Miqrantların Günü 

 

Azərbaycanda miqrantların hüquqlarının qorunması

üçün milli qanunvericilik təkmilləşdirilib

 

18 dekabr – Beynəlxalq Miqrant Günü kimi qeyd olunur. Bu barədə qərar 2000-ci il dekabrın 14-də BMT-nin Baş Assambleyası tərəfindən qəbul olunub. Qeyd edək ki, 1990-cı il dekabrın 18-də BMT Baş Assambleyasında bütün miqrant işçilərin və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi üzrə Beynəlxalq Konvensiya qəbul edilib. BMT-yə üzv dövlətlər, hökumətlərarası və qeyri-hökumət qurumları Beynəlxalq Miqrant Gününü qeyd etməyə və bu gündə miqrantların hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı geniş tədbirlər keçirməyə dəvət olunurlar.

2006-cı il dekabrın 14-15-də baş tutan BMT Baş Assambleyasının Beynəlxalq Miqrasiya və İnkişaf üzrə Yüksək səviyyəli Dialoquna 132 üzv dövlət qatılıb. İlk olaraq, iştirakçılar beynəlxalq miqrasiyanın böyüyən fenomen olduğunu və hüquqlar çərçivəsində onun ölkələr arasındakı əməkdaşlığa müsbət təsir göstərə biləcəyini vurğulayıblar.

Dialoq iştirakçıları qeyd ediblər ki, beynəlxalq miqrasiyadan faydalanmağın yeganə yolu fundamental hüquq və azadlıqlara hörmət etməkdən keçir.Əlavə olaraq, iştirakçı ölkələr lokal, regional və qlobal səviyyədə beynəlxalq miqrasiya prosesində yarana biləcək fəsadlarla mübarizə aparmaq və bu istiqamətdə əməkdaşlıq etməyin vacibliyini diqqətdə saxlayıblar.

2004-cü ildə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Siyasəti Konsepsiyası qəbul edilib. Bu konsepsiyada hökumət qurumları qarşısında miqrasiya proseslərinin tənzimlənməsi sahəsində duran məqsədlər müəyyən edilib. Dövlət Miqrasiya Siyasəti Konsepsiyasından irəli gələn məsələlərin həyata keçirilməsi üçün 2006-cı il iyulun 25-də Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasının 2006-2008-ci illər üçün Dövlət Miqrasiya Proqramı” təsdiq edilib.

Proqramın əsas məqsədi miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya idarəetmə sisteminin inkişaf etdirilməsi, miqrasiya proseslərinin tənzimlənməsi və proqnozlaşdırılması, bu sahədə qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, qanunların tətbiqinin effektivliyinin təmin edilməsi, miqrasiya sahəsində vahid məlumat bankının, müasir avtomatlaşdırılmış nəzarət sisteminin yaradılması, qeyri-qanuni miqrasiyanın qarşısının alınması, miqrantlarla bağlı sosial müdafiə tədbirlərinin həyata keçirilməsidir.

Miqrasiya sahəsində dövlət siyasətini, miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirmək məqsədilə prezidentin 19 mart 2007-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti yaradılıb və Əsasnaməsi təsdiq edilib.

Dövlət Miqrasiya Xidmətinin fəaliyyətinə miqrasiya proseslərinin təhlili, proqnozlaşdırılması və monitorinqin təşkil edilməsi, miqrasiya sahəsində vahid informasiya sisteminin yaradılması, miqrasiya sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, əcnəbi və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti və daimi yaşamaq üçün icazənin verilməsi və digər məsələlər daxildir. Eyni zamanda, bu qurum ölkədə olan qanunsuz miqrantlarla bağlı araşdırma, təhlil və təftiş işləri apararaq onların ölkə ərazisindən çıxarılması işinə də ciddi nəzarət edir. Bütün bunaları həyata keçirmək üçün Dövlət Miqrasiya Xidməti Daxili İşlər, Xarici İşlər, Milli Təhlükəsizlik, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri və Dövlət Sərhəd Xidməti ilə birlikdə fəaliyyət göstərir və bu orqanların fəaliyyətini əlaqələndirir.

Bəs, görəsən, Azərbaycanda miqrantların hüquqları necə qorunur? Ümumiyyətlə, Azərbaycana daha çox hansı ölkələrdən miqrant axını var?

Tanınmış hüquqşünas Azər Quliyev məsələni “Həftə içi”nə şərh edərkən bildirib ki, bu il qüvvəyə minmiş yeni Miqrasiya Məcəlləsinə görə, ilk dəfə olaraq əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin miqrasiya uçotu ilə bağlı normalar müəyyən olunub. Onun sözlərinə görə, bu qanunverici sənəddə miqrasiya uçotunun məqsədləri, aparılma qaydası və əsasları öz əksini tapıb. Belə ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisindən tranzit keçidi qaydaları təkmilləşdirilib: “Onların qeydiyyat proseduru sadələşdirilərək, vahid miqrasiya məlumat sistemi vasitəsilə olduğu yer üzrə qeydiyyata alınması qaydası müəyyən edilib. Məcəllədə vizaların, habelə Azərbaycan Respublikasının ərazisində olmaya yaşama icazələrinin alınması üçün elektron qaydada müraciət etmək imkanı nəzərdə tutulub”.

Azərbaycanda qeydiyyatda olan miqrantların yaşama icazələrinin verilməsi sahəsində də müsbət yeniliklər var. Məsələn, əgər əvvəlki qanunvericiliyə əsasən müvəqqəti yaşamaq üçün icazənin, o cümlədən əmək fəaliyyəti ilə məşğul olmaq üçün fərdi icazənin müddəti dörd dəfədən artıq uzadıla bilməzdisə, yeni qanunvericiliklə bu məhdudiyyət aradan qaldırılıb. Belə ki, ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazənin 1 ilədək müddətə, Azərbaycan Respublikasının iqtisadiyyatına azı 500 000 manat investisiya qoyan şəxslər üçün isə 3 ilədək müddətə verilməsi nəzərdə tutulub. Eyni zamanda, sənəddə 1 il müddətinə verilən icazələrin növbəti dəfə 2 ilədək müddətə uzadılması öz əksini tapıb.

 

Kimlər miqrant hesab olunurlar?

 

Kimlərin miqrant hesab olunduğuna gəlincə, hüquqşünas deyib ki, uzun müddət yad ölkədə yaşayan insan miqrant hesab olunur. Azər Quliyevin sözlərinə görə, bəzən mövsümi qazanc dalınca, məsələn, kənd təsərrüfatı məhsulu yığmaq üçün xaricə gedən şəxsləri də miqrant adlandırırlar. Amma turistlər, zəvvarlar, müalicə olunmaq üçün xaricə gedənlər və xaricdə ezamiyyətdə olanlar miqrant hesab olunmurlar. Bundan başqa, hər bir ölkə əcnəbilərin onun ərazisində olmaq prosedur və şərtlərini müəyyən edir: “Müəyyən olunmuş qaydalara riayət etməyən şəxslər qanunsuz miqrantlar hesab olunurlar. Məsələn, qanuni sənədləri olmadan ölkəyə daxil olan və ölkədə gizli qalan şəxs, ölkəyə saxta sənədlərlə daxil olan şəxs, qanuni sənədlərlə ölkəyə daxil olan, lakin ölkədə icazə verilən müddətdən artıq qalanyaxud digər hər hansı bir şəkildə daxil olmaqbu ölkədə olmaq qaydalarını pozanburada qanuni əsası olmadan qalan şəxs qanunsuz miqrant sayılır».

 

Azərbaycana daha çox miqrant axını Gürcüstandandır

 

Mövzu ilə bağlı fikirlərini bölüşən Miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri Əlövsət Əliyev isə deyib ki, son vaxtlar Azərbaycana daha çox miqrant qonşu Gürcüstandan gəlir. Onun sözlərinə görə, orta Asiya respublikalarından, Rusiya Federasiyasından gələnlər də çoxdur. Keçmiş sovet respublikalarından sonrakı yerləri isə Türkiyə və Böyük Britaniya vətəndaşları tutur: “Onlar əmək fəaliyyəti ilə məşğul olmağa gəlirlər. İran, Əfqanıstan, Pakistandan alver məqsədilə gələnlər miqrantlar arasında çoxluq təşkil edir. Bəzi hallarda Kamerun, Flippin kimi ölkələrdən də miqrantların gəlişi müşahidə olunur. Bunlar hamısı ölkəyə qanuni əsaslarla daxil olsalar da, sonradan əksəriyyəti qanunsuz yaşamağa üstünlük verirlər. Məsələn, bizim hesablamalarımıza görə, təkcə ötən il ərzində Filippindən Azərbaycana 900-dən çox qadın gəlib. Onlardan, təxminən, 10 faizə qədəri müvafiq dövlət orqanlarında qeydiyyata düşüb, yaxud ölkəni vaxtında tərk edib. Qalan hamısı Azərbaycan ərazisində qanunsuz yaşamaqda davam edir”.

Ekspert Azərbaycanın tədricən immiqrasiya ölkəsinə çevrilməkdə olduğunu bildirərək söyləyib ki, ölkəmiz, hətta inkişaf etmiş Avropa dövlətləri ilə müqayisədə daha sərt miqrasiya siyasəti aparılır. Amma Əlövsət Əliyevin fikrincə, bu, hələ son deyil. O mənada ki, Dövlət Miqrasiya Xidməti bir qayda olaraq icazələrin verilməsindən imtina edir. Bundan sonra isə əcnəbilər Azərbaycanda qanunsuz yaşamaqda davam edir.

 

Sevinc

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

 Həftə içi.- 2013.- 18 dekabr.- S.6.