««Şahdəniz-2» müstəqilliyimizin qarantıdır» 

 

Vahid Əhmədov: «Bu layihədə Azərbaycanın iqtisadi qazancı, təxminən, 30-40 milyard dollar civarında olacaq»

 

Dekabrın 17-də Azərbaycanda daha bir tarixi sənədə imza atıldı. Belə ki, illərlə müxtəlif şirkətlərin və Avropanın səbirsizliklə gözlədiyi “Şahdəniz” layihəsinin ikinci mərhələsində qaz yatağının işlənməsi üçün yekun investisiya qərarı elan olundu. Bu investisiya layihəsinin Azərbaycan üçün iqtisadi-siyasi, beynəlxaq əhəmiyyəti barədə çoxlu fikirlər səsləndirilib. Ancaq belə bir beynəlxalq əhəmiyyətli invesisiya layihəsinin ölkəmizə hansı iqtisadi nailiyyətlər qazandıracağına dair bəzi suallar hələ ki, tam cavablandırılmayıb.

Həftə içiolaraq, bu suallara, investisiya qərarının özəlliklərinə Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədovla aydınlıq gətirməyə çalışmışıq:

- Siz “Şahdəniz-2” layihəsi çərçivəsində imzanın investisya qərarını necə dəyərləndirirsiniz?

- Bu layihə və bu razılaşma Azərbaycanın tarixində mühim əhəmiyyət kəsb edən bir hadisədir. Artıq müstəqillik tarixində 2-ci dəfədir ki, “Əsrin müqaviləsi”nə bərabər bir müqavilə imzalanıb. “Şahdəniz-2” investisiya layihəsi dünya tarixində ən böyük sərmayə qoyuluşudur. İlkin qiymətləndirmələrə görə, sərmayənin həcmi 40 milyard dollardan artıqdır. Bu məbləğin yarıdan çoxu Azərbaycanda investisiya ediləcək. Amma anlaşma xarici neft şirkətləri, o cümlədən tranzit ölkələr üçün də əhəmiyyətlidir. Məsələn, bu layihədən xarici şirkətlər böyük investisiya və eləcə də stabil gəlirlər imkanı qazanacaqlar. Digər tərəfdən, qaz idxalçısı ölkələri mavi qaza olan tələbatının tamya qismən ödənilməsinə nail olacaqlar. Belə ki, Türkiyəyə nəql edilən qazın illik həcmi 12,6 milyard kubmetrə yüksələcək. Türkiyə TANAP-a sahib olmaqla, eyni zamanda TAP-a da ev sahibliyi edəcək, ölkənin bu layihədən də öz daxili ehtiyacları üçün faydalanmaq imkanı olacaq. Avropa isə birinci mərhələdə illik 10 milyard kubmetr mavi qaz idxal edə biləcək. Daha sonra bu rəqəm 20 milyard kubmetrədək yüksəldiləcək. Tranzit ölkələr, o cümlədən Gürcüstan və Türkiyə bu anlaşmadan real gəlir əldə edən ölkələr sırasındadır. Bundan başqa, Azərbaycan artıq öz qazını birbaşa Avropa bazarına, həm də bazar qiymətləri ilə çıxara biləcək. Bu isə ölkənin bir bazardan asılılığının aradan qalxması və Bakının mavi yanacaq ixracatında əsas hədəfə vurması anlamına gəlir.

- Bu layihədən Azərbaycanın qazancı nə olacaq?

- Belə bir addımın atılması Azərbaycan üçün həm iqtisadi, həm də siyasi cəhətdən əhəmiyyətlidir. Bu layihə bizimregionun işıqlı gələcəyinə yol açır. Bu, bizə imkan verir ki, ilk növbədə, xalqımızın mənafeyi üçün Azərbaycanın nəhəng qaz ehtiyatlarının istismarına başlayaq. İkincisi, bu layihə Azərbaycanı Avropa üçün mühüm enerji təchizatçısına çevirir və beləliklə də bizim uzun illərdən bəri olan arzumuzu gerçəkləşdirir. Üçüncüsü isə Xəzər regionu ilə Avropa bazarlarını birbaşa bağlamaqla o, Xəzər dənizindən Avropanın mərkəzinə qədər yerləşən ölkələrə mənfəətlər gətirir. Bu layihədən, ümumilikdə, 250 milyard dollara yaxın gəlir proqnozlaşdırılır. Azərbaycanın isə burada iqtisadi qazancı, təxminən, 30-40 milyard dollar civarında olacaq. Ölkəmizin bu layihədə siyasi cəhətdən əldə edəcəyi qazanca gəlincə, dünya dövlətlərinin Azərbaycana marağı daha da artacaq.

Məlumdur ki, bu gün dünyada, o cümlədən MDB ölkələrində olduqca gərgin siyasi proseslər müşahidə olunur. Məhz belə bir məqamda Azərbaycanda enerji ilə bağlı önəmli bir qərarın qəbul olunması onu göstərir ki, Avropa ölkəmizin stabil dövlət kimi inkişaf etməsində maraqlıdır. Ümumiyyətlə isə Azərbaycanın müstəqilliyini qoruyub-saxlamaq baxımından bu layihə böyük əhəmiyyət kəsb edirbir növ müstəqilliyimizin qarantı da sayı bilər.

- «Şahdəniz-2» yatağında qazın həcmi ilə bağlı proqnozlar necədir?

- Yatağın ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir. Şahdəniz Mərhələ 2 və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihələrinin ümumi dəyəri, təxminən, 28 milyard dollar təşkil edəcək. Nəhəng “Şahdəniz” yatağından hasil ediləcək ildə 16 milyard kubmetr qaz, təxminən, 3 500 kilometr məsafəyə nəql edilərək Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan və İtaliyadakı milyonlarla istehlakçını enerji ilə təmin edəcək. İlk qaz Gürcüstan və Türkiyəyə satılmaqla 2018-ci ilin sonlarına nəzərdə tutulur, Avropaya isə qazın bundan, təxminən, bir il sonra çatdırılacağı planlaşdırılır. Şahdəniz yatağından kondensat hasilatının hazırkə gündə, təxminən, 55 000 barel səviyyədən artaraq gündə 120 000 barelə çatacağı gözlənilir. Məlumatlara əsasən, “Şahdəniz” tərəfdaşları mövcud qurğular vasitəsilə hasilatın ildə, təxminən, 1,4 milyard kubmetr artırılması üçün şərtləri ARDNŞ-lə razılaşdırıblar. Yeni qərar isə o deməkdir ki, 9 Avropa şirkəti ilə bağlanmış qaz satışı müqavilələri artıq qüvvəyə minir. Nəticədə, “Şahdəniz” qazının ildə, təxminən, 10 milyard kubmetrinin 25 il ərzində İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara nəql ediləcəyi gözlənilir. Bundan başqa, “Şahdəniz Mərhələ 2”dən hasil olunacaq qazın ildə, təxminən, 6 milyard kubmetri Türkiyədəki istehlakçılara çatdırılacaq.

- Son illər Azərbaycanda neft hasilatı tədricən azaldığından, bu sahədən əldə edilən gəlirlərdə də azalma müşahidə olunur. Gələcəkdə Azərbaycanın qazdan əldə edəcəyi gəlirlər neft vəsaitlərinə alternativ ola bilərmi?

- Proqnozlar göstərir ki, qazdan əoldə olunacaq gəlirlər neft gəlirlərinə alternativ sayıla bilməz. Neftdən gələn gəlirlər bu ildən aşağı düşməyə başlayıb. Amma biz qazdan gələn gəlirləri yalnız 2020-ci ildə görəcəyik. Çünki 2019-cu ildə ixrac başlayacaq. Ona görə də yaxın 6 ildə hələlik qazdan gəlir gözlənilmir. Yəni yaxın 6 ildə də biz neft vəsaitlərindən istifadə edəcəyik.

 

Sevinc

 

Həftə içi.- 2013.- 19 dekabr.- S.5.