"Azərbaycan cümhuriyyətin prinsiplərini uğurla həyata keçirir"

 

Fəzail İbrahimli: "ADR 23 ay yaşadığı müddətdə 23 illik iş gördü"

 

Mayın 28-də Azərbaycan Demokratik Respublikasının (ADR) yaranmasının 93-cü ili tamam olur. Azərbaycan tarixinin ən şərəfli dövrlərini əhatə edən bu tarixlə bütün dünyada öyünməyə haqqımız çatır. Şərqin ilk demokratik dövləti olan ADR bütün dünyaya digər millətlərə qarşı ehtiram, Avropaya demokratiya, dözümlülük dərsi keçdi.

Hakimiyyəti 23 ay sürən ADR bir çox uğura da imza atdı. Bu gün müstəqil Azərbaycan Respublikasının var olması üçün də ADR-ə və bu respublikanın qurulması kimi müqəddəs vəzifəni həyata keçirmiş babalarımıza borcluyuq. Professor, millət vəkili Fəzail İbrahimli ilə birlikdə bir daha şərəfli tariximizə nəzər salırıq.

- Birinci Dünya müharibəsindən sonra Çar Rusiyasının tərkibində olan xalqlar başa düşdülər ki, artıq oyanış zamanıdır. Azərbaycanda da ictimai fikir daşıyıcıları müxtəlif tarixi mərhələlərdə müxtəlif ideyalarla - islamçılıq, hümmətçilik ideyaları ilə çıxış etmişdi. Artıq 19-cu əsrin əvvəllərindən milliyyətçilik hərəkatı başladı və dünyanın qabaqcıl fikrinə, Avropanın öncül təhsilinə sahib olan və Rusiyada təhsil alan ziyalılarımız Azərbaycanın taleyi ilə bağlı düşünməyə başladılar. İlk öncə bu proses ehtiyatla davam edirdi. Çar Rusiyasının dağılmasına baxmayaraq, yaranmış yeni müvəqqəti hökumət də keçmiş Rusiya sərhədlərinin dağılmasını istəmirdi. Ona görə də "Zaqafqaziya seymi" adlanan bir qurum yaratmışdı. Bu da bir növ Zaqafqaziyanın idarəçilik orqanı idi. Hadisələrin gedişində, xüsusən mart soyqırımından sonra məlum oldu ki, "Zaqafqaziya seymi" qurama bir təşkilatdır. Bir qurumda Azərbaycana qarşı soyqırımı törətmiş ermənilərlə seymdə qalmağın heç bir mənası yoxdur. Azərbaycanlılar bu məsələni qətiyyətlə gündəmə gətirdilər. Nəticədə seym parçalandı və Azərbaycan öz istiqlaliyyətini elan etdi. Rusiyada müvəqqəti hökumətdən sonra bolşeviklər hakimiyyəti ələ aldılar və onlar ölkədə vətəndaş müharibəsi ilə üz-üzə qaldılar. Kimin qələbə çalacağı qeyri-müəyyən olduğu bir dövrdə məhz Azərbaycan Cümhuriyyəti yarandı və öz istiqlalını elan etdi. İstiqlal qərib yerdə -Tiflisdə elan olundu, ermənilərin öz müstəqilliyini elan edən zaman isə sərhədləri, paytaxtları, heç dövləti yox idi. Tarixən bir respublika olduqlarını təsəvvür edib, dövlətlərini elan etdilər. Amma Azərbaycan öz vətənində öz istiqlalını elan etmək imkanından məhrum idi. Çünki burada bolşeviklər at oynadırdılar. Şaumyan başda olmaqla, bolşeviklər demək olar ki, bütün türklərə qarşı genosid prosesi ilə məşğul idi. Belə bir mühitdə Azərbaycan Cümhuriyyəti meydana gəldi. Tarix o zaman məsələni çox kəskin qoymuşdu. Ya ayağa qalxıb öz tarixi dövlətçiliyini bərpa etməli, millətin şərəf və ləyaqətini qorumalı, öz sərhədlərini müəyyənləşdirməli, ya da parçalanıb ayrı-ayrı dövlətlər arasında xırda bir əyalət formasında mövcud olub itaətkar bir şəkildə yaşamaq. Tarix o insanlar qarşısında çox ciddi sınaq qoymuşdu. Onlar bu sınaqdan şərəflə çıxa bildilər və ayağa qalxaraq istiqlaliyyətlərini elan etdilər.

- O zamankı tarixi-siyasi şəraitdə Azərbaycanın bölünmə ehtimalı var idi. Ölkə bundan necə xilas ola bildi?

- Rusiya Bakıya göz dikmişdi, ermənilərin, gürcülərin ərazi iddiaları var idi. Cənubda İran bildirirdi ki, şimali Azərbaycan İranın tarixi torpaqlarıdır, Çar Rusiyası dağıldığından İrana birləşdirilməlidir. Azərbaycan bölünmə ehtimalı olan belə bir siyasi mühitdə öz istiqlalını elan etdi və 18 günlük fəaliyyətdən sonra Gəncəyə köçdü. Hərbi qüvvəsi olmayan millət öz istiqlalını necə qazana bilərdi? Hansı ki, Bakıda bolşeviklər kifayət qədər erməni-daşnak qüvvələrindən, müharibədən geri qayıdanlardan böyük hərbi qüvvə toplamışdılar. Qəribə bir situasiya yarandı. Ölkənin bir hissəsində-Gəncədə müstəqilliyi elan edən Azərbaycan Cümhuriyyəti, müvəqqəti Milli Şura, bir tərəfdə də bolşeviklər. Bolşeviklər başa düşürdü ki, xalq onları istəmir və gec-tez süpürüb atacaq, öz hökumətini dəstəkləyəcəklər. Ona görə də onu beşiyində boğmaq üçün Gəncəyə istiqamətləndi.

- Bu zaman Bolşeviklərə qarşı necə mübarizə aparıldı?

- Təbii ki, bu vaxt bolşeviklərə qarşı hərbi qüvvə kimi çıxış edən, bizim tarixən güvənc və güman yerimiz olan Türk İslam Ordusu hərəkətə keçdi. Göyçay yaxınlığındakı döyüşdən sonra Şaumyan məğlub oldu.

- Dünya dövlətləri hansı mövqedən çıxış edirdilər?

- Dünya dövlətləri də bugünkü mövqedə idi. Məsələn, Türkiyə ilə Almaniya müttəfiq idi, amma Türk-İslam Ordusunun Bakıya girməməsi üçün məğlub Rusiya ilə danışıqlar aparırdı. Bu ikili standart elə o zaman da mövcud idi. Lakin Türk-İslam Ordusunun qətiyyətli mövqeyi sentyabrın 15-də Bakının işğadan azad olunması ilə nəticələndi və Azərbaycan əməli olaraq öz istiqlalına qovuşdu.

- ADR mövcud olduğu 23 ay ərzində hansı uğurlara imza atdı?

- Bu hökumət 23 ay yaşadığı müddətdə 23 illik iş gördü. Azərbaycan xalqının mövcudluğunu üzə çıxardı. Tarixən dövlətçiliyimizi bərpa etdi, paytaxtı, sərhədləri qeyri-müəyyən olan ayrı-ayrı xanlıqlar formasında Çar Rusiyasının tərkibinə daxil olan Azərbaycan siyasi mühit yaranan kimi dünyaya nümunə olan demokratik cümhuriyyət kimi parladı. Çünki demokratiyanın beşiyi adlanan Amerikada qadınlara seçki hüququ ADR-dən 10-15 il sonra verilmişdi. Yaxud da ki, ADR-də irqindən, milliyyətindən, dinindən asılı olmayaraq, hər kəsə seçim hüququ verilmişdi. Halbuki Amerikada 1960-cı illərdə qara və ağdərilərin hüquq bərabərliyi təmin edildi. Belə bir ağlasığmaz dərəcədə demokratik olan dövlət yaradıldı və bununla da Azərbaycan tarixən Səfəvilər dövlətinin yenidən bərpasına rəvac verdi. Beləliklə də Azərbaycan sərhədləri, paytaxtı olan dövlətə çevrildi. Burada bir məsələyə xüsusi diqqət yetirmək istəyirəm. Əgər o vaxt Azərbaycan 114 min kvadratkilometr əraziyə sahib olaraq öz dövlətini qurmasaydı, aprel işğalında yer üzündən silinər, Çar Rusiyasının tərkibinə əyalət formasında daxil ola bilərdi. 70 il Çar Rusiyasının tərkibində məhz cümhuriyyətin qurduğu sərhədlər daxilində mövcud olduq. İndiki Azərbaycan da həmin bünövrə üzərində ayağa qalxdı və bu gün də yaşayır. Cümhuriyyətin həyata keçirdiyi islahatları isə saymaqla qurtarmaz.

- Bugünkü Azərbaycan varis kimi cümhuriyyətin prinsiplərini özündə daşıya bilirmi?

- Bugünkü Azərbaycan cümhuriyyətin varisidir və onun prinsiplərini böyük uğurla daşıyır. Çünki Azərbaycan cümhuriyyətin o zaman arzu etdiyi, amma həyata keçirə bilmədiyi bir sıra məsələləri uğurla davam etdirir. O zaman cümhuriyyət beynəlxalq aləmdə Paris Sülh Konfransı tərəfindən de-fakto tanındı. Bu gün Azərbaycan BMT-nin, o cümlədən dünyanın ən mötəbər təşkilatlarının üzvüdür. O zaman cümhuriyyət torpaq məsələlərini həll edə bilmədi, amma indi torpaq islahatı aparılıb. O zaman xaricə yüzə qədər tələbə göndərilsə də, uğursuz alındı. Bu gün xaricdə oxuyan çoxsaylı tələbələrimiz var, neftimiz "Bakı-Ceyhan" kəməri ilə dünyaya çıxır. Cümhuriyyətin nəinki etdikləri davam etdirilir, hətta onun arzu etdiyi, amma həyata keçirə bilmədiyi, zamanın ona imkan vermədiyi məsələləri indiki Azərbaycan davam etdirir. Birmənalı olaraq Azərbaycan demokratik cümhuriyyətin varisidir.

 

 

Əli Zülfüqaroğlu

 

Ədalət.- 2011.- 26 may.- S. 4.