Behbud ağa Şaxtaxtinskinin 130 illik yubileyi və "Qars" müqaviləsinin 90 illiyi ilə bağlı konfrans keçirildi

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun görkəmli dövlət xadimi və diplomat Behbud ağa Şahtaxtinskinin 130 illik yubileyinin keçirilməsi haqqında 2011-ci il 21 fevral tarixli sərəncamına əsasən bu günlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində Behbud ağa Şahtaxtinskinin 130 illik yubileyi və beynəlxalq "Qars" müqaviləsinin 90-cı ildönümünə həsr olunan konfrans keçirilib. Naxçıvan Ali Məclisindən "Həftə içi"nə verilən məlumatda qeyd olunur ki, konfransdan öncə Behbud ağa Şahtaxtinskinin 130 illik yubileyi və "Qars" müqaviləsinin 90 illiyini əks etdirən kitab, monoqrafiya, qəzet və jurnal materiallarından, tarixi sənəd və fotoşəkillərdən ibarət sərgiyə baxış keçirilib. Sonra konfrans öz işinə başlayıb. Məlumatda vurğulanır ki, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov konfransda məruzə edərək Behbud ağa Şahtaxtinskinin siyasi, diplomatik və publisistik fəaliyyətindən, xalqımızın tarixi taleyində mühüm rol oynayan Moskva və "Qars" beynəlxalq müqavilələrinin imzalanmasında göstərdiyi vətənpərvərlik və siyasi uzaqgörənliyindən danışıb, konfransın işinin məhsuldar, elmi araşdırmalar baxımından nəticəli olacağına inamını ifadə edib. Ali Məclis sədrinin geniş çıxışından sonra konfransda ayrı-ayrı məruzələr dinlənilib. Məlumatda deyilir ki, konfrans öz işini bölmələr üzrə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan Bölməsində və Naxçıvan Dövlət Universitetində davam etdirib. NDU-nin mətbuat xidmətindən Nərmin Cəfərova qəzetimizə açıqlamasında bildirdi ki, konfransın Naxçıvan Dövlət Universitetində keçən bölmə iclasını giriş sözü ilə tərbiyə işləri üzrə prorektor, fəlsəfə elmləri doktoru, professor Məmməd Rzayev açıb və konfransın elmi əhəmiyyətini vurğulayaraq uğurlar arzulayıb. Onun sözlərinə görə, NDU-də keçirilən konfransda universitetin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, professor Əsgər Qədimovun, filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Fərqanə Kazımovanın, filologiya elmləri üzrə fəlsəfə doktoru Ramiz Qasımovun, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi katibi Fariz Yunislinin məruzələri dinlənilib. Konfransın işinə isə NDU-nin rektor, akademik İsa Həbibbəyli yekun vurub.

 

 

 Nahid Canbaxışlı

 

 Həftə içi.- 2011.- 20 oktyabr.- S. 6.