Bakıda Gül bayramına hazırlıqlar başladı

 

Bu il ilk dəfə olaraq Azərbaycanın qədim tarixinin maketləri də nümayiş olunacaq

 

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində dövlət qurumlarında, ictimai təşkilatlarda, eləcə də təhsil müəssisələrində silsilə tədbirlər təşkil edilir. Mayın 10-da, mərhum eks-prezidentin doğum günündə isə Bakıda Heydər Əliyev Sarayının qarşısındakı parkda ənənəvi Gül bayramı keçiriləcək.

“Həftə içi”nin məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyəti artıq Gül bayramına hazırlıqlara başlayıb. Əməkdaşımız yubiley ərəfəsi həmin parkda aparılan işlərlə maraqlanıb və tədbirin əvvəlki illərdən fərqliliyini öyrənib. Məlum olub ki, hazırlıq işləri ilə bağlı parka kənar şəxslərin girişi qadağan olunub və Mərkəzi Bankla park arasında olan yeraltı keçidin əraziyə girişi bağlanıb. Həmçinin parkın sərhədləri boyunca xəbərdarlıq lentləri çəkilib. Zaur adlı iş icraçısı əməkdaşımızla söhbətində bildirib ki, jurnalistlərin parkda Gül bayramına hazırlıqlarla bağlı çəkiliş aparmasına icazə verilir. Ancaq görülən işlərlə bağlı iş icraçılarından müsahibə, münasibət öyrənmək mümkün olmayacaq: “Çünki bizə belə tələb qoyulub ki, parkda işləyənlərin heç biri kənar şəxslərlə söhbətləşməməlidir”.

Xatırladaq ki, Heydər Əliyevin doğum günü ilə bağlı paytaxtda Gül bayramı 2004-cü ildən keçirilir. Bayram tədbirləri bir qayda olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Heydər Əliyev Sarayının qarşısındakı parkda təşkil olunur. Həmçinin Milli Parkın ərazisində saat qülləsi yaxınlığında incəsənət ustalarının iştirakı ilə konsert və möhtəşəm atəşfəşanlıq olur. 2013-cü ilin yanvarında Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinin ölkə miqyasında layiqincə keçirilməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, Heydər Əliyevin 90 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planı təsdiq edilib və Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Gül bayramına hazırlıqla bağlı vəziyyəti öyrənərkən məlum olur ki, builki tədbirlər əvvəlkilərlə müqayisədə xeyli dərəcədə fərqlənəcək. Belə ki, bu il ilk dəfə olaraq, parkda Azərbaycanın qədim tarixi abidələrini əks etdirən maketlər yığılır. Bayram gününə qədər Bakı, Şamaxı, Naxçıvan, Gəncə, Bərdə və digər rayon və şəhərlərdə yerləşən tarixi abidələrin maketi hazırlanaraq parkda yerləşdiriləcək. Bunların arasında Qız qalası, Şirvanşahlar sarayı və digər tarixi memarlıq abidələri var.

Bundan başqa, bayram gününün səhnə tərtibatı ilə bağlı işlər görülür. Yubileyi əks etdirən “90” yazılan deklarasiyanın hazırlanması üzərində iş aparılır. Hələ yeni güllərin gətirilmədiyi parkda bəzi diqqətçəkən hündür qurğular yerləşdirilib. Əvvəlki illərdə olmayan 6 ədəd qurğuların üzəri güllə bəzədiləcək. Artıq parkda güllərlə bəzədiləcək müxtəlif növ dayaq və konstruksiyaların tikintisi gedir. Gül bayramına hazırlıq tədbirləri çərçivəsində Heydər Əliyev Sarayı qarşısındakı parkda dayaq və konstruksiya işləri yerli mütəxəssislər tərəfindən həyata keçirilir.

Onu da bildirək ki, bəzi təmir-bərpa işlərinin görüldüyü parkdakı güllər əvvəl əkilənlərdir. Yeni güllərin isə hardan və nə qədər gətiriləcəyi barədə məlumat verilməyib. Heydər Əliyevin 89-cu ildönümü ilə bağlı keçirilən Gül bayramında Bakıya Hollandiya, İtaliya, Fransa və Almaniyadan müxtəlif növ 116 ton, yaxud 1 milyondan çox güldən istifadə olunmuşdu. Heydər Əliyev Sarayının qarşısındakı parkda bayrama hazırlıqda yerli dizaynerlərlə yanaşı, Almaniya, Hollandiya və Fransadan olan mütəxəssislər də birgə çalışıb. Builki yubiley tədbirinin daha möhtəşəm keçiriləcəyi gözlənilir.

Yeri gəlmişkən, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov mətbuata açıqlamasında bu il Gül bayramının təşkilində istifadə olunacaq güllərin sayının ötənilkindən 2 dəfə çox olacağını söyləyib. İcra hakimiyyətinin mətbuat xidmətinin əməkdaşı Nailə Məmmədova “Həftə içi”nə deyib ki, builki Gül bayramında nə qədər güldən istifadə olunacağı və həmin güllərin haradan gətiriləcəyinə dair məlumata malik deyil: “Bununla bağlı bizim şöbəyə heç bir məlumat verilməyib. Ona görə də builki yeniliklərlə bağlı indidən heç nə deyə bilmirəm”.

 

 

Atif Sarıxanlı

 

Həftə içi.- 2013.- 17 aprel.- S.6.