Xalqımızın müstəqillik uğrunda mübarizəsinin zəngin tarixi var

 

"ADR bütün güclü və zəif cəhətləri ilə birlikdə bizim milli dövlət quruculuğunda ilham mənbəyi oldu"

 

Mayın 28-də Azərbaycan Demokratik Respublikasının (ADR) yaranmasının 93-cü ili tamam olur. Azərbaycan tarixinin ən şərəfli dövrlərini əhatə edən bu tarixlə bütün dünyada öyünməyə haqqımız çatır. Şərqin ilk demokratik dövləti olan ADR bütün dünyaya digər millətlərə qarşı ehtiram, Avropaya demokratiya, dözümlülük dərsi keçdi. Hakimiyyəti 23 ay sürən ADR bir çox uğurlara da imza atdı.

Bu gün müstəqil Azərbaycan Respublikasının var olması üçün də ADR-ə və bu respublikanın qurulması kimi müqəddəs vəzifəni həyata keçirmiş babalarımıza borcluyuq. Professor, millət vəkili Nizami Cəfərovla birlikdə bir daha şərəfli tariximizə nəzər saldıq.

- Azərbaycan xalqının milli müstəqillik uğrunda mübarizəsinin çox zəngin tarixi var. Yəni elə xalqlar var ki, onlar öz dövlət müstəqilliklərinə orta əsrlərdə nail olublar. Xalqların əksəriyyəti də yeni dövrdə öz dövlət müstəqilliklərini qazanıblar. Amma Azərbaycanda vəziyyət xeyli mürəkkəb olub. Buna baxmayaraq, təqribən Səfəvilər-Şah İsmayıl Xətai dövründən başlayaraq, bizim dövlət müstəqilliyi ilə bağlı mükəmməl bir tariximiz var. Ancaq tarixi hadisələr ona gətirib çıxardı ki, Azərbaycan parçalandı, müxtəlif dövlətlərin tərkibinə qatıldı və nəticə etibarilə biz 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərinə müxtəlif dövlətlərin tərkibində mövcud olan bir xalq kimi gəlib çatdıq. Bu dövrdə ciddi ideoloji mübarizələr getdi. Azərbaycançılıq adlandırdığımız ideologiya formalaşdı, bunun arxasınca artıq milli dövlət yaranmalıydı. ADR şərqdə ilk dəfə demokratik bir cümhuriyyət kimi yarandı və 2 il müddətində mövcud oldu. Həmin 2 il göstərdi ki, Azərbaycan xalqının müstəqil olmaq üçün iqtisadi, ictimai-siyasi, mədəni, mənəvi imkanları var. Azərbaycan parlamentinin fəaliyyəti nəticəsində xeyli hüquqi sənəd hazırlandı. Bunun nəticəsində Azərbaycan xalqının milli, müstəqil və demokratik dövlət qurmaq istedadı rəsmi olaraq otaya çıxdı. Təbii ki, beynəlxalq şərait bu dövlətin yaşamasına imkan vermədi və 2 ildən sonra süqut etdi. Bu respublikanı quranlar, parlamenti təşkil edən çox böyük mütəfəkkirlər - xüsusilə də cümhuriyyətin ideoloji rəhbəri Məhəmməd Əmin Rəsulzadə sonralar dəfələrlə "Biz millətə azadlığı dadızdıra bildik", - deyə bidirmişdi. Bunun özü də böyük bir hadisəydi.

- Müstəqil Azərbaycan varislik prinsiplərini özündə daşıya bilirmi?

- 20-ci əsrin sonlarında yaranan müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Elə bunun özü cümhuriyyətin Azərbaycan xalqının tarixində hansı səviyyədə dayandığını təsdiqləyir. Biz bu gün yenidən cümhuriyyət dövrünə qayıtdıq, həmin dövlətin atributlarını qəbul etdik. O dövrü dərk etməyə başladıq. Azərbaycanda 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində milli hərəkat başlayanda artıq Xalq Cümhuriyyətinə ayrıca diqqət yetirildi. Yəni ADR bütün güclü və zəif cəhətləri ilə birlikdə bizim milli dövlət quruculuğunda ilham mənbəyi oldu. Ona görə də bu gün Azərbaycan Xalq Cümhuriyyətinin ildönümünü hər dəfə qeyd edəndə millətin bütöv bir kompleksi hərəkətə gəlir. Bu gün 20-ci ilini yaşayan Müstəqil Azərbaycan Respublikasının tarixini, məzmununu, mahiyyətini, görülən böyük işləri nəzərdən keçirəndə mütləq şəkildə xalq cümhuriyyəti yadımıza düşür. Yəni bilavasitə mənbəyi haradan götürdüyümüzü dərk edirik. Ona görə də Xalq Cümhuriyyəti bizim xalqımızın tarixində çox böyük proqressiv bir hadisədir.

- Bugünkü Azərbaycan ADR-in arzuladığı, amma həyata keçirə bilmədiyi məsələləri reallaşdıra bilirmi?

- Mənə elə gəlir ki, 20 illik qısa bir müddətdə Azərbaycan ADR-in irəli sürdüyü demək olar ki, bütün proqramları həyata keçirib, hətta o proqramlardan da irəli gedib. Bu gün dünya 19-cu əsrin əvvəllərindəki dünya deyil. Məncə, o dövrdə tarixi şərait elə idi ki, iş görməkdən daha çox nəzəri müddəaların irəli sürülməsinə daha çox diqqət yetirilmişdi. Məsələn, Bakı Dövlət Universiteti yaradıldı, işə başladı və heç vaxt da fəaliyyətini dayandırmadı. Amma ölkənin ərazi bütövlüyünə nail olmaq mümkün deyildi, həmin dövrdən qalan bir sıra problem sovet dövründə yaşandı, bu gün də ortadadır. Yəni xalq cümhuriyyəti dövründə müəyyən məsələlər lazımi şəkildə həll olunsaydı, həmin problemlər bu günə qədər gəlib çatmazdı. Düşünürəm ki, bugünkü nailiyyətlərimizlə, həmçinin yaşadığımız problemlərlə də cümhuriyyətin varisiyik. İstər-istəməz bu tarixi dövrlər bir-biri ilə çox sıx bağlıdır. Xalq cümhuriyyəti dövründə Azərbaycan xalqının vəziyyəti, imkanları, dövlətin beynəlxalq nüfuzu, daxili strukturu baxımından müqayisə aparmaq isə çox çətindir. Bugünkü Azərbaycan bölgənin, dünyanın hesablaşdığı bir dövlətdir. Elə bilirəm ki, çox böyük nailiyyətlər əldə olunub, həm də o dövrün sənədlərində öz əksini tapan prinsiplər bu gün də həyata keçirilir. Məsələn, Azərbaycan dili dövlət dili elan olunurdu, amma dövlət dili kimi işlənmirdi. Amma bu gün Azərbaycan dili dövlət dilidir. O zamankı dövlət strukturları çox zaman şərti xarakter daşıyırdı, yəni mövcud idi, amma faktiki olaraq lazımi fəaliyyət göstərə bilmirdi. O zaman Azərbaycanın iqtisadi təsərrüfat həyatı çətin vəziyyətdəydi, amma bu gün yüksək inkişaf göz qabağındadır. Yəni o zaman arzulanan əksər məsələ bu gün həyata keçirilib. Ərazi ilə bağlı problemlər isə hələ də qalır. İqtisadi inkişaf isə əminlik verir ki, həmin problemləri müasir dünya səviyyəsində həll edək.

  

  

Əli Zülfüqaroğlu

 

Həftə içi.- 2011.- 27 may.- S. 4.