“Yazdığımız romanı özümüzdən başqa heç kəs oxumur“ 

 

"Yenidən Mir Cəlal Paşayev, Süleyman Rəhimov, Bayram Bayramov, Mirzə İbrahimov kimi yazıçılar yetişməyəcək"

 

Onun yaratdığı "Addımlar" Ədəbi Birliyi Qarabağ bölgəsində ilk ədəbi məclislərdən sayılırdı. Şücaət, Dəmirçi Abbas, Nüşabə Məmmədli, İsa Sevər, Bahar Bərdəli kimi tanınmış şair və yazıçıları məhz "Addımlar"ın bir yerə toplamışdı. "Kərbala", "Peyğəmbər" və "Qəflət oyanış" romanları onu ədəbi mühitdə xeyli məşhurlaşdırdı. Xüsusilə də "Kərbala" və "Peyğəmbər" romanı onun oxucu dairəsini xeyli genişləndirdi.

 

Çağdaş ədəbiyyatımızda ilk dini-tarixi roman olan "Kərbəla"nın müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış yazıçı Mir Cəfər Seyidov "Həftə içi"nin suallarını cavablandırır:

- Bildiyimizə görə, 12-dən çox əsərin müəllifisiniz. Amma bunların arasında dini əsərlər daha çoxdur. Bu, nədən irəli gəlir?

- Özümü həmişə Mirzə Cəlil ədəbi məktəbinin nümayəndəsi hesab etmişəm. Bir sözlə, Mirzə Cəlili yaradıcılığından qaynaqlanaraq, "Futbol" adlı ilk satirik hekayəni yazdım. Sovet dönəmində 300-dən çox felyetonum çap olunub. Mən özüm peyğəmbər nəslindənəm, Seyid Mir Əkbər Ağanın nəvəsiyəm. Babam Mirəkbər Ağanın qəbri Bərdə rayonunun İmirli kənd qəbiristanlığında ziyarətgaha çevrilib. Mən ən çox Füzulini, dünya filosoflarını, eləcə də "Quran"ı oxuyub mütaliə etmişəm. Eləcə də sovet dövründə müsəlman ölkələrində baş verən hadisələr məndə qəfil oyanış yaratdı. Bu əsərlər sanki, mənim gözümü açdı və hiss etdim ki, bizim meyar saydığımız öldürücü satira heç də yeganə yol deyil. Mənə elə gəlirdi ki, satira adamları tərbiyə etməkdən daha çox onu sarsıdır. Anladım ki, yazıçı sözü ciddi deyəndə insanların qəlbinin kövrək tellərinə toxunaraq məqsədinə daha tez nail olur. O vaxt biz Cənubi Azərbaycan üzərində köklənmişdik, mütaliəmizi Xəlil Rza, Məmməd Araz, Bəxtiyar Vahabzadə kimi ədiblərdən alırdıq, onların məktəbini keçmişdik. 1988-ci ildən ermənilərin bu xəyanəti məni tamamilə dəyişdirdi. Düşündüm ki, yaradıcılığımda inqlab etməliyəm. Ən çox öz soy-kökümə qayıtdım. Eləcə də müsəlman ölkələrində baş verən hadisələr məni dini mövzuda əsərlər yazmağa vadar etdi. 60 ildə çağdaş ədəbiyyatımızda dini-tarixi roman olan "Kərbala"nı yazdım. Roman əvvəlcə 3000 tirajla çap olundu və kitabxanalarda satıldı. Ardıcıl 3 dəfə təkrarən, hər dəfə 3000 tirajla romanım çap olunaraq böyük oxucu kütləsi qazandı. Sonra Peyğəmbərimiz Həzrəti Məhəmmədə hücumlar başlayanda, karikaturalar çəkiləndə artıq mən "Peyğəmbər" romanına başlamışdım. Əsərdə açıq şəkildə bəyan etdim ki, sonuncu din İslamdır. Bəşəriyyətin nicat yolu İslamdadır, bu Allahın hökmüdür.

- Əksər yazıçılar sizin kimi, ədəbiyyata şeirlə gəlib. Sizcə, niyə? Bunun səbəbi nədir?

- İnsan yeniyetmə dövründə duyğusal olur. Yaşa dolduqca o hisslər əriyir, ağıl üstünlük təşkil edir. Şeir hisslər, duyğusaldır. Sonradan hiss etdim ki, nəsrdə fikirlərimi daha aydın deyə bilərəm. Şair olmaq üçün anadan gərək şair doğulasan. Şairlik həm də dünyanın poetik dərkidir. Amma mən dünyanı nəsrdə daha çox dərk edirəm.

- Düz 20 ildən çoxdur ki, kənd həyatından bədii əsərlər yazılmır. Bədii əsərlər yazan yoxdur, yoxsa yazıçı?

- Həyat ən çox indi şəhərdə qaynayır, yazıçı da həmişə özünü qaynar mühitə atır. Əslində bu, mənim mövzum deyil. Mənim mövzum bəşəridir. Yəni insanların istər şəhər, istər kənd olsun, öz soy-kökünə, milli ənənələrə bağlılığı artıq bizim həyat tərzinə çevrilmiş İslam ənənələrinə bağlılıqdır. Mən kosmopolit fikirli bir adamam, milli dəyərləri, milli təəssübkeşliyi gözləmək lazımdır. Amma İslamda millətdən daha çox ümmət anlamı var, müsəlman müsəlmanın qardaşıdır. Başqa dinlərə hörmət də İslamda öz əksini tapıb.

- IX-XX əsrlərin yazıçıları bu gün yetişmir, sanballı əsərlər ortaya qoyulmur. Sizcə, buna səbəb nədir?

- Heç olmayacaq da. Yenidən Mir Cəlal Paşayev, Süleyman Rəhimov, Bayram Bayramov, Mirzə İbrahimov kimi yazıçılar yetişməyəcək. İndi cild-cild yazılmış qalın romanı oxumağa həvəs qalmayıb. Artıq ədəbiyyat kölgədə qalıb. İndi isə yazıçılar kitabdan daha çox ssenari yazmağa üstünlük verir. Kütləvi surətdə yazıçı olmaq, şair olmaq kimi qəribə bir tendensiya yaranıb. Amma vaxt gələcək ki, əsl ədəbiyyat seçiləcək və görünəcək. Təkcə mütəxəssislərin deyil, xalqın həmişə ədəbiyyata ehtiyacı olub və olacaq da. Son zamanlar nəsil şəcərələri, memuar ədəbiyyatı da ciddi ədəbiyyatın üstünə kölgə salıb.

- Özünüzü yazıçı bolluğu içərisində sıxılımış kimi təsəvvür edirsinizmi?

- Çox sıxılıram. Ona görə ki, təbliğat düzgün aparılmır. Çünki bədii dəyəri olmayan əsərlər üstünlük təşkil edir. Yazıçının sanbalı, ölçüsü kitab mağazalarında satılan kitabla ölçülür. Bütün dünyada ədəbi meyar budur. Kitabı satılmayan yazıçı nəyə görə əsər yazmalıdır? Ən pisi odur ki, indi Azərbaycanda oxucu auditoriyası və kitab mağazaları azalıb. Son 20 ildə təbliğat düzgün aparılmır. Günahı bir qurumda, bir nəfərdə axtarmaq lazım deyil. Bəlkə də bu dövrün, zamanın sərt tələbindən, qaydalarından irəli gəlir.

- Bu gün ədəbiyyatımızda yeni cərəyanlar, qollar yaranıb. Bu, nə dərəcə də məqsədəuyğundur?

- Hazırda ateizm təbliğ edən zümrələrdən biri də şair və yazıçılardır. Mənim zənnimcə pornaqrafik, erotik əsərlər yazmaq, elə bil kanalizasiyadan yazmaq kimi bir şeydir. Axı, bizim milli mədəniyyətimiz, ədəbiyyatımız var. Son dövrlərdə yazılmış bəzi əsərlər ədəbiyyatımızı eybəcərləşdirir.

- Gənc yazarlara münasibətiniz necədir?

- Ən dəhşətlisi odur ki, indiki gənc yazarlar yeni cərəyanları öz adlarına çıxmaq istəyirlər. Halbuki onların indi dediyi fikirlər çoxdan deyilib. Rus və ingilis dilində əsərlər oxuyub onları özününküləşdirmək heç də yenilik deyil. Tanıdığım gənc yazarlar var, amma onları izləyə bilmirəm.

- Sizcə, bu gün ədəbiyyatımızı oxucunun gözündən salan nədir? Nə çatmır ədəbiyyatımızda?

- Ədəbiyyatımızda ən böyük çatışmazlıq oxucu auditoriyasıdır. Yazdığımız romanı özümüzdən başqa heç kəs oxumur. Son 20 ildə ciddi ədəbi hadisəyə səbəb olan əsər də ortalığa qoyulmayıb. "Qarabağ!", "Qarabağ!" deyib göz yaşları axıdırıq. Amma Qarabağla bağlı sanballı bir əsərimiz yoxdur. Bu sahədə publisistika ədəbiyyatı on qat üstələyib. Bunların hamısı ədəbiyyatı oxucunun gözündən salır. Əsl ədəbi əsər odur ki, dövrün gerçəkliyini, tarixi hadisəni əks etdirir, cəmiyyətin o hadisəyə münasibətini ortaya qoyur. Bizdə belə əsərlər yoxdur. Oxucu isə oxumaq istədiyi əsəri tapmayanda kitabdan qaçır.

 

 

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2013.- 17 aprel.- S.8.