“Övladlarımın dördünün də adı muğam adlarıdır”

 

Qarabağ bülbülləri”nin bədii rəhbəri: “Mən 24 il ərzində şənbə-bazar və bayram günlərində belə istirahətin nə olduğunu bilməmişəm”

 

Mədəniyyətimizin beşiyi sayılan Ağdam şəhərində vaxtilə musiqi təhsil ocaqları olub ki, onların yetirmələrinin şöhrəti dünyanın hər yerindən gələrdi. Həmin məktəblər Ağdamdan kənarda olsa belə, bu gün də yaşayır. Belə məktəblərdən biri də paytaxtın Biləcəri qəsəbəsində yerləşən 284 saylı tam orta məktəbin binasında məskunlaşmış Xan Şuşinski adına Ağdam Uşaq Muğam Məktəbidir.

Məktəbin direktoru, “Qarabağ bülbülləri” ansamblının bədii rəhbəri, əməkdar mədəniyyət işçisi Rafiq Rüstəmovla müsahibəyə yollanarkən bu təhsil ocağının həyətindəki insan seli bizi təəccübləndirdi. Binaya yaxınlaşdıqca həzin və ezazkar səs daha aydın eşidilirdi. Az sonra məlum olur ki, müəllimlər və həmin ərazidən keçən sakinlər məktəbin həyətinə toplaşıb “Qarabağ bülbüllər”inin “Şur” muğamına qulaq asırmışlar. 1986-cı ildən Xan Şuşinski adına Ağdam Uşaq Musiqi Məktəbinin nəzdində yaradılmış “Qarabağ bülbülləri” ansamblı Yeni il şənliyinə hazırlaşırmış.

Nəhayət, içəri keçib Rafiq Rüstəmovu soraqlayırıq. Bizi otağına dəvət edən direktorla hal-əhval tutduqdan sonra məcburi köçkün məktəbinin indiki durumu, gələcəyi barədə söhbətə başlayırıq:

 

- Ağdamın işğalının 20-ci ilinin tamam olduğu 2013-cü ilarxada qalır. Bu 20 il ərzində tanınmış sənət adamlarından kimlərsə sizin məktəblə maraqlanıbmı?

- Heç kəsə sirr deyil ki, Xan Əminin adını daşıyan məktəb bu günöz şöhrətini qoruyub saxlayır. Çünki musiqi ocağında Qarabağın tanınmış xanəndələri Barat Fərhadov, Baxşeyiş Hüseynov kimi dünyaşöhrətli sənətçilər bu məktəbdə yeniyetmələrə muğamın sirlərini, səhnə mədəniyyətini öyrədirlər. Xanın adını daşıyan musiqi məktəbinin yetirmələri də elə Xan kimi olmalıdır. O ki qaldı sualınıza, bəli, Azərbaycanın bir sıra Xalq və Əməkdar artistləri, eləcə də sənət adamları bizim məktəbin yetirmələri olublar. Yetirmələrimiz var ki, onlar Heydər Əliyev Fondu tərəfindən keçirilən “Muğam” müsabiqələrinin, “Ulduz” yarışmalarnın qalibi olublar. Məktəbimizin qapısı hamının üzünə açıqdır. Tanınmış sənətçilərimizdən respublikanın Xalq artistləri Ramiz Quliyev, Mənsum İbrahimov, xanəndə Qəzənfər Abbasov, Mədəniyyət və Turizm Nazirliyinin təhsil şöbəsinin müdiri Yaşar Əliyev, əməkdar mədəniyyət işçisi Səyid Hacıyev məktəbimizlə sıx əlaqə saxlayır və istedadlı yeniyetmələrə öz dəyərli məsləhətlərini verirlər.

- Musiqi məktəbləri arasında sizin rəhbərlik etdiyiniz məktəb xüsusilə seçilir. Buna səbəb nədir?

- Məktəbimiz 1985-ci ildən fəaliyyət göstərir. O vaxtları Qarabağın kəndlərinə düşüb istedadlıları axtarıb musiqi məktəbinə cəlb edərdik. Ən gözəl ifaçılar da elə Qarabağda yetişiblər. Baxmayaraq ki, Qarabağ işğal altındadır, amma biz keçmiş ənənəni bu günqoruyub saxlayırıq. Yeganə məktəbdir ki, burada sırf məcburi köçkün uşaqları təhsil alır. Bu səbəbdən də sənətçilər bizim məktəbə üz tuturlar. Xalq artisti, professor Ramiz Quliyev bu yaxınlarda məktəbimizdə oldu. O, xalq çalğı alətləri üzrə keçirilən müsabiqəyə namizəd olan şagirdlərlə üz-üzə oturub, onları müsabiqəyə hazırlaşdırırdı.

- Məktəbin nəzdində fəaliyyət göstərən “Qarabağ bülbülləri” ansamblının və yaratdığınız “Üçlükün səsi tez-tez xarici ölkələrdən gəlir. Özünüz gedirsiniz, yoxsa sizi özləri dəvət edirlər?

- Öhdəmə düşən vəzifəmi öz şəxsi işimdən, yeri gələndə evimdən, ailəmdən üstün bilmişəm. Mən 24 il ərzində şənbə-bazar və bayram günlərində belə, istirahətin nə olduğunu bilməmişəm. Bizdə şənbə-bazar və bayram günləri yoxdur, çalışırıq ki, milli-mənəvi dəyərlərimiz olan muğamlarımızın sirlərini yüksək səviyyədə gələcək nəsilə öyrədək. Mənim üzərimdə bu günböyük məsuliyyət var, övladlarımın dördünün də adı muğam adlarıdır: Şahnaz, Rahab, Mahur və Şüştər. Çünki mən 12 yaşımdan Ağdamın Xındırıstan kəndində günün birinci yarısını orta məktəbdə, ikinci yarısını isə Cəlal Əliyevin rəhbərlik etdiyi Ağdam şəhər Uşaq Musiqi Məktəbində təhsili almışam. Cəlal müəllim öz otağında 5 il mənə musiqi dərsi keçib. Bu 5 il musiqi təhsili aldığım dövrdə Cəlal müəllim muğamlar haqqında o qədər dərin fikirlər söyləmişdi ki, artıq uşaqlıq dövründən muğam mənim xobbim olub. Onun üçün övladlarımın adlarını da elə muğam adları qoymuşam. Əldə etdiyimiz nailiyyətlər məhz bu münasibətdən doğur, dəvətlər də bundan irəli gəlir. Muğam məktəbi də mənim çəkdiyim əziyyəti yerdə qoymadı. Bu zəhmətin nəticəsidir ki, 22 xarici ölkələrdə qastrolda olmuşuq. Dövlət mənə əməkdar mədəniyyət işçisi fəxri adı verib. O cümlədən, “Avropa” Nəşrlər Evinin Mükafat Komissiyasının qərarı ilə milli-mənəvi dəyərlərin qorunmasında səmərəli fəaliyyətimə və ölkədə keçirilən mədəni-kütləvi tədbirlərində yaxından iştirakıma, cəmiyyətdəki fəal ziyalı mövqeyimə, muğam məktəbləri və mədəniyyət ocaqlarının müasir tələblər səviyyəsində işinin qurulmasında olan dəyərli elmi, vətənpərvərliklərinə, torpağına, vətəninə sonsuz sevgisinə, gənclərə vətənpərvər hisslərin aşılamasında ümummilli lider Heydər Əliyev ideyalarının sədaqətlə yerinə yetirilməsində və Azərbaycan mədəniyyətinin inkişafında göstərdiyi xidmətlərə görə “Qarabağ bülbülləri” ansamblın bədii rəhbəri və “ilin ən yaxşı muğam məktəbinin direktorukimi mən “Qızıl medalla təltif olundum.

- 2013-cü il məktəbiniz üçün hansı uğurları ilə yadda qalıb?

- Yola salmağa hazırlaşdığımız bir il müddətində uğurlarımız çox olub. Qarabağ bülbülləri” ansabmlı İtaliya səfərindən təzə qayıdıb. İtaliya və Azərbaycan diplomatik əlaqələrinin 20 illik yubileyi ilə əlaqədar Romada keçirilən mərasimdə Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə biziştirak etdik. Xan Şuşinski adına Ağdam Uşaq Muğam Məktəbinin şagirdi Əli Hacızadə həmin tədbirdəki ifası bütün zalı ayağa qaldırdı. Yubileydə Xalq artisti Alim Qasımovun qrupu, eləcə də Xalq artisti Teymur Göyçəyovun rəhbərlik etdiyi orkestrdə çıxış etdirdi. Azərbaycanda elə bir dövlət tədbirləri olmayıb ki, bizim məktəb orda iştirak etməsin. Hər bir tədbirdə də uğurla çıxış edərək, fəxri diplom və fərmanlara, pul mükafatlarına layiq görülmüşük.

- Televiziyalarla əməkdaşlıq hansı səviyyədədir?

- Televiziyalar da bizimlə əməkdaşlıq edir. Yetirmələrimiz tez-tezLiderTV-nin 1 saat 30 dəqiqəlik “Səhər çağı” verilişində iştirak edirlər. Bu yaxınlarda məktəbimizin şagirdləri Əli Hacızadə, Rəvan İsmayılov və Gündüz Nəcəfov geniş proqramla çıxış etmişdi. Hər iki yeniyetmənin gözəl səsləri var, inanıram ki, onlar gələcəyin ən gözəl ifsaçılarına çevriləcəklər. Bu yaxınlarda “İTV”də böyük konsert proqramı ilə çoxsaylı tamaşaçılar qarşısında çıxış edəcəyik. Eləcə də “Lider”də “Səhər çağı” verilişinin qonağı olacağıq. Məktəbin “Qarabağ bülbülləri” ansamblının üzvləri Əli Hacızadə, Gündüz Nəcəfov, Rəvan İsmayılov, Günel Tağıyevanın canlı ifaları səsləndiriləcək.

 

Qələndər Xaçınçaylı

 

Həftə içi .- 2013.- 26 dekabr.- S.7.