Azərbaycanın Milli Qəhrəmanı - Gültəkin zirvəsi"

 

Noyabrın 20-də Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsinə ucalmış Gültəkin Əsgərovanın doğum günü münasibətilə anım mərasimi keçirilib. Mərasim Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin "Bura Vətəndir" məclisinin Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və azadlığı uğrunda döyüşlərdə həlak olan Vətən övladlarının əziz xatirəsinə həsr olunmuş "Şəhidlər ölməz, Vətən bölünməz!" layihəsi çərçivəsində gerçəkləşib.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin məzarını, daha sonra Şəhidlər Xiyabanına gələrək Gültəkin Əsgərovanın məzarını ziyarət ediblər. Şəhid anaları Cəmiyyətinin sədri, pedaqoji elmlər namizədi Rəfiqə Əsgərova qızının məzarı önündə çıxış edərək, Gültəkinin qəhrəmanlıqla zəngin keşməkeşli həyatına nəzər salıb. Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin prezidenti, Xalq şairi Söhrab Tahir Gültəkin Əsgərovanın və ümumilikdə Vətən torpağı uğrunda canlarından keçən insanların həyatlarını xalqımızın qəhrəmanlıq salnaməsinə yazılan şanlı səhifə kimi qiymətləndirib.

   Tədbirin davamı Gültəkin Əsgərovanın mənzilində olub. Əvvəlcə Azərbaycan himni səsləndirilib, şəhidlərin və Gültəkin Əsgərovanın ruhu bir dəqiqəlik sükutla yad edilib. Giriş sözü ilə çıxış edən Rəfiqə Əsgərova qızı haqqında xatirələrini bölüşüb. Mərasimdə həmçinin, İtaliyada gənc ifaçılar arasında keçirilən beynəlxalq müsabiqədə birincilik qazanan Səməd Vurğunun nəticəsi Vurğun Vəkilov və İtaliyada vokal üzrə uşaqlar arasında keçirilən beynəlxalq müsabiqədə birinci yerə layiq görülmüş Emin Xəzər musiqi parçaları ifa ediblər.

   Sonda Rəfiqə Əsgərova və Söhrab Tahir tədbirin yüksək səviyyədə təşkilinə, görə "Bura Vətəndir" məclisinin sədri, əməkdar mədəniyyət işçisi Səriyyə İsmayılovaya təşəkkürlərini bildirərək, bu tipli tədbirlərin ölməz şəxsiyyətlərinin ruhuna olan dərin ehtiram kimi qiymətləndirərək, gənclərin mənəvi tərbiyəsində əvəzsiz olduğunu diqqətə çatdırıblar. Natiqlər çıxışlarında ölkə prezidenti İlham Əliyevin apardığı ardıcıl və məqsədyönlü siyasətinin torpaqlarımızın işğaldan azad edilməsinə yönəldiyini diqqətə çatdıraraq, Qarabağın tezliklə qaytarılacağına əminliklərini dilə gətiriblər.

 

 

Pərvin İsmayılova

 

Həftə içi.- 2011.- 22 noyabr.- S. 6.