Nizami rayonunun sosial-iqtisadi inkişafı:

real vəziyyət və perspektivlər 

 

Bakının ən gənc və ərazicə kiçik olan bu rayonun gələcək perspektivləri daha parlaq görünür

 

Azərbaycan iqtisadiyyatında, ölkənin sosial inkişaf dinamikasında əsas ağırlığın paytaxt Bakının üzərinə düşdüyü heç kimə sirr deyil. Regionlarla müqayisədə Bakıda tapmaq daha asan, kreditlərə alçatanlıq, infrastruktur təminatı, ortabab əməkhaqqı və yaşayış üçün lazım olan digər mühüm şərtlərin mövcudluğubunlardan bəhrələnmək imkanı isə nisbətən yüksəkdir. Bütün bunlar müasir dövrün tələblərinə uyğun yeniləşən paytaxtda sosial-iqtisadi inkişafının gerçək bir göstəricisidir. Gündən-günə böyüyən, inkişaf edən paytaxtın adi gözlə görünə bilən bu nailiyyətlərin Nizami rayonun da payı az deyil. Xüsusilə də son illər rayonda aparılıan tikinti-quruculuq işləri, yeni müəssisələr ölkənin ümumi inkişafında öz təsirlərini göstərməkdədir.

Nizami paytaxtın ən gənc rayonlarından sayılsa da, burada yeni yaradılmış sosial infrastrukturlar, bütövlükdə şəhər təsərrüfatı inkişaf göstəricilərinə görə digər rayonlardan nəinki geri qalmır, hətta bəzi sahələrdə xeyli üstünlüklər qazanıb. Bu üstünlüklər isə təkcə yol, elektrik enerjisi, qaz, su, istilik təsərrüfatlarının yenidən qurulmasında deyil, iqtisadi nailiyyətlərdə, makroiqtisadi göstəricilərdə, sosial infrastrukturda, səhiyyə və təhsildə, xüsusən orta təhsilin səviyyəsində də özünü göstərir. Təkcə son bir neçə ildə məhz yerli icra hakimiyyətinin birbaşa təşəbbüsü və iştirakçılığ ilə Nizami rayonu ərazisində onlarla istirahət və əyləncə parkları, məktəblər, uşaq bağçaları yenidən qurulub, idman meydançaları tikilib, yüzlərlə yaşayış və inzibati binalar əsaslı şəkildə təmir edilib. Məhz bu tip layihələrin gerçəkləşməsi sayəsində Nizami rayonunun ölkənin ümumi inkişafında, makroiqtisadi göstəricilərində, Ümumi Daxili Məhsulun artmasında, əhalinin həyat şəraitinin yaxşılaşmasında rolu və payı artır.

 

Hər şey təhsildən başlayır

 

Bütün bunlar təhsildə, xüsusən orta təhsilin səviyyəsində də özünü göstərir. Son illərin təcrübəsi də göstərir ki, ali məktəblərə tələbə qəbulunda Bakı məktəblərinin məzunları regionlarda yaşayanlarla müqayisədə daha üstün nəticələrə nail olur. Belə ki, ənənəvi olaraq, Azərbaycanda orta məktəb məzinlarının ali məktəblərə qəbulolma faizinə görə birinci yeri Bakı məktəbləri tutur. Bu, özünü qəbul prosesində iştirakçılıq və ali məktəblərə daxilolma faizinin yüksək olmasında, yüksək bal toplayanlar arasında xüsusi çəkidə, daha nüfuzlu universitetlərə və ixtisaslara qəbulda da təsdiqləyir.

Bəs, paytaxtın ümumtəhsil müəssisələri arasında Nizami rayonunun məktəbləri təhsil göstəricilərinə görə hansı mövqedədir? Rayonun sosial-iqtisadi inkişaf planlarında təhsilə, məktəb infrastrukturunun yenidən qurulması, köhnə məktəb binalarının təmiri məsələsinə yetərincə diqqət yetirilirmi?

Nəzərə alsaq ki, hər bir valideyn övladının daha yaxşı məktəbdə oxumasını istəyir və bunun üçün imkanı daxilində əlindən gələni etmək istəyir, onda bu sualların cavabı hər kəs üçün həyati əhəmiyyət daşıyır. Həm də inkişaf, tərəqqi üçün “hər şey təhsildən asılıdır” kimi fikirlər də təkzibolumaz fakt kimi cəmiyyətdə tez-yrz səslənir. Üstəlik güclü və zəif məktəblərin müəyyənləşdirilməsi yaxşı təcrübənin öyrənilməsi, tələbə qəbulunda zəif nəticə göstərən məktəblərin rəhbərləri və bütövlükdə bu sahəyə nəzarət edən qurumlar üçünaz əhəmiyyət daşımır. Məhz bu baxımdan məzunları yüksək nailiyyətlər qazanan, yaxud əksinə, 11 illik təhsil alıb sonda zəif nəticə göstərən məktəblər arasındakı müqayisə və paralellər xeyli maraq doğurur.

 

Bakının lider məktəbləri

 

Maraqlıdır ki, Bakı məktəbləri arasında abituriyentlərinin orta bal göstəriciləri hətta ucqar kəndlərdə yerləşən ümumtəhsil ocaqlarından zəif olan məktəblər az deyil. Ancaq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) qəbul imtahanlarının nəticələrinə dair hər il açıqladığı statistik təhlillərdə bu cür zəif göstəricələri olan məktəblər arasında Nizami rayonun ümumtəhsil müəssisələrinin adına rast gəlinmir. Əksinə, nəinki respublika üzrə, hətta Bakı məktəbləri arasında Nizami rayonunda fəaliyyət göstərən təhsil ocaqları bir çox üstünlükləri ilə fərqlənir. Məsələn, TQDK-nın statistik məlumatlarına əsasən, ötənilki qəbul imtahanlarında paytaxtın ən yaxşı məktəbləri sırasında şəhərin mərkəzi rayonlarında yerləşən ümutəhsil müəssisələri liderlik edir. Bu sırada Nizami rayonundakı 62, 70, 129, 145, 210 və 220 saylı məktəbləri də var. Həmin məktəblərin məzunlarının ötənilki qəbul imtahanlarında topladıqları orta bal göstəriciləri təkcə Bakı şəhəri deyil, bütövlükdə respublika üzrə göstəricilərdən yüksək olub. Məhz bunun təticəsində Bakının Nizami rayonu təhsil sahəsindəki nailiyyətlərinə görə respublikanın ən yaxşı rayonları sırasında yer alıb.

Elə son bir ilin sosial-iqtisadi inkişafını xarakterizə edən əsas makroiqtisadi göstəricilər də Nizami rayonunda sosial sahəyə, xüsusən də təhsilə məxüsusi önəm verildiyi aydın görünür. Belə ki, 2012/2013-cü tədris ilində respublika üzrə keçirilən “İlin ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində rayonun 5 məktəbi, “İlin ən yaxşı müəllimi” müsabiqəsində isə 8 təhsil işçisi qalib seçilib. Bundan başqa, rayon üzrə ali məktəblərə qəbul olunanlardan 98 nəfərin 600-dən, o cümlədən 33 nəfərin 650-dən yuxarı bal toplayaraq tələbə adını qazanıb.

Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova deyir ki, dövlət qayğısı sayəsində Nizami rayonunda təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində mühüm işlər görülüb. Belə ki, son illər mütəmadi olaraq, rayonda yeni-yeni məktəb binaları və əlavə tədris korpusları inşa edilir. Təkcə bu ilin 9 ayı ərzində rayonun təhsil və səhiyyə müəssisələrində «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»na əsasən bir sıra əsaslı təmir, yenidənqurma və əlavə korpusların tikintisi işləri həyata keçirilib. Bunların arasında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirakı ilə Çobanzadə küçəsi 2405-ci məhəllədə inşa edilmiş Valideyn hüququndan məhrum olanUşaq evlərində böyüyən gənclər üçün yaşayış evini, 172 və 190 saylı uşaq bağçalarını göstərmək olar. Onun sözlərinə görə,məhz bu tədbirlərin sayəsində hər il rayon məktəblərini bitirmiş məzunların ali məktəblərə qəbul imtahanlarında əldə etdiyi nailiyyətlər də artır. Məsələn, ötən tədris ilində rayonun orta məktəb və liseylərini 2109 şagird bitirib. Ali məktəblərə sənəd vermiş 1872 nəfərdən 1168-i tələbə adına layiq görülüb.

Onu da qeyd edək ki, ölkə üzrə ən yaxşı ümumtəhsil məktəblərinin 10-u məhz Nizami rayonunun payına düşür. Belə ki, bundan əvvəlki son iki ildə Nizami rayonundakı 3 məktəb (201, 229 və 238 saylı tam orta məktəblər) ölkə üzrə “İlin ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olub.

Xatırladaq ki, hazırda Nizami rayonunda 22 orta məktəb, 3 lisey, 2 musiqi məktəbi, 1 uşaq evi və 2 internat məktəbi, 1 özəl ali məktəb və 2 kollec, 20 uşaq bağçası, 1 mərkəzi kitabxana və 6 kitabxana filialı fəaliyyət göstərir. “Təhsil əsri” elan edilən indiki dövrdə Rayon İcra Hakimiyyəti sosial infrastruktur layihələrinin planlarını hazırlayarkən əsaslı təmirə ehtiyacı olan təhsil müəssisələrini də nəzərdən qaçırmır. Belə ki, Nizami rayonu üzrə “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində xeyli sayda məktəb və uşaq bağçalarının əsaslı təmir olunub, yeni orta məktəb və tədris korpuslarının inşa edilib.

 

Perspektivli gələcək

 

Nizami rayonunun tədris müəssisələrində vətənpərvərlik tərbiyəsinin daha da gücləndirilməsi, yeniyetmə-gənclərin zərərli vərdişlərdən qorunması, sağlam həyat tərzinin təbliği, şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsinə də xüsusi diqqət yetirilir. Məhz bunun nəticəidir ki, 220 saylı məktəb-liseyin komandası “Şahin” hərbi idman oyununlarında iki il ardıcıl olaraq həm şəhər, həm də respublika mərhələsinin qalibi kimi birinci yerə layiq görülüb. Həmin komandanın qalib olmasında əməyi olan məktəb-liseyin hərbi müəllimi Mübariz Məmmədovun ölkə başçısının sərəncamı ilə Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

Nizami rayonunda idmanın inkişafına da ciddi fikir verilir. Belə ki, rayonda 5 stadion, 6 idman-sağlamlıq kompleksi, ixtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi gənclərin istifadəsindədir. Rayonda 65 min tamaşaçı tutumuna malik müasir tipli stadionun - Bakı Olimpiya Stadionunun inşa olunması burada beynəlxalq yarışların keçirilməsinə daha real şərait yaradacaq.

Yeri gəlmişkən, 2015-ci ildə ölkəmizdə keçiriləcək Birinci Avropa Oyunlarının əsas mərkəzi məhz bu rayon olacaq. Rayonun ərazisindəOlimpiya kəndi salınır, Milli Gimnastika Arenası tikilir. Heç şübhəsiz ki, bu beynəlxalq yarış da Nizami rayonuna sosial-mədəni inkifına böyük töhfələr verəcək.

Beləlilklə, ərazi baxımdan Bakının ən kiçik, statusuna görə isə ən gənc rayonlarından sayılan Nizami hazırda sosial-iqtisadi inkişafının ən məhsuldar dövrünü yaşayır. Həm nəzərə almaq lazımdır ki, ərazisi cəmi 19,6 kvadrat kilometr olsa da, Nizami rayonu paytaxtın ən sıx məskunlaşma zonası sayılır. Elə bu sıxlığın nəticəsidir ki, istər ölkə rəhbərliyi, istərsə Rayon İcra Hakimiyyəti səviyyəsində bu gənc kiçik rayonun iqtisadiyyatının formalaşmasında istehsal sahələri, eləcə xidmət sektorunun, təhsil səhiyyənin inkişafına xüsusi diqqət yetirilir.

 

Elxan Salahov

 

P.S. Yazı Azərbaycan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Nizami Rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi müsabiqəyə təqdim olunur.

 

Həftə içi.- 2013.- 19 dekabr.- S.7.