Mədəniyyət və turizm imkanlarımız İtaliyada

 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İtaliyada bu ölkənin turizm və idman naziri ilə görüşüb. Azərbaycanın İtaliyadakı səfirliyindən verilən məlumata görə, nazir italiyalı həmkarına Azərbaycan hökumətinin turizmin inkişafına verdiyi prioritet əhəmiyyət, turizm infrastrukturunun inkişafı istiqamətində görülən tədbirlər və İtaliya tərəfi ilə əməkdaşlığa dair məlumat verib. O, iki ölkə arasında turizm sahəsində mövcud olan zəngin əməkdaşlıq imkanlarının reallaşdırılması məqsədilə nazir P.Nyudini Azərbaycana səfərə, eləcə də bu ilin aprelində Bakıda keçiriləcək 11-ci Azərbaycan beynəlxalq turizm və səyahət sərgisinə dəvət edib.

   Əbülfəs Qarayev İtaliyanın turizm operatorlarının və turizm materiallarının naşirlərinin Azərbaycana səfərlərinin təşkil olunması təşəbbüsü ilə çıxış edib. Səfərlərin nəticəsi olaraq, digər məsələlərlə yanaşı, italyan dilində Azərbaycan turizmi ilə bağlı müxtəlif informasiya-təbliğat materiallarının nəşr etdirilməsi də nəzərdə tutulur. Eyni zamanda, Azərbaycanın turizm sahəsində təhsil istiqamətində İtaliya ilə əməkdaşlıqda maraqlı olduğu bildirilib.

   Nazir həmçinin İtaliyanın mədəniyyət naziri Lorentso Ornaqi ilə də görüşüb. Əbülfəs Qarayev iki ölkə arasında tarixən mövcud olan mədəni əlaqələrin inkişafına mühüm əhəmiyyət verildiyini, mədəniyyət infrastrukturunun bərpasında İtaliya şirkətlərinin və mütəxəssislərinin iştirakından məmnunluğunu deyib.

   Nazir L.Ornaqi Romada "Azərbaycan: İpək yolu üzərində Odlar Yurdu" sərgisinin açılmasından məmnunluğunu bildirib, İtaliyada Azərbaycan mədəniyyətinə, xüsusilə də sivilizasiyalararası dialoq, mədəni-dini müxtəliflik və tolerantlıq kontekstində dərin maraq göstərildiyini vurğulayıb. O, incəsənət, musiqi, kinematoqrafiya, mədəni abidələrin bərpası və digər sahələrdə əməkdaşlığın vacibliyini bildirərək bu istiqamətlərdə Azərbaycan ilə birgə işləməyə davam edəcəklərini diqqətə çatdırıb.

 

Nigar İxtiyarqızı

 

Həftə içi.- 2012.- 17 fevral.-S.8.