Avropa Standartları - Azərbaycan Qanunvericiliyi

 

Demokratik inkişaf və Azərbaycan cəmiyyəti

 

İnsan hüquqları sahəsində Avropa standartları müasir beynəlxalq hüququn tərkib hissəsidir. Azərbaycan qanunvericiliyində beynəlxalq hüquq normalarının yeri ilə bağlı məsələni araşdırmaq bu mənada əhəmiyyət kəsb edir.

Beynəlxalq hüquqla dövlətdaxili (milli) hüququn qarşılıqlı əlaqəsi, onlar arasında (hüquqi qüvvəsi və tətbiqi ilə bağlı) münasibət məsələsi, bir qayda olaraq, hər bir dövlətin konstitusiyası ilə müəyyən edilir. Azərbaycan Respublikasının Konstitusiyasında da bu məsələ ilə bağlı bir neçə müddəa var. Əvvəla, Konstitusiyanın "Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan aktlar" adlanan 148-ci maddəsinin II hissəsində göstərilir ki, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. İkincisi, beynəlxalq aktların hüquqi qüvvəsini tənzimləyən 151-ci maddədə qeyd edilir ki, ölkənin qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlarla (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycanın tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Göstərilən norma ilə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin respublikanın hüquq sisteminə daxil olan normativ aktların ierarxiyasında yeri müəyyən edilib. Bu sistemdə beynəlxalq müqavilə hüquqi qüvvəsinə görə Konstitusiyadan və referendum yolu ilə qəbul edilmiş aktlardan sonra üçüncü yerdə durur. Konstitusiyanın qeyd edilən 148-ci və 151-ci maddələri Azərbaycanın qanunvericilik sistemində beynəlxalq hüquq normalarının yeri haqqında kifayət qədər aydınlıq yaradır. Yeri gəlmişkən, məsələnin belə həlli müasir beynəlxalq hüququn tələblərinə tam şəkildə cavab vermir. Belə ki, istər müasir beynəlxalq hüquqda imperativ normalardan biri olan beynəlxalq öhdəlikləri vicdanla yerinə yetirmə (pacta sunt servanda) prinsipi baxımından, istərsə də universal beynəlxalq saziş olan Beynəlxalq müqavilələr hüququ haqqında 1969-cu il Vyana Konvensiyasının 27-ci maddəsinə əsasən, habelə bir sıra digər beynəlxalq hüquq normalarının tələblərinə görə dövlətdaxili qanunvericilik tamamilə, yəni, ölkə Konstitusiyası da daxil olmaqla beynəlxalq hüquqa uyğun olmalıdır. Təqdirəlayiq haldır ki, ölkə Konstitusiyasında insan hüquqları üzrə beynəlxalq standartlara münasibətdə beynəlxalq hüquqla milli hüququn nisbəti məsələsi həmin tələblərə cavab verir. Azərbaycan Konstitusiyasının 12-ci maddəsinin ikinci hissəsində birbaşa göstərilir ki, Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Buradan belə bir nəticə çıxarmaq olar ki, Konstitusiyada insan və vətəndaş hüquqları və azadlıqları ilə bağlı Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə nisbətdə fərqli qaydalar müəyyən edilibsə, beynəlxalq müqavilənin norması tətbiq edilməlidir.

İnsan hüquqları sahəsində beynəlxalq standartların xüsusi statusa malik olması ölkə qanunvericiliyinin ona uyğunlaşdırılmasını zəruri edir. Digər tərəfdən, insan hüquqları sahəsində əsas Avropa standartlarını özündə ehtiva edən 1950-ci il İnsan Hüquqları haqqında Avropa Konvensiyası və ona əlavə edilən 1, 4, 6 və 7 saylı Protokolların müdafiə mexanizmi olan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra Məhkəmə) qərarları da üzv dövlətlər üçün məcburidir.

Konvensiyanın 46-cı maddəsində deyilir: "Razılığa gələn Yüksək Tərəflər məhkəmənin onların tərəf olduqları hər hansı bir iş üzrə çıxardığı son qərarı yerinə yetirməyi öz öhdələrinə götürürlər". Konvensiya ilə müdafiə olunan hər hansı bir hüququn pozulması ilə bağlı şikayəti öyrənərkən Məhkəmə həmin iş üzrə cavabdeh qismində çıxış edən dövlətin daxili hüququn müvafiq normasına və məhkəmə praktikasına diqqət edir və Məhkəmənin həmin şikayət üzrə çıxardığı qərar bir növ daxili hüququn müvafiq normasının qiymətləndirilməsi kimi qəbul edilir. (Qeyd edək ki, materialın hazırlanmasında Ataxan Abilovun "Avropa İnsan Hüquqları Məhkəməsi və Azərbaycan" kitabından istifadə edilib) Beləliklə, Məhkəmə öz fəaliyyəti ilə də dövlətin daxili qanunvericiliyinin Konvensiyaya uyğunlaşdırılması istiqamətinə real təsirlər göstərir. Əlbəttə, Məhkəmənin hər hansı dövlətdaxili hüquq normasını və ya qanunvericilik aktını ləğv etmək, onlara dəyişiklik etmək və ya digər hakimiyyət tədbirləri həyata keçirmək tələbi ilə çıxış etmək səlahiyyəti yoxdur. Lakin Konvensiyanın iştirakçısı olan dövlətlər Məhkəmənin qərarlarına ciddi yanaşır və öz qanunvericiliklərini Konvensiyaya və Avropa Məhkəməsinin praktikasına uyğunlaşdırmaqda maraqlıdırlar.

Konvensiyanın müdafiə mexanizminin təsir dairəsinə düşən hüquq və azadlıqların həcmi haqqında tam təsəvvür yaratmaqdan ötrü onların təsnifatının aparılması zərurəti vardır. Konvensiyanın özündə belə təsnifat aparılmamışdır. Hüquq ədəbiyyatlarında isə müxtəlif təsnifatlara rast gəlinir. Biz təsbit edilən hüquqlara daha aydınlıq gətirmək, onlar haqqında konkret təsəvvür əldə etmək məqsədilə nisbətən sadə və asan qavranıla bilən və məzmun baxımından bir-birinə yaxın olan hüquqları vahid qrupda cəmləşdirməyə imkan yaradan təsnifata üstünlük verdik. Həm də nəticədə oxucuda hüquq və azadlıqların Avropa kataloqu haqqında tam təsəvvür yaranar. Buna əsasən, həmin hüquq və azadlıqları üç qrupa bölürlər;

 

1) şəxsi hüquqlar;

2) siyasi və vətəndaşlıq hüquqları ;

3) ədalətli məhkəmə təminatı ilə bağlı hüquqlar4 .

 

Şəxsi hüquqlara aşağıdakı hüquqlar aid edilir;

 

1) yaşamaq hüququ;

2) köləliyin və məcburi əməyin qadağan olunması;

3) şəxsi toxunulmazlıq hüququ;

4) yaşayış sahəsinin toxunulmazlığı hüququ;

5) yazışmanın toxunulmazlığı;

6) telefon danışıqlarına qeyri-qanuni qulaq asılmasının qadağan edilməsi;

7) öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın yayılmasının qadağan edilməsi;

8) Avropa Məhkəməsinə fərdi şikayətin verilməsinə maneçiliyin qadağan edilməsi;

9) nigah hüququ;

10) ailə həyatına hörmət hüququ;

11) ər-arvadın hüquq bərabərliyi;

12) nigahdan kənar doğulan uşaqların hüquqları;

13) fikir, vicdan din azadlığı;

14) təhsil hüququ;

15) əmlakından maneəsiz istifadə hüququ;

16) mülkiyyətin qeyri-qanuni özgəninkiləşdirilməsinin qadağan olunması.

 

Konvensiya və ona əlavə edilən Protokollarda nəzərdə tutulan siyasi və vətəndaşlıq hüquqlarına aşağıdakı hüquqlar daxildir;

 

1) fikrini ifadə etmək hüququ (söz azadlığı);

2) məlumat almaq yaymaq hüququ;

3) dinc yığıncaqlar və nümayiş hüququ;

4) sosial, irqi, milli, dini ədavətin təbliğinin qadağan olunması;

5) həmkarlar ittifaqları da daxil olmaqla assosiasiyaları azad yaratmaq hüququ;

6) dövri olaraq azad seçki hüququ;

7) sərbəst hərəkət etmək və yaşayış yeri seçmək hüququ;

8) dövlətə öz vətəndaşlarını sürgün etməyin qadağan edilməsi;

9) vətəndaşa öz dövlətinin ərazisinə gəlməyə qadağanın yolverilməzliyi;

10) xaricilərin kollektiv şəkildə köçürülməsinin qadağan edilməsi;

11) xaricinin köçürülməsi zamanı prosessual təminatlar;

12) ekstradasiya hallarında təminatlar;

 

Üçüncü qrupa-ədalətli məhkəmə təminatı ilə bağlı hüquqlara aşağıdakılar aiddir:

 

1) şəxsin həbs və ya tutulma zamanı dərhal həbsin və ya tutulmanın qanuniliyi haqqında məsələyə baxmaq üçün hakim qarşısında dayanmaq hüququ;

2) şəxsin qeyri-qanuni həbs və ya tutulma zamanı kompensasiya hüququ;

3) ibtidai istintaq dövründə kifayət qədər əsaslar olmadan şəxsin həbsdə saxlanmasının qadağan edilməsi;

4) həbsdə olan şəxslə qeyri-insani və yaxud insan ləyaqətini alçaldan rəftarın qadağan edilməsi;

5) müqavilə öhdəliklərini yerinə yetirməməyə görə azadlıqdan məhrum etmənin qadağan edilməsi;

6) maneəsiz olaraq məhkəməyə müraciət etmək hüququ;

7) müstəqil və təmənnasız məhkəmə hüququ;

8) məhkəmə prosesində tərəflərin bərabərliyinə və çəkişmə prinsipinə təminat hüququ;

9) məhkəmə prosesinin açıq olmasına hüquq;

10) ağlasığan müddətdə məhkəmə təhqiqatına hüquq;

11) təqsirləndirilən şəxsin müdafiə hüququ, o cümlədən, maddi vəsaiti imkan verməyəndə belə, müdafiənin təyin edilməsinə hüquq;

12) prosesin aparıldığı dili bilmədikdə haqqı ödənilməyən tərcüməçi xidmətindən istifadə hüququ;

13) təqsirsizlik prezumpsiyası;

14) dinc dövrdə ölüm cəzasının qadağan edilməsi;

15) eyni cinayətə görə təkrar məhkum olunmanın qadağan edilməsi;

16) yeni cinayət qanununun və ya cəzanı ağırlaşdıran qanunun geriyə şamil edilməsinin qadağan olunması;

17) hökmün və ya cəza tədbirinin yuxarı məhkəmə instansiyasında yenidən baxılmasına hüquq;

18) məhkəmə səhvləri zamanı kompensasiyaya hüquq;

 

(Ardı var)

 

 

Həftə içi.- 2011.- 21 may.- S. 1.