Hələ də özümü Ədalət Nəsibovun şəyirdi sayıram

Aşıq Ədalət Dəlidağlı: Sazdan-sözdən başı çıxmayanın sazına Aşıq filankəs yazdırdığını görəndə əsəbiləşirəm

 

Son zamanlar saxta aşıqların Azərbaycanın efir məkanında at oynatması ustad sənətkarların, el aşıqlarının səbir kasalarını əməlli-başlı daşırıb. Həftə içinin Səmimi söhbət rubrikasının qonağı olan Əməkdar incəsənət işçisi Aşıq Ədalət Dəlidağlı da SMS-lər yolu ilə aşıq seçilənlərin və sponsorlar vasitəsilə telekanallara yol tapanların bir nömrəli düşmənidir. Saxta aşıqların aşıq sənətinə ləkə, aşıqlığın gələcək faciəsi adlandıran ustad sənətkar ölkə ictimaiyyətini onlara qarşı mübarizə aparmağa səsləyir.

 

- Deyilənlərə görə, ustad sənətkar Aşıq Ədalət Nəsibovun şərəfinə adınızı Ədalət qoyublar. Doğrudurmu?

- 1967-ci ildə Kəlbəcərin Yellicə kəndində anadan olanda atam Hacıbaba müəllim qonaqlıq verirmiş. Həmin qonaqlığa atamın indiki Tərtər rayonunda yaşayan qohumu Aşıq Vəli də gəlibmiş. Qonaqlıq vaxtı Aşıq Ədalətin səsyazısı olan valı qrammafona qoyublar. Onun sazda ustalıqla ifa etdiyi havanı dinlədikdən sonra Aşıq Vəli atama deyib ki, oğlunun adını Ədalət qoy. Atam da onun sözünü yerə salmayıb və adımı Ədalət qoyub. Aşıq sənətinə maraq mənə irsən keçmədir. Ata babam Əliş Qurbanov öz dövrünün mahir saz ustalarından biri olub. Dayım da, dayım oğlanları da sazı peşəkarlıqla çalırdılar. Şairlik istedadım isə ana babamdan yadigar qalıb. Anamın atası İsmayıl Kamaloğlu tanınmış şair olub. Aşıq sənətini, aşıq havalarını o qədər çox sevirdim ki, uşaq yaşlarımda onları saatlarla dinləməkdən yorulmurdum. Hətta səhərdən axşamadək, axşamdan səhərədək vallardakı aşıq havalarına qulaq asırdım. Aclığı, susuzluğu, yuxusuzluğu vecimə almırdım. Ona görə də anam yemək-içməyimi yanıma gətirir və məni zorla yedirdib-içirdirdi. Saz havalarından o qədər həzz alırdım ki, nə yediyimi, nə içdiyimi belə bilmirdim. Sonra qərar verdim ki, saz çalmağı öyrənəcəm. Vallara qulaq asa-asa oradakı havaları Əliş babamın sazında çalmağa başladım. 1-ci sinfi bitirdikdən sonra Kəlbəcər rayon mərkəzinə köçdük. 2 saylı şəhər orta məktəbində fəaliyyət göstərən saz dərnəyinə üzv yazıldım. Həmin dərnəyin rəhbəri görkəmli el sənətkarı Cəmşid Allahverdinin qardaşı, el şairi İdris müəllim idi. Qısa müddətdən sonra saza-sözə, aşıq sənətinə bağlılığım, fitri istedadım İdris müəllimin diqqətini cəlb etdi və o, mənə böyük etimad göstərdi. Mən də bu etimadı doğrultmaq üçün üzərimdə çox çalışdım. Orta məktəblər və rayonlar arasında keçirilən musiqi festivallarına qatılaraq dəfələrlə qalib oldum, fəxri fərmanlara və diplomlara layiq görüldüm. Rayon səviyyəsində keçirilən bütün konsertlərdə iştirak etdim. 4-cü sinifdə oxuyanda Kəlbəcər rayonundakı Dədə Şəmşir adına Mədəniyyət Evinin direktoru Əliş Quliyev məni Gənc Uşaq Aşıqlar Ansamblına qəbul etdi. 5 il Əliş Quliyevdən aşıq sənətinin incəliklərini öyrəndim. Sonra Əliş müəllim məni Gənc Aşıqlar Ansamblının üzvü seçdi. Həmin dövrdə Cəmşid Allahverdi mənə aşıq sənəti üzrə dərs verdi. O zamanlar həm rayonumuz, həm zonalar, həm respublika üzrə, həm də bir çox xarici ölkələrdə keçirilən bir sıra festivalların qalibi olaraq müxtəlif mükafatlara layiq görüldüm. Bu günədək bir çox xarici ölkələrdə keçirilən konsertlərə də qatılmışam.

- Aşıqların sinələri həmişə sözlə dolu, beyinləri xatirələrlə zəngin olur...

- Xatirələrim çoxdur, onların hamısını danışmaqla bitməz. Amma bəzilərini nəql etmək istəyirəm. 1989-cu ildə İsraildə keçiriləcək festivala getməyə hazırlaşırdım. Həmin vaxt anam qəfil xəstələnmişdi. Həm də ermənilərin soydaşlarımızı öz ata-baba yurdlarından didərgin salmaları, Qarabağ hadisələrinin başlaması üzündən Kəlbəcərdə ciddi narahatlıq yaranmışdı. Ona görə də təyyarənin Bakıdan İsrailə uçmasına 3-4 saat qalmış atam məni Kəlbəcərə qaytardı. 1989-cu ildə 58 nəfərlik nümayəndə heyəti ilə birlikdə İraqa getmişdik. Mehmanxanada 16 gün Ədalət Nəsibovla bir otaqda qaldıq. Bir dəfə səhər yeməyindən xeyli əvvəl ustad sənətkar dedi ki, sazı götür bir hava çal. Mən Ustaddan əvvəl çalmaq günahdır deyəndə Aşıq Ədalət Bərəkallah kamalına dedi. Bir dəfə onun Başlıtel havasını çaldım. Çox bəyəndi. Üzümdən öpdü. Dedi ki, hər axşam yatmamışdan əvvəl mənə bir hava çalarsan. Mən də mehmanxanada qaldığımız günlərdə hər axşam saz havaları çalırdım. Ədalət Nəsibov söz verdi ki, məni özünə şəyird götürəcək. 1993-cü ildə bu ustad sənətkarın şəyirdi oldum və 5 il ondan dərs aldım.

- Son zamanlar aşıqların müsabiqə və SMS yolu ilə seçilməsi dəbə düşüb. Bu məsələyə münasibətiniz necədir?

- Dövlət başçısı İlham Əliyev başda olmaqla, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Aşıqlar Birliyi, Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyi ölkəmizdə aşıq sənətinin yüksək səviyyədə inkişafına xüsusi qayğı və diqqət göstərir. Aşıq sənəti tam sərbəst şəkildə inkişaf etdirilir. Bunu danmaq cinayətdir. Amma bəzi məsələlər məni çox ciddi narahat edir. Keçmiş SSRİ dövründə aşıqları tanınmış saz-söz ustadlarının, el aşıqlarının təmsil olunduğu münsiflər heyətindən ibarət bədii şura seçirdi. Həmin vaxtlarda yalnız çətin sınaqlardan və imtahanlardan üzüağ çıxanlar aşıq kimi qələmə verilirdi. Müasir dövrümüzdə aşıqların müsabiqə və SMS vasitəsilə seçilməsinə, bir-iki saz havasını çalmağı öyrənmiş şəxslərin telekanallarda, konsertlərdə və digər tədbirlərdə ustad sənətkar, el aşığı kimi təqdim edilməsinə acığım tutur. Hətta sazdan, sözdən başı çıxmayanın sazına Aşıq filankəs yazdırdığını, sponsor hesabına efirə çıxdığını görəndə çox əsəbiləşirəm.

- Bəs, əsl aşıq necə olmalıdır? O, hansı keyfiyyət və cəhətlərinə görə seçilməlidir?

- İnsan gərək anadangəlmə aşıq olsun. Yəni mükəmməl və peşəkar aşıq olmaq üçün insanda Allah vergisi olan fitri istedad və dərs alacağı ustadın əsl sənətkar olması əsas şərtdir. Əsl aşıq poeziyanı, dastanı, təcnisi, dini, doğma dilini və sair bilməlidir. Aşıq sənətinin atası sayılan və aşıqlığın nizamnaməsini yaradan Aşıq Ələsgər deyirdi ki, əsl aşıq ağıllı-kamallı, mərifətli-qanacaqlı, həqiqət carçısı, təmiz qəlbli, aqil olmalı, ədəbini gözləməli, danışığına, davranışına, hərəkətlərinə fikir verməli, nəfsini qorumalıdır. Yəni 1-2 hava çalmaqla aşıq olmaq mümkün deyil. Ona görə də aşıq sənətinə hörmət və ehtiram bəsləyən hər kəsdən xahiş edirəm ki, bu cür insanlara qarşı barışmaz mövqe tutsunlar. Çünki belələri aşıq sənətinin adına ləkə gətirir, bu sənətin gələcəyini faciəyə sürükləyirlər. Aşıq sənətinə marağı olanlara da məsləhət görürəm ki, bu sənəti ustad sənətkarlarımızdan öyrənsinlər.

- Deyirlər, aşığı da el dolandırar. Amma son zamanlar aşıqları toylara az çağırırlar. Sizcə, niyə?

- Əvvəllər xeyir işlər üçün mağarlar, çadırlar qurular və aşıqlar çağırılar, orada dastanlar, rəvayətlər söylənilərdi. Amma indi şadlıq saraylarında, restoranlarda keçirilən məclislərdə dastanları, rəvayətləri dinləmək istəyənlər yoxdur. Belə məclislərə çağırılan aşıqlar maksimum 2-3 mahnı çalarlar. Digər tərəfdən, hər çağırılan məclisə getmək də olmaz. Gərək elə məclisə gedəsən ki, orda səni başa düşən olsun.

- Bu sənəti öyrətdiyiniz şəyirdləriniz varmı?

- Əfqan, Qalib, Oruc, Şəhriyar, Pərviz və digər istedadlı şəyirdlərim var. Mən aşıq sənətinə mükəmməl yiyələnmişəm. Amma özümü hələ də Ədalət Nəsibovun şəyirdi sayıram.

- Bəzi aşıqlar haqqında rəvayətlər söylənilir. Sizin haqqınızda da rəvayət varmı?

- Bəli, var. Əsl aşıq rəvayətsiz olmaz. Amma rəvayət həqiqi olmalı, yalana yol verilməməlidir.

- Gələcək planlarınız barədə nə deyə bilərsiniz?

- Bakıda şəxsi solo konsertimi keçirmək istəyirəm. Bunun üçün Mədəniyyət və Turizm Nazirliyinə, Azərbaycan Aşıqlar Birliyinə,

Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyinə müraciət edəcəyəm. Audio və video disk buraxdırmağı düşünürəm. Milli orijinallığı saxlamaq şərtilə əsl aşıq klipi çəkdirəcəyəm. Onun adını və mövzusunu hələlik gizli saxlayıram. Bunlardan əlavə, dövlət tədbirlərində iştirak etməyi də planlaşdırıram.

- Səmimi söhbət rubrikasında oxucularımıza nələri səmimi etiraf etmək istəyirsiniz?

- Əlimdən pislik gəlmədiyi üçün səmimi etiraf edəcəyim bir səhvim, günahım yoxdur. Amma populyarlıq sözünə nifrət edirəm. Kimsə populyaram deyəndə az qalıram dəli olam. Özümə populyar aşıq deməyi qəbahət sayıram. Ağac bar verdikcə başını aşağı dikir. İnsan nə qədər məşhurlaşsa da, tanınsa da, şəxsiyyətini və mənliyini həmişə qorumağa çalışmalıdır. Dünyanın varı, dövləti bu dünyada qalacaq. Sənəti heç vaxt pula satmaq olmaz. Ustad sənətkarın sənətinin əvəzi pulla ödənilə və satın alına bilməz. Ona görə də dəvət olunduğum toyların sahibləri ilə qiymət danışmıram.

 

 

Təbriz Vəfalı

Həftə içi.- 2013.- 6-8 aprel.- S.14.