Barozu: " Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsini istəyir"

 

Aİ ilə Azərbaycan arasında sənədlər imzalanıb

 

Dünən Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun Azərbaycana rəsmi səfəri başlayıb. Səfər çərçivəsində o prezident İlham Əliyevlə görüşüb. Təkbətək görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib, enerji sahəsində əməkdaşlığın yaxşı potensialının olduğu vurğulanıb. Əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub. Söhbət zamanı Azərbaycan-Avropa İttifaqı münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Daha sonra görüş geniş tərkibdə davam etdirilib.Prezident İlham Əliyev vurğulayıb ki, bu səfər ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsində mühüm rol oynayacaq. J.Barrozu da qeyd edib ki, bu səfər Avropa Birliyi ilə Azərbaycan arasında əlaqələrin daha da genişləndirilməsi üçün bir fürsətdir: "Azərbaycan bölgədə Avropa birliyinin etibarlı tərəfdaşıdır. Biz bunu həmişə vurğulamışıq. İndi də bildiririk. Azərbaycanda çox yüksək iqtisadi artım tempi var. Hətta deyərdim ki, bu dünyada ən yüksək artım templərindən biridir. Eyni zamanda cəmiyyətiniz də çox dinamikdir". Barrozu Azərbaycanın terrora qarşı mübarizədəki rolunu çox müsbət qiymətləndirdiyini deyib. AB - Azərbaycan münasibətlərinin təməlini enerji sahəsində əməkdaşlıq təşkil etdiyini deyən Barrozu əlaqələrin tək neft-qaz sahəsi ilə məhdudlaşmadığını da söyləyib.

Nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşdən sonra Azərbaycan-Avropa İttifaqı sənədlərinin imzalanması mərasimi olub. Azərbaycan prezidenti İlham Əliyev Avropa Komissiyasının prezidenti Xose Manuel Barrozo "Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə" imzalayıblar. Bundan başqa, "Azərbaycan Respublikası Avropa Komissiyası arasında 2011-2013-cü illər üzrə Milli İndikativ Proqrama dair Anlaşma memorandumu" "Azərbaycan Respublikası Avropa Komissiyası arasında hərtərəfli institusional quruculuq proqramının çərçivə sənədi üzrə Anlaşma memorandumu" imzalanıb.

Memorandumları Azərbaycanın Avropa İttifaqı yanında daimi nümayəndəliyinin rəhbəri Emin Eyyubov və Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia imzalayıblar. Daha sonra tərəflər birgə mətbuat konfransı keçiriblər. İlk olaraq prezident İ.Əliyev AK sədri J.Barroza mətbuat üçün bəyanatla çıxış ediblər. Prezident İlham Əliyev bildirib ki, Avropa Komissiyasının sədrinin Azərbaycana səfəri ikitərəfli tərəfdaşlığın daha bir göstəricisidir. Dövlət başçısı "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində ittifaqla ölkəmiz arasındakı əlaqələrdən danışıb. Onun sözlərinə görə, keçirilən görüşlərdə ikitərəfli münasibətlərin müxtəlif aspektləri barədə fikir mübadiləsi aparılıb: "Bu görüşdə Dağlıq qarabağ münaqişəsinin həlli məsələsi geniş müzakirə edilib. Biz Dağlıq qarabağla bağlı qəbul etdiyi qətnaməyə görə Avropa Parlamentinə minnətdarıq". Dövlət başçısı vurğulayıb ki, zakirə edilən əsas məqamlardan biri enerji məsələsi olub. "Cənub qaz dəhlizi" haqqında birgə bəyannamənin imzalandığını diqqətə çatdıran prezident sənədin xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Prezident ölkəmizin mövcud enerji tranzit xətləri imkanlarından da danışıb. Dövlət başçısı Avropa Komissiyasının sədri ilə görüşdə siyasi iqtisadi məsələlərin müzakirə edildiyini deyib. İ.Əliyevilə əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirib.

J.Barrozu isə bildirib ki, prezident İ.Əliyevlə görüşdə ikitərəfli əlaqələrlə bağlı geniş fikir mübadiləsi aparılıb. "Avropa İttifaqı prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən layihələri dəstəkləyir" - deyə o vurğulayıb. Barrozunun sözlərinə görə, hazırda İttifaqla Azərbaycan arasında çox yaxşı enerji əməkdaşlığı qurulub. Enerji sahəsində Azərbaycan Aİ-nin etibarlı tərəfdaşıdır: "Azərbaycan həm hasilatçı, həm tranzit ölkə kimi mühüm əhəmiyyətə malikdir". İmzalanmış birgə bəyannamənin mühüm əhəmiyyət daşıdığını bildirən Barrozu ölkəmizin, Əfqanıstan, İraq Kosovodakı əməliyyatlarda rolunu yüksək qiymətləndirib. Danışıqlarda regional məsələlərlə bağlı vəziyyətin müzakirə edildiyini xatırladan Avropa komissiyasının sədri Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupu çərçivəsində sülh yoluyla həllinə ümidvar olduğunu söyləyib: "Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsini istəyir".

 

 

Azad Əliyev

 

Həftə içi.- 2011.- 14 yanvar.- S. 2.