Planlı iqtisadiyyatdan liberallaşmaya doğru 

 

Dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycanda demokratik dövlət quruculuğunun həyata keçirilməsi və liberal bazar iqtisadiyyatının formalaşdırılması obyektiv zərurətə çevrildi. Lakin müstəqilliyin ilk illəri Azərbaycan üçün ciddi sınaq dövrü olub. Belə ki, müəssisələr arasında mövcud əlaqələrin pozulması, o dövrdəki siyasi rəhbərliyin səriştəsizliyi, Ermənistanın təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20%-nin işğalı, 1 milyondan çox soydaşımızın doğma yurdlarından didərgin düşməsi, ölkəmizin iqtisadi, siyasi, informasiya blokadasına alınması ölkənin sosial-iqtisadi həyatında xaosa gətirib çıxardı.

 

Bu dövrün iqtisadi mənzərəsi həmin illərin makroiqtisadi göstəricilərində daha aydın görünür. 1991-1994-cü illər ərzində ölkə iqtisadiyyatında ÜDM hər il orta hesabla 16,5% azalıb. Tənəzzül meyili sənayedə xüsusilə kəskin xarakter aldı, 1985-ci ilə nisbətən sənaye istehsalının həcmi 1993-cü ildə 50%-ə qədər azaldı. 1991-ci ildən etibarən inflyasiya səviyyəsi dəfələrlə, büdcə kəsirinin ÜDM-yə nisbəti 13%-ə qədər artıb, 1992-1994-cü illərdə xarici ticarət dövriyyəsinin həcmi isə 42% azalıb.

Yalnız ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra ölkədə siyasi sabitlik bərqərar oldu, atəşkəs əldə edildi, irimiqyaslı iqtisadi islahatlara başlanıldı. Bunun nəticəsində ölkədə maliyyə vəziyyəti sabitləşdi, iqtisadiyyata cəlb olunan investisiyaların həcmi ildən-ilə artdı, xalqın həyat səviyyəsi yaxşılaşmağa başladı.

1994-cü ildə dünyanın aparıcı neft şirkətləri ilə “Əsrin müqaviləsi” imzalandı və bununla da ölkənin enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu. Eyni zamanda, planlı iqtisadi sistemdən liberal bazar iqtisadiyyatına keçid üçün neft sektoru ilə yanaşı, digər sahələrdə də genişmiqyaslı islahatlara başlanıldı. Belə ki, bazar iqtisadiyyatına uyğun qanunvericiliyin, büdcə, vergi, bank sistemlərinin formalaşdırılması, aqrar islahatlarının həyata keçirilməsi, dövlət əmlakının özəlləşdirilməsi, sahibkarlığın inkişafı üçün əlverişli biznes mühitinin yaradılması nəticəsində bazar iqtisadiyyatına keçidin əsası qoyuldu və sahibkarlıq sinfi formalaşdı.

Beləliklə, ümummilli liderin hakimiyyəti illəri ərzində ÜDM 90,1%, dövlət büdcəsinin gəlirləri 3 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 25,2%, kənd təsərrüfatı istehsalının həcmi 53,9%, xarici ticarət dövriyyəsi 4 dəfə, orta aylıq real əməkhaqqı 5,1 dəfə artdı, inflyasiya səviyyəsi 2-3%-ə qədər endirildi. Əldə olunmuş nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafı üçün möhkəm zəmin yaradıb.

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən aparılan sosial-iqtisadi siyasət nəticəsində qazanılmış uğurlar daha da möhkəmləndirilib, bu dövrdə makroiqtisadi sabitlik qorunub saxlanılıb, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sahələrinin, regionların inkişafı sürətlənib, strateji valyuta ehtiyatlarının səmərəli istifadəsi təmin olunub, milli valyutanın sabitliyi, bank sisteminin etibarlılığı artırılıb, sahibkarlığa dövlət dəstəyi gücləndirilib, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşıb.

Bu məqsədlərə nail olmaq üçün regionların sosial-iqtisadi inkişafı, yoxsulluğun azaldılması və davamlı inkişaf, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı və bir sıra sahəvi Dövlət Proqramları qəbul edilib və uğurla icra olunur.

Kənd təsərrüfatı məhsullarının istehsalının stimullaşdırılması, rəqabət qabiliyyətinin artırılması, əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi və ixracının genişləndirilməsi məqsədilə subsidiyaların və vergi güzəştlərinin verilməsi, lizinq xidmətlərinin genişləndirilməsi kimi kompleks dövlət dəstəyi aqrar sektorun inkişafına müsbət təsir göstərib və ərzaq təhlükəsizliyi təmin edilib. Ölkənin regionlarında mövcud olan iqtisadi potensialdan tam və səmərəli istifadə olunması, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və iqtisadiyyatın tarazlı inkişafının təmin edilməsi infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, yeni istehsal və emal müəssisələrinin, təhsil, səhiyyə, idman-sağlamlıq, mədəniyyət obyektlərinin istifadəyə verilməsinə səbəb olub. Sahibkarlığın davamlı inkişafı, biznes və investisiya mühitinin yaxşılaşdırılması, daxili və xarici investisiyaların cəlb edilməsi, qeyri-neft sektorunun dinamik inkişafı nəticəsində özəl sektorun ölkə iqtisadiyyatında payı 80%-dən çox olub.

Vergi yükünün azaldılması və vergi prosedurlarının asanlaşdırılması, dövlət qeydiyyatında və Azərbaycanın dövlət sərhədinin buraxılış məntəqələrində “bir pəncərə” prinsipinin tədbiqi, sahibkarlıq subyektlərinə güzəştli kreditlərin verilməsi özəl sektorun inkişafını daha da sürətləndirib. Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə investisiya layihələrinin güzəştli qaydada kreditləşdirilməsinin daha effektiv mexanizminin yaradılması sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarını asanlaşdırıb.

Azərbaycanın sürətli iqtisadi inkişafında kənd təsərrüfatının, onun əsas hərəkətverici qüvvəsi olan özəl sektorun, kiçik və orta sahibkarlığın rolu böyükdür. Son ildə investisiyaların böyük əksəriyyəti özəl sektorlar tərəfindən qoyulan daxili investisiyalardır. Bu həm də onu göstərir ki, Azərbaycan dövlətinin gücü artıb, özəl sektor ölkəmizdə gedən uğurlu proseslərdən bəhrələnir.

Məlumdur ki, sahibkarlığın inkişafına mane olan amillərdən biri də korrupsiya və rüşvətxorluğa qarşı mübarizəni gücləndirmək və sahibkarlıq subyektlərində əsassız yoxlamaların qarşısı almaqdır ki, bu istiqamətdə də prezident İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə ciddi tədbirlər həyata keçirilir. Azərbaycanda sahibkarlığın inkişafı iqtisadi siyasətin prioritet istiqamətlərindəndir. Bu istiqamətdə ardıcıl olaraq dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, biznes mühitinə dair qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin genişləndirilməsi, maarifləndirmə, sahibkarların işgüzar əlaqələrinin inkişafı və müxtəlif növ xidmətlərin göstərilməsi kimi kompleks tədbirlər həyata keçirilir.

Ötən illər ərzində sahibkarlıq fəaliyyətini tənzimləyən prosedur və qaydalar liberallaşdırılıb, idxalda rüsumların maksimal həddi 15% həcmində müəyyənləşdirilib. Eyni zamanda, sahibkarların vergi yükü azaldılıb, o cümlədən, mənfəət vergisinin dərəcəsi 22%-dən, fiziki şəxslərin gəlir vergisi isə 35%-dən 20%-ə endirilib, sadələşdirilmiş verginin hər kvartalda bir dəfə ödənilməsi təmin edilib, elektron vergi hesab-fakturalarının tətbiqinə başlanılıb, elektron xidmətlərin tətbiqi genişləndirilib, kənd təsərrüfatı məhsullarının istehsalçıları 2014-cü ilədək torpaq vergisindən başqa, bütün növ vergilərdən azad olunub.

Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində özəl sektorun ölkənin sosial-iqtisadi inkişafında və ÜDM istehsalında xüsusi çəkisi artıb. Bu gün ÜDM-nin həcmində özəl sektorun payı 80%-dən çoxdur.

Qeyd etmək lazımdır ki, ötən illər ərzində dövlət başçısı tərəfindən imzalanmış bir sıra fərman və sərəncamlar sahibkarlığın inkişafında əhəmiyyətli rol oynayıb. Belə ki, Azərbaycan prezidentinin “Müəyyən sahibkarlıq fəaliyyəti növləri ilə məşğul olmaq üçün tələb edilən xüsusi razılıq (lisenziya) və icazə sistemi ilə bağlı bəzi məsələlər haqqında” Fərmanı da sahibkarlığın daha da inkişaf etdirilməsi istiqamətində atılan növbəti addım olmaqla, özəl bölmənin inkişafına dövlət dəstəyinin daha bir təzahürüdür. Əvvəlki illərdə ölkə qanunvericiliyində edilmiş dəyişikliklərə əsasən, lisenziyalaşdırma sisteminin sadələşdirilməsi və təkmilləşdirilməsi məqsədilə mövcud olan sistemin optimallaşdırılması istiqamətində bir sıra tәdbirlәr həyata keçirilib. Belə ki, lisenziyaların sayı kəskin azaldılıb, lisenziyalaşdırma ilə bağlı prosedurlar, onun alınması üçün tələb olunan sənədlərin sayı aşağı salınıb. Təkcə bu ilin ötən dövrü ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Bakıda fəaliyyət göstərən sahibkarların 923 investisiya layihəsinin maliyyələşdirilməsinə 97,8 milyon manat güzəştli kredit verilib, bu kreditlər hesabına 3200-ə yaxın yeni iş yeri yaradılacaq. Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 5470-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 275,9 milyon manat güzəştli kreditlər verilib.

Qarşıda duran vəzifələr isə 2013-2023-cü illərdə Azərbaycanın inkişaf etmiş ölkələr sırasına çıxarılması və əhalimizin yüksək gəlirli topluma çevrilməsi, qeyri-neft sektorunun, özəl bölmənin, sahibkarlığın hərtərəfli inkişafı sayəsində ümumi daxili məhsulun 2 dəfə artırılmasından ibarətdir. Həmçinin dövlət və özəl qurumların birgə fəaliyyəti üzrə yeni strategiyanın hazırlanması, ən müasir texnologiyaları tətbiq etməklə iqtisadiyyatın modernləşdirilməsi, elm və innovasiyalara əsaslanan cəmiyyət quruculuğu, hüquqi dövlətçilik prinsiplərinin, insan hüquq və azadlıqlarının tam bərqərar edilməsi dövlətin qarşıya qoyduğu başlıca hədəflərdir.

Faktlar onu deməyə əsas verir ki, bu gün Azərbaycanda güclü sahibkarlar sinfi formalaşıb. Sahibkarlığa dövlət dəstəyi isə getdikcə genişlənir. Bunun müqabilində dövlət də, insanlar da sahibkarlardan aparılan işlərin keyfiyyətli görülməsinə, istehsalın həcminin və keyfiyyətinin dünya standartlarına uyğun olmasına daha böyük ümidlər bəsləyir.

 

Atif Eyvazov

 

Yazı “Avromed” şirkətinin dəstəyi ilə “Xalq qəzeti” və “Kaspi” qəzetlərinin ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə keçirdiyi “Azərbaycan Respublikasında sahibkarlığının inkişafı” adlı müsabiqəyə təqdim olunur.

 

 

 Həftə içi.- 2013.- 25 aprel.- S.7.