"Biz fələstinlilər Azərbaycan xalqının uğuruna sevinirik"

 

Nasir Əbdül Kərim Əbdül Rəhim: "Azərbaycanda çox sürətli inkişaf gedir, ölkə sanki yenidən tikilib qurulur"

 

Fələstin səfiri N.Əbdül Kərim Ə.Rəhim mətbuatda ilk dəfə "Həftə içi"nə danışdı

 

Dünyanın ən məzlum, eyni zamanda, qürur və qüdrət sahibi olan xalqlarından biri də fələstinlilərdir. Artıq 63 ildir ki, BMT-nin qərarına əsasən, yaradılmalı olduğu sərhədləri daxilində İsrailin hücumlarına məruz qalan və bu müddətdə beynəlxalq birliyin də tanıyıb qəbul etdiyi ərazilərinin böyük hissəsi hələ də "Təl-Əviv"in işğalı altında olan Fələstin, nəhayət, bu ilin sentyabrında dövlət müstəqilliyini elan edəcək.

Əslində, indiyədək dünya dövlətlərinin çoxu tərəfindən tanınan bu ölkə nəinki daxili iqtisadi-siyasi sabitliyini təmin edə bilmir, əksinə, xarici qüvvələrin təxribatı nəticəsində vaxtaşırı siyasi qrupların qalmaqal meydanına çevrilir. Həm İsrailin işğalı, həm də ölkədaxili sabitsizlik səbəbindən milyonlarca fələstinli xarici ölkələrdə mühacir həyatı yaşamağa məhkum olunub. Həmişə də bu kimi məsələlər ətrafında qəzetimizdə müzakirələr aparmaq məqsədilə Fələstinin Bakıda təmsilçisinin olmasını arzulamışıq. Bu istəyimiz artıq yerinə yetib, Fələstin dövləti Azərbaycanda səfirlik açıb və ilk təyinatla paytaxtımıza gələn fövqəladə və səlahiyyətli səfir Nasir Əbdül Kərim Əbdül Rəhim mətbuatda ilk dəfə "Həftə içi"ndə söhbətləşdi.

- Bir səfir kimi Azərbaycanda həm Fələstin dövlətini, həm də Fələstin muxtariyyətini təmsil edirəm və bunun üçün çox sevinirəm

- Yəni dövlətinizlə muxtariyyətin funksiyaları başqadır?

- Təbii ki, başqa-başqa şeylərdir. Muxtariyyət 1988-ci ildə Fələstin Azadlıq Təşkilatının qərarı ilə Osloda elan olunub. Amma muxtariyyət dövlətə aid bir sıra institutları da təmsil edir.

- Çox ölkə tanıyıb müstəqilliyinizi?

- Təxminən 120 ölkə. O cümlədən, Azərbaycan da Fələstini tam müstəqil dövlət olaraq qəbul edir və elə bunun nəticəsidir ki, bu gün Bakıda səfirlik şəklində fəaliyyət göstəririk...

- Bir halda ki, 120 dövlət Fələstini müstəqil tərəfdaş hesab edir, o zaman niyə onun suveren haqlarının İsrail tərəfindən pozulmasına göz yumur?

- Fələstinin siyasi müstəqilliyi elan olunduqdan sonra onun xarici dövlətlər tərəfindən tanınması prosesi başlayıb. Təbii ki, bu məsələdə Fələstin Azadlıq Təşkilatının böyük rolu olub. Yeri gəlmişkən, ölkəmizin müstəqilliyi bu gün də dəstəklənməkdə davam edir.

- Amma razılaşaq ki, hazırda Fələstin istər inzibati, istərsə də siyasi idarəetmə baxımından iki hissəyə bölünüb

- 1948-ci ildə BMT-nin qərarı ilə bölgədə İsrail və Fələstin dövləti yaradılanda torpaqların 57 faizi yəhudilərə, 43 faizi isə fələstinlilərə verildi. Amma iş bununla qurtarmadı - İsrail Fələstinə ayrılmış torpaqlara da iddia etməyə başladı. Nəticədə də İsrail bir neçə ay sürən müharibələr etdi və Fələstin torpaqlarının 78 faizini ələ keçirdi. Bunun nəticəsidir ki, Fələstin dövləti coğrafi baxımdan bu gün Qəzza və Qərb sahili ərazilərinə ayrılıb. Yəni bu bölünməyə səbəb İsrailin işğal siyasətidir.

- Bəs, Qəzzada "Həmas"ın müstəqil siyasət yürütməsinə, Fələstin hökumətinin siyasətinə qarşı çıxmasına nə deyərsiniz?

- "Həmas" 2006-cı ildə Qəzzada yerli idarəetmə sisteminə nəzarəti ələ aldı və həmin il Fələstinin tarixinə "Qara il" kimi düşüb. Ümumiyyətlə, "Həmas" silah diliylə danışmağı daha üstün tutur. Bu isə nə Fələstin dövlətinin, nə də xalqının maraqlarına uyğundur. Əksinə, onların atdığı hər addım bizə ziyan vurur. Ona görə də Fələstin dövlətinin başçısı, eyni zamanda, Fəth təşkilatının rəhbəri Mahmud Abbas bir neçə təşəbbüs irəli sürərək milli birliyə nail olmağa çalışır. Düzdür, əvvəl qarşı tərəf reaksiya vermədi, amma son vaxtlar müəyyən irəliləyiş müşahidə edilir. Hətta birlikdə hökumət yaratmağa dair söhbət də gəzir. Baxaq, gözləyək, əgər vahid hökumət yaradılarsa, bu dövlətimizin və millətimizin uğuru olacaq.

- Maraqlıdır, xaricdən, xüsusilə də müsəlman dünyasından bu iki Fələstin təşkilatına münasibət necədir?

- Təbii ki, İslam aləminin 99 faizi Fələstinin qanuni milli muxtariyyətini dəstəkləyir. Muxtariyyəti isə Mahmud Abbasın rəhbəri olduğu Fəth təşkilatı təmsil edir. Fikrimcə, beynəlxalq ictimaiyyətin Fəthi dəstəkləməsi bir növ "Həmas"ın mövqeyinə etiraz da sayıla bilər.

- Qaçılmaz faktdır ki, ölkənizin idarəetmə sisteminin formalaşmasında xarici ölkələrə sığınmış fələstinli qaçqınların mövqeyi əsas rol oynayır. Ümumiyyətlə, nə qədər qaçqınınız var və onlarla necə əlaqə saxlayırsınız?

- Fələstinli qaçqınların sayını öyrənmək üçün elə bir statistik hesablama aparılmayıb. Buna baxmayaraq, təxmini deyə bilərəm ki, onların sayı 5 milyon nəfərdən az deyil. 1948-ci ildə baş vermiş müharibədən sonra fələstinli qaçqınlara kömək göstərilməsini nəzərdə tutan 194 saylı qətnamə qəbul olunub. Bu gün də Fəth təşkilatı və ümumilikdə Fələstin dövləti məhz BMT-nin həmin qətnaməsinin icrasını tələb edir. Sənədə görə isə qaçqınlar vaxtilə yaşadıqları evə qayıtmalıdırlar. Hansı ki, indi həmin ərazilər İsrailin işğalı altındadır. Bu gün dövlətimiz öz suveren haqlarını qorumaq üçün İsraillə çarpışır. Ona görə də xaricdə məskunlaşmış milyonlarla fələstinli qaçqının problemləri ilə məşğul olmaq hələlik, dövlət və hökumət olaraq marağımızda deyil. Məlumat üçün deyim ki, BMT səviyyəsində sırf bu işlə məşğul olan UNRWA adlanan komissiya fəaliyyət göstərir.

- Yeri gəlmişkən, Azərbaycanda da fələstinli qaçqınlar var?

- Çox deyillər, 20 nəfər ola, ya olmaya. Onların da çoxu ya tələbədir, ya da iş adamları.

- Fələstin xalqı uzun müddətdir zorla müharibələrə cəlb edilsə də, buna baxmayaraq, yəqin ki, xarici ölkələrlə, o cümlədən Azərbaycanla da maraqlanıb. Azərbaycan barədə təəssürat necədir ölkənizdə?

- Baxmayaraq ki, səfirlik olaraq Bakıda yenicə fəaliyyətə başlamışıq, əslində Fələstinlə Azərbaycanın əlaqələri tarixi köklərə malikdir. Daha sıx dövlətlərarası münasibətlər isə mərhum ümummilli lider Heydər Əliyevlə Fələstinin mərhum lideri Yasir Ərəfatın hakimiyyəti illərində yaradılıb. Bundan əlavə, hələ sovetlər dönəmində minlərcə fələstinli tələbə Azərbaycanın ali məktəblərində təhsil alıb. Bu gün də istər rəsmi, istərsə də ictimai sahədə əlaqələr davam edir. Bunun nəticəsidir ki, Fələstin hökuməti birmənalı olaraq Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanındadır. Həm də Fələstin hökuməti tələb edir ki, BMT-nin və digər beynəlxalq təşkilatların Qarabağ münaqişəsinin həllinə dair qəbul etdiyi çox sayda qətnamələr həyata keçirilsin. O ki qaldı sadə Fələstin xalqının münasibətinə, bu gün Fələstinə gedib, kimə desəniz ki, Azərbaycandan gəlmisiniz, çox sevinəcək. Çünki orada Azərbaycanı hamı tanıyır. Buna baxmayaraq, məlumatlar çox səthidir. Xalqlarımızı biri-birinə daha yaxşı tanıtmaq üçün bir qədər vaxt lazımdır. Çalışmalıyıq ki, ölkələrimiz arasında gediş-gəliş artsın. Belə olarsa, Azərbaycana gələn hər bir fələstinli qayıdandan sonra öz təəssüratlarını başqalarına danışacaq və beləliklə, fələstinlilərdə bu ölkə haqda məlumat zənginliyi yaranacaq. Eyni vəziyyət Fələstinə səfər edən azərbaycanlılara da aiddir. Elə burada səfirlik kimi fəaliyyətə başlamağımızın səbəbi də əlaqələri genişləndirmək istəyimizlə bağlıdır. Yeri gəlmişkən, Azərbaycana səfir göndərilməyim barədə qərar veriləndə, 1980-ci illərin ortalarında Bakıda təhsil almış bir dostum zəng vuraraq, bu münasibətlə məni təbrik etdi. O, Bakıda mühəndislik sahəsində ali təhsil alıb. O, Azərbaycanı, paytaxt Bakını o qədər təriflədi ki. Hətta deyərdim ki, məhz o, Azərbaycan barədə məndə dolğun təəssüratlar yaratdı. Bu mənada gediş-gəlişi gücləndirmək çox vacibdir. İnanıram ki, gələcəkdə Fələstində də Azərbaycan səfirliyi açılacaq və ölkələrarası əlaqələr arzuladığımız səviyyəyə yüksələcək.

- Burada Fələstin barədə məlumatlar əsasən işğal olunmuş torpaqlardan, qaçqınlardan, İsrail əsgərlərinin vaxtaşırı həmlələrindən ibarətdir

- Başa düşürəm, amma bilin ki, Fələstinin də Azərbaycan kimi iqtisadi-sosial infrastrukturu mövcuddur. Fələstin dünyanın ən qədim sivilizasiya ocaqlarından biridir. Doğrudur, Fələstin uzun illərdir münaqişə üzündən inkişaf edə bilmir, amma son illər prezident Mahmud Abbasın və baş nazir Salam Sayadın təşəbbüsü ilə ölkədə bir sıra iri zavod və fabriklər inşa olunub, sosial-iqtisadi infrastruktur yaradılır. Təbii ki, Fələstin iqtisadiyyatı Azərbaycanla müqayisə oluna bilməz. Burada çox sürətli inkişaf gedir, ölkə sanki yenidən tikilib-qurulur. Əlbəttə, biz fələstinlilər də qardaş Azərbaycan xalqının bu uğuruna ancaq sevinirik.

- İqtisadiyyatdan söz düşmüşkən, ölkələrimiz arasında hansı sahələrdə daha sıx işbirliyi qurulub?

- Hələlik, burada yeniyik, amma çalışacağıq gələcəkdə qarşılıqlı maraqlar əsasında ticarətin həcmini artıraq, dövlətlər və iş adamları səviyyəsində yatırımlar qoyulsun. Bunun üçün sazişlər də imzalanacaq. Fələstin Azərbaycanda turizm, kənd təsərrüfatı, enerji və geologiya sahələrində əməkdaşlıq etmək istəyir. Eləcə də, bu sahələrdə əldə olunmuş uğurlu təcrübəsindən yararlanmaq niyyətindəyik.

- Maraqlıdır, bu qədər yaxın əlaqələrimizdən söz açırıq, Qarabağ savaşında necə, fələstinlilər bizə yardım etdilərmi? Yeri gəlmişkən, Ermənistan mətbuatı müharibə zamanı ərəblərin, xüsusilə də fələstinlilərin guya Azərbaycan tərəfdən ermənilərə qarşı savaşdığını yazıb

- Açığını desəm, ermənilərin bu şayiəsi gülüş doğurur. Azərbaycan dövlətinin hər bir sahədə gücü-qüvvəsi, şücaəti çatır ki, öz problemini həll etsin. Bu mənada Azərbaycanın hansısa ərəbin, eləcə də fələstinlinin ona kömək göstərməsinə ehtiyacı yoxdur. Amma istər İslam Konfransı Təşkilatı, istərsə də Ərəb Liqası dəfələrlə Azərbaycanı dəstəkləyən bəyanatlar səsləndiriblər və Ermənistandan qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxmağı tələb ediblər.

  

 

Vüsal Tağıbəyli

 

Həftə içi.- 2011.- 21-23 may.- S. 1, 4.