Aşıq Əli: Azərbaycanda haqq aşığı yoxdur

Son 10-15 ildə meydana gələn aşıqların böyük əksəriyyəti bəyənilmir, hamı onları əsl aşıq kimi qəbul etmir

 

Xalqımızın ən qədim mədəniyyət incilərindən sayılan aşıq yaradıcılığı dünənimizdən, ulu keçmişimizdən bu günümüzə gəlib çıxan irsi mədəniyyətimiz, soy-kökümüzdür. Bu sənəti əsrlər boyu inkişaf etdirib yaşadan Aşıq Alı, Aşıq Ələsgər, Abbas Tufarqanlı, Aşıq Məhəmməd, Aşıq Şəmşir, Mikayıl Azaflı kimi ustad aşıqlarımız olub. Bu gün onların davamçıları arasında öz dəst-xətti ilə seçilən aşıqlarımız kifayət qədərdir.

Aşıq Əli Tapdıqoğlu Həftə içinə müsahibəsində saz-söz sənətinin incəliklərindən, özünün bu sənətə gəlişindən və münasibətindən danışıb:

 

- Uşaqlıqdan musiqiyə həvəsim böyük olub. Çox kiçik yaşlarımdan ritmlərlə məşğul olardım. Ən çox da tarkaman alətlərini əlimə götürüb istəyirdim ki, nəsə ifa edim. Babam Əlinin gözəl səsi olub və aşıqlığa yüksək həvəs göstərib. Lakin o müəyyən səbəblər üzərindən bu sənətdən daşınıb. 1940-cı illərdə aşıqlığı, müğənniliyi Şirvan elində xoşlamırdılar. Babam Əli də Şirvan elindən bir qıza aşiq olmuşdu, onunla ailə qurmaq istəyirdi. Qızın qardaşı babama deyib ki, əgər aşıqlığı atmasan qızdan gözünü çəkməli olacaqsan. Babam Əli qızı hədsiz dərəcə sevdiyindən sənətini və istedadını məhəbbətinə qurban verib. Aşıqlıq bizdə irsəndir, atam məndə saza olan həvəsimi görüb illərlə ürəyində paslanmış arzusunu həyata keçirməyə çalışırdı. Atam öz atasının adını mənə qoyub, deyirdi ki, babanın sənətini yaşatmalısan. Deyilənə görə, babamın səsi rəhmətlik Aşıq Şakirin səsinə çox oxşayırmış. Hətta bəzən onu Şakirlə səhv salarmışlar. İndi də bəzən mənə deyirlər ki, baban kimi oxuyursan. Bunun özübir xoşbəxtlikdir. Artıq 9 yaşımdan saza-sözə meyil göstərdim. Hələ çox uşaq yaşlarımda bir gün atamla bazara tərəf çıxdım. Evimiz bazara çox yaxın olduğundan ustad Aşıq Xanmusa gəlib bizim evin yaxınlığından Mədəniyyət Evinə işə gedərdi. Atam ona yaxınlaşıb dedi ki, ay ustad, oğlum aşıq sənətinə çox meyillidir, istəyirəm onu yanında şəyirdliyə götürüb bu sənəti ona öyrədəsən. Ustad məni yoxlamaq üçün 10 gün müddətinə vaxt istədi. Düz 10 gün onun yanına gedib bu sənəti öyrənməyə başladım. Ustadımın dediklərinə əməl edib 5 il ondan dərs aldım. Şirvan aşıq sənəti muğamla çox bağlı olduğu üçün bir müddət Alim Qasımov, Zabit Nəbizadə və korifey muğam ustalarının ifalarını dinləyərək onlardan muğamın sirlərini öyrəndim. Zaman-zaman həm Şirvan, həm də Qərb aşıqlarından bəhrələndim, onların köhnə lent yazılarına qulaq asaraq aşıqlığın incəliyinə kimi bəhrələndim.

- Bəs, səhnəyə nə vaxt və hansı ifayla çıxmısınız?

- 2000-2001-ci illərdə İraqda keçirilən Babilistan beynəlxalq festivallarına mən də qatıldım. Həmin festivalda Azərbaycan mahnısını ifa etdim. 2005-ci ildə məni Lider TV-də respublika aşıqlarının Ozan müsabiqəsinə dəvət etdilər. 6 ay davam edən həmin müsabiqədə sazda çaldığım aşıq havaları və eləcə də ifa etdiyim mahnı və muğamlarla xalqımızın qəlbinə yol taparaq qalib yerlərdən birini tutdum. Bundan sonra sənətə geniş yollar açıldı. Həmin il Türkiyədə beynəlxalq festivala dəvət aldım və qalib kimi vətənə qayıtdım. Eləcə də 2009-cu ildə Fransada keçirilən beynəlxalq festivalın təmsilçisinə çevrilərək aşıq sənətini layiqincə təmsil edə bildim. 2011-ci ildə Belarusiyanın Babulski şəhərində keçirilən festivalda mən də iştirak etdim.

- Aşıqlar da şairlər kimi vergili olur, şeirdastanlar, divanlar yazır. Bəs, sizdə necə?

- Məndə şeir yazmaq qabiliyyəti də var. Amma bu gün Azərbaycanda haqq aşığı yoxdur. Haqq aşığı sayıla biləcək sənətkarlarımız barmaqla sayıla biləcək qədər azdır. Son 10-15 ildə meydana gələn aşıqların böyük əksəriyyəti bəyənilmir, hamı onları əsl aşıq kimi qəbul etmir. Çünki aşıq sənəti ilə məşğul olanlar arasında səhlənkarlıq hökm sürür. Vaxt varıydı, aşıqlarımız gileylənirdilər ki, özümüzü tanıtmağa efir məkanı verilmir. Bu gün efir məkanı da var, başqa imkanlar da. Dövlət tərəfindən, Heydər Əliyev Fondu tərəfindən bu sənətə lazımi qayğı göstərilir, televiziyalarda, radiolarda aşıq verilişləri, o cümlədən, Sarı sim ədəbi verilişi aşıqlarımıza geniş efir imkanı yaradıb. Təəssüf ki, bir-iki nəfəri çıxmaq şərtilə, aşıqlarımız həmin verlişə dəvət alanda bircə dənə dastan deyə bilmirlər. Amma hər yetən quzu dərisindən tikilmiş gümüşü papağı başına qoyub, əlinə saz götürüb deyir ki, mən də aşığam. Mən belə şeylərə çox pis baxıram. Başa düşürəm ki, aşıqlıq eşqinə düşən bəzi insanlar ehtiyac ucbatından bu yola əl atır. Amma heç olmasa, çalışmalıdırlar ki, dədə-babalarımızdan miras qalmış bu qədim tariximiz olan aşıq sənətinə xələl, ləkə gətirməsinlər.

- Siz özünüz hansı dastanları bilirsiniz? Ümumiyyətlə, el şənliklərində, toylarda dastan söyləyirsiniz?

- Mən bir çox xalq dastanlarını bəlkə də əzbər bilirəm. Məclislərdə, toylarda camaatın istəyindən asılı olaraq, dastanlardan danışıram. Koroğlu dastanında Durna teli səfərini və Valeh-Zərnigar dastanını daha çox söyləmişəm. Ümumiyyətlə, xalq dastanlarını bilməyən aşıqdan aşıq olmaz. Aşıq el adamıdır, xalqın sənətini yaşadır. Əsil aşıq saz ifaçılığı ilə yanaşı, bu dastanlar da öz şəyirdlərinə, yetirmələrinə öyrətməlidir.

- Aşıq sənətinin sirri, möcüzəsi nədir ki, bunu özünə peşə seçənlərin hamısı əsl sənətkar kimi özünə yer tuta bilmir?

- Çox adam bu sualı mənə veribdi. O sirr haqqdan, ədalətdən, elin içindən gəlir. Ona görə haqq aşığına hər yerdə hörmət edirlər ki, o həmişə xalqın içərisindədir, xalqın dərdindən-sərindən xəbərdardır, onun nəbzini tuta bilir. Aşıqlıq elə bir sənətdir ki, onu ömrünün sonuna qədər, qəbir evinə kimi öyrənməlisən.

- Bəzən deyirlər ki, Aşıq Əli aşıq yox, xanəndədir...

- Mən aşığam, arada bir balaca muğam da ifa edə bilirəm. Yaddan çıxarmamalıyıq ki, hər aşığın özünün dəst-xətti var. Görürsünüzmü, Qarabağ aşıqları bir cür, Şirvan aşıqları başqa cür çalıb-oxuyur. Bu mənada kimsə məni aşıq yox, xanəndə kimi qəbul eləyə bilər. Bir ara aşıq sənəti itib-batmaq üzrə idi. Heydər Əliyev Fondunun dəstəyi ilə biz bu sənətin inkişafını gördük. Biz aşıqların üzərinə belə bir məsuliyət düşür ki, aşıq sənətini yeni nəsillərə sevdirək, bu sənəti təbliğ edib yaşada bilək. Aşıq sənəti pirdi, ləl-cəvahirdir, dürrdür. Bu sənət elə bir böyük dəryadır ki, başdan-ayağa sirdir. Mən bu ilahi sənəti heç bir sənətlə əvəz etmərəm.

Saz müqəddəsdir, bizim milli dəyərimiz,soy-kökümüzdür. Sazın müqəddəsliyi ondadır ki, bu sənətdə ilahi bir eşq var. Bu sənətdə nankorluq yoxdur, onda dürüstlük, saflıq, təmizlik var. Elə ona görə də bu sənət ilahiləşdirilib.

 

 

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2013.- 26 aprel.- S.8.