“Ümummilli lider Heydər Əliyev və Azərbaycan əhalisinin sosial müdafiəsi“ 

 

 Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı ilə sosial siyasət ölkənin daxili siyasətinin prioritet istiqamətinə çevrildi

 

Hər bir ölkədə əhalinin sosial rifah halı ölkənin iqtisadi durumu, inkişafı və inkişafın səviyyəsi ilə bağlıdır. Azərbaycan müstəqilliyini əldə etdiyi ilk illərdə ölkəmizdə iqtisadi durum olduqca çətin vəziyyətdə idi. Belə ki, iqtisadi sahədə yaranmış çətinliklər, maliyyə çatışmazlığı sosial-iqtisadi vəziyyətin sabitləşdirilməsi üçün real addımların atılmaması, sosial müdafiəni təmin edən proqramların həyata keçirilməməsi cəmiyyətdə təbəqələr arasındakı uçurumu getdikcə dərinləşdirmişdi. Lakin məhrum prezident Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı ölkədəki mövcud mənzərəni tamamilə dəyişdi. Belə ki, Heydər Əliyev həmin dövrdə qarşıya qoyduğu ölkədəki hərc-mərcliyi aradan qaldırmaq, ictimai-siyasi sabitliyi yaratmaq, iqtisadi tənəzzülün qarşısını almaq, planlaşdırılmış sosialist iqtisadiyyatından yeni bazar iqtisadiyyatına keçidi ağrısız şəkildə reallaşdırmaq və ən nəhayət əhalinin sosial müdafiəsini daima etibarlı şəkildə təmin etmək kimi vəzifələrin öhdəsindən böyük peşəkarlıqla gəldi.

 

O, ölkənin daxili siyasi kursunu müəyyənləşdirərkən sosial siyasətə, xüsusən sosial müdafiə sahəsinə böyük diqqət ayırdı və sosial siyasəti ölkənin daxili siyasətinin prioritet istiqaməti kimi müəyyən etdi. Heydər Əliyev öz uzaqgörən siyasəti ilə əhalinin sosial müdafiəsinin təmin olunması ilə bağlı mühüm tədbirlərin həyata keçirilməsini ardıcıl olaraq həyata keçirdi. Total böhran səviyyəsində olan ölkə vətəndaşlarının sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə Heydər Əliyev 1994-cü ilin 15 iyun tarixində “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və iqtisadiyyatın maliyyə vəziyyətinin sabitləşdirilməsi tədbirləri haqqında” Fərman, Fərmandan irəli gələn vəzifələrin daha səmərəli yerinə yetirilməsi üçün “Əhalinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” növbəti sənəd imzaladı. İnsanların sosial müdafiəsinin mükəmməl və etibarlı şəkildə təmin olunması üçün hüquqi bazanın daha da möhkəmləndirilməsi istiqamətində 1995-ci ildə Ümummilli liderin birbaşa müəllifliyi ilə hazırlanmış Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. Həmin Konstitusiyanın 16-cı maddəsində deyilirdi ki, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsinin, onun sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin qayğısına qalır. Beləliklə də, ölkədə bu istiqamətdə hüquqi bazanın möhkəmləndirilməsi və təkmilləşdirilməsi məqsədilə ardıcıl addımlar atıldı. Qəbul edilən rasional qərarlar sayəsində əhalinin əmək haqları, müavinətləri və pensiyalarında və bütövlükdə əhalinin real gəlirlərinin artırılması sahəsində ciddi müsbət dəyişikliklər oldu. 2000-ci illərin əvvəlindən isə inkişaf prosesi daha da sürətləndi. Bu dövr ərzində əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı bir sıra sərəncamlar, fərmanlar imzalandı, qanunlar qəbul edildi. Xüsusilə əlillərin, şəhid ailələrinin, Qarabağ müharibəsi veteranlarının statusu və onların sosial müdafiəsini şərtləndirən və təmin edən qanunvericilik aktları qəbul olundu. Çernobıl əlillərinin, pensiyaçıların, sosial müavinət alanların, əlil uşaqların sosial müdafiəsi ilə bağlı bir sıra qanunlar qəbul edildi.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri, millət vəkili Hadı Rəcəbli də hesab edir ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi, sosial sferada da ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra köklü dəyişikliklər baş verib: «Ümumiyyətlə, insanların daha da yaxşı yaşaması və onların illik gəlirlərinin artmasına dövlət dəstəyinin gücləndirilməsi hökumətin diqqət yetirdiyi əsas prioritetlərdən biridir. Respublikamızın maliyyə resurslarının və büdcə gəlirlərinin əsas xərc istiqamətləri vətəndaşların rifah halının yaxşılaşması, aztəminatlı ailələrin lazım olan sosial müdafiə tədbirləri ilə təmin edilməsi, sosial sahədə mövcud olan bütün problemlərin aradan qaldırılması ilə tədbirlərin gücləndirilməsinə yönəlib. Sosial sistemin təkmilləşdirilməsi məqsədi ilə islahatlar ilbəil sürətlənir və bundan sonrakı illərdə daha da intensiv xarakter alacaq. Atılan addımlar və sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir. Təbii ki, bütün bu nailiyyətlər Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi uğurlu inkişaf strategiyanın nəticəsidir. Çünki Heydər Əliyev Azərbaycanda vəziyyətin gərgin olduğu bir vaxtda hakimiyyətə gəlmişdi. O zaman ölkədə hərc-mərclik, iqtisadi tənəzzül müşahidə edilirdi. Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı ilk növbədə ölkədə sosial sistemin köklü surətdə yenilənməsi və daha doğrusu, yeni milli modelin yaradılması məsələsini gündəmə gətirdi. O dönəmlərdə bu cür addım atmaq üçün həqiqətən də böyük cürət lazım idi. Bu isə ilk növbədə öz ölkəsinin parlaq gələcəyinə inamla baxan Heydər Əliyev nikbinliyindən qaynaqlanırdı. O inanırdı ki, zaman ötəcək və biz ən irimiqyaslı sosial layihələri gerçəkləşdirmək iqtidarında olacağıq. Lakin belə bir sistemin tam gücüylə çalışa bilməsindən ötrü ilk növbədə mövcud problemləri həll etmək lazım idi ki, Heydər Əliyev də bu çətinliklərin öhdəsindən böyük məharətlə gəldi».

Son illərdə respublikamızda sürətlənən inkişaf dinamikasının sosial sahədə özünü daha nəzərəçarpacaq şəkildə göstərdiyi vurğulayan millət vəkili bildirib ki, məhz bu gün qazanılan inkişaf ölkə prezidenti İlham Əliyevin məhrum dövlət başçısı Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kursun uğurla icra etməsinin göstəricisidir: «Bu gün ölkəmiz sürətlə inkişaf edir. Sosial islahatların miqyasının daha da genişlənməsi, ilk növbədə, əhalinin rifah halının yaxşılaşmasında öz təsirli nəticələrini göstərməkdədir. Ümumiyyətlə, ölkəmizdə sosial sahədə həyata keçirilən davamlı tədbirlər son 10 ildə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub və bu tendensiya daha çox əməkhaqqı və pensiyaların artım dinamikasında hiss olunur. Belə ki, son illərin statistikasına nəzər salsaq görərik ki, bu illər ərzində ölkə əhalisinin məcmu gəlirləri 4,3 milyard manatdan 35 milyard manata qədər artıb. Bu, 8 dəfədən çox artım deməkdir. Orta pensiya və aylıq əmək haqları isə 5 dəfədən çox artıb. Bunun nəticəsidir ki, ölkə vətəndaşlarının bütün təbəqələri hər il əlavə sosial qayğılarla əhatə olunur, onların rifah halının yaxşılaşdırılması üçün həyata keçirilən layihələrin miqyası genişləndirilir. Bu strategiya ötən dövr ərzində iqtisadi sahələrdə çalışan insanların pul gəlirlərinin artımı ilə yanaşı, sosial bölmələrdə təmsil olunan vətəndaşların rifah halının yaxşılaşmasına impuls verib».

"Ünvanlı sosial yardımlar haqqında" qanun 2007-ci ildən tətbiq edilir. Bu qanunun qəbulu Azərbaycanda yoxsulluğun aradan qaldırılması və sosial müdafiəyə ehtiyacı olan vətəndaşların dövlət tərəfindən birbaşa ünvanlı sosial yardım almasını təmin edən və həyata keçirən çox mühüm bir layihədir».

Milli Məclisin Sosial siyasət komitəsinin üzvü, millət vəkili Musa Quliyev isə bildirib ki, məhz mərhum prezident Heydər Əliyevin vaxtilə müəyyənləşdirdiyi sosial siyasətin nəticəsi olaraq bu gün Azərbaycan vətəndaşlarının rifahı sürətlə yaxşılaşır: «Son illər sosial sahədə bütün seqmentlər üzrə sıçrayışların baş verməsi cəmiyyətin zənginliyinə aparan siyasi xəttin mükəmməlliyinin göstəricisidir. Təbii ki, sosial siyasətin başlıca məzmunu respublikamızın maliyyə imkanlarının yaxşılaşması müqabilində davamlı olaraq maaş və pensiyaların artırılmasından ibarətdir. Büdcə artımları ilə bağlı həyata keçiriləcək sosial müdafiə tədbirləri nəticəsində, ilk növbədə, əhalinin əməkhaqları artırılır. Məhz ümummilli liderin hakimiyyətə yenidən qayıtdığı illər Azərbaycanda sosial sferada pozitiv dəyişikliklərin baş verməsi baxımından əlamətdar illər kimi qiymətləndirilə bilər. Çünki xalqın tələbi ilə onun yenidən hakimiyyətə qayıdışı 1993-cü ildən başlayaraq ölkə iqtisadiyyatında sürətli inkişaf meyilləri yaratdı, ayrı-ayrı sahələrdə əldə edilən müsbət nəticələr dövlətin sosial yönümlü siyasətinin daha da gücləndirilməsinə imkan verdi. Ümumiyyətlə, məhrum liderin gələcəyə hesablanan strateji proqramında sosial müdafiənin daim gücləndirilməsi çoxşaxəli fəaliyyətin başlıca məqsədi kimi təyin olunmuşdu və onun hakimiyyəti dönəmində güclü sosial müdafiə konsepsiyasının uğurlu nəticələri bunu bir daha təsdiq etmiş olur. Ümummilli liderin bu istiqamətdə yürütdüyü siyasət prezident İlham Əliyev tərəfindən hazırda uğurla davam etdirilir. Belə ki, sosial sistemin təkmilləşdirilməsi məqsədi ilə islahatlar ilbəil sürətlənir və bundan sonrakı illərdə daha da intensiv xarakter alacaq. Atılan addımlar və sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir. Eyni zamanda, qaçqın və məcburi köçkünlərlə bağlı siyasət Azərbaycan dövlətinin ali-strateji məqsədlərindən biridir. Əhalinin sosial qayğıya ən çox ehtiyacı olan təbəqəsini təşkil edən qaçqın və məcburi köçkünlərin normal yaşayışının, həyat şəraitinin təmin edilməsi Azərbaycan hökumətinin sosial siyasətinin prioritet istiqamətini təşkil edir. Bundan başqa xüsusi vurğulamaq istəyirəm ki, məhz Heydər Əliyevin yaratdığı strategiyanın nəticəsidir ki, 2007-ci ildən etibarən Azərbaycanın sosial müdafiə sistemində yeni bir istiqamət müəyyənləşdirilib. Belə ki, qısa müddət ərzində ölkədə on minlərlə ailəni əhatə edən bir ünvanlı sosial strategiya həyata keçirilir. Bu gün ölkədə mütləq yoxsulluq həddində olan insan yoxdur. Yalnız 7,8 faiz yoxsul vətəndaş var ki, onlar ünvanlı sosial yardım alırlar. Amma bu qanunun daha çevik forması yoxsul ailələrin sosial reabilitasiya proqramıdır ki, bu proqram artıq müxtəlif rayonlarda həyata keçirilir. Yəqin ki, bu layihə tədricən daha da genişlənəcək. Əsas mahiyyətisə bundan ibarətdir ki, yoxsul ailələrə aylıq müavinətlər əvəzinə yoxsulluqdan çıxmaqdan ötrü onlara birdəfəlik peşə öyrədilməsi və ya fərdi kiçik sahibkarlığın, təsərrüfatlarının qurulması üçün dövlət dəstəyinin verilməsidir ki, bu sahədə də uğurlu iş aparılır. Yəni, ümummilli liderin müəyyənləşdirdiyi sosial siyasət paralel olaraq dayanıqlı iqtisadi artımın təmin olunması, inflyasiyanın aşağı salınması, qeyri-neft sektorunun aparıcı sahəyə çevrilməsi, məşğulluq səviyyəsinin artırılması, çevik makroiqtisadi idarəetmənin həyata keçirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması ilə davam etdirilir».

Sözsüz ki, hər bir ölkənin uzunmüddətli inkişafının hədəflərini və prinsiplərini özündə əks etdirən konkret bir sənədə ehtiyacı var. Azərbaycanın isə gələcəklə bağlı hədəfləri aydındır. Çünki ölkəmiz gələcəyə “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası ilə baxacaq. Bu mükəmməl konsepsiyada isə heç bir sahə diqqətdən kənarda qalmayıb. Sənəddə yoxsulluğun azaldılması, məşğulluğun səviyyəsinin yüksəldilməsi, həssas qrupların sosial müdafiəsi, sahibkarlığın inkişaf etdirilməsi, yüksək keyfiyyətli təhsil sisteminin yaradılması, təbii sərvətlərdən istifadənin azaldılması və digər məsələlər barədə əsaslı inkişaf proqramı ortaya qoyulub. Bu isə gələcək illərdə ölkəmizdə həyata keçirilən sosial siyasətin daha da təkmilləşdiriləcəyindən, əhalinin rifah halının sürətlə yaxşılaşacağından xəbər verir.

 

 

Sevinc Osmanova

 

Yazı ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin jurnalistlər arasında elan etdiyi müsabiqəyə təqdim edilir.

 

 

 Həftə içi.- 2013.- 20-22 aprel.- S.12.