"Qarabağda müharibə risqi olduqca böyükdür"

 

MQİMO-nun Qafqaz və təhlükəsizlik Mərkəzinin baş elmi işçisi Vadim Muxanovun "Həftə içi"nə eksklüziv açıqlaması

 

Son günlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların iflasa uğraması və bölgədə hərbi əməliyyatların başlanmasından başqa çıxış yolu qalmamasına dair müxtəlif fikirlər səsləndirilir. Dağlıq Qarabağ problemi, 2010-cu ilin yekunları, bölgədə müharibənin yenidən başlaması ehtimalı və digər bu kimi suallarla Rusiya Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər üzrə Moskva Dövlət Universitetinin Qafqaz və Regional Təhlükəsizlik Mərkəzinin baş elmi əməkdaşı, rusiyalı ekspert Vadim Muxanova müraciət etdik. Onun sözlərinə görə, münaqişə bölgəsində hərbi əməliyyatların yenidən başlanması ehtimalı, həqiqətən də, artıb. Yaxın illərdə müharibənin başlanması təhlükəsi də realdır: "Bəzi həmkarlarım münaqişənin 2014-2015-ci illərdə donmuş vəziyyətdən çıxacağını düşünür, bəziləri isə pessimistdir. Onlar hərbi əməliyyatların 2012-ci il və ya bu il başlayacağını düşünürlər". V.Muxanov onu da bildirib ki, bəziləri hətta təmas olmadan müharibənin aparıldığını söyləyir.

Bunu isə tərəflərin malik olduqları zenit-raket komplekslərinin mövcudluğu ilə izah edirlər. Müharibənin başlayacağı halda yaranacaq dəhşət isə başqadır. Yeni hərbi toqquşmaların nəticəsi kimin qalib gəlməsindən asılı olmayaraq bölgə üçün faciəvi sonluqla bitə bilər. Bu müharibə nəticəsində iki qonşu xalq arasındakı münasibətlərdəki dərinlik daha da böyüyəcək və onu aşmaq mümkün olmayacaq. 2010 - cu ildə aparılan danışıqların yekununa gəldikdə isə ekspert vurğulayıb ki, başa çatan il daha çox keçirilən görüşlərin zənginliyi ilə yadda qaldı. Lakin gözləntilərin heç biri özünü doğrultmadı. Yəni keçən il aparılan danışıqlarda heç bir irəliləyiş əldə edilmədi: "Lakin keçən ilin bir sıra pozitiv məqamı da olub. Tərəflərin kəskin hərbi bəyanatlarına baxmayaraq, müharibə baş verməyib və bunu müəyyən uğur saymaq mümkündür".

V.Muxanov münaqişənin həllində vasitəçilərin rolu və onların son zamanlar sərgilədikləri mövqelərinə də toxunub. Onun sözlərinə görə, Moskva, ABŞ və Fransa ilə müqayisədə münaqişənin həlli prosesində əvvəlcədən fəal rol oynayıb. Çünki Rusiya, həqiqətən də, Qafqazda sülh və sabitliyin olmasında maraqlıdır. Bundan əlavə, Rusiya hər iki dövlətlə qonşudur və Qafqaz dövləti sayılır: "Hazırda ABŞ və Fransa özünün ağrılı problemləri ilə məşğuldur. Bu gün Fransada ciddi daxili siyasi böhran, qeyri-sabit iqtisadi vəziyyət hökm sürür. Həmçinin Avropa Birliyi daxilində də vəziyyət yaxşı deyil. ABŞ üçün isə hazırda prioritet məsələ Əfqanıstan və İraq problemləri, həmçinin daxili iqtisadi vəziyyətdir. Hazırda Dövlət Departamentinin diqqəti Əfqanıstan problemi və oradakı qoşunlarının ağrısız bir şəkildə çıxarılmasına yönəlib. Bundan əlavə, İranın nüvə problemi də var. Bu isə o deməkdir ki, Obama administrasiyası üçün Qafqaz bir və ya iki nömrəli prioritet məsələ deyil". Ekspert vurğulayır ki, Rusiya isə fərqlidir. Moskvanın bölgə ilə bağlı zəngin təcrübəsi və biliyi var. Kreml Azərbaycan və Ermənistanla yaxşı və sıx münasibətlərə malikdir. Rusiya bu əlaqələrin möhkəmlənməsi və dərinləşməsində maraqlıdır. Bunun üçün isə təhlükəsizliyin səviyyəsi artırılmalıdır. Rusiyada böyük erməni və azərbaycanlı diasporunun yaşaması və fəaliyyət göstərməsi də unudulmamalıdır.

  

 

Azad Əliyev

 

Həftə içi.- 2011.- 20-21 yanvar.- S. 1-2.