Əhalinin içməli su təminatı güclənir 

 

Təbiətin ölkəmizə bəxş etdiyi zəngin sərvətlərə xüsusi qayğı ilə yanaşmaq, belə misilsiz xəzinələri bəşəriyyətin gələcəyi naminə qorumaq üzərimizə düşən başlıca vəzifələrdəndir

 

Heydər Əliyev

 

 

Məlumdur ki, canlı aləmin varlığı su təminatı ilə bağlıdır və su ilahi varlığın insanlara verdiyi ən qiymətli nemətdir. Çünki su insan həyatı üçün oksigendən sonra ən əhəmiyyətli element sayılır. Araşdırmalara görə, insan yemək yemədən həftələrcə yaşaya bildiyi halda, susuz yalnız bir neçə gün yaşaya bilər. Hətta qanın 92, sümüklərin 22, beynin və əzələlərin isə 75 faizini su təşkil edir. Ona görə də su həyat, sağlamlıq, təmizlik, paklıq, millətin genofondunun sağlam təməl üzərində qurulması, kənd təsərrüfatının inkişafı, ruzi və bərəkət deməkdir. Su həmçinin bütün dövrlər üçün həyatın başlanğıcı və davamlı inkişafı, həm də milli tərəqqimizin təminatı sayılır. Ölkəmizdə bu cür təminatın yaradıcısı isə məhz ümummilli lider və ulu öndər Heydər Əliyev olub. Çünki hakimiyyətdə olduğu dövrlərdə onun diqqət və qayğısı sayəsində su təchizatının yenidənqurulması istiqamətində xeyli işlər görülüb, çoxsaylı problemlər çözülüb.

 

1969-1982-ci illərdə…

 

Keçmiş SSRİ dövründə Azərbaycanda mövcud su ehtiyatlarından rasional istifadə edilməməsi, su anbarlarının az olması, qonşu respublikalardan KürAraz çaylarına çirkab və zəhərli maddələrin axıdılması və ölkəmizin su təsərrüfatı sahəsində yaşanan çox ciddi problemlər Bakı şəhərində və bölgələrdə içməli su su qıtlığı yaratmışdı. Keçən əsrin əvvəllərində Şollar su kəmərinin tikilməsindən sonra Xaçmazdan çəkilmiş iki su kəməri ilə gətirilən və Ceyranbatan sutəmizləyici qurğular kompleksində emal olunan su tələbatı ödəmirdi. Su ehtiyatları az olan ərazidə yerləşən paytaxtda 1960-cı illərdə yeni-yeni mikrorayonların, Günəşli və Əhmədli kimi iri yaşayış massivlərinin salınması, zavod və fabriklərin tikilməsi, çoxsaylı sənaye və istehsal sahələrinin yaradılması, Bakıətrafı qəsəbə və kəndlərin böyüməsi, eləcə də əhalinin sayının artması Abşeron yarımadasında içməli suya tələbatı xeyli artırmışdı. Bakıda və bölgələrdə müasir standartlara cavab verən yeni su xətlərinin çəkilməməsi üzündən keyfiyyətsiz sudan istifadə insanların sağlamlığına böyük zərbə vururdu. Amma 14 iyul 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibibüro üzvü seçilən Heydər Əliyevin rəhbərliyi ilə əhalinin içməli suya tələbatının ödənilməsi üçün kompleks tədbirlərin həyata keçirilməsinə start verildi.

Xatırlatmaq yerinə düşər ki, bu gün Sumqayıt şəhərinin, Abşeron, Xəzər, Sabunçu və Suraxanı rayonlarının müəyyən hissələrinə verilən su Ceyranbatanda emal olunur. Qeyd edək ki, 1951-57-ci illərdə Abşeronun şimal-qərbindəki Dəvəyatağı və Ceyranbatan göllərinin yerində yeni anbar yaradılıb. Böyük Vətən Müharibəsindən əvvəl tikintisinə başlanmış Samur-Dəvəçi kanalı Abşerona qədər uzadılıb. 1957-ci ildə anbarın su ilə doldurulmasına başlanıb. Azərbaycan SSR Nazirlər Sovetinin 21 noyabr 1957-ci il tarixli 655 nömrəli və 2 iyun 1960-cı il tarixli 420 nömrəli qərarları əsasında Ceyranbatan su anbarının yaxınlığında Ceyranbatan sutəmizləyici qurğular kompleksimagistral su kəmərləri 3 mərhələdə inşa edilib. Birinci mərhələ 1961-ci, ikinci mərhələ 1966-cı, üçüncü mərhələ isə məhz Heydər Əliyevin rəhbərliyi ilə 1978-ci ildə işə salınıb. Amma sənayenin inkişafı və əhalinin Bakıya axını ucbatından XaçmazCeyranbatandan Bakıya gətirilən su əhalinin və sənayenin tələbatını ödəmirdi. Ona görə də mütəxəssislərin tədqiqatlarından sonra Kür çayının sahilində təmizləyici qurğuların inşası və oradan Bakıya kəmərlərin çəkilməsi layihəsi təsdiqləndi. Əhalinin su təchizatının dayanıqlılığını təmin etmək və təmizlənən suyu Bakı sakinlərinə çatdırmaq üçün üçün Azərbaycan SSR Nazirlər Sovetinin qərarı əsasında və Heydər Əliyevin təşəbbüsü ilə «xalq tikintisi»nə çevrilən yeni bir layihə çərçivəsində 1969-cu ildə Hacıqabul rayonunun Kiçik Talış kəndi yaxınlığında, Kür çayının sahilində sutəmizləyici qurğular kompleksinin inşasına və oradan Bakıya 2 ədəd magistral kəmərin çəkilişinə başlanıldı.

Bu yerdə xatırlatmaq yerinə düşər ki, bir müddət əvvəl Hacıqabul rayonunda Şirvan-Muğan qrup su kəmərinin təməli qoyulub. Kür-Bakı su kəmərlərindən biri ilə nəql edilən su Hacıqabul, Şirvan, Salyan, Neftçala və Biləsuvar şəhərlərinin, həmçinin Salyanda 41, Neftçalada 44, Biləsuvarda 23, Sabirabadda 13 kənd olmaqla ümumilikdə 121 kəndin tələbatını ödəyəcək. Bu kəmərin istismara verilməsi ilə 470 min insan keyfiyyətli və fasiləsiz su ilə təmin olunacaq. Qeyd edək ki, Şirvan-Muğan qrup su kəməri layihəsinin su mənbəyi olan Kür su kəmərləri sisteminin tikintisi Heydər Əliyevin sayəsində baş tutub. Məhz onun rəhbərliyi ilə 1970-ci ilin sentyabrında birinci Kür Su Kəmərləri Sisteminin 1-ci, 1971-ci ilin sentyabrında isə 2-ci növbəsi istifadəyə verilib. Hətta Abşeron yarımadasının içməli su təchizatını yaxşılaşdırmaq üçün Heydər Əliyevin rəhbərliyi ilə ikinci Kür Su Kəmərləri Sisteminin tikintisi haqqında qərar qəbul olunub. 1980-ci illərdə inşa işlərinə başlanılıb və 1984-cü, 1986-cı və 1988-ci illərdə Bakıya daha 3 magistral su kəməri çəkilib. Kür su kəmərləri sisteminin ikinci növbəsinin istismara verilməsi ilə Günəşli və Əhmədli yaşayış massivlərində müşahidə olunan su qıtlığı aradan qaldırılıb.

 

1993-2003-cü illərdə…

 

1982-ci ilin sonunda SSRİ Nazirlər Soveti sədrinin birinci müavini seçilən və 1987-ci ilədək bu vəzifədə çalışan Heydər Əliyev həmin illərdə də ölkə iqtisadiyyatının, o cümlədən su təsərrüfatının inkişafına daim diqqət və qayğı göstərib. Lakin 1987-ci ildə Heydər Əliyev tutduğu vəzifədən istefa etdikdən sonra iqtisadiyyatın digər sahələri kimi su təsərrüfatının inkişafı da demək olar ki tamamilə dayandı. Ölkə rəhbərliyinin səriştəsizliyi və bu sahəyə laqeyd münasibəti nəticəsində su təsərrüfatı üzrə aparılan işlərin sürəti və həcmi, eləcə də kapital qoyuluşu azaldı, sistemlərin istismarına ayrılan büdcə vəsaitinin həcmi xeyli aşağı düşdü. Nəticədə mühüm dövlət əhəmiyyətli obyektlərin saxlanılması, istismarı, təmir-bərpası son dərəcə çətinləşdi. Üstəlik, 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkə ərazisinin 20 faizdən çoxunun işğal edilməsi, aqrar sənaye potensialına və sosial sferaya15 milyard ABŞ dolları həcmində ziyanın vurulması, 1 milyona yaxın insanın qaçqın və məcburi köçkün düşməsi iqtisadi vəziyyəti xeyli kəskinləşdirdi. 500 min nəfərdən artıq qaçqın və məcburi köçkünün Bakıya və Abşeron yarımadasına pənah gətirməsi, çoxmərtəbəli binaların inşası, yeni yaşayış massivlərinin salınması, əhalinin sayının artması içməli suya olan tələbatı və su təsərrüfatındakı problemləri daha da artırdı. Ancaq 1993-cü ildə Heydər Əilyevin ikinci dəfə ölkə rəhbərliyinə gəlməsi vəziyyəti xeyli dəyişdi. Su təsərrüfatının ölkə iqtisadiyyatında, regionların sosial-iqtisadi inkişafında böyük rol oynayacağını yaxşı dərk edən Heydər Əliyev bu sahəni məhv olmaqdan xilas etdi. Onun rəhbərliyi ilə su təsərrüfatı öz inkişafının yeni mərhələsinə qədəm qoydu, bu sahəyə diqqət və dövlət qayğısı bərpa olundu. Mövcud su ehtiyatlarının potensialından daha səmərəli istifadə olunması yolları və bu sahənin gələcək inkişaf istiqamətləri müəyyənləşdirildi. Heydər Əliyevin rəhbərliyi ilə su təsərrüfatında islahatlar həyata keçirildi, bu sahədə normativ-hüquqi baza yaradıldı. Ulu öndərin böyük qayğısını və beynəlxalq nüfuzunu, eləcə də ölkədə yaranmış siyasi sabitliyi nəzərə alan Dünya Bankı keçmiş SSRİ respublikaları arasında ilk dəfə olaraq yalnız Azərbaycan üçün güzəştli kredit ayırdı və 88,7 milyon dollar məbləğində kredit «Böyük Bakının su təchizatı sisteminin yenidən qurulması layihəsi»nin icrasına yönəldildi. Nəticədə köhnəlmiş KürCeyranbatan sutəmizləyici qurğular kompleksi 1998-2002-ci illərdə yenidən quruldu. 1998-2005-ci illərdə «Böyük Bakının su təchizatı sisteminin yenidənqurulması layihəsi» çərçivəsində Dünya Bankının və Avropa Yenidənqurma və İnkişaf Bankının ayırdığı kredit hesabına Ceyranbatan sutəmizləyici qurğular kompleksində yenidənqurma işləri aparıldı və nəticədə orada emal olunan suyun keyfiyyət göstəriciləri standartlara uyğunlaşdırıldı.

Onu da bildirək ki, xalqımızın həyatı üçün tarixi əhəmiyyət daşıyan və Azərbaycanda icra edilmiş ən böyük infrastruktur layihəsi sayılan Oğuz-Qəbələ-Bakı su kəmərinin ideya müəllifi də Heydər Əliyev olub. «Bakıya bol-bol su gətirəcəyik» deyən ulu öndər paytaxtın içməli su problemini Oğuz-Qəbələ-Bakı su kəməri vasitəsilə aradan qaldırmağın mümkün olduğunu bilirdi. Hətta 2002-ci ilin dekabr ayında keçirilən geniş müşavirədə Heydər Əliyev şimal-qərb bölgəsinin saf bulaq sularının Bakıya gətirilməsinin vacibliyini vurğuladı və Oğuz-Qəbələ zonasının yeraltı sularından istifadə olunması ilə bağlı göstərişlərini verdi. Bu tapşırığa əsasən araşdırmalara başlanıldı. Amma ömür vəfa etməsə də, Heydər Əliyev dünyasını dəyişsə də, onun ən böyük arzularından biri sonradan həyata keçdi. 2005-ci ilin sentyabrında keçirilmiş müşavirədə ölkə prezidenti İlham Əliyevin verdiyi tapşırıqlara əsasən, Bakı şəhərinin keyfiyyətli su ilə təmin edilməsi üçün çəkiləcək Oğuz-Qəbələ-Bakı su kəmərinin layihəsi hazırlandı. 2007-ci ilin martında Oğuz rayonunda dövlət başçısının təməlini qoyduğu bu kəmər 2010-cu il dekabrın 28-də istismara verildi. Məhz Heydər Əliyevin ideya müəllifi olduğu Oğuz-Qəbələ-Bakı su kəməri ilə hazırda özüaxımlı rejimdə verilən su paytaxt əhalisinin 60 faizdən çoxunu icməli su ilə fasiləsiz təmin edir.

 

İçməli su təchizatı sektorunun inkişafı ilbəil sürətlənir

 

Su təsərrüfatı sahəsində təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu siyasət hazırda dövlət başçısı İlham Əliyev tərəfindən davam etdirilir. Məhz bu uğurların nəticəsidir ki, ölkə ərazisində su ehtiyatlarının məhdudluğuna və şirin su ehtiyatlarının həcminə görə Cənubi Qafqazın ən «kasıb» dövləti olmasına baxmayaraq, Azərbaycan hazırda adambaşına düşən suyun miqdarına görə dünyanın bir çox ölkələrindən irəlidədir. Onu da qeyd edək ki, bölgələrin su-kanalizasiya infrastrukturları 1950-70-ci illərdə yaradılıb və onların əksəriyyəti istismar müddətini başa vurub. Amma regionların inkişafı məqsədilə ölkənin kiçik şəhərlərinin və rayon mərkəzlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı sənədlərin qəbulu və icrası böyük uğurlara, parlaq və şanlı tarixə yol açıb. Bildirək ki, indiyədək beynəlxalq maliyyə təşkilatları ilə 1 milyard 277 milyon dollardan artıq məbləğdə kredit sazişləri imzalanıb və həmin müqavilələr üzrə işlərə başlanıb. Hazırda 38 rayonda, 350-dən çox kənddə su və kanalızasiya layihələrinin icrası davam etdirilir.

İnanırıq ki, sözügedən layihələrin icrası uğurla başa çatdırılacaq, əhaliyə verilən və veriləcək su Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğun olacaq, vətəndaşlar fasiləsiz, keyfiyyətli və dayanıqlı içməli su ilə təmin ediləcək.

 

Təbriz Vəfalı

 

“Azərsu” ASC-nin “Azərbaycanın içməli su təchizatı sektorunun inkişafında ümummilli lider Heydər Əliyevin rolumövzusunda keçirdiyi müsabiqəyə təqdim etmək üçün

 

 

Həftə içi.- 2013.- 18 aprel.- S.7.