Deputat Sabir hələ də Hamarkəndin dolanbac yollarının yolçusudur...” 

 

"Hər cavab - bir cümlə" rubrikasının növbəti qonağı Xalq şairi, Dünya Azərbaycanlıları Konqresinin həmsədri, millət vəkili Sabir Rüstəmxanlıdır...

 

- 2007-ci ildə "Hayanda itirdim ruhumu, Allah!.." - deyən Sabir Rüstəmxanlı 2013-cü ilin yazında ruhunu tapıbmı?..

- O şeirdə əslində bütövlükdə cəmiyyətimizin itən ruhundan söhbət getdiyindən mən də bu cəmiyyətin bir üzvü kimi ruhumuzun itməsindən danışıram və İnşallah, bir gün Qarabağ azad ediləndə, Güney Azərbaycanla bütövləşəndə o ruhumuzu qaytaracağıq...

- Hamarkəndin nahamar, dolanbac yolları ilə məktəbə addımlayan balaca şagird Sabir Bakının hamar yolları ilə parlamentə gedən 67 yaşlı deputat Sabir Rüstəmxanlını nədəsə qınayardımı?..

- Şagird Sabir deputat Sabiri heç nədə qınamazdı, çünki 67 yaşlı deputat Sabir balaca Sabirin o təmiz ruhunu özündə yaşadır və məhz deputat kimi də hələ də Hamarkəndin dolanbac yollarının yolçusudur...

- Ötən əsrin 60-70-ci illərində tələbəlik keçmiş siyasətçilərin çoxu həmin dövrdə "KQB"nin (SSRİ Dövlət Təhlükəsizlik Komitəsi) seçilən, yaxşı oxuyan tələbələrə əməkdaşlıq təklifləri etdiyini söyləyirlər... Tələbə Sabirə də belə təkliflər oldumu və o bunu necə qarşıladı?

- Tələbə Sabirə belə təkliflər yox, əksinə, ədəbi dərnəklərdə söylədiyi bəzi şeirlərinə görə təqib və təzyiqlər oldu və o da bunlara duruş gətirib lazımi cavablarını verdi...

- 1988-ci ildən bəri mərhum Əbülfəz Elçibəylə çiyin-çiyinə Azərbaycan Xalq Hərəkatının liderlərindən olmusuz, 1991-ci ilin avqustunda hətta milislə toqquşmada milli azadlığımız uğrunda qanınız da tökülüb, onun prezident olduğu dövrdə nazir olmusuz... Sizcə, Elçibəyin özü ilə apardığı ən böyük sirr hansıdır?..

- Məncə, 1993-cü ilin iyununda prezident kürsüsünü tərk edib gizli şəkildə doğma kəndi Kələkiyə getməsinin səbəbləri...

- Azərbaycan Xalq Cəbhəsi İdarə Heyətinin üzvü olmuş bir siyasətçi kimi AXC-nin əsas səhvini nədə görürsüz?

- Hazırlıqsız hakimiyyətə gəlməsində...

- 1995-ci ildə mətbuat və informasiya naziri vəzifəsindən istefanızın əsas səbəbi nə oldu?

- Nazir kimi mətbuatımızın inkişafı üçün xeyli işlər görsəm də, deputatın həm də yüksək vəzifə daşımasının qanunlara uyğun olmamasından və iki kürsüdə göstərdiyim fəaliyyətdən istədiyim keyfiyyət və səmərəni ala bilməyəcəyimi dərk etdiyimdən nazir vəzifəsindən istefa vermək qərarına gəldim...

- Bəs keçmiş prezident Heydər Əliyevin sizi layiq gördüyü "Şöhrət" ordenindən niyə imtina etdiniz və bu imtina şöhrətinizi artırdımı?

- O addımı şöhrət üçün atmadım, sadəcə, Qarabağ kimi torpağı işğal altında tapdanan, 1 milyon qaçqını-köçkünü olan bir ölkənin şairi kimi "Şöhrət" ordenini qəbul etməyə xəcalət çəkdim...

- Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədrisiniz. Və həmin təşkilatın əsas missiyalarından biri Quzey-Güney Azərbaycan torpaqlarını bütövləşdirməkdir. Sizi bir vaxtlar DAK-ı ikiyə bölməkdə günahlandırdılar... Özü bölünən bir təşkilat Azərbaycanı bütövləşdirə biləcəkmi?..

- DAK-ın bölünməsinə səbəb Sabir Rüstəmxanlı yox, tarix boyu Vətənimizi bölən qüvvələr və onlara xidmət edən xəyanətkar tulalardır, amma bütün bunlara baxmayaraq DAK-in fəaliyyətinə kölgə salmaq, onun xalqımızın və torpaqlarımızın bütövləşməsi istiqamətindəki mübarizəsini bir an da səngitmək olmaz...

- Hüquqi baxımdan bizim olan Qarabağı erməni işğalından azad edə bilmiriksə, həm de-yure, həm də de-fakto bizim olmayan Güney Azərbaycanın birləşdirilməsindən danışmaq tez deyilmi?

- Xeyr, tez deyil, axı ilk olaraq - iki əsr öncə Güney Azərbaycanı itirmişik, buna görə də Qarabağın azadlığı uğrunda mübarizə aparmaqla yanaşı, Təbrizi, üstəlik, bir əsr öncə itirdiyimiz İrəvanı, Göyçəni, Zəngəzuru da və s. diqqət mərkəzində saxlamaq gərəkdir...

- Bir qərinədir müstəqillik, son çıxışlarınızın birində qeyd etdiyiniz kimi, bir sıra diplomatlarımız hələ də Azərbaycan dilini bilmirlər... Kimdir günahkar?

- Diplomatlarımız arasında öz vətənini, millətini sevənlər olsa da, ötən yüzillikdə Bakıda rus məktəblərinin çoxluğu və əksər tanınmış, imkanlı ailələrin öz övladlarını həmin məktəblərdə oxutması, təəssüf ki, onların öz dillərini unudaraq rusca düşünmələrinə, oxuyub-yazmalarına səbəb olmuşdur...

- Şeyx Şamil deyir ki, ən təhlükəli düşmən dost cildində olan düşməndir... Tarixən Rusiya, İran, ermənilər üstümüzə qılıncla, top-tüfənglə gəldilər, bəs dost cildində gizlənən düşmənlərimiz kimdir?

- Zənnimcə, dost cildində olan düşmənlərimiz müsəlman-türk dünyasına ikili standartlarla yanaşan bəzi beynəlxalq güc, qurum və dövlətlər, eləcə də tamah, cəhalət, nadanlıq, hadisələrin mahiyyətinə varmamaq ucbatından onların maraqlarının ifadəçisinə və icraçısına çevrilmiş daxili qüvvələrdir...

- Rüstəm İbrahimbəyov deyir ki, erməni xalqı bizimlə düşmən deyil, bəs Sabir Rüstəmxanlı nə deyir?

- Azərbaycan vətəndaşı saydığımız sadə Qarabağ ermənilərinin hamısını düşmən hesab etməyin düzgün olmaması və Rusiyada soydaşlarımızla birgə işləyən ermənilərin azərbaycanlılarla mehriban münasibət qurması kimi gerçəkliklər baxımından Rüstəm İbrahimbəyov məsələyə fəlsəfi yanaşıb və bütövlükdə erməni xalqını yox, sadə erməniləri əsrlərdir ki, saxta "Böyük Ermənistan" ideologiyası ilə yoldan çıxarıb Azərbaycana, Türkiyəyə qarşı yönəldən, silahlandıran, döyüşməyə vadar edən qüvvələri düşmən hesab etməliyik...

- Millət vəkili olduğunuz doğma Yardımlının hazırkı icra hakimiyyəti başçısı Sevindik Hətəmovun rayondakı fəaliyyətindən razısınızmı?

- Sabiq millət vəkili, hamımızın yaxşı tanıdığı Sevindik bəyin işindən çox razıyam, çünki o, gecə-gündüz Yardımlı üçün əlindən gələni etmək üçün fəaliyyət göstərir, ən əsası, camaatın içindədir, camaatla dil tapıb və özü də dağlıq rayonda böyüyüb boya-başa çatdığına görə Yardımlının problemlərini gözəl bilir və onları həll etməyə çalışır...

- "Yenə kənd yolunda yapayalnızım" deyən Sabir bəyin şəhər yollarında çiyin-çiyinə addımladığı dostları çoxdu yəqin?

- Təəssüf ki, belə deyil, çünki şair, yazıçı, sənət adamı nə qədər böyük mühitdə olsa da, min-min insanın içində də dost məclislərinə, əyləncələrə qurban verilməsi mümkün olmayan öz dünyasının toxunulmazlığını daim qorumağa çalışır və bu mənada mən də üzərimdə Azərbaycan boyda bir oxucu sevgisi hiss etsəm də, hələ də o kənd yolundakı yalnızlığımı, tənhalığımı qoruyub saxlamağı bacarmışam...

- Ahıl yaşınızın astanasında yeni bir "Ömür kitabı" yazmaq fikriniz yoxdur ki?

- Yəqin indi yazsam da o, əvvəlki "Ömür kitabı" olmayacaq, onun davamı olmayacaq, çünki o zaman düşmənlər bizə sözlə hücum edirdilər, biz də sözlə cavab verirdik, bu gün isə zor, silah gücünə torpaqlarımızı işğal ediblər, bunun da cavabını ilk növbədə silahla vermək lazımdır...

- Söhbət gəzir ki, siz də prezidentliyə namizədliyinizi vermək fikrindəsiniz... Özünüzü Azərbaycan prezidenti kimi görürsünüzmü?

- Özümü Azərbaycan prezidenti kimi görürəm, amma indiki məqamda iqtidarın imkanlarının bizimkindən qat-qat üstün olması səbəbindən prezident seçilmək çətin olduğundan və bir dəfə prezidentliyə namizəd təcrübəsinə malik olduğumdan nəticəsi əvvəlcədən bəlli olan işlərlə məşğul olmaq istəmirəm...

- Şeirlərinizin birində deyirsiz ki, qiyamət yaxınlaşır, Azərbaycanda qiyamətin yaxınlaşmasının hansı əlaməti aşkar görürsünüz?..

- Həmin şeirdə sırf dünyanın məhvindən yox, dünyada və Azərbaycanda mənəvi dəyərlərin aşınması baxımından qiyamətin yaxınlaşmasından bəhs edilir və millətimizə xas kişilik, mərdlik, öz sözünün yiyəsi olmaq, halallıq, başqasının malına göz dikməmək və s. kimi dəyərlərin itməsi, mədənin beyinə, ruhun maddiyyata tabe olması və s. qiyamətin daha aşkar əlamətləri kimi göstərilir...

 

 

Sultan Laçın 

 

Həftə içi.- 2013.- 13-15 aprel.- S.7.