Bakı kəndlərinin qazlaşdırılması başa çatır 

 

Bəzi ərazilərə yeni qaz kəmərləri çəkilməklə yenidənqurma işləri aparılıb

 

"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində paytaxt Bakının tam qazlaşdırılması başa çatmaq üzrədir. Hazırda istehlakçıların təbii qazla keyfiyyətli təmin olunması ilə əlaqədar mühüm işlər görülür.

 

"Azəriqaz" İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr sektorunun rəisi Araz Ağayev "Həftə içi"nə açıqlamasında bildirib ki, bu ilin əvvəlindən başlayaraq Xəzər rayonunun Şağan qəsəbəsində Qazmaçılar küçəsində həyətlərdən keçən yeraltı qaz xətləri küçəyə çıxarılıb və xətlərdə əsaslı təmir işləri aparılıb. Onun sözlərinə görə, həmin ərazidə 8,8 kilometr uzunluğunda qaz kəməri çəkilib. Analoji işlər Şüvəlan qəsəbəsində də həyata keçiriliborada 11 kilometr uzunluğunda yeni qaz kəməri çəkilib: "Qaradağ rayonunun Sahil qəsəbəsində, Balıqçılar küçəsində təbii qaz təchizatının yaxşılaşdırılması ilə əlaqədar 0,7 kilometr uzunluğunda qaz xətti çəkilib. Qızıldaş qəsəbəsində məhəllədaxili kəmərin yenidən qurulması üçün 2, Qobustan qəsəbəsində Salyan yolunun sağsol tərəflərində kəmərlərin yenidən qurulması üçün isə 5,32 kilometr uzunluğunda qaz kəmərləri quraşdırılıb. Ələtdəki Baş Ələt yaşayış massivində 0,78, Səngəçal qəsəbəsində Əzimkənd və "Bağ evləri" ərazisində yeni salınmış yaşayış massivlərinin qazlaşdırılması üçün 3,74, Korgöz qəsəbəsində qaz xətlərinin yenidən qurulması, eləcə də yeni salınmış yaşayış massivlərinin qazlaşdırılması üçün isə 3,98 kilometr uzunluğunda qaz kəmərləri quraşdırılıb".

"Azəriqaz" rəsmisi deyir ki, Nizami rayonunda da qazlaşdırma işləri uğurla davam etdirilir. Belə ki, 8-ci kilometr qəsəbəsində qaz kəmərlərinin, o cümlədən "8-ci km əlavə" qaz kəmərinin yenidən qurulması və 4085-ci məhəllədən keçən müxtəlif diametrli qaz kəmərlərinin təmiri məqsədilə mühüm tədbirlər həyata keçirilib. Onun sözlərinə görə, ümumi uzunluğu 1,77 kilometr olan qaz kəmərləri quraşdırılıb: "Bakının Sabunçu rayonu Yeni RamanaRamana qəsəbələrində yeni yaşayış sahələrinin qazlaşdırılması, qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz xətlərinin yenidən qurulması üçün 47,01 kilometr uzunluğunda müxtəlif diametrli qaz kəmərləri çəkilib. Balaxanı qəsəbəsində qaz kəmərinin və məhəllədaxili qaz kəmərlərinin yenidən qurulması üçün isə 0,32 kilometr qaz xətləri quraşdırılıb. Nardaran qəsəbəsində, o cümlədən Ləyiş bağlarının qaz kəmərlərinin yenidən qurulması üçün 30,78 kilometr yeni qaz xətləri çəkilib. Bakıxanov qəsəbəsində 6,81 kilometr uzunluğunda müxtəlif diametrli qaz kəmərləri quraşdırılıb. SabunçuSavalan qəsəbələrinin qaz təchizatının yaxşılaşdırılması üçün 19,31 kilometr qaz kəmərləri çəkilib".

Araz Ağayev qeyd edir ki, Səbail rayonu Bayıl qəsəbəsi, Buxta küçəsində 0,37 kilometrlik qaz xətti əsaslı təmir edilib. Suraxanı rayonunun Bülbülə qəsəbəsində məhəllədaxili qaz kəmərləri yenidən qurulub. Onun sözlərinə görə, 16,56 kilometr uzunluğunda yeni qaz xətti çəkilib.

 

 

Təbriz Vəfalı

 

Həftə içi.- 2013.- 20-22 aprel.- S. 15.