İran Azərbaycanın daxili işlərinə qarışmağa son qoymalıdır

 

Asim Mollazadə: "Cavanları edam, qadınları daşqalaq edənlərin belə bəyanatlar səsləndirməyə əsası yoxdur

 

Azərbaycanın son illərdə daha da güclənməsi, bölgənin aparıcı dövlətinə çevrilməsi və beynəlxalq imicinin yüksəlməsi bəzi qüvvələr tərəfindən böyük qısqanclıqla qarşılanır. Bəzi qüvvələr ölkə daxilində baş verən hər hansısa bir olayı çox geniş bir şəkildə şişirdərək təxribatçı niyyətlər üçün istifadəyə çalışır. Lakin Azərbaycan bu gün beynəlxalq səviyyədə hüquqi, dünyəvi, demokratik dövlət kimi tanınır, ölkədə insan hüquq və azadlıqları tam təmin edilir. O da faktdır ki, bu məsələdə İranla Azərbaycanı heç müqayisə də etmək olmaz. Dini etiqad və vicdan azadlığına təminat verilmiş, beynəlxalq standartlara uyğun mövcud qanunvericilik çərçivəsində dini fəaliyyətə heç bir məhdudiyyət tətbiq olunmur. Son illər Azərbaycanda onlarca məscid, ibadətgah dövlət vəsaiti hesabına təmir edilib və ya yenidən qurulub. Çoxsaylı dini icmasının fəaliyyətinə şərait yaradılıb, insanların öz dini ehtiyaclarını yerinə yetirməsi üçün zəruri tədbirlər görülüb.

Son zamanlar müxtəlif xarici dairələr Azərbaycanda sabitliyi pozmaq, ölkəmizdə guya dini azadlıqların sıxışdırıldığı haqqında rəy formalaşdırmaq, dindarlarla dövlət arasında ziddiyyət yaratmaq, radikal dindarları fəallaşdırmaq məqsədilə tədbirlər həyata keçirməyə cəhd göstərir. Bu istiqamətdə İranın müəyyən dairələri, din xadimləri Azərbaycanda baş vermiş bu və ya digər hadisəni qərəzli şərh edir, təhdid və şantaj xarakterli bəyanatlar verir, ölkəmizin daxili işlərinə kobud şəkildə qarışır. Azərbaycan tam müstəqil, heç kimdən asılı olmayan, regionda mehriban qonşuluq siyasəti yürüdən, beynəlxalq birliklə sıx əlaqələr qurmuş və bu əlaqələri inkişaf etdirən ölkədir. Azərbaycan heç bir dövlətin daxili işlərinə qarışmır, ayrı-ayrı ölkələrdə baş verən hadisələrin qərəzli şəkildə şərhinə yol vermir.

Politoloq Leyla Əliyeva da bildirir ki, İranın dini xadimlərinin, ayrı-ayrı şəxslərinin Azərbaycana qarşı çıxışları, ölkəmizin daxili işlərinə kobud müdaxilələri yolverilməzdir və Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı şəkildə etirazla qarşılanır. Onun sözlərinə görə, İran rəsmi səviyyədə ehtiyatlı siyasət apararaq qonşuları, xüsusilə də Azərbaycanla körpüləri yandırmamağa çalışır. Bununla belə, iki ölkə arasındakı münasibətlərdə müəyyən ciddi amillər var: "İranlı din xadimlərinin Azərbaycanın daxili işlərinə müdaxilə edən bəyanatlar səsləndirməsinin arxasında 2 amil dayanır. Bunlardan biri din, digəri isə Azərbaycanın müstəqil dövlət kimi mövcudluğudur". Politoloq bizimlə söhbətində bildirib ki, Azərbaycanda din dövlətdən ayrıdır. Lakin dünyəvi bir Azərbaycanın mövcudluğunu İran özü üçün təhdid sayır: "Bu məsələdə də 2 yanaşma var. Birincisi, İranın Azərbaycana qarşı etibarsızlığı təhlükəsiz olmayan maraqları ilə bağlıdır. İkincisi isə İran öz siyasəti ilə İran üçün təhlükə yaradır". L.Əliyevanın sözlərinə görə, birinci iddia tamamilə əsassızdır. Çünki Azərbaycan rəsmi və digər səviyyələrdə heç bir zaman İranın daxili işlərinə müdaxilə etməyib. Əksinə, Azərbaycan bu gün çox ehtiyatlı və balanslaşdırılmış bir siyasət yürüdür: "Azərbaycanın ABŞ və İsraillə münasibətləri İranda narahatlıq yarada bilər. Lakin bu artıq daxili məsələ deyil. Onda bizdə İranın Ermənistanla sıx münasibətlərini ön plana çıxartmalıyıq". Onun sözhlərinə görə, İran qonşuları ilə münasibətlərin normal olmasını istəyirsə, onda özünü daha məsuliyyətli aparmalıdır: "Lakin İranda yaşayan azərbaycanlıların üzləşdikləri problemlər, onların hüquqları tam təmin edilmədikcə qarşılıqlı münasibətlər istənilən səviyyədə olmayacaq". Qeyd edək ki, Azərbaycanın tanınmış ictimaiyyət nümayəndələri, ziyalılar, sıravi vətəndaşlar İran dini xadimlərinin və bu ölkənin ayrı-ayrı vətəndaşlarının qərəzli çıxışlarını birmənalı şəkildə qəbul etmir, buna son qoymağa çağırırlar. Ekspertlər də bildirirlər ki, onların öz ölkələrində mövcud olan dözülməz şəraitdən, insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasından, son zamanlar İranın qarşılaşdığı digər problemlərdən danışaraq nöqsanları aradan qaldırmağa çalışması daha yaxşı olardı. Bu xüsusda bütün dünya ictimaiyyətinin ciddi etirazla qarşıladığı Səkinə Aştiani olayını xatırlatmaq yerinə düşərdi. Belə kobud və qərəzli münasibət iki qonşu ölkə arasında münasibətlərə heç də yaxşı təsir göstərmir, qarşılıqlı etimadı zəiflədir, səmərəli əməkdaşlıq mühitinə ciddi zərbə vurur. İran din xadimlərinin, ayrı-ayrı dairələrin belə çıxışlarının qarşısı alınmalı, Azərbaycana qarşı təhdid və şantaj ritorikasına son qoyulmalıdır. Əks təqdirdə bu cür mövqe iki ölkə arasındakı münasibətlərə ciddi zərər vura bilər. Məsələ ilə bağlı millət vəkili, parlamentin beynəlxalq əlaqələr komitəsinin üzvü Asim Mollazadənin də fikirləri maraqlıdır. O, son zamanlar orta məktəblərdə hicabın qadağan olunması və İslam Partiyasının üzvlərinin həbsi ilə bağlı İran tərəfindən səslənən bəyanatlara münasibət bildirib: "İslam Partiyası üzvlərinin 1996-cı ildə keçirilən məhkəməsində onlar İran xüsusi xidmət orqanlarına işlədiklərini etiraf etmişdilər. İranın bu məsələlərə münasibətinə gəlincə isə deyə bilərəm ki, mən milyondan artıq soydaşımızın qovulduğu, ermənilər tərəfindən işğal olunmuş ərazilərimizdə İrana məxsus TİR-ların və yanacaqdaşıyan maşınlarının necə işlədiyini görmüşəm. Necə olur ki, İran mollaları bunu görmür, minlərcə müsəlmanı qıran Ohanyanı Tehrana dəvət edirlər? Ermənilərin İranda məktəbləri var, hüquqları qorunur, amma milyonlarca soydaşımızın hüquqları məhdudlaşdırılır. Cavanları edam, qadınları daşqalaq edən İranın belə bəyanatlar səsləndirməsinin əsası yoxdur".

  

 

Azad

 

Həftə içi.- 2011.- 22-24 yanvar.- S. 1,6.