Su qıtlığı olan kəndlərdəki problemin həlli təkcə bizdən asılı deyil” 

 

Köçəri Həsənov: “Azərbaycanda 3050-yə yaxın kəndin 1/3-də içməli su problemi var”

 

Son zamanlar Bakıətrafı yaşayış məntəqələrindən bəzilərində, bölgələrdə, xüsusilə də əksər kəndlərdə su qıtlığının yaranması tez-tez gündəmə gətirilir. Çünki sözügedən məkanların su təsərrüfatlarının idarə edilməsində yaşanan problemlər həmişə ictimai narazılığa və narahatlığa rəvac verir. «Həftə içi»nin «Şənbə qonağı» rubrikasının qonağı olan «Azərsu» ASC sədrinin müavini Köçərli Həsənov ilə bu və digər məsələlərə aydınlıq gətirməyə çalışırıq.

 

- Əvvəlcə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı 2013-cü ildə başa çatacaq layihələr və yeni planlar barədə ətraflı məlumat verməyinizi xahiş edirik.

 

- Quba şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsini 99 faiz başa çatdırmışıq və yaxın vaxtlarda istismara veriləcək. Həmin şəhərdə yeni sukanalizasiya xətlərinin çəkilişi, su anbarlarının tikintisi, «Smartkart» tipli sayğacların quraşdırılması və digər proseslər artıq yekunlaşıb. Bu il Naftalan şəhərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanılıb. 2013-cü ildə «Azərsu» ASC-nin mərkəzi laboratoriyasının yeni inzibati binası istifadəyə veriləcək. Yaxın vaxtlarda Şirvan-Muğan su kəmərindən Şirvan şəhərinin 4-5 min nəfərədək sakini olan yeni yaşayış massivinə ilk dəfə içməli suyun verilməsi planlaşdırılır. 20 kilometrdən artıq hissəsinin tikintisi artıq başa çatdırılan Şirvan-Muğan qrup su kəmərinin böyük bir hissəsinin tikintisi bu il başa çatdırılacaqdır. İslam İnkişaf Bankının ayırdığı kredit hesabına Astara, Gədəbəy, Daşkəsən, Samux və Tərtər şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına, Bakıda «Azərsu»yun yeni binasının tikintisinə də bu il başlanacaq.

- Ölkənin içməli su təchizatının xəyali xəritəsinə baxanda belə bir təəssürat yaranır ki, «Azərsu»yun bütün güc və fəaliyyəti yalnız Bakıya və Abşerona, qismən də rayon mərkəzlərinə yönəlib. Bəs kənd yerləri?

- Xeyr, mən belə deməzdim. “Azərsu” bölgələri də yaddan çıxarmır. Ölkə başçısı qarşımızda tələb qoyub ki, ilk növbədə Bakı şəhəri və Abşeron rayonu, eyni zamanda, rayon mərkəzləri və şəhərlər fasiləsiz, dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edilməlidir. Növbəti mərhələdə kənd və qəsəbələrin problemlərini həll edəcəyik. Hazırda Azərbaycanda 3050-yə yaxın kəndin 1/3-də içməli su problemi mövcuddur. Bu problemləri qısa müddətdə çözmək mümkün deyil. Həmin kəndlərin müəyyən qisminin içməli su probleminin həlli üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi modul tipli sutəmizləyici qurğular tikibbir neçə 100 min insanın içməli su təchizatı həll edilib. Təkcə ötən il «Azərsu» Ağdam, Ağcabədi, Tərtər, Xızı, Lerik, Yardımlı, Ağcabədi, Gədəbəy, Füzuli və Masallı rayonlarında su probleminin həlli üçün 35 artezian quyusu qazdırıb. Görülmüş tədbirlər nəticəsində 30 mindən artıq vətəndaşın problemini həll edə bilmişik. Bu il isə investisiya layihələri əsasında həyata keçirilən tədbirlər nəticəsində 70-dən artıq kəndin su probleminin həlli ilə məşğul olacağıq.

- Regionlardakı, xüsusilə də kənd yerlərindəki su probleminin həlli «Azərsu»dan nə dərəcədə asılıdır?

- Elə kəndlər var ki, onların içməli su məsələsi ilə yerli bələdiyyələr, rayon icra hakimiyyətləri məşğul olur. Bəzi kəndlərdə isə yerli sakinlər özləri özlərini içməli su ilə təmin edirlər. Su qıtlığı olan kəndlərdəki problemin həlli təkcə bizdən asılı deyil. Lakin biz beynəlxalq təcrübəyə malik şirkətlərin iştirakı ilə su təchizatı və kanalizasiya sistemlərinin müasir standartlara uyğun yenidən qurulması üçün 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla «Master Plan» hazırlayırıq. Həmin plana əsasən, 2035-ci ilə inkişaf nəzərə alınmaqla bütün ölkə üzrə, o cümlədən, kəndlərdə də içməli su problemi öz həllini tapacaq.

- Bakıətrafı yaşayış məntəqələrində hələ də içməli suyu pulla alırlar. Bu problemin həlli üçün hansı addımlar atılır?

- Haqlısınız. Bu gün Bakının şərq hissəsindəki qəsəbələrin bir qismində mərkəzləşdirilmiş qaydada içməli su təchizatı sistemi yoxdur. Əhali quyu sularından və yaxud pulla alır. Bunun həlli üçün də işlər görülür. «Azərsu» Ceyranbatanda yeni qurğu tikməyə başlayıb. Bu qurğudan Ceyranbatan-Balaxanı-Ramana-Zirə və Pirallahı istiqamətinə magistral su xəttinin çəkilişi və kanalizasiya şəbəkəsinin yaradılması prosesi davam etdirilir. Bu ilin yayınadək Bakının 10-dan artıq qəsəbəsinin içməli su ilə təmin edilməsi planlaşdırılıb. Hazırda 30-a yaxın qəsəbədə işlər gedirbu qəsəbələrin hər biri içməli su ilə fasiləsiz təmin olunacaq. Ümumilikdə Bakının şərq hissəsində yaşayan 500 mindən artıq insanın içməli su təchizatı yaxşılaşacaq.

- Bir az da suyun keyfiyyətindən danışaq: Bakıda qaynadılmamış, yəni çiy suyu niyə içmək olmur?

- Bu məsələdə anlaşılmazlıq var. Bakıdakı bəzi vətəndaşlarda xof yaranıb ki, çiy su sağlamlığa ciddi ziyan vura bilər. Amma bu yanlış fikirdir. Çünki biz suyun keyfiyyətini daim yoxlayırıq və əhaliyə verdiyimiz suyun keyfiyyəti DÜST standartlarına tam uyğundur. 24 saat fasiləsiz içməli su ilə təmin etdiyimiz abonentlər suyun kefiyyətindən razıdırlar. Amma suyun qrafiklə verildiyi vaxtlarda, qəzalar zamanı digər hallarda problem ola bilər. Bu yaxınlarda paytaxtın «Qaraşəhər» adlanan ərazisində yaşayan sakinlər bizə müraciət etdilər ki, onların evlərinə neftli su gəlir. Dərhal araşdırmalara başladıq. Öyrəndik ki, xətdə qəza baş verib təzyiqlə vurulan su neftli ərazidə çirklənərək yenidən kəmərə qayıdıb. Biz həmin problemi dərhal həll etdik. Amma binaların damlarında ya daxilində quraşdırılmış çənlərində uzun müddətə saxlanılan su keyfiyyətini itirir. Adətən suyun verilməsində fasilə yarananda məhz bu çənlərin suyundan istifadə olunur. Amma belə hallarda yaşanan problemlərə görə məsuliyyət bizim deyil, həmin çənlərin sahiblərinin üzərindədir. Bundan əlavə, zirzəmilərdəki, binadaxili mənzildaxili xətlərin köhnə olması, onların istismar müddətinin bitməsi digər problemlər içməli suyun keyfiyyətinə təsir göstərə bilər. Bu gün Bakı şəhərində 8 mindən artıq çoxmərtəbəli binalar var onların əksəriyyəti keçmiş SSRİ dövründə, yəni 1950-60-cı illərdə tikilib. Həmin binaların zirzəmilərindəki su xətlərinin böyük əksəriyyəti hazırda istismara yararsızdır. Təbii ki, belə xətlərlə verilən suyun keyfiyyətində problem ola bilər. Ancaq biz bu ildən etibarən zirzəmilərdəki su xətlərinin dəyişdirilməsinə başlamışıq. Bu yolla həmin binalardakı içməli suyun keyfiyyətini yüksəldəcəyik.

- Bakıda binaların üzərindəki su çənlərinin sökülməsi birmənalı qarşılanmadı. Bir çoxları qəza vəziyyətlərində ehtiyat fond rolunu oynayan su çənlərinin sökülməsini düzgün hesab etmirlər. Sizin bu fikirlərə münasibətiniz necədir?

- Fasiləsiz içməli su ilə təmin olunmayan ərazilərdə çənlərin sökülməsini «Azərsu» heç vaxt gündəmə gətirməyib. Paytaxtın Yasamal, Binəqədi, Nərimanov, Nəsimi, Sabunçu və Suraxanı rayonlarında həyata keçirdiyimiz texniki tədbirlər nəticəsində 2012-ci ildə 370 min nəfərdən artıq insanı 24 saat içməli su ilə fasiləsiz təmin etmişik. Ümumilikdə isə bu gün Bakı şəhərində su alan əhalinin 60 faizindən çoxu 24 saat su ilə təmin edilir. Biz yalnız həmin abonentlərin yaşadıqları binalardakı su çənlərinin sökülməsi məsələsini qaldırmışıq. Bu günədək minlərlə çəni ləğv etmişik. Lakin fasiləsiz su ilə təmin edilməyən binaların damlarında və pilləkənlərin yanlarında quraşdırılmış çənlərin də ləğvini istəyirik. Çünki çənlərə sular sayğacdan keçmədən axır və onların qeydiyyatı aparılmır. Üstəlik, bəzi hallarda nəzarətsiz qaldığından çənlərdən daşıb axan sular kanalizasiyaya tökülür. Bu da israfçılıq deməkdir. Ona görə də biz belə çənlərin sökülməsini istəyirik. Yerli mənzil istismarı sahələri də «sökülmə əməliyyatı»nın aparılmasında maraqlıdırlar. Hələ 2000-ci ildə Bakıda zəlzələ baş verəndə Fövqəladə Hallar Komissiyası tərəfindən MİS-lərə və icra hakimiyyətlərindən ünvanlanan məktublarda bu cür çənlərin ciddi təhlükə mənbəyinə çevrildiyi qeyd olunmuşdu. Hətta «Bakı Lift-təmir» İstehsalat Birliyi də dəfələrlə bəyan edib ki, liftlərin maşın şöbələrinin üstündə və lift şaxtalarının yanında su çənlərinin qoyulması lift təsərrüfatının inkişafına ciddi problemlər yaradır. Bəzən çənlərə nəzarət edilmədiyindən su daşır və liftə axır. Nəticədə elektrik avadanlıqları, naqillər və sair islanır. Bütün bunlar onu göstərir ki, su çənlərinin ləğvi israfçılığın qarşısının alınması və təhlükəsizlik baxımından mütləq lazımdır. Ancaq biz mənzillərdə, məsələn, hamamlarda su çənlərinin qoyulmasını vacib sayırıq. Çünki su kəmərlərində qəza baş verəndə, xətlərdə təmir işləri aparılanda müəyyən müddətə suyun verilməsi dayandırıla bilər.

 

 

Təbriz Vəfalı

 

Həftə içi.- 2013.- 20-22 aprel.- S.11.