Vətəndaşların hüquqi savadını necə artırmalı? 

 

Ekspertlər hesab edirlər ki, bu məsələdə həm vətəndaşın, həm də dövlətin üzərində böyük məsuliyyət düşür

 

Bu gün Azərbaycanda vətəndaşların demokratik və daha sərbəst mühitdə yaşaması üçün kifayət qədər qanunlar mövcuddur. Amma etiraf etməliyik ki, bu qanunlarının mövcudluğuna baxmayaraq, məhz vətəndaşların hüquqi cəhətdən savadsızlığı, onların qanunlardan xəbərsiz olması mütəmadi olaraq hüquq pozuntularına yol açır. Hətta elə hallar da olur ki, bəzən vətəndaş pozulmuş hüquqlarının bərpası üçün hansı dövlət qurumuna müraciət etməli olduğunu belə bilmir. Nəticədə vətəndaşın göndərdiyi hansısa şikayət məktubu və ya ərizə aylarla dövlət orqanlarının qeydiyyat şöbəsində «gəzdikdən» sonra geriyə qayıdır.

Bəs görəsən, vətəndaşların hüquqi savadının artırılması üçün hansı tədbirləri həyata keçirmək olar? Ümumiyyətlə, vətəndaş hansısa quruma şikayət xarakterli məktub göndərərkən mütləq hüquqşünasların köməyindən istifadə etməlidirmi?

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əlməmməd Nuriyev məsələyə münasibət açıqlayarkən deyib ki, son illərdə ölkəmizdə hər bir sahədə, o cümlədən, hüquq sahəsində ciddi islahatlar aparılır: «Son dövrlərdə bölgələrdə yeni məhkəmələr yaradılıb, hakimlərin və vəkillərin sayı artıb, o cümlədən, hüquq sahəsində beynəlxalq standartlara cavab verən normativ-hüquqi baza formalaşdırılıb. Təbii ki, bu işlərin həyata keçirilməsində əsas hədəf vətəndaşların hüquq və azadlıqlarının daha etibarlı müdafiəsidir. Bu istiqamətdə ən mühüm vəzifələrdən biri də hüquqi maarifləndirmədir. Amma etiraf etməliyik ki, vətəndaşlar hüquqi maarifləndirməyə o qədər də meyilli deyillər. Problemlə rastlaşdıqda qanuna müraciət edib maddəyə baxmaqdansa, kortəbii şəkildə harasa müraciət edirlər. Belə halda problemlər yaranmağa başlayır. Sözsüz ki, vətəndaş öz hüququnu biləndə nə dövlət üçün, nə də məhkəmə üçün heç bir problem yaranmır».

 

Aidiyyəti qurumların üzərinə məsuliyyət düşür

 

Ekspert həmçinin vurğulayıb ki, vətəndaşların hüquqi cəhətdən maariflənməsi üçün aidiyyəti dövlət qurumlarının da üzərinə müəyyən məsuliyyət düşür: «Bu gün Azərbaycanda vətəndaşların hüquq və azadlıqlarını təmin edə biləcək kifayət qədər qanun var. Lakin təkcə qanunların qəbulu qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün kifayət etmir. Əsas məsələlərdən biri də insanların bu qanunlar haqqında təsəvvürünün, məlumatının olmasıdır. Xüsusilə qeyd etməliyəm ki, Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası prosesində çoxlu sayda yeni hüquqi münasibətlər yaranır, köhnə münasibətlər bu günün tələblərinə cavab vermir. Bu mənada, əhalinin hüquqi maarifləndirilməsi istiqamətində daha böyük işlər görülməlidir. Düzdür, bu sahədə müəyyən fəaliyyət həyata keçirilir. Prezident İlham Əliyevin 2011-ci ilin dekabrında təsdiq etdiyi "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nda da hüquqi maarifləndirmə məsələsi öz əksini tapıb. Bu çox vacib amildir. Çünki hüquqi maarifləndirmə bütün məsələlərin sivil qaydada, məhkəmə yolu ilə həyata keçirilməsini zəruri edir. Digər tərəfdən qeyd edim ki, Azərbaycan Konstitusiyasının 12-ci maddəsinə əsasən, insan hüquq və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətimizin əsas məqsədidir. Bu məqsədi həyata keçirmək üçün həm təkmil qanunlar qəbul edilməklə yanaşı, həm də həmin qanunların işlək mexanizmi olmalıdır. Lakin bəzən qanunlar arasında ziddiyyətlərin olması hansısa normanın praktikada tətbiqinə müəyyən çətinliklər doğurur, istər-istəməz həmin norma ilə rastlaşan insanlarda suallar yaranır. Ona görə də vətəndaşların hüquqi maarifləndirilməsi işində aidiyyəti dövlət qurumlarının üzərinə böyük məsuliyyət düşür».

 

«Maarifləndirmə orta məktəblərdən başlamalıdır»

 

Məsələ ilə bağlı fikirlərini bölüşən hüquqşünas Azay Qasımov isə deyib ki, bütün insanlarda hüquq düşüncəsini inkişaf etdirmək çətin məsələdir. Bu baxımdan vətəndaşlar hansısa hüquqi problemlərlə üzləşdikdə, hansısa dövlət qurumuna şikayət və ya ərizə göndərdikdə mütləq hüquqşünaslarla məsləhətlənməlidirlər: «Hüquq düşüncəsi çətin məzmunlu bir sahə hesab olunur. O, həm fərdi, qrup halında, prosessual, həm də hakim olan və olmayan və s. formada ola bilər. Bura ictimai münasibətlərin hansı sahəsinin hüquqi tənzim etməyə ehtiyacının olması, onun hansı yolla tənzim edilməsi, fəaliyyətdə olan hüquq normalarının qiymətləndirilməsi, onların tətbiqinin effektliliyi, hüququn inkişaf perspektivləri daxildir. Ümumbəşəri tələb və maraqların artması, cəmiyyət və dövlətlərin qarşılıqlı əlaqələri ümumbəşəri hüquq düşüncəsi elementlərinin yaradılmasına gətirib çıxarır. Mükəmməl hüquq düşüncəsi, habelə, şəxsiyyətin yüksək ümumi və hüquq mədəniyyətini göstərir, onu müxtəlif hüquq münasibətlərinin yararlı iştirakçısı edir. Amma bu düşüncəni bütün vətəndaşlarda inkişaf etdirmək çətin məsələdir».

Hüquqşünas öz açıqlamasında etiraf edib ki, bu gün məhz cəmiyyətimizdə vətəndaşların hüquqi savadsızlığı ucbatından uğursuz nikahların sayı artır, insanların əmək, istirahət, sağlamlıq və digər hüquqları pozulur: «Əslində sözügedən məsələdə hansısa dövlət strukturunu günahlandırmaq da yersizdir. Çünki ilk növbədə vətəndaş özü hüquqlarının müdafiə və qorunmasında maraqlı olmalıdır. Bəzi ekspertlərin fikrincə, ölkə əhalisinin hüquqi savadsızlığı bu sahənin orta məktəblərdə zəif tədrisi ilə bağlıdır. Yəni ümumtəhsil müəssisələrində hüquqi biliklərin verilməsi məsələsi diqqətdən kənarda qaldığından həyata addım atan gənc addımbaşı səhvlərə yol verir. Nəticədə vətəndaşların hüquqi savadsızlığı kütləvi xarakter daşıyır və həyata keçirilən maarifləndirmə işlərinin də effekti olmur. Ümumtəhsil məktəblərində hüquqi biliklərlə bağlı ümumi anlayışların tədrisi olduqca zəruridir. Cəmiyyətin hüquqi savadsızlığı onda ifadə olunur ki, insanlar adi problemlərin həllində aciz qalırlar. Ya da elə situasiyalar baş verir ki, məhz zərərçəkən tərəfin hüquqi savadsızlığı ona yardım etmək imkanlarını çətinləşdirir. Yəni məsələ məhkəmə müstəvisinə çatanda aydın olur ki, zərərçəkənin məlumatsızlığı onu qurbana çevirib. Zənnimcə, cəmiyyətdə bu cür mənfi halların aradan qaldırılması üçün ilk növbədə maarifləndirmə orta məktəblərdən başlanmalıdır. Belə olan təqdirdə ictimaiyyət arasında həyata keçirilən hüquqi maarifləndirmənin də effekti olacaq».

Hazırda vətəndaşların hüquqi savadının artırılması istiqamətində müəyyən tədbirlərin həyata keçirildiyini xatırladan ekspert deyib ki, bu biliklərin bazası olmadığından aparılan maarifləndirmənin effekti çox aşağıdır: «Bu tədbirlərin effektinin olması üçün bu sahəyə aid konkret dərslik tərtib olunmalıdır. İnsan hüquqları və hüquq elminin əsasları tədris olunmalıdır. Eyni zamanda, ümumiləşdirilmiş dərsliyə konstitusiyadan 15 - 20 maddə, mülkü hüquqdan isə ailə və əmək hüququ kimi məsələlər daxil edilməlidir. Yüksək effektə nail olmaq üçün təkcə dərslik kifayət etmir, həmçinin bu dərsi tədris edən mütəxəssis məsələsi önəmli olmalıdır. Orta məktəblərdə Azərbaycan Respublikasının konstitusiyası fənnini tarix müəlliminin tədris etməsi bu sahədə biliyin, nəticənin artıq nə dərəcədə effektli olmasından, olacağından xəbər verir. Bu sahənin ixtisaslaşmış kadrlara həvalə olunması da həmçinin gözlədiyimiz nəticəni verməyə yardımçı ola bilər».

 

 

Sevinc

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

Həftə içi.- 2013.- 18 aprel.- S.6.