Müharibə jurnalisti olan xanımın həyat hekayəsi

 

Sağ olsun facebook. Bilirəm, bir müsahibəyə başlamaq üçün bir az fərqli oldu təqdimat. Amma müsahibimin kim olduğunu bilincə mənə haqq qazandıracaqsız.

Okeanın o tayında, Kaliforniyada nəşr olunan “Azərbaycan qadınlarının səsi” dərgisinin rəhbəri, Amerika-Azərbaycan Qadınlar Cəmiyyətinin sədri Gülbəniz Arifqızıdır qadın-qadına söhbətimin qonağı.

 

7 il 1-ci Qarabağ müharibəsinin dəhşətlərini yaşamış, səngərdə əsgərlərlə çiyin-çiyinə dayanıb, qələmi ilə Azərbaycan həqiqətlərini yazan, bədnam gülləsinə tuş gələn ilk məhəbbətini Şəhidlər Xiyabanında torpağa tapşıran Gülbəniz Arifqızı...

- Bir şərq xanımının bu qədər uzağa baş götürüb getməsinin, çoxmu böyük səbəbi olmalıdır?

- Açığını desəm bəli. Dərdlərdən qurtarmaq üçün, haqsızlıqla barışmadığım üçün baş götürüb getməyi üstün tutdum. Mən Amerikaya Azərbaycan televiziyasını yaratmaq üçün, bir az da bu mühitdən uzaqlaşmaq üçün getdim. Çünki mən bunu bütün müsahibələrimdə deyirəm ki, orda qalsaydım çoxdan ölmüşdüm. Xaricə gedəndə orda ömürlük qalmaq fikrində deyildim. Amma taleyim elə gətirdi ki, orda qalmalı oldum.

- Qürbət ölkə xilas edə bildimi, Azərbaycan xanımını?

- O qədər bir küncə çəkilib ağladığım vaxtlar oldu ki... Axı xaricə gedənlərin heç də hamısı yağ-bal içində yaşamır. Qürbətin də öz dərdləri var. Bir də görürsən ürəyim elə darıxır ki, az qalıram quş olub uçam vətənə. Amma bu hər zaman mümkün deyil. 1997-ci ildən bəri 3 dəfə gələ bilmişəm. Həyatda elə çətinliklər olur ki, insan çox vaxt yalnız təkbaşına dəf etmək zorunda qalır. Mən də etdim. Bir də axı qürbətdə o qədər mənim taleyimə bənzər talelər var ki…

- 7 il müharibə jurnalisti olmuş bir qadının, milliyyətindən, kimliyindən asılı olmayaraq – təkrar edirəm - bir qadının həyata, insanlığa baxışı əvvəlki kimi qala bilərdimi?

- Yox, bu mümkün deyil. Mən təbiətcə çox emosional, həssas bir insanam. Ən xırda bir şey məni həyəcanlandıra bilir. Zaman məni çox dəyişdirdi. Olduqca qayğısız böyümüşəm. Həmişə bütün ailəm, dostlarım tərəfindən sevilmişəm. Amma bir anlıq özümə baxanda dəyişildiyimin, həyatın məni nə qədər sərtləşdirdiyinin şahidi oluram. Hərdən öz-özümə deyirəm ki, axı sən bu deyildin. Sizcə qayğısız bir həyatdan od-alov içərisinə düşən və sonrada qürbət həyatı yaşayan insan dəyişməzmi?

- Nələrlə barışa bilmədiniz günün bu günündə də…

- Yeni Amerikaya gələndə sanki hər gecə dəhşətli bir yuxu görürdüm. Müharibədə gördüyüm dəhşətləri, həyəcanları xaricdə uzun müddət unuda bilmədim. Heç nə adiləşmədi. Əksinə getdikcə dərinləşdi. Hərdən özümə deyirəm ki, mən bunun üçünmü əziyyət çəkdim, bilsəydim bütün zəhmətlərim heçə gedəcək, heç bu qədər özümü öldürməzdim. Axı həyatımın ən gözəl anlarını qayğısız yaşamaqda deyil, döyüş bölgələrində keçirdim. Soyuq səngərlər, ümid istəyən yaralılar, imkansız sadə yerli əhali… Yadımdadır, bir dəfə Füzuli istiqamətində ağır döyüşlər gedirdi. Mən də ordaydım. Elə hey çadırdan qurulmuş tibb məntəqəsinə yaralılar daşınır. Orada ilk tibbi yardım göstərilib, sonra xəstəxanalara göndərilirdi. Bunların içərisində gənc ağır bir yaralı vardı. Çöhrəsində çox məzlum bir ifadə vardı. Ön xətdəki həkimlər onun vəziyyətindən çox ümidsiz idilər. Çünki yaralar çox dərin idi. Qorxu qarışıq bir səslə, “bacı qoyma mən ölum” dedi. Onun o, qorxu dolu çöhrəsi hələ də gözlərimin qarşısındadır. Bütün bunları düşünəndə öz-özümə deyirəm. Nə oldu bu əziyyətlərin nəticəsi? Bu qədər torpaqlar getdi. Şəhidlər verdik, Qarabağ da alınmadı…

- Müsahibələrinizdən birində dediniz ki, Vətənə qayıtmamaq üçün başqa səbəblər də var idi. Nə idi o səbəblər? Bəlkə kim idi?

- Səbəblər çoxdur. Birinci həyat yoldaşımın amerikalı olması. Artıq oğlum bu ölkədə dünyaya gəldi. Necə deyərlər səsvermədə onlar çox, mənsə azlıq təşkil edirəm. Yoldaşım da öz vətənini çox sevir. İkinci Qarabağ yoxdursa, artıq vətəndə mənə uzaq olub. Məni ora çəkəcək bir qüvvə yoxdur. Nə qədər darıxsam da, sonunda deyirəm hara gedim Qarabağ yoxdur ki… Mən vətəndə arxamda çox dərdlər qoyub gəldim. Vətən itkisi, valideyn itkisi və sevgi itkisi.

- Ayağa qalxmaq üçün güc tapa bildiniz… Sərhəd tanımayan məhəbbətinmi istisinə sığındınız?

- Böyük məhəbbəti mən Şəhidlər Xiyabanında dəfn edib gəldim. Bu bizim ilk Milli Qəhrəmanımız Mehdi Abbasov idi. 1991-ci il yanvarın 13-də mənim doğulduğum Füzuli şəhərində döyüşdə həlak oldu. Məzarı Şəhidlər Xiyabanındadır. Onun ailəsi mənim öz ailəm kimidir. Həmişə də əlaqə saxlayıram. Atası Yusif əmi həmişə and içəndə Gülbənizin, Mehdinin başı üçün deyər. Axırıncı dəfə gedəndə Dənizlə bir həftə onlarda qaldıq. Atası Yusif əmi mənə məktublarının birində yazırdı ki, Mərcan xalan neçə gün yerdə can verdi. Dili batmışdı. Bu zaman sənin məktubun və şəklin gəldi. Heç nə deyə bilmirdi. Şəklini ürəyinin başına sıxıb elə hey ağlayırdı. Sanki bu məktubu gözləyirmiş ondan sonra canını tapşırdı. Bütün bunlar qürbətdə mənim yadımdan çıxmır. Amma nə etmək, xaricdə də tək yaşamaq çətindir. Bilirsiniz, mənim həyatda qismətimə həmişə təklik düşüb. Bütün əziyyətlərə tək sinə gərmişəm. Passiv qadın olmaq istəməmişəm. Hardasa 2 yaşım olanda nənəmgil tək qalmasınlar deyə məni saxlayıblar. Orada 7-8 il yaşadıqdan sonra 12 il ailəmizlə yaşadım. Ən çox ailəmlə keçirdiyim vaxt elə bu illərdir. Sonra Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil oldum. 5 il tələbəlik həyatım, sonra da institut bitirib təyinatla Bakıda -Azərbaycan Dövlət Layihə İnstitutunda işə başladım. Neçə illər ordada tək yaşadım. 1991-ci ildə Qarabağda müharibənin qızğın vaxtı ailəmiz Bakıya mənim yanıma gəldi. O zamanlarda mən daima Qarabağda olurdum. Sonradakı qürbət həyatım…

- Nələrdən keçməli oldunuz?

- Elə bir çətinliyimi deyim. Amerikada 2005-ci ildən bəri mən 4 dəfə, Dəniz isə 2 dəfə cərrahiyyə əməliyyatı keçirdik. Yoldaşımla da bizi onun keçmiş Sovetlər İttifaqına olan marağı və qarşılıqlı hörmət birləşdirdi. Onun arzusu ordan evlənmək olub. İki dəfə keçmiş ittifaqa evlənmək üçün getsə də, bir kimsəni bəyənməyib geri qayıdıb. Təsadüfi bir tanışlıq bizi evliliyə gətirib çıxardı. Bir də mən çox tərəddüd edirdim. Ailə qurmaq istəmirdim. Yaşadığım binada bir rus oğlan da yaşayardı. Heç kəslə işi olmazdı. Sonralar həmişə içkili görünərdi. Bir gün səhər evdən çıxanda dəhlizdə çox pis bir qoxu hiss etdim. Bu qoxunu mən yay vaxtı müharibədə hiss etmişdim. Qalmış meyitlərin iyini. İşə getdim. Amma işdə də hey narahat oldum. Sanki bütün xatirələrim, hər şey gözümün qarşısına gəldi... Evə dönəndə həyətdə polis maşınlarını və qonşuların toplaşdığını gördüm. Məlum oldu ki, oğlan evdə yıxılıb, 5 gündür ölüb heç kəs bilməyib. Bu mənə çox təsir etdi. Ondan sonra ailə qurmağa qərar verdim.

- Həyat yoldaşınızla tanışlığınız nə vaxt oldu?

- 2001-ci ildə. Kaliforniyanın Əhaneim Hills şəhərində. Bəzən həftə sonları rəqsə gedərdim. Bir dəfə yoldaşımla orda görüşdük. Qəribədir ona qədər çox imkanlı amerikalılardan evlilik təklifi almışdım. İnanın ki, istəyənlərin içərisində o ən kasıbıydı ki, mən onunla ailə qurdum. Çünki nəcib insandır. Amerikalılar arıq, ucaboy, sarışın qızları çox sevərlər. Mənə model kimi baxardılar. Biləndəki mən keçmiş ittifaqdanam, başladı mənə çoxlu məlumat verməyə. Mənim üçün maraqlıydı bir amerikalının bütün respublikalar haqqında, o cümlədən, Azərbaycan haqqında geniş məlumatı olması. Dost olduq. İlk dəfə onların ailəsinə gedəndə böyük səmimiyyət və hörmətlə qarşılandım. Bu mənə çox təəccüblü gəldi. Bir gün sonra evlənmək təklifi etdi. 2004-cü ilin aprelin 18-də evləndik. 2005-ci ilin martın 29-da oğlum - Dəniz dünyaya gəldi.

- Onları öz vətəninizlə tanış etmisiniz? Azərbaycanda olublar? Demək istəyirəm

- Dənizlə 2005-ci ildə olduq. Sonra 2008-ci ildə üçümüz də birgə getdik. Yoldaşım iki həftə qalıb qayıtdı. Çünki işdən çox icazə ala bilməmişdi. Bütün tarixi yerlərimizi gəzdirdim. İnsanlarımızı çox bəyəndi. Əvvəl alışa bilməsə də, vaxt çatanda geri gəlmək istəmirdi. Dənizə isə olduqca maraqlıydı. Çünki Amerikada təklikdən o qədər sıxılıb ki, orda ona göstərilən məhəbbətdən çox məmnun idi. İmkanım olsa, gələcəkdə Bakıdan bir qız uşağı götürmək istərdim. Yoldaşımın ata-anası bizi çox istəyirlər. Hətta qayınanam kitab yazır. Bir bölümünü mənə həsr edib. O hissəsi hazır olanda sizə oxudaram. Çox maraqlıdır onların Azərbaycana baxışı, mənə münasibətləri…

- Amerika və Azərbaycan qadını... Fərqləri sizin dilinizdən eşitmək istəyirəm...

- Ümumiyyətlə, amerikalılar çox gözəl millətdirlər. Vətənlərini çox sevərlər. Amerikalı qadınlar da çox çətin işləyirlər. Bəzən övladlar dayələrini analarından çox istəyirlər. Çünki analarını az görürlər. O ölkənin strukturası elə qurulub hər iki ailə başçısı çalışmağa məcburdur. Qadınlar kişilərə nisbətən ailədə sözü daha keçərli və hökmlüdürlər. Əgər boşanarlarsa, bəzən bütün uşaqları ana atıb atanın üstünə gedə bilir. Boşanan kişinin vəziyyəti o ölkədə olduqca ağır olur. Qadınlar tam sərbəstdirlər. Bizdə isə tamam başqadır. Bizim qadınlarımız ailəyə çox bağlıdırlar. Ortada övlad varsa, ailə dağıtmaq istəməzlər. Amma Amerikada onlar istədikləri vaxt dostcasına yollarını ayıra bilirlər.

- Bir Amerika qadınının günü təxminən necə keçir?

- Onlar bizim kimi bər- bəzəkli evlərdə bir-birilə bəhsə girib yaşamırlar. Zinət əşyalarını da çox taxmazlar. Geyimləri çox sadə olar. Evdə çox yemək bişirməzlər. İşdən sonra ailəvi televizora baxarlar. Bu gün ürəkləri necə istəyirsə, pulu öz zövqlərinə görə xərcləyərlər. Uşaq geyiminə, oyuncağına inanılmaz dərəcədə pul sərf edirlər. Hər gün, hər həftə alış-verişə getməyi çox sevirlər.

- Amerikada nə vaxtdan ictimai fəaliyyətə başladınız?

- Elə Amerikaya gedəndən bu günə kimi.

- Amerika-Azərbaycan Qadınlar Cəmiyyəti hansı zərurətdən yarandı? Bu gün işləriniz necə qurulub?

- Biz siyasi fəaliyyətlə məşğul deyilik. Heç bir yerdən də maliyyə dəstəyi almırıq. Sadəcə olaraq, bir-birimizlə əlaqə yaratmaq və lazım gələrsə, bir-birimizə qürbətdə kömək etmək zərurətindən yaranmışıq. Mümkün olduqca da, Azərbaycan və onun qadınları haqqında məlumat verməyə çalışırıq.

- Amerika bir azad düşüncəli qadın olaraq sizə vəd etdiyi azadlığı verə bildimi?

- Bəli. Amerika tək mənə deyil, orada yaşayan bütün insanlara azadlıq verib. Elə odur ki, o ölkəyə gələnlərin sayı günbəgün artır.

- Arzunuz var?

- Dənizi Azərbaycana daha çox bağlamaq. Yarımçıq qalan kitablarımı tamamlamaq və Qarabağa - uşaqlığım keçən Füzuli rayonunun Yal Pirəhmədli kəndinə geri dönmək...

- Bu yaxınlarda facebook səhifənizdə oğlunuz Dənizin sərbəst yazısını paylaşdınız…

- Məktəbdə Dənizə sərbəst yazı yazdırmışdılar. Dəniz Azərbaycandan yazmışdı. O, Azərbaycanı çox sevir. Vətənimdə özünü şəhzadə kimi hiss edir. Fəxrlə qeyd edir ki, anası azərbaycanlıdır. Amerikada onun gözəl təhsili, yaxşı gələcəyi var. Amma Azərbaycanda qoyduğu bağları, qohum-əqrəba məhəbbəti var.

- Gülbəniz Arifqızı nə üçün və kim üçün darıxır?

- Hər şey üçün. Uşaqlığım, tələbəliyim, itirilmiş torpaqlarımız, dostlarım, sevdiklərim üçün... Çox sağ olun ki, sizlər məni unutmamısınız. Həmişə mənimlə əlaqə saxlayırsınız. Bu diqqətinizdən dolayı sizə təşəkkür edirəm.

 

P.S. Hər gün facebook səhifəmə daxil olarkən, Gülbəniz Arifqızının statuslarına diqqət edirəm, izləyirəm. Bir qadın ətri gəlir sanki bu statuslardan, bu paylaşmalardan. Və bir də Vətən həsrəti...

 

 

Sevinc Məmmədli

 

Həftə içi.- 2013.- 23 aprel.- S.4.