İlk azərbaycanlı alim kimi...

 

   Doktorluq müdafiəsinə buraxılmayan alim Şıxəli Şıxəliyev 350-dən çox maddə sintez edib

 

   Azərbaycan ta qədimdən istedadlı ziyalıları, alimləri ilə nəinki regionda, hətta dünyada seçilib. O insanlar ki, dünyanın möcüzələrini, açılmayan sirlərini öyrənməyə çalışıblar, tapıntıları və yenilikləri ilə həmişə cəmiyyətə dəyər veriblər. Amma bəzən alimlər elmi kəşfləri və yenilikləri ilə yanaşı mübarizliyi ilə daha çox tanınıblar. Xüsusən də sovet dövrünün alimləri...

   Çox istedadlı alim Şıxəli Şıxəliyev haqqında hələ gənc yaşlarımda, SSRİ dövründə eşitmişdim. Kimya sahəsindəki uğurlarından məlumatlı olsam da, üzünü görməmişdim. 1996-cı ildən şəxsən tanıdım onu. Yeni Günəşli qəsəbəsində yaşadığı məhəllədə tanışlarla söhbət zamanı "professor böyük sözdür, gərək bu titulu qazanmaq üçün nə qədər oxuyub əziyyət çəkəsən, xalqın faydalanması üçün bir iş görəsən" ifadələrini tez-tez eşidirdim. Şıxəli Şıxəliyev 1947- ci ildə Qusar rayonunda doğulub. İndiki Bakı Dövlət Universitetinin kimya fakültəsini bitirib. İkiillik hərbi xidmətdən sonra Azərbaycan Milli Elmlər Akademiyasının Aşkarlar Kimya İnstitutunda mühəndis işləyir. 1974-cü ildə yerini tərk etməmək şərti ilə aspiranturanın əyani şöbəsinə daxil olur. Müsahibimiz deyir ki, aspiranturaya daxil olan il Moskvadan SSRİ Elmlər Akademiyasının bir qrup alimi Bakıya gəlir. Onlardan biri, tanınmış professor Remir Qriqoriyeviç Kostyanovski Şıxəli Şıxəliyevlə maraqlanır: "Mənimlə müsahibə elədi, savadımı bəyənərək elmi rəhbərliyi öz üzərinə götürdü və məni də özü ilə Moskvaya apardı". Elmi işini Moskvada SSRİ Elmlər Akademiyasında akademik Semyonov adına Kimyəvi Fizika İnstitutunda davam etdirən Şıxəli Şıxəliyev 1977-ci ildə aspiranturanı bitirib "Aminometilfosfinlər və onların Alkinləşdirici reagintlərlə reaksiyaların məhsullarının tədqiqi" mövzusunda dissertasiya yazıb. Elmi işi yüksək səviyyədə bəyənildiyindən onu SSRİ-nin ən mötəbər elm mərkəzi sayılan Lomonosov adına Moskva Dövlət Universitetinə göndəriblər. 1978- ci ildə isə dissertasiyanı müvəffəqiyyətlə müdafiə edərək alimlik dərəcəsi alıb.

  

   "Doktorluq işim SSRİ-nin 3 nazirliyində tətbiq olundu"

  

   1990- cı ildə isə Şıxəli Şıxəliyev "Üzvü maddələrin sintezi, onların sürtgü yağları və sürtgü soyuducu mayelərlə aşkarı kimi tətbiqi" mövzusunda doktorluq dissertasiya işini yazıb. Dediyinə görə, doktorluq işi SSRİ-nin üç nazirliyinin müəssisələrində tətbiq edilib: "Həmçinin, aşkarların təsir mexanizmini öyrəndim. Bu bir elmi əsər kimi Rusiya və Azərbaycan mətbuatında çap olundu. 4 elmi əsərimlə Moskva Dövlət Universitetində müdafiə etdim.

   Doktorluq dissertasiyasından indiyədək əlavə olaraq 54 elmi əsər yazdığını və 350-dən çox maddə sintez etdiyini deyən Şıxəli Şıxəliyev söyləyir ki, aldığı Aminometil birləşmələri, mikrob əleyhinə aşkarlar, optiki aktiv dərmanları, bioloji aktiv maddələrin təbabətdə tətbiq olunması tövsiyə olunub.

   Bununla belə, tanınmış alimin elm sahəsindəki yolları heçhamar olmayıb. Belə ki, 1985-ci ildə Şıxəli Şıxəliyevin doktorluq əsas müdafiə işi rəy üçün dəfələrlə Moskvaya, elm adamların üstünə göndərilirdi. Həmin şəxslər isə Ümumittifaq Ali Attestasiyanın üzvü olduğundan rəy vermək səlahiyyətində deyildilər. Buna baxmayaraq, 1988-ci ildə Aşkarlar Kimyası İnstitutunun elmi işlər üzrə direktor müavini Abbas Quliyev tərəfindən ona rəy verilir. Sonra Heft-Kimya Prosesləri İnstitutunun professoru Əli Mərdanov və həmin institutun Problemlər Laboratoriyasının müdiri, kimya elmləri doktoru Sabir Məmmədov tərəfindən rəylərin verilməsinə baxmayaraq, Şıxəli Şıxəliyev yenə də əsas elmi müdafiəyə nail olmayıb. Amma nədənsə, bu məsələnin üzərində dayanmaq belə istəmir: "Səbəbini soruşmayın, gəlin bu barədə danışmayaq".

  

   Alimlərin müsabiqəsində I yer

  

   Amma Şıxəli müəllim heçruhdan düşmür, bir-birinin ardınca yazdığı maraqlı elmi əsərləri, məqalələri ilə elmi jurnallarda çap olunur. Hələ 1984-cü ildən Moskvada "Elmi nailiyyətlər" jurnalında dərc olunan elmi əsərləri dünyanın hər yerinə yayılıb. Şıxəli Şıxəliyevin reaksiyaları, o cümlədən, elmi əsərləri bu günaspirantlar tərəfindən öyrənilir, onun kəşflərini öz elmi işlərində tətbiq edirlər. Həmçinin, alimin nailiyyətləri əczaçılıq, neftkimya, eləcə də digər sahələrdə də istifadə olunur.

   Buna baxmayaraq, Şıxəli Şıxəliyev bu qədər xidmətləri qarşısında "elmlər doktoru" adı alması üçün ilkin müdafiəyə buraxılsa da, əsas müdafiəyə buraxılmayıb. Halbuki o, dəfələrlə gənc alimlərin müsabiqələrində elmi əsərləri ilə çıxış edərək fəxrifərmanlara, pul mükafatlarına layiq görülüb. Hətta 1977-ci ildə "Nobel" mükafatı laureatı, akademik Nikolay Nikolayeviç Semyonovun 80 illik yubileyi münasibətilə alimlərin müsabiqəsində elmi nailiyyətlərinə görə Şıxəli Şıxəliyevə 1-ci mükafat təqdim edilib.

   Xatırladaq ki, Şıxəli Şıxəliyev MEA Aşkarlar Kimya İnstitutunda aparıcı elmi işçi kimi fəliyyətini davam etdirir. Bunun müqabilində aldığı məvacib isə cəmi 260 manatdır. Ancaq heç bir giley-güzarı yoxdur. "Bu günə də şükür" deyir.

 

 

 Qələndər Xaçınçaylı

 

 Həftə içi.- 2011.- 1 noyabr.- S. 7.