"Hüquqlarımı çətinliklə qoruyuram..."

 

İradə Cavadova: "Mən yaşımı gizlədən xanım deyiləm"

 

Azərbaycanda vətəndaşların hüquq müdafiəsi sistemində dövlət tərəfindən xeyli işlər görülüb. İnsanların azad, rifah halında yaşaması üçün hər gün lazımi addımlar atılır. Ancaq problemlər də yox deyil. Sevidnirici hal odur ki, bu problemləri hamıdan qabaq elə rəsmi dövlət nümayəndələri deyir və həlli yollarını göstərirlər.

Müsahibimiz hüquq müdafiəçisi, İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin sədri İradə Cavadovadır. İradə xanımla ad günündə görüşüb söhbət etdik. Fürsətdən istifadə edib hüquq-müdafiə sistemindəki bəzi qayğılı məqamlara da toxunduq. O da bəlli oldu ki, İ.Cavadova bir xanım kimi yaşını gizlətməyi sevmir. Neçə yaşının tamam olduğunu isə özü sizə deyəcək...

- Əvvəlcə deyim ki, ad gününüz mübarək! Belə günləri necə qeyd edirsiniz, adi günlər kimi, yoxsa özəl hissləriniz olur? Məsələn, düşünürsünüzmü ki, arxada nələr qaldı, qarşıda sizi nələr gözləyir...

- Yox, heç bu qədər düşünməyə vaxtım da olmur. Prinsipcə adi gün kimi keçirirəm. Amma deyim ki, mən çox şanslı adamam. Hər dəfə ad günümdə çoxlu zənglər olur, təbriklər qəbul edirəm. Adətən təbriklər bir gün tez başlayır. Bu, mənim üçün çox sevincli haldır. Ona görə də nəsə düşünməyə vaxtım olmur. Adətən deyirlər ki, insan ad günündə kədərlənir ki, 1 il də qocaldı. Mən belə hisslər yaşamıram. Əksinə, hər il dostlarımın sayı artır. Bu da məni ruhlandırır.

- Dəbdəbəni xoşlayırsınız, yoxa sakit ad günü keçirməyi?

- Yox, dəbdəbəni xoşlamıram. Uşaqlıq, gənclik dövrümdə ad günümü xüsusi qeyd etməyi xoşlayırdım. Amma indi belə şeylər etmirəm. Heç ad günümə hazırlaşmıram da. Adətən ekspront olur. Kimlərsə yığılıb gəlir ad günümü qeyd etməyə, onda süfrə açırıq və ad günü keçiririk. Ancaq bu özü də maraqlı olur.

- Doğrudur, dostların iştirakı maraqlıdır və şən əhvali-ruhiyyə yaradır. Ancaq yenə də hamı dağılandan sonra insan tək qalır. Yola verdiyi ömür barədə düşünür. İradə Cavadova bu ad gününə kimi nələri edə bilib, nələri nəzərdə tutsa belə, edə bilməyib?

- Mənim belə düşünən vaxtlarım olur, ancaq təkcə ad günlərində yox, demək olar ki, hər zaman. Ən çox məhkəmə prosesini uduzanda bu barədə düşünürəm və çox pis oluram. Elə problemlər olur ki, bu barədə günlərlə düşünürəm və özümün gücsüz olduğumu hiss edirəm. Bu problemi çözə bilmədiyimə görə çox pis oluram. Düşünürəm ki, biz bir vətəndaş cəmiyyəti, toplum olaraq bu problemləri çözə bilmiriksə, deməli, çox zəifik. İctimai Birliyə gələnə qədər yalnız öz karyeramı düşünürdüm. Ancaq indi daha çox insanların hüquqları uğrunda mübarizə aparıram. Onu da deyim ki, mən uşaq vaxtından çox mübariz olmuşam.

- Bir vəkil kimi qələbəniz çox olub, yoxsa məğlubiyyətiniz?

- Qələbəm azdır. Bir qələbəni qazananda adam sevinir, ancaq məğlubiyyətlər yadına düşəndə məyus olur. Məni narahat edən əsas məsələ odur ki, məhkəmələr ədalətsiz qərarlar çox verir.

- Sizcə məğlubiyyətlərinizin əsas səbəbi nədədir? İradə Cavadovanın hüquqşünas kimi zəifliyinin, yoxsa məhkəmə sistemindəki neqativ hallar?

- Yox, günah yalnız məndə deyil. Əsas günah hüquq sistemində, bu sistemdə kök salmış bürokratiyadadır. Söhbət yalnız məndən getmir. Hüquqşünas üçün hansısa işəin sonuna çıxmaq elə də çətin deyil. Şübhəsiz ki, bu işi son detalına qədər öyrənmisənsə. Ancaq təəssüflə qeyd etməliyəm ki, biz çox vaxt məhkəmə qarşısında aciz qalırıq. Çünki səlahiyyət onun əlindədir və bəzən qəbul edilən qərar da ədalətsiz olur. Bizim gücümüz isə yalnız müxtəlif vəsatətlər qaldırmağa çatır. Belə olan halda vəkil məhkəmə qarşısında aciz qalır. Başqa nə edə bilərik? Qanunvericilikdə xeyli boşluq var. Əsasən hakimlər bu boşluqlardan istifadə edir və ədalətsiz qərarlar qəbul edir.

- Çox maraqlıdır, bir vətəndaşın mülklə bağlı problemi varsa, niyə məhkəmə daha çox günahkar və imkanlı tərəfin xeyrinə qərar çıxarır?

- Çünki qanunvericiliyimiz tam mükəmməl deyil. İnsanlar özləri də qanunun tələblərinə riayət etmirlər. Yəni burda səbəb savadsızlıq və məlumatlı olmamaqdır. Məsələn, 8-ci kilometr bazarı yandı. O bazarda işləyən sahibkarlar heç bir kompensasiya ala bilmədilər. Çünki obyektlərə sahiblik hüquqları qanuni yolla təsdiqlənməmişdi. Səbəb də odur ki, onlarla müqavilə bağlayan olmayıb. İnsanlar isə məcburdurlar sənədsiz olsa belə, işləsinlər. Hamı bir tikə çörək qazanmalıdır. Müvafiq qurumlar da bu işdə maraqlı olmur. Yoxlamalara rast gəlmirik. Daha bir məqam "Cəfər Cabbarlı" metrostansiyasının altında çalışan sahibkarların işi ilə bağlıdır. Orada sahibkarlar Əmlak Məsələləri Dövlət Komitəsi ilə deyil, başqa bir özəl şirkətlə müqavilə bağlayıblar. Bu da qanunsuzluqdur. İnsanlar isə bu qanunsuluqlara görə məhkəmələrə müraciət etmir. Bəziləri bilməzlikdən, bəziləri isə məhkəmələrə olan inamsızlıqdan. Burda həm də məmurların maraqları var. Onların da məhkəmələrə təsirləri, sifarişləri olur.

- Hüquqşünas və hüquq müdafiəçisi İradə Cavadova bu gün öz hüquqlarını qoruya bilirmi?

- Çətinliklə qoruyuram.

- Siz öz hüquqlarınızı çətinliklə qoruyursunuzsa, hüquq müdafiəçisi işləməyiniz nə qədər doğrudur?

- Amma qoruyuram axı! Çətinliklə də olsa, qoruya bilirəm. Mübarizə aparıram, qanunun tələblərini ortaya qoyuram, hüquqlarımı tələb edirəm. Artıq hansısa dövlət qurumuna gedəndə məndən rüşvət istəmirlər. Bilirlər ki, verməyəcəyəm.

- Bax, deyirsiniz ki, mübarizə aparırsınız və hüquqlarınızı tələb edirsiniz. Hər bir vətəndaş da bunu edə bilər. Sizcə, insanlar niyə hüquqlarını tələb etmirlər, bilmirlər, yoxsa başqa səbəblər var?

- Düzdür, bürokratik əngəllər var. Ancaq etiraf edək ki, vətəndaşlarımız da passivdir. Heç kim öz hüquqlarını qorumaq istəmir. Bilirsiniz, hüquqa münasibət və öz hüququnu qorumaq bir mədəniyyət formasına keçməlidir. Məsələn, Bakıda xeyli yeraltı və yerüstü piyada keçidi tikilib. Ancaq insanlar bu keçidlərdən istifadə etmirlər. Mən bunu hətta aeroport yolunda da görmüşəm. Bir kişi ailəsi ilə, qucağında körpə uşaq, dəmirin üstündən atlanıb magistral yolu keçir. Amma 20-30 metr aralıda olan keçidə getmir. Halbuki bu yolda çox yüksək sürət var. Bax, bu mədəniyyət yoxdur bizdə. Öz praktikamda da çox olub. Şikayətçi gəlir, işi ilə tanış oluram. Ona anladıram ki, bu işdə sən yüz faiz qalib gələcəksən, qanun sənin tərəfindədir. Amma o mənə məsləhət görür ki, mümkünsə hakimlə danışığa gedim və danışıqlar yolu ilə bu probelmi həll edim. Yəni vətəndaş istəyir ki, dolayı yolla həll olsun bu iş, amma tez olsun, onun xeyrinə olsun. Hətta bir çox hallarda istəyirlər ki, vəkilə verilən pulu hakimə versinlər, təki işi tez və müsbət həll olunsun. Ali məktəblərdə də belədir. Valideyn pul verir ki, müəllim rüşvətlə onun övladına yüksək qiymət yazsın, ancaq övladı əziyyət çəkib oxumasın. Məncə, bu, mədəniyyətdir və insanların maariflənməyə ehtiyacı var.

- Azərbaycan insanının qanuna olan bu ögey münasibətinin kökündə nə durur?

- İnsanlar artıq öz işlərini qeyri-qanuni yolla həll etməyə öyrəniblər. Bu, bir növ vərdişə çevrilib. Çox açıq və aydın şəkildə insanlardan rüşvət alınır, hamı da bunu görür. Ona görə də vətəndaşlar düşünürlər ki, problemin başqa həlli yolu yoxdur. Telekanallar ancaq şou-proqramlar və şou əhlinin dəbdəbəli həyatını təbliğ edir. Hamı da görür ki, bu insanlar necə yaxşı yaşayırlar. Ancaq hər hansı mənəviyyata müsbət təsir edən verilişləri görmürük biz telekanallarda. Yəni onu demək istəyirəm ki, insanlar ancaq belə şeyləri görürlər. Ədalətli məqamlar və qərarlarla bağlı isə insanlara hər hansı məlumat verilmir, süjetlər göstərilmir. Bu da qanuna münasibəti yaradır. Bizim qanunvericilikdə var ki, rüşvət verən də məsuliyyət daşıyır, alan da. Bu, çox anormal yanaşmadır. Çünki rüşvət verən məsuliyyət daşıya bilməz. Ona görə ki, vətəndaşı məmur elə günə salıb ki, o işini görmək üçün rüşvət verməyə məcbur olur. Ona görə də, məmur cəzalandırılmalıdır. Bu halda isə vətəndaş gedib şikayət edə bilmir. Çünki məmur onu qorxudur ki, şikayət etsən, sən də mənimlə bərabər gedəcəksən.

- Neçə ildir hüquq-müdafiə təşkilatının rəhbərisiniz. Necə düşünürsünüz, Azərbaycanda insan haqları sahəsində vəziyyət çoxmu acınacaqlıdır?

- Onu deyim ki, bu sahədə vəziyyət çox zəifdir. Əsasən polis sistemində insanlar çox təzyiqlərə məruz qalırlar. Qadınlarımız, uşaqlar çox müdafiəsizdirlər. Baxmayaraq ki dövlət tərəfindən uşaqların müdafiəsi çox yüksək səviyyədə qorunur. Bunun üçün vacib olan qanuni baza mövcuddur. Valideynlər övladlarını döyür, incidir. Bunun qarşısını almaq üçün "Məişətdaxili zorakılıq haqqında" qanun qəbul edildi. Ancaq gəlin baxaq, bütün uşaqlarmı valideynlərindən şikayət edəcəklər. Əlbəttə, yox. Qonşudan şikayət etmirlər. Çünki o adam narahatdır ki, digər qonşular ona "demaqoq" deyəcəklər. Bax bunlardan qurtulmaq lazımdır. Ən böyük problem isə odur ki, vətəndaş cəmiyyətləri qanunun qəbuluna cəlb edilmir. Çox aktual olan qanunlar cəmiyyətin müzakirəsinə buraxılmır. Bu, düzgün deyil.

- Sonda bir daha ad gününzlə bağlı məqama toxunmaq istəyirəm. Belə bir söz var, deyirlər: kişidən maaşını, qadından yaşını soruşmazlar. Siz yaşını gizlədən, yoxsa açıqlamağı bacaran xanımlardansınız?

- Mən yaşımı heç zaman gizlətmirəm. Bu gün də sizə deyirəm ki, 46 yaşım tamam oldu. Dostlar mənə deyirlər ki, sənə 46 yaş vermək olmaz. Bu da məni çox sevindirir. Onu da deyim ki, hər yaşın öz gözəlliyi var.

  

  

Ceyhun Nağı

 

Həftə içi.- 2011.- 22-24 yanvar.- S. 7.