Eldarla Nigarın qələbəsi gündəmdən düşmür

 

"Eurovision-2012"nin isə Bayraq Meydanında keçirilə biləcəyi deyilir

 

Azərbaycanın "Eurovision-2011" musiqi yarışmasındakı qalibiyyətindən sonra bütün dünyanın diqqəti ölkəmizə yönəlib. Demək olar ki, hər gün Azərbaycan və onun "Eurovision-2011" təmsilçiləri barədə xarici mətbuatda müxtəlif materiallar dərc edilir.

Diqqətçəkən məqam isə odur ki, həm yerli, həm də xarici KİV-lərdə dərc olunan məlumatlarda daha çox Eldar Qasımovu "Eurovision"a aparan yoldan danışılır.

 

Yəhudilər Eldar Qasımovu necə yetişdirdilər?

 

Rusiyanın "İZRUS" portalında belə bir başlıqda məlumat yerləşdirilib. Portalın verdiyi xəbərə görə, Eldar Qasımov ilk addımlarını İsrailin Bakıdakı səfirliyi yanında fəaliyyət göstərən İsrail Mədəniyyət Mərkəzində atıb. Belə ki, 2004-2009-cu illərdə bu mərkəzin rəhbəri olmuş Lima Barkanın sözlərinə istinadən, Eldar həmin mərkəzə 2007-ci ildə gəlib: "Həmin vaxt bizim mərkəzdə Azərbaycanın xalq artisti Mübariz Tağıyev də çalışıb. Sözügedən mərkəzin yaranmasında məqsəd isə xüsusi layihə çərçivəsində istedadlı uşaqlar axtarmaq olub. Bu uşaqlar seçildikdən sonra onlara Mübariz Tağıyevin rəhbərliyi altında vokal dərsləri almağa imkanlar yaradılıb. Eldar həm ivrid, həm də Azərbaycan dilində mahnılar oxuyub və bizim tədbirlərdə xüsusilə iştirak edib. O, həmçinin İsrailin xarici işlər naziri Abiqdor Libermanın Bakıya səfəri zamanı İsrail Mədəniyyət Mərkəzinin açılışında yəhudilərin "Xatikvu" himnini səsləndirib".

İsrail Mədəniyyət Mərkəzinin keçmiş rəhbəri onu da vurğulayıb, Eldar ora gələnə kimi heç bir səhnədə çıxış etmək təcrübəsi olmayıb: "O, səhnəyə addımını bizim mərkəzlə atıb. Qubada, Gəncədə keçirdiyimiz tədbirlərin bədii hissəsində iştirak edib. Bu baxımdan, Eldar əmin ola bilər ki, İsraildə onu sevirlər və hörmətlə xatırlayırlar".

 

Bəstəkar İsa Məlikovun layihəsi

 

Qeyd edək ki, "Eurovision-2011" musiqi yarışmasının Milli Seçim turu yekunlaşmazdan əvvəl Azərbaycanı bu yarışmada ya Eldarın, ya da Nigarın təmsil edəcəyi proqnozlaşdırılırdı. Bu isə onların hər ikisinin yüksək çinli məmurların qohumları olması ilə izah edilirdi. Düzdur, Azərbaycanı yarışmada bu iki gənc təmsil etsə də, söylənən fikirlər təsdiqini tapmadı. Əslində isə Eldar Qasımov Milli Seçim turlarına bir neçə dəfə qatılıb. Lakin münsiflər heyətinin üzvləri onu müsabiqəyə tam hazır saymadığından növbəti mərhələlərə keçirməyiblər.

Nigar Camalın Milli Seçim turlarına qatılmasına gəlincə, onu tanınmış bəstəkar və produser İsa Məlikovun layihəsi saymaq olar. Çünki Nigarı "Eurovision" seçimlərinə İsa Məlikov gətirib. Hətta seçim boyu o, Nigara produserlik də edib. Məlumatlara görə, Nigar İsa Məlikzadənin həyat yoldaşının rəfiqəsidir.

Yeri gəlmişkən, Nigar 1980-ci il sentyabrın 7-də Bakıda dünyaya gəlib. 1985-86-cı illərdə artıq uşaq ansamblının solisti olub. 1988-95-ci illərdə musiqi məktəbində təhsil alıb. Burada oxuduğu müddətdə hətta bir neçə kompozisiya da bəstələyib. 1995-96-cı illərdə "Pöhrə" respublika müsabiqəsində iştirak edib və 1996-nın mayında müsabiqənin fəxri diplomuna layiq görülüb. 1997-2001-ci illər ərzində "Xəzər" universitetində iqtisadçı ixtisası üzrə təhsil alıb.

 

"Eurovision-2012" üçün yeni arena tikiləcək?

 

Azərbaycanın Avropanın ən nüfuzlu müsiqi yarışmasında qalib gəlməsindən sonra "Eurovision-2012"nin ölkəmizdə harada keçiriləcəyi məsələsi gündəmə gəlib. Qeyd edək ki, "Eurovision" müsabiqəsinin keçirilməsi üçün Bakıda yeni konsert kompleksinin tikintisi gözlənilir. Bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov bildirib. Onun sözlərinə görə, 2012-ci ildə "Eurovision"un Azərbaycanda keçirilməsi yeri ilə bağlı hazırda üç məsələ gündəmdədir: "Bunlardan biri Heydər Əliyev adına İdman Konsert Kompleksi ilə bağlıdır. Kompleksdə təmir işlər aparılıb. Orada 7800 oturacaq var, 1000-ə yaxın da artırmaq olar".

Nazirin sözlərinə görə, ikinci variant Tofiq Bəhramov adına Respublika Stadionudur: "Mahnı müsabiqəsi burada da keçirilə bilər. Amma ən əsas və maraqlısı yeni layihədir. Bakının ən gözəl, mənzərələri yerlərindən birində, məsələn, Dənizkənarı Parkda və ya Bayraq Meydanında yeni, böyük konsert kompleksi tikmək olar".

A.Rəhimov qeyd edib ki, kompleksin tikintisi modul sistemlə həyata keçirilsə, işləri "Eurovison-2012"dək başa çatdırmaq olar. Qeyri-rəsmi məlumatlara görə, artıq Bayraq Meydanı ətrafında yeni konsert kompleksinin tikintisi dəqiqləşib. Ehtimal olunur ki, bir neçə gün öncə ölkə prezidentinin Bayraq Meydanı Kompleksi ətrafında quruculuq və abadlıq işləri ilə maraqlanması, eləcə də bu istiqamətdə müvafiq tapşırıqlar verməsinə səbəb yeni tikiləcək konsert arenası ilə bağlıdır. Yeri gəlmişkən, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da Eldar və Nigara ayrı-ayrılıqda telefon açaraq Azərbaycana bəxş etdikləri qələbə üçün onlara təşəkkür edib və işlərində uğurlar arzulayıb.

  

  

Sevinc

 

Həftə içi.- 2011.- 20 may.- S. 6.