Ev heyvanları da pasportlaşdırılır 

  

 İndiyədək 500 atda ciftlənmə, 500 iri və xırdabuynuzlu heyvanda isə nömrələnmə aparılıb

 

Ölkədə məhsuldar heyvan cinsi və keyfiyyətli heyvandarlıq məhsullarının istehsal edilməsini stimullaşdırmaq məqsədilə tvinninq layihəsinə start verilib.

Belə ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) Avropa İttifaqının maliyyələşdirdiyi "Dövlət Baytarlıq Xidmətinə heyvanların identifikasiyası və təsərrüfatların qeydiyyatı milli sisteminin hazırlanmasına dəstək" layihəsi çərçivəsində bir sıra tədbirlərə başlayıb. Layihənin məqsədi sanitar və fitosanitar sektorların islahatları və müasirləşdirilməsi ilə istehlakçılar üçün ərzaq təhlükəsizliyinin gücləndirilməsi və ticarətin asanlaşdırılmasını təmin etməkdir. Eyni zamanda heyvanların identifıkasiyası və axtarış sisteminin hazırlanmasına xüsusi yardım göstərmək və ümumilikdə baytarlıq xidmətini gücləndirmək də vacib amillərdən sayılır.

DBX-nin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli "Həftə içi"nə bildirir ki, bu cür tədbirlərin icrası ölkənin heyvandarlıq sektorunda müasir idarəetmə sisteminin tətbiqini vacib edir. Bu idarəetmə beynəlxalq səviyyədə tanınan standartlara uyğun olan heyvan sağlamlığı, epidemioloji nəzarət, damazlıq proqramları, izləmə konsepsiyasının təqdimatına müsbət təsir göstərir: "Ona görə də İspaniya və Polşadan olan mütəxəssislərlə birlikdə tvininq layihəsi çərçivəsində bu layihəni pilot formada respublikamızın bir neçə iribuynuzlu və xırdabuynuzlu heyvanlar, eləcə də atlar saxlanılan təsərrüfatında sınaqdan keçirmişik. Atlarda ciftlənmə, iribuynuzlu və xırdabuynuzlu heyvanlarda isə nömrələnmə, yəni bilkalanma prosesi reallaşdırılıb. 500 baş at ciftlənib, 300 baş iribuynuzlu, 200 baş xırdabuynuzlu heyvan isə nömrələnib. Ciftlər atların boynuna qoyulub. Burada heyvanın məxsus olduğu təsərrüfatın kodu qeyd olunub".

 

Oğurluq heyvanlar tapılacaq

 

DBX rəsmisi vurğulayır ki, tvininq layihəsi respublikanın bütün heyvandarlıq təsərrüfatlarını əhatə edəcək və bütün ev heyvanları nömrələnəcək. Son nəticədə heyvandarlıq təsərrüfatlarının qeydiyyatı, ev heyvanları haqqında bütün məlumatlar elektron formada toplanacaq və mərkəzləşdirilmiş kompüter sistemi vasitəsilə regionlardan mərkəzə, yəni DBX-yə ötürüləcək. Onun sözlərinə görə, həmin məlumatlara heyvanların sayı, onların hansı vətəndaşlara və təsərrüfatlara məxsus olması, xəstə, yaxud sağlam olması, bu günə kimi onun üzərində aparılan əməliyyatlar və heyvanlarla bağlı reallaşdırılan profliaktiki tədbilər öz əksini tapacaq: "Nömrə və ciftlər vasitəsilə istədiyimiz anda heyvanların xəstəlikləri, onların hərəkət koordinasiyası barədə ətraflı məlumat ala biləcəyik. Eyni zamanda həmin məlumatlar əsasında başqa təsərrüfatlara və ya fərdi şəxslərə verilən heyvanların əvvəlki sahibinin kim olduğunu müəyyənləşdirəcəyik".

Yolçu Xanvəli bildirir ki, bilka və cift vasitəsilə heyvan oğurluğunun qarşısını almaq da mümkünləşəcək. Onun sözlərinə görə, ciftlənmiş və nömrələnmiş heyvanların satışı, yaxud kəsmi barədə də dərhal məlumat əldə etmək mümkün olacaq: "Çünki heyvandarlıq təsərrüfatlarında quraşdırılmış xüsusi məlumat mərkəzi vasitəsilə DBX-dəki mərkəzləşdirilmiş sistemə məlumat veriləcək ki, filan heyvan satışa çıxarılır, yaxud kəsilir. Başqa sözlə, heyvanın özbaşına satışı, yaxud kəsimi mümkünləşməyəcək".

 

1 milyon avroluq layihə?

 

DBX rəsmisi deyir ki, qeydiyyat başa çatdıqdan sonra kəsilən, yaxud tələf olan heyvanların nömrəsi başqa heyvana verilməyəcək. Çünki onları digər heyvanlara tətbiq edəndə mərkəzləşdirilmiş sistemdəki kompüter bunu avtomatik olaraq qəbul edəcək. Nəticədə tələf olan, yaxud kəsilən heyvanlarla bağlı məlumatlar yeni heyvanların adına keçiriləcək. Ona görə də yeni alınan, yaxud yeni doğulan heyvanlarda ciftlər və bilkalar da yeni olacaq. Qeyd edək ki, əksər ölkələrdə, xüsusilə də ABŞ-da və Fransada bilkalanmış və ya ciftlənmiş heyvanların səhhətində hər hansı bir problem yaranarsa, fermerlər və heyvandarlar mobil telefon vasitəsilə mərkəzləşdirilmiş kompüter sisteminə SMS-lər göndərirlər. Nəticədə baytarlıq orqanlarının xidmətlərindən vaxtlı-vaxtında və maksimum səviyyədə bəhrələnirlər. Yolu Xanvəli deyir ki, belə bir sistemin Azərbaycanda da tətbiqi istisna deyil. Onun sözlərinə görə, tvininq layihəsi çərçivəsində mobil telefonların və digər müasir texnologiyaların xidmətlərindən istifadə edilməsi gözlənilir. Amma bu layihənin maliyyələşdirilməsinə hələlik başlanılmadığı üçün bu sistemin ölkəmizdə tətbiqi hələlik mümkün deyil: "Əgər Azərbaycan hökuməti tvininq layihəsini təsdiqləyərsə və dövlət büdcəsindən tələb olunan məbləğdə maliyyə vəsaiti ayrılarsa, Avropa ölkələrindəki ən son yenilikləri və müasir texnologiyaların nailiyyətlərini respublikamızda da tətbiq edəcəyik. Maliyyələşdirmə prosesi başa çatdıqdan sonra kompüterləşdirilmə sistemi təkcə bizim xidmətdə deyil, rayon baytarlıq idarələrində, heyvandarlıq təsərrüfatlarında, heyvanların satış və kəsim məntəqələrində də quraşdırılacaq".

Yeri gəlmişkən, İspaniya-Polşa konsorsiumu tərəfindən icra edilən layihənin dəyərinin 1 milyon avro təşkil etdiyi deyilir. Yolçu Xanvəli layihənin maliyyə tutumundan məlumatsız olduğunu deyir. Onun sözlərinə görə, layihənin reallaşması üçün nə qədər vəsaitin ayrılacağı Nazirlər Kabinetinin qərarından asılı olacaq: "Əsas məsələ onun dəyəri deyil, son nəticədir. İnanıram ki, bu layihə Azərbaycanda uğurla həyata keçiriləcək, ölkənin iqtisadi gələcəyinə, Avropa İttifaqının standartlarına uyğun bol məhsul istehsalına və ərzaq təhlükəsizliyinin etibarlı təminatına imkanlar yaradacaq".

 

 

Təbriz Vəfalı

 

Həftə içi.- 2013.- 13-15 aprel.- S.16.