Texniki baxışa yeni baxış 

 

Bu məsələ ilə bağlı mövcud qanunvericiliyə edilən dəyişiklik müsbət qiymətləndirilir

 

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə ölkə prezidenti tərəfindən «Yol hərəkəti haqqında» qanuna nəzərdə tutulan dəyişikliklər təsdiqlənib. Qeyd edək ki, bu dəyişiklik Azərbaycanda nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi qaydaları ilə bağlı bir sıra yenilikləri nəzərdə tutur.

Dəyişikliklərə əsasən, tramvayların və trolleybusların, traktorların, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən digər mexaniki nəqliyyat vasitələrinin, hüquqifiziki şəxslərin ümumi istifadədə olan küçə-yol şəbəkəsində istismar üçün nəzərdə tutulmayan texnoloji nəqliyyat vasitələrinin, mühərrikinin işçi həcmi 50 kub/sm-dən azkonstruktiv maksimal sürəti saatda 50 kilometrdaha az olan digər mexaniki nəqliyyat vasitələrinin, hüquqifiziki şəxslərin yarış məqsədli idman nəqliyyat vasitələrinin və avtobuslara texniki baxış ildə bir dəfə keçiriləcək. Həmçinin icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtonəqliyyat vasitələrinə, təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələrinə texniki baxış birillik nəzərdə tutulur.

 

Hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrinin, onların qoşqularının və yarımqoşqularının istehsal olunduqları vaxtdan dörd il keçdikdə – iki ildə bir dəfə, istehsal olunduqları vaxtdan on il keçdikdə ildə bir dəfə texniki baxışdan keçirilməsi təklif olunur.

Bəs görəsən, bu məsələ ilə bağlı mövcud qanunvericiliyə edilən dəyişiklik necə qiymətləndirilir? Ümumiyyətlə, bu istiqamətdə hansısa dəyişikliyə ehtiyac var idimi?

Məsələyə münasibət bildirən İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlu deyib ki, yeni dəyişiklikləri müsbət qiymətləndirir. Onun sözlərinə görə, ilk dəfə olaraq bu təşəbbüslə ötən ilin sentyabrında onun sədrlik etdiyi təşkilatlara Sabit Bağırovun rəhbərlik etdiyi Bazar İqtisadiyyatına və Sahibkarlığın İnkişafına Yardım Fondu çıxış edib: “O zaman biz dövlət orqanlarının təmsilçiliyi və QHT-lərin geniş iştirakı ilə ictimai müzakirə təşkil etdik. Sabit Bağırov digər ölkələrin təcrübəsi əsasında Azərbaycanda bu sistemin təkmilləşdirilməsi yollarını araşdırdı və təqdimat etdi. Sonra da bir qrup QHT adından prezidentə müraciət hazırladıq və təkliflərimizi göndərdik. Təkliflərimizi həmçinin Baş Dövlət Yol Polis İdarəsinə də göndərdik. Hazırda təkliflərimizin bir hissəsinin nəzərə alınması təbii ki, bizi qane edirbuna görə də bu işdə əməyi olanlara minnətdarıq. Amma hesab edirik ki, bu istiqamətdə müzakirələr davam etməlidir. Çünki bu, həmin sahədə islahatın başlanğıcıdır. Bu sahədə daha geniş islahat imkanları mövcuddur. Biz həmçinin təklif edirik ki, bu sistem mərkəzləşdirilmiş qaydada fəaliyyət göstərməli deyil, onun funksiyalarının bir hissəsi özəl bölməyə verilməlidir. Müasir standartlara cavab verən və texniki xidmət imkanları yüksək olan özəl təmir müəssisələri də lisenziya əsasında texniki baxışı həyata keçirmək səlahiyyətlərinə malik olmalıdırlar”.

 

3 ay müddətinə təkliflər hazırlanacaq

 

Qubad İbadoğlu həmçinin deyib ki, sərəncamla Nazirlər Kabineti üç ay müddətində qanunların uyğunlaşdırılmasına dair təkliflərini hazırlayacaq və gözlənilən dəyişikliklər ondan sonra qüvvəyə minəcək: “Dəyişikliklər əsasən bir istiqamətdə maşınların istismar ilindən asılı olaraq texniki baxışın müddətinin fərqləndirilməsini əhatə edir. Belə ki, dəyişikliklər qüvvəyə minəndən sonra şəxsi minik avtomobillərinin istehsal olunduqları vaxtdan dörd il keçdikdə - iki ildə bir dəfə, istehsal olunduqları vaxtdan 10 il keçdikdə ildə bir dəfə texniki baxışdan keçirilməsi nəzərdə tutulur. 4 ilə qədər istehsal ili olanlar isə ümumiyyətlə, texniki baxışdan keçməyəcək. Son nəticədə bu məqsədlə hər il bu prosedurları müxtəlif vasitələrlə keçən bir qrup avtomobil sahiblərinin həm rəsmi, həm də qeyri-rəsmi xərclərinin azalmasına gətirib çıxaracaq”.

 

İslahatlar davam etdirilməlidir

 

Azərbaycan Texniki Universitetinin avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının müdiri Sülhəddin Gözəlov da məsələyə münasibət açıqlayarkən yeni dəyişikliklərin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq deyib ki, bu addım texniki baxışa yeni baxış imkanları yaradır. Onun sözlərinə görə, mövcud dəyişiklik xüsusilə yeni avtomobil sahiblərini əlavə xərclərdən azad edib: «Biz hesab edirik ki, bu vaxtında atılmış addımdır. Çünki bütün inkişaf etmiş ölkələrdə analoji təcrübədən istifadə edilir və indiyədək də bu təcrübənin ancaq müsbət tərəfləri müşahidə edilib. Amma düşünürəm ki, bununla bağlı islahatlar davam etdirilməlidir. Belə ki, texniki baxış sisteminin təşkili və idarəolunması dövlət inhisarından çıxarılmalıdır. Lakin bu yöndə işlər tədricən aparılmalıdır. Tutaq ki, bu Azərbaycanda yüksək servis xidməti göstərən avtomobil dillerlərinə həvalə edilə bilər. Nəticədə texniki baxış zamanı yaranan uzun növbələr də müşahidə olunmaz».

Sülhəddin Gözəlov bununla bağlı hökumətə təkliflər paketi təqdim etdiklərini də deyib. Onun sözlərinə görə, əgər hökumət həmin təklifləri nəzərə alarsa, o zaman bu istiqamətdə daha geniş islahatların şahidi olacağıq: «Güman edirəm ki, hökumət həmin təklifləri dəyərləndirərək texniki baxışla bağlı bütün narahatlıqları aradan qaldıracaq».

 

Avtomobillərə yaşına uyğun «birka» vurulacaq

 

Yeni qaydaların tətbiqlənməsindən sonra təzə və köhnə avtomobillərin necə müəyyənləşdiriləcəyinə gəlincə, ekspert bildirib ki, Respublika Dövlət Yol Polisi İdarəsində ölkəyə idxal olunan bütün avtomobillərlə bağlı məlumatlar var. Həmin məlumatlarda avtomobilinvaxt istehsal olunduğu, ölkəyə nə vaxt idxal edildiyi barədə bilgilər toplanılır: «Bu baxımdan təzə və köhnə avtomobilləri müəyyənləşdirmək çətin olmayacaq. Bundan başqa, yeni dəyişikliyə hər bir avtomobillərə yaşına uyğun birka vurulacaq. Nəticədə yol polisləri avtomobilin təzə istehsaldan buraxılıb-buraxılmadığını asanlıqla müəyyənləşdirə biləcəklər».

Ekspert İlham Məsiyev isə bu sahənin özəl şirkətlərə və avtomobillərə xidmət üzrə ixtisaslaşmış dilerlərə verilməsini hazırkı dövr üçün mümkünsüz hesab edir. Onun sözlərinə görə, özəl şirkətlər lazımi texniki avadanlıqlarla təchiz olunmalarına baxmayaraq, onların bu baxış xətt üzrə və kütləvi şəkildə həyata keçirmək imkanları məhduddur: "Sovet dövründə avtobazalarda "TO" xətləri vardı. Avtomobilin bütün sistemi həmin xətdə ardıcıl olaraq yoxlanılırdı və maşın texniki baxışdan keçirdi. Hazırkı avtomobil şirkətlərində və dillerlərdə belə imkanlar yoxdur. Ona görə də bu təşəbbüsü Azərbaycan reallığında həyata keçirmək mümkünsüzdür».

Ekspert hesab edir ki, texniki baxış ayrı-ayrı şirkətlərə və dillerlə verilərsə, onlar avtomobilləri vaxtında texniki baxışdan keçirmək imkanına malik olmayacaqbu da sürücülər arasında böyük narazılıqlara səbəb olacaq: "Texniki baxışdan keçmək üçün əvvəldən vaxt təyin olunmalıdır. Çünki həmin şirkət öz zəmanətində olan avtomobilin təmirini dayandırıb digər avtomobilin texniki müayinəsini aparmayacaq".

Onun fikrincə, texniki baxış prosesinin hansısa başqa quruma verilməsi heç nəyi dəyişdirməyəcək: "İnsan faktoru varsa, servislərdə də bu problemlər mümkündür. Məncə, neqativ halları aradan qaldırmaq üçün sistemdəki problemləri həll etmək lazımdır. Məsələn, növbəlilik yaranmasın deyə texniki baxış üçün əvvəlcədən vaxt müəyyənləşdirilə, ödənişlərin həyata keçirilməsi isə internet vasitəsilə aparıla bilər".

 

 

Sevinc

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

Həftə içi.- 2013.- 20-22 aprel.- S.12.