində hansısa ciddi dəyişikliklərin olacağını gözləmirəm. Türkiyə Azərbaycanın əleyhinə hansısa addımlar atmayacaq. Problemin həlli ilə bağlı variantlar axtarılacaqsa, əslində mütləq Bakı və Ankara arasında koordinasiya olacaq.

- Hazırda bütün dünyanın diqqəti məhz ərəb ölkələrində baş verən olaylara yönəlib. Bu olayların bölgəmizdə təkrarlanma ehtimalı varmı?

- Ərəb ölkələrindəki dəyişikliklərdən hər bir ölkə dərs çıxartmalıdır. Hətta demokratik ölkələr belə öz demokratiyalarını yenidən qaydaya salmalı, xalqın tələblərinə mütləq cavab verməlidir. Ancaq bu bizim bölgəmizdə belə miqyasda xalq üsyanlarının olacağı anlamına gəlməməlidir. Demokratik yolların açıq olduğu və daima seçkilərin keçirildiyi ölkələrlə demokratiyanın heç olmadığı on illərlə avtoritar rejimlərin idarə etdiyi dövlətləri bir-birinə qarışdırmaq düz deyil. Lakin yenə də bu baş verənlərdən dərs götürərək özümüz də demokratiyamızı daha da inkişaf etdirməli, qaydaya salmalıyıq.

Azad Əliyev

 

Həftə içi.- 2011.- 20 may.- S. 1, 3.