Şamaxıda "Sabir günləri"

 

Ədəbiyyatçılar, millət vəkilləri və ictimaiyyət nümayəndələri satirik şairin ev muzeyini ziyarət edib

 

Şamaxıda Azərbaycanın görkəmli satirik şairi Mirzə Ələkbər Sabirin yaradıcılığına həsr olunan "Sabir günləri" adlı bədii qiraət müsabiqəsi başa çatıb. Artıq müsabiqənin qalibləri də mükafatlandırılıb. Mükafatlandırma zamanı 3 yeni kitabın da təqdimat mərasimi keçirilib.

"Həftə içi"nin məlumatına görə, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) və Söz Azadlığını Müdafiə Fondunun (SAMF) təşkilatçılığı ilə keçirilən tədbirdən öncə Milli Məclisin deputatları, tanınmış şair və yazıçılar, elm adamları M.Ə.Sabirin Şamaxı şəhərindəki Ev Muzeyini ziyarət edərək onun abidəsi önünə gül dəstələri qoyublar. Sonra isə Seyid Əzim Şirvaninin məzarı ziyarət olunub. Şamaxı Mədəniyyət Evində keçirilən mərasimdə Şamaxıdan seçilmiş millət vəkili Elxan Süleymanovun təşəbbüsü və maliyyə dəstəyi ilə hazırlanan, mərhum akademik Bəkir Nəbiyevin "Şamaxı torpağının yetirdiyi böyük Azərbaycan şairləri", professor Alxan Bayramoğlunun tərtibçiliyi ilə nəşr olunan "Sabir haqqında tədqiqlər", filologiya üzrə fəlsəfə doktoru Eyvaz Eminalıyevin "Sabirin həyatı və sənəti" kitabının təqdimatı olub. Tədbirdə millət vəkilləri Elxan Süleymanov, Sabir Rüstəmxanlı, kitabın müəllifləri çıxış ediblər.

Tədbirin ikinci hissəsində M.Ə.Sabirin yaradıcılığına həsr olunan bədii qiraət müsabiqəsinin qalibləri mükafatlandırılıb. Şairin mayın 30-da qeyd olunan doğum günü ərəfəsində deputat Elxan Süleymanovun təşəbbüsü ilə artıq ikinci ildir ki, ənənəvi olaraq keçirilən müsabiqə M.Ə.Sabir yaradıcılığının təbliği, onun yaradıcılığının tədris prosesində tətbiqinə metodiki dəstək vermək, tədris prosesində fəal şagirdləri üzə çıxarmaqla həvəsləndirmək məqsədi daşıyır. Müsabiqədə iştirak edən 138 nəfər arasından 8 bədii qiraətçi professor Tofiq İsmayılovun rəhbərlik etdiyi münsiflər heyətinin qərarı ilə mükafatlara layiq görülüb. Mərasimdə bədii qiraətçilər yenidən səhnəyə çıxaraq 500-dən artıq insanın qarşısında Sabirin şeirlərini səsləndiriblər.

Daha sonra "Sabir günləri" bədii qiraət müsabiqəsinin qalibləri mükafatlandırılıb. Millət vəkili Elxan Süleymanov birinci yeri tutan iki nəfərə 150 manat, ikinci yeri tutan iki nəfərə 100 manat və üçüncü yeri tutan 4 nəfərə isə 50 manat pul mükafatı təqdim edib. Bundan əlavə, ilk 30 yeri tutan iştirakçılara həvəsləndirici diplomlar verilib. Həmçinin, deputat Elxan Süleymanov ötən ilki müsabiqənin 10 nəfər qalibinə və builki 8 mükafatçının hər birinə bir il ərzində hər ay 50 manat "Sabir təqaüdü" veriləcəyini bildirib. Tədbir deputatın təşəbbüsü ilə yaradılan "Pirqulu" instrumental ansamblının Sabirin şeirləri əsasında hazırladığı kompozisiya ilə başa çatıb.

    

 

Qələndər

 

Həftə içi.- 2012.- 9-11 iyun.- S.15.