"Bu hadisə xalqın qəhrəmanlıq səhifəsi idi"

 

Cəmil Həsənli: "Müstəqilliyimizə gedən yol 1990-cı il 20 Yanvar hadisələrindən keçir"

 

Yaxın günlərdə 20 Yanvar hadisələrinin 21-ci ildönümünü qeyd edəcəyik. Bu qanlı yanvar hadisələrinə biz də tarixçilərin gözü ilə yanaşıb, XX əsirin ən qanlı olayının tarixi yükünü tarixçi alim, sabiq millət vəkili Cəmil Həsənli ilə aydınlaşdırmaq istədik. Bir növ tarixdə qaranlıq qalan məqamları üzə çıxarmağa cəhd etdik.

- Əlbəttə, tarix üçün qaranlıq məqamlar dünən də olub, bu gün də var, sabah da olacaq. 20 Yanvar elə hadisələrdəndir ki, onu törədən səbəblər, rəsmiləşdirən sənədlər tarixçilər üçün hələ də bəlli deyil. Bundan başqa, bu elə bir hadisə idi ki, təkcə ölkə içində yox, ölkə xaricində də ictimai rəyi buna hazırlamaq lazımıydı. O cümlədən dünyanın taleyini həll və idarəçiliyində iştirak edən böyük dövlətlərin ictimai fikrini buna hazırlamaq lazım idi. Azərbaycanda islam fundamentalizminin olması, islam dəyərlərinin guya cəmiyyətdə inqilabi bir prosesə çevrildiyini dünyanı inandırmaq gərək idi.

Mən əminliklə deyirəm ki, böyük dövlətlərin başçıları 20 Yanvar hadisəsinin olacağından əvvəlcədən xəbərdar idilər, yəni sovet rəhbərliyi bu böyük hadisə ilə bağlı onları xəbərdar etmişdi. Yanvar hadisələrindən bir neçə gün sonra, səhv etmirəmsə, yanvarın 26-da Siyasi Büronun iclası oldu. Mixail Qorbaçovun orada bir çıxışı var və o deyir ki, indi Azərbaycanda vəziyyətimiz Almaniyada olduğumuz kimidir. Söhbət hələ o zaman mövcud olan Almaniya Demokratik Respublikasından gedirdi. O deyirdi ki, Almaniyadakı kimi, Azərbaycanda da vəzifəyə gətirilməli adam tapa bilmirik. Bu, bütövlükdə siyasi bir böhran idi. Baxmayaraq ki bizdən əvvəl Tbilisi digər hadisələr olmuşdu dinc əhalinin üzərinə lokal şəkildə ordu yeridilmişdi, amma o hadisələrin heç birinə Sovet İttifaqını çökdürən amil kimi baxmaq olmaz. SSRİ öz varlığına mənəvi cəhətdən Bakıda son qoydu. O zaman Bakı sovet şəhəri idi, küçələrə çıxanlar sovet adamlarıydı, onların üzərinə gələn sovet ordusuydu. Bu adamlar gözləmirdilər ki, öz ordusu onların üzərinə gələr. Yəni mənəvi-psixoloji cəhətdən insanlar buna hazır deyildilər. Sovet tankları sovet adamlarının üzərinə yeridi sovet avtomatlarından açılan güllə, bir respublika çərçivəsində sovet adamlarının sovet quruluşuna olan inamına son qoydu. Bununla da baxmayaraq ki şəhər sözün tam mənasında işğal edildi, ordu müvəqqəti olaraq qələbə çaldı, bu sovetlərin pir qələbəsi oldu. Bu hadisədən sonra cəmiyyət elə böyük sarsıntılar yaşadı ki, bir daha özünə gələ bilmədi. Bakı hadisələrindən sonra sovetlərin böhranı daha da dərinləşməyə başladı quruluş dağıldı. Dağılma sürəti elə yüksək oldu ki, onu dağıtmaq istəyən xarici qüvvələr belə sürətə hazır deyildi. ABŞ-ın yaxın planında SSRİ-nin dağılması yox idi. Onların əsas strateji məqsədi sovetləri zəiflətmək idi. Amma Sovet İttifaqı onların düşündüyündən çox zəif idi ona görə ilk ciddi böhrandan sonra dağıldı. ABŞ bütün siyasətini SSRİ-nin varlığı üzərində qurmuşdu.

- 20 Yanvar hadisəsindən sonra ilk illərdə tarixçilər deyirdilər ki, bir çox məqamların aydınlaşması üçün zaman lazımdır. Artıq 21 il keçib. Həmin zaman gəlib çatıb, yoxsa yenə də zaman lazımdır?

- 21 il keçməsinə baxmayaraq, tarixçilərin həmin hadisəni lazımi dərəcədə qiymətləndirməsi üçün vacib sənədlər açılmayıb. Bu, bəlkə də çox nadir hadisələrdəndir ki, tarixçilər ilk zamanlar bu hadisəyə daha yaxın idilər, nəinki sonra. Ölkə daxilində bu, yeganə hadisə idi ki, əməliyyata birbaşa müdafiə naziri özü rəhbərlik edirdi və Yazov özü Bakıya gəlmişdi. SSRİ daxilində hələ belə bir hadisə olmamışdı ki, müdafiə naziri birbaşa özü hərbi əməliyyat keçirilən əraziyə gəlsin. Normalda hamı bu hadisədən sonra öz evinə girməli idi və şəhidlərin meyitləri ortalıqda qalmalıydı. Bütün proses buna hesablanmışdı. Amma səhəri gün nə oldu? Dəstə-dəstə insan partiya-sovet orqanlarının qarşısına axışır və sovetlərin başlıca mənəvi siyasi simvolu olan partiya biletlərini cırıb atırdı. Əməliyyatın keçirilməsinə sərəncam verən insan haqqında, yəni Qorbaçov haqqında şəhərin müxtəlif yerlərində "cəllad" deyə yazırdılar, "rədd olsun sovet höküməti". Bu, böyük bir tarixi hadisə idi.

- Yəqin ki, Rusiya arxivlərində bu hadisə ilə bağlı çoxlu sənəd var. Necə düşünürsünüz, onların açılması tam mənzərəni aydınlaşdırarmı?

- Təəssüf ki, Rusiya arxivlərində bu tip sənədlər hələ də açılmayıb və hazırda bu sənədlər Federal Təhlükəsizlik Xidmətinin arxivində yerləşir. Böyük mənada SSRİ DTK-nın hazırladığı bir əməliyyat idi. Necə ki 1988-ci ildə Sumqayıt hadisələrini SSRİ DTK-nın əməkdaşları bilavasitə hazırlamışdılar, 20 Yanvar hadisələrini də onlar hazırlamışdılar. Bu hadisə ərəfəsində DTK, demək olar ki, bütün şəbəkəsini hərəkətə gətirmişdi. Meydanda dar ağacları qurmaq, islam qaydası ilə edam etmək həmin şəbəkənin hazırladığı bir qurma idi. Və ya yanvarın 19-da Azərbaycan televiziyasının enerji blokunun partladılması hərbi kəşfiyyatın işi idi. O zaman Azərbaycan televiziyası ərazimizdə yeganə telekanal idi və onun vasitəsilə əhalini məlumatlandırmaq olardı.

  

  

Nahid Canbaxışlı

 

Həftə içi.- 2011.- 18 yanvar.- S. 1, 4.