"İran - Azərbaycan münasibətlərində qarşılıqlı şübhə yaradan məqamlar var"

 

Əfşar Süleymani: "Tehran ABŞ, İsraillə əlaqələrdən, Bakı isə Azərbaycanda dinin siyasiləşdirilməsindən narahatdır"

 

Bir müddət öncə İran Azərbaycan münasibətlərində yaxınlaşma hiss olunsa da, son zamanlar, təəssüf ki, iki ölkə arasında müəyyən gərginliklər yaşanmaqdadır. Təbii ki, bu istər hökumətlərin, istərsə də hər iki ölkə xalqlarının maraqlarına cavab vermir, mehriban qonşuluq münasibətlərinə ciddi zərbə vurur, nəticədə bundan bölgədə maraqlı olan üçüncü qüvvələr yararlanır.

Hələlik rəsmi şəkildə olmasa da, tərəflər bir-birini müxtəlif məsələlərdə ittihamlayır. Məsələn, bəzi ekspertlər Azərbaycanda hicabla bağlı yaranmış vəziyyəti İranla bağlayır. Bundan başqa, İranın azərbaycanlıların yaşadığı Təbriz şəhərinin üzərindən Ermənistana qaz kəməri çəkməsi Azərbaycanda birmənalı qarşılanmır. İranın "Səhər" kanalında isə davamlı olaraq Azərbaycan əleyhinə sanki bir cəbhə açılıb. Bəs yaranmış durumu necə dəyişmək olar, tərəflər arasında qarşılıqlı ittihamlar dalğasını necə səngitmək olar?

İran və Orta Asiya Araşdırmalar Mərkəzinin Elmi Şura üzvü, politoloq Əfşar Süleymani ilə bu məsələlərdən danışdıq, çıxış yollarını araşdırdıq.

- Hazırkı İran - Azərbaycan münasibətləri hansı səviyyədədir? Bu əlaqələrin inkişafı üçün hansı addımlar atılmalıdır?

- Hazırkı Tehran - Bakı əlaqələri məni qane etmir. Baxmayaraq ki iki ölkə arasında yüksək səviyyəli gediş-gəliş var. Həmçinin bu əlaqələrin irəli aparılması üçün çoxsaylı sənəd də imzalanıb. Amma reallığa baxanda görürük ki, müxtəlif səbəblərə görə bu əlaqələr lazımi səviyyədə deyil. Ticarət nöqteyi-nəzərdən idxal-ixrac azdır. 1992-95-ci illərdə İranın ticari əlaqələrində Azərbaycan birinci yeri tuturdu. Amma indi 15-ci yerdədir. İran Azərbaycana kapital qoyuluşu məsələsində isə 15-ci yerdə də deyil. Xəzər dənizi mövzusuna gəldikdə də görürük ki, hələ də müəyyən problemlər həll olunmamış qalır və dondurulmuş vəziyyətdədir. Mədəniyyət sahəsində də çatışmazlıqlar mövcuddur. Tarixi müştərək nöqtələrdə də inkişaf görünmür. Əlaqələrin inkişaf etdirilməsinin və möhkəmlənməməsinin əsas səbəbləri iki ölkənin bir-birinə qarşı etimadının müəyyən səbəblər üzündən azalmasıdır. Ölkə başçıları və yüksək vəzifəli şəxslər bu barədə gərək çox şəffaf, açıq və səmimi müzakirələr aparsınlar. Açığı, İran Azərbaycan Respublikasının ABŞ, İsrail əlaqələrinə şübhəylə yanaşır. Başqa tərəfdən isə Tehran Bakıda Güney Azərbaycan məsələlərinin qaldırılmasından, Azərbaycan prezidentinin 50 milyonluq dünya azərbaycanlılarının rəhbəri kimi təqdim olunmasından inciyir. Eləcə də Azərbaycan hesab edir ki, İran islam dininin Azərbaycanda siyasiləşdirilməsinə çalışır. Ona görə də tərəflər təcili oturub bütün məsələlərə aydınlıq gətirməlidirlər. Belə davam etsə, əlaqələr daha da zəifləyə bilər.

- Bəzi ekspertlərə görə, Azərbaycanda hicabla bağlı yaranmış vəziyyət İranla bağlıdır. Sizin düşüncələriniz necədir?

- İranda bu məsələ haqqında fərqli mövqelər var. Məncə, belə məsələləri hər bir ölkənin öz xalqı həll etməlidir. Əlbəttə, İranın Xarici İşlər Nazirliyinin sözçüsü də hicab məsələsinin Azərbaycanın daxili işi olduğunu bəyan edib.

- Ermənistanla əməkdaşlıq İrana nə verə bilər? Bu əməkdaşlıqda həqiqətənmi fayda var, yoxsa bu, Azərbaycan - İsrail əlaqələrinə cavabdır?

- İranla Ermənistanın münasibətləri, təbii ki, qonşuluq əlaqəsidir. Sadaladığım qarşılıqlı etimada zərbə vuran məsələlər Tehran - İrəvan münasibətlərinin inkişafına öz təsirini göstərir, bunu danmaq olmaz.

- İran Qarabağ probleminin həllində Azərbaycana vasitəçilik təklif edib. Bunun üçün İranın gücu varmı?

- Təbii ki, İranın gücü var. İran Azərbaycan və Ermənistanla qonşudur və hər iki ölkə ilə əlaqələri mövcuddur. Məncə, Bakı Tehrana bir az yaxınlaşsa, İran - Ermənistan münasibətlərinə təsir göstərə bilər. Əlbəttə, ATƏT-in Minsk Qrupu və xüsusilə ABŞ İranın vasitəçiliyinə maneə törədir.

- Rəsmi Tehran Təbriz üzərindən Ermənistana qaz kəməri çəkir, orada yaşayan azərilər buna niyə etiraz etmirlər?

- Əslində bu iqtisadi bir məsələdir və azərilər bu imkandan bəhrələnirlər. Eyni zamanda İran vətəndaşları, o cümlədən İran azərilərinin Ermənistanla ticarət əlaqələri var. Onu da nəzərinizə çatdırım ki, Ermənistanda oxuyan iranlı tələbələrin sayı Azərbaycanda təhsil alan iranlı tələbələrin sayından çoxdur.

- Güney Azərbaycanda yaşayan azərilərin sayı barədə müxtəlif fikirlər səsləndirirlər. Orada nə qədər soydaşımız yaşayır?

- İranda əhalinin statistikası ancaq İran vətəndaşı kimi hesablanır. Sadəcə, şəxsiyyət vəsiqəsində doğum yeri yazılır, milli mənsubiyyət məsələsinə baxılmır. Azərilərdən əlavə, İranda başqa xalqlar, o cümlədən kürd, bəluc, ərəb, türkman, lor və sair xalqlar yaşayır. Dediyim səbəbdən onların da sayı dəqiq bilinmir. Sadəcə, vilayətlər və şəhərlərdən hansı xalqın harada və nə qədər yaşadığını təxminən demək olar. Eyni zamanda bütün xalqlar başqa şəhərlərdə də yaşayır. İran azərbaycanlılarının ən azı 40 faizi Tehran şəhərində yaşayır. Ümumiyyətlə, İranda maksimum 25 milyon azərbaycanlı yaşayır və onlar özlərini İran vətəndaşı olaraq təqdim edirlər.

- Onların milli dərki, milli şüuru hansı səviyyədədir?

- Ümumiyyətlə, İran xalqının milli dərki və şüuru yüksək səviyyədədir. O cümlədən də İran azərbaycanlılarının.

- Müxtəlif təşkilatların yaydığı xəbərlərə görə, İranda azərilərin milli hərəkatları var. Milli hərəkat əsasən hansı bölgələrdədir?

- İranda qanuni olaraq belə bir təşkilat yoxdur. Bəzi şəxslər tərəfindən bəzi fikirlər deyilir, amma qarşısı alınır. İranı parçalamaq ayrı, İran içərisində siyasi, mədəni azadlıqdan bəhrələnmək isə tamam fərqli məsələdir. Heç bir ölkə ərazi bütövlüyünün sual altına düşməsinə imkan verməz, belə problemlə üzləşmək istəməz. İran azərbaycanlılarının əksəriyyəti İran ərazisində yaşayaraq öz mədəni irslərinin və dillərinin qorunmasının tərəfdarıdır. İran Konstitusiyasında bu haqq nəzərdə tutulub və indi də Azərbaycan dilində qəzetlər, kitablar nəşr olunur. Azərbaycan dilində çoxlu şeir yazılır, telekanallarda və radiolarda bu dildə verilişlər gedir. Amma məktəblərdə Azərbaycan dilində təhsil, eyni zamanda bu dildə özəl telekanal və radio yoxdur.

  

 

Əli Zülfüqaroğlu

 

Həftə içi.- 2011.- 28 yanvar.- S. 3.