Kəndlərin qazlaşdırılması başa çatır 

 

Son iki ildə Xəzər rayonunda 511 kilometr uzunluğunda müxtəlif diametrli qaz xətti çəkilərək istismara verilib

 

"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda yaşayış məntəqələrinin qazlaşdırılması prioritet vəzifə kimi qarşıya qoyulub. Hazırda proqram çərçivəsində Bakı və ətraf qəsəbələrə yeni qaz xətləri çəkilir, köhnəlib sıradan çıxmış qaz təsərrüfatlarında yenidənqurma işləri aparılır.

 

"Həftə içi"nin əməkdaşı Xəzər rayonunun uzun müddət təbii qaz çarışmazlığından əziyyət çəkən kənd və qəsəbələrindəki vəziyyəti öyrənmək üçün həmin rayonda sadə insanlarla və yerli qurumların nümayəndələri ilə görüşüb. Məlum olub ki, son 6 ayda rayonun yaşayış sahələrinin təbii qaz təchizatının yaxşılaşdırılması üçün müvafiq layihələr həyata keçirilib. Nəticədə rayon ərazisində 511 kilometr uzunluğunda müxtəlif diametrli qaz xətti çəkilərək istismara verilib. Eləcə də 110 ədəd qaztənzimləyici şkaf və 210 ədəd fərdi tənzimləyici quraşdırılıb. Belə ki, 2011-2012-ci illərdə Mərdəkan, Şüvələn, Binə, Hövsan qəsəbələrində, Atçılıq və Albalıq yaşayış massivlərində, Qala, Zirə, Türkan, Şağan kəndlərində, Donuzçuluq Sovxozu ərazisində yeni qaz xətləri çəkilib. Hazırda isə Hövsan Sovxozunda 14380 p/m, Qala kəndində 8326 p/m yeni qaz xətinin çəkilişi davam etdirilir. Onu da öyrəndik ki, yeni qaz xətlərinin istifadəyə verilən yaşayış məntəqələri arasında Şüvələn qəsəbəsi ərazisində yerləşən Hacı Mövlan bağları, Pirallahı qəsəbəsi də var. Türkan qəsəbəsindəki "Bağ sahələri" massivi, Dübəndi bağlarının bir hissəsi, Şüvəlan qəsəbəsinin "Yeni Sahə" massivi, Buzovna qəsəbəsinin "Albalı" bağlarının bir hissəsi, Mərdəkan qəsəbəsinin "Dənizkənarı bağları" isə hələ də qazlaşdırılmayıb. Ancaq bu yaşayış sahələrində də yeni qaz xətlərinin çəkilişi nəzərdə tutulub.

 

11 qəsəbədə işlər davam edir

 

Xəzər Rayon Qaz İstismar Sahəsinin baş mühəndisi Ramiz Hüseynov isə "Həftə içi"nin əməkdaşı ilə söhbətində bildirib ki, Dövlət Proqramı çərçivəsində 11 qəsəbə üzrə təmir tikinti və yenidən qazlaşma işləri həyata keçirilir. Onun sözlərinə görə, 1957-1963-cü illərdən bəri çəkilmiş və yararsız hala düşmüş köhnə yeraltı qaz xətləri artıq yenisi ilə əvəz edilir: "Yerüstü polad borularla yeni qaz xətlərinin çəkilişi ardıcıl olaraq aparılır. Ötən il rayon üzrə 46500 abonent olduğu halda, hazırda bu rəqəm artırılaraq 54000 çatdırılıb. Bu isə qısa müddət ərzində7000 abonentin evinə əlavə qaz xəttinin çəkilişi və "Smartkart" tipli sayğacının quraşdırılması deməkdir. Yalnız Pirallahı qəsəbəsində "Smartkart" tipli sayğacların quraşdırılması mümkün deyil. Çünki qəsəbə adada yerləşdiyindən həmin kartlar korroziyaya tez uğrayır. Bu səbəbdən də adıçəkilən qəsəbədəki evlərə mexaniki sayğaclar quraşdırılır".

Müsahibimiz onu da deyir ki, ümumilikdə Pirallahıda sovet dönəmindən istifadə olunan 3500-dən artıq köhnə sayğac yenisi ilə əvəz olunub. Onun sözlərinə görə, 2000-ci ildən 2007-ci ilədək quraşdırılmış və istismar müddəti başa çatmış müxtəlif növdən olan qaz sayğaclar daha müasir sayğaclarla əvəz olunur. Hazırda davam edən bu işlərin hamısı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dəstəyi və "Azəriqaz" İstehsalat Birliyinin nəzarəti altında həyata keçirilir: "Ötən ildən bu işlərə cəlb olunmuş 9 podratçı təşkilat tərəfindən istismara verilən polad borularda rənglənmə işləri aparılır. Tənzimləyicilərin və sayğacların quraşdırılması bir pəncərə layihə sistemi üzrə aparılır. Xəzər Qaz İstismar Sahəsinin Qəza-Bərpa Xidməti və Təmir-Tikinti Sahəsi qaz xətlərinin qoşulmasında, yeni tənzimləyicilərin quraşdırılmasında və fərdi qaz xətlərinin çəkilməsində bütün gücləri ilə işləyir. Bu işlərdə istifadə olunan mal-materiallar "Azəriqaz" tərəfindən təmin olunur".

 

Hər ay 900-dək qaz oğurluğu faktı

 

Baş mühəndis Xəzər rayon əhalisinin mavi yanacaqla təminatı işlərinin tələbata uyğun aparıldığını söyləyib. "Məqsədimiz ölkə başçısının tapşırığına uyğun işləri səmərəli və keyfiyyətli həyata keçirməkdir" deyən Ramiz Hüseynov əlavə edib ki, Xəzər Rayon Qaz İstismar Sahəsinin rəhbərliyi rayon icra hakimiyyətinin nümayəndələri ilə birlikdə yerlərdə əhali arasında kütləvi görüşlər keçirərək sakinlərin problemləri ilə maraqlanır, ortaya çıxan çətinliklərin qısa müddət ərzində həllinə çalışırlar. Onun sözlərinə görə, hazırda qış və yaz mövsümündə rayon Qaz İstismar Sahəsinin tələbatına uyğun qaz rejimi tətbiq olunur. Bu isə "Azəriqaz"ın rəhbərliyi ilə razılaşdırılır: "Yalnız müəyyən dövrlərdə xətlərin qaz təminatı dayandırılır. Bu isə çəkilmiş yeni qaz xətlərinin mənbəyə qoşulması ilə bağlıdır. Lakin zəruri hallarda yaranan məhdudiyyətlər də əvvəlcədən planlaşdırılmış təmir və yenidənqurma işlərinə əsaslanır və bu barədə rayon icra hakimiyyətinə məlumat verilir".

Bununla belə, hər bir bölgədə olduğu kimi, Xəzər rayonunda da sayğacdankənar istifadə olunan, vətəndaşlar tərəfindən qaz oğurluğu hallarına tez-tez rast gəlinir. Ramiz Hüseynov bildirir ki, sayğaclara abonentlər tərəfindən müdaxilə halları da aşkarlanır və bunlar cərimə aktlarında öz əksini tapır. Onun sözlərinə görə, bu cür vətəndaşların qanunsuz qaz xətləri kəsilərək onlar qanuni qazdan istifadə etmək üçün istifadə etdiyi mavi yanacağın pulunu ödəməklə həyata keçirilir: "Qaz oğurluğu istixanalarda və sənaye obyektlərində də aşkarlanır. Amma biz mütəmmadi olaraq reydlər və yoxlamalar keçirməklə qaz itkisinin və qaz oğurluğunun qarşısını almağa çalışırıq. Hətta bu yoxlamalar zamanı rayon ərazisində hər ay 600-900-ə qədər qaz oğurluğu aşkarlanır, onlara cərimə aktları yazılaraq normativə uyğun dəymiş ziyan ödənilir".

Hazırda Dövlət Proqramı çərçivəsində rayonun kənd və qəsəbələrinin təbii yanacaqla təminatı sahəsində mühüm tədbirlərin görüldüyünü deyən baş mühəndis əsas layihələrin başa çatmaqda olduğunu deyir. Onun sözlərinə görə, ilin sonunadək nəzərdə tutulan qazlaşdırma layihələri tam şəkildə həyata keçiriləcəyi təqdirdə növbəti qış Xəzər rayonunun kənd və qəsəbələrinin qaz təchizatında heç bir çətinlik yaranmayacaq.

 

 

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2013.- 16 aprel.- S.7.