"20 Yanvar" faciəsindən 21 il ötür

 

Dünən 180 şəhid və əlil ailəsinə yardım edildi

 

Dünən Azərbaycan Respublikası Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası, Azərbaycan Respublikası 20 Yanvar Fondu, Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu və Türkiyənin "İstanbul beynəlxalq qardaşlıq və yardımlaşma dərnəyi"nin Azərbaycan Nümayəndəliyinin birgə 20 Yanvar "Ümumxalq hüzn günü" adı altında tədbir keçirildi. Tədbirdə şəhid ailələri və əlillər iştirak edirdi. İlk olaraq şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi, daha sonra dövlət himni səsləndi.

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Təcimin bu cür tədbirin artıq uzun illərdir təşkil olunduğunu dedi: "Hər xalqın tarixində azad, müstəqil yaşamaq üçün hüzünlü günlər, dönüm nöqtələri var. Azərbaycan və türk tarixində də 20 Yanvar belə bir gündür. Bizi bu gün bir araya gətirən ortaq hisslərimiz və əziz şəhidlərə olan hörmətimiz, ehtiramımızdır. Hər şeydən əziz olan canlarını vətən uğrunda fəda edən şəhidlərin əziz xatirəsini anmaq üçün hər il onların xatirəsini yad edirik. Şəhid olmaq ölmək demək deyil, şəhid olmaq ruhun ölümsüzlüyə yüksəlməsi deməkdir. Bütün şəhidlərin ruhu şad olsun".

 

Xalqın arxalandığı ordu ona güllə atdı

 

Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin baş məsləhətçisi Rasim Mirzəyev tədbirin 20 Yanvar faciəsinin, eyni zamanda xalqımızın qəhramanlıq səhifəsinin 21-ci il dönümü ilə bağlı təşkil edildiyini dedi: "Bu cür tədbirlər hər il yüksək səviyyədə təşkil olunur və bütün ölkə boyunca keçirilir. 20 Yanvar ona görə faciədir ki, həmin dövrdə xalqın arxalandığı ordu ona qarşı çıxdı və ona güllə atdı. Qəhramanlıq səhifəsidir ona görə ki, Azərbaycan xalqı müstəqilliyini, qəhramanlığını sübut etmək üçün öz iradəsini ortaya qoydu və əli silahsız tankların, güllələrin qarşısına çıxmağa iradə, qüvvə tapdı. Buna görə də borcumuzdur ki, ən yüksək səviyyədə xalqımızın milli müstəqillik və azadlığı uğrunda şəhid olan vətəndaşlarımızın ruhunu şad edək və onların ruhlarının anılması üçün hər bir iş görək. Hələ o zaman 20 Yanvar faciəsinə ümummilli liderimiz H.Əliyev Moskvada öz ehtirazını bildirdi. İndi isə cənab prezident İlham Əliyev tərəfindən də bu siyasət davam etdirilir. Vətənin azadlığı və müstəqqilliyi uğrunda canından keçən insanların dövlət tərəfindən qayğısı təmin olunur. Bu gün Azərbaycan qüdrətli dövlətə çevrilib. Ona görə də hesab edirəm ki, şəhidlər nahaq qurban getməyiblər. Onların xatirələri daim bizim qəlbimizdə yaşayacaq, uca tutulacaq".

 

Şəhidlər azadlığa gedən yolun təməlini qoydular

 

Gənclər və idman nazirinin müavini İntiqam Babayev dedi ki,  21 il öncə yüzlərcə qəhraman oğul və qızımız Azərbaycanın sabahı naminə şəhid olmaqla bütün dünyaya xalqımızın azadlıq uğrunda mübarizədə lazım gəlsə, canlarından da keçməyə hazır olduğunu sübut etdi: "Şəhidlər azadlığa gedən yolun bir növ təməlini qoydular. Bu hadisələr tarix boyu Azərbaycan xalqına qarşı yönəlmiş soyqırım siyasətinin növbəti mərhələsi idi və dünya səviyyəsində olan cinayət işidir. Şəhidlərimizin əksəriyyəti gənc idi və əminəm ki, əgər onlar yaşasaydılar ən layiqli vətəndaşlardan biri olacaqdılar. Fəqət onlar bu azadlıq uğrunda canlarını fəda etdilər. İndi bizim borcumuzdur ki, onların qanları bahasına əldə olunan müstəqilliyin, azadlığın dəyərini bilək. Gənclərə elə tərbiyə verək ki, onlar və onlardan sonrakı nəsillər bu yolda canlarını qurban verən insanları daim uca tutsunlar. İlhamlar, Fərizələr, İlqarlar, Ülvilər və onlarla belə adlar var ki, bu adlar hər bir ailədə anılmalı, gələcək nəsillərə öyrədilməlidir".

Şəhid anaları şəhidlərin adının daim uca tutulduğu, şəhid ailələrinin diqqət və qayğı ilə əhatə olunduqları üçün ölkə başçısına, eyni zamanda hər il bu gün tədbirlər təşkil edən Gəncliyə Yardım Fonduna təşəkkür etdilər. Görüşün sonunda 180 şəhid və əlil ailəsinə ərzaq yardımı edildi.

 

 

Mirvari

 

Həftə içi.- 2011.- 18 yanvar.- S. 5.