Yeni sığorta növünün tətbiqinə başlanır 

 

Hüquqi xərclərin sığortası təkcə sığorta bazarının deyil,

hüquq xidmətinin inkişafına təkan verə bilər

 

Azərbaycanda sığorta növlərinin siyahısında dəyişiklik edilib. "Sığorta fəaliyyəti haqqında" qanuna edilən əlavə və dəyişikliklərə əsasən, yeni hüquqi xərclərin sığortası növü yaradılıb. Yəni hüquqi xərclərin sığortası müxtəlif hallarda lazım olan hüquqi xidmətlərin xərcinin ödənilməsi üçün istifadə olunacaq. Bura hüquqi müdafiə, məsləhət, danışıqların aparılması və digərləri aiddir. Bundan başqa, yeni sığorta növü vasitəsilə istintaq, məhkəmə, arbitraj və digər bu kimi icraatların keçirilməsi zamanı ortaya çıxan xərclərin tam və ya qismən ödənilməsi də sığorta ödənişi hesabına aparıla bilər.

 

Bəs, görəsən, yeni sığorta növünün əsas əhəmiyyəti nədən ibarətdir? Bu sığortanın praktikada tətbiqi gələcəkdə hansısa çətinliklər yarada bilərmi?

«Azərbaycan Hüquq İslahatları Mərkəzi» İctimai Birliyinin sədri Anar Bağırov məsələni “Həftə içi”nə şərh edərkən deyib ki, son dönəmlər ölkə qanunvericiliyinin liberallaşdırılması və onun daha da intensivləşən kommersiya münasibətləri ilə uzlaşdırılması məqsədilə müvafiq sahəvi normativ aktlar mütəmadi şəkildə dəyişikliklərə məruz qalır. Onun fikrincə, iş o həddə çatıb ki, hətta bəzən bu cür dəyişikliklərin həcminin çoxluğu yerli hüquqşünaslar tərəfindən narazılıqla da qarşılanır. Çünki qanunvericilikdəki yeniliklərin izlənilməsi və bu dəyişikliklərin gətirdiyi yeni normaların tətbiqi prosesində hüquqşünasların müxtəlif çətinliklərlə qarşılaşmaları da heç kimə sirr deyil: “Amma bu yaxınlarda “Sığorta fəaliyyəti haqqında” qanuna bir sıra dəyişikliklər edilib ki, həmin dəyişikliklər öz təbiəti etibarilə sələflərindən keyfiyyətcə fərqlənməkdədir. Bu dəyişikliklər vəkillər, xüsusən hüquqi xidmət sferasında çalışan hüquqşünaslar üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, adı çəkilən qanuna “hüquqi xərclərin sığortası” adlı yeni sığorta növü əlavə edilib. Bu sığorta növünün mahiyyətini sadə şəkildə belə izah edə bilərik: “hüquqi xərclərin sığortası”ndan istifadə etmək istəyən şəxs, sığorta şirkəti ilə müqavilə bağlayaraq bunun üçün aylıq və ya illik ödəniş edir. Müqaviləyə əsasən, əgər şəxs gələcəkdə hər hansı hüquqi problemlə, məhkəmə çəkişməsi ilə və ya müəyyən məsələ ilə bağlı hüquqi mübahisə ilə rastlaşarsa, bu zaman sığorta şirkəti həmin şəxsin hüquqi müdafiəsi ilə bağlı bütün xərcləri çəkməyi öz üzərinə götürəcək».

 

Azərbaycanda yeni, Avropada köhnə

 

Ekspert onu da vurğulayıb ki, ölkəmizin sığorta bazarı üçün bu cür sığorta növü yeni olsa da, inkişaf etmiş qərb ölkələrində bu praktikadan uzun illərdir istifadə olunur. Anar Bağırovun sözlərinə görə, hazırda “hüquqi xərclərin sığortası” əsasən, inkişaf etmiş qərb ölkələrinin təcrübəsində geniş istifadə olunur. Buraya ABŞ və Avropa İttifaqına üzv ölkələr daxildir: “Həmin ölkələrdə bu sığorta növünün iki modifikasiyasından istifadə olunur. Bunlardan birincisi “hadisədən əvvəl hüquqi xərclərin sığortası” adlanır ki, bu sığortadan istifadə edən şəxs özünü əsasən, ehtimal olunan məhkəmə çəkişmələrindən sığortalamaq üçün yararlanır. Burada ödənilən sığorta ödənişi sığortalının vəkil, ekspert və şahid xərclərini qarşılayır. Avropada bu sığorta növü əsasən, avtomobillərin kasko sığortası çərçivəsində təmin edilir. Məsələn, yol-nəqliyyat hadisəsi ilə bağlı şəxs əgər məhkəməyə verilərsə, sığorta polisi olduğu təqdirdə sığorta şirkətinin hüquqşünasları həmin şəxsi məhkəmədə müşayiət edəcəkdir”.

İkinci növə “hadisədən sonra hüquqi xərclərin sığortası” aiddir. Məsələn, əgər şəxs mülki işlə bağlı hər hansı hüquqi və ya fiziki şəxs tərəfindən məhkəməyə verilərsə və həmin məhkəməni uduzarsa, sığorta şirkəti onun (uduzan tərəfin) ödəməli olduğu bütün maddi təzminatları qarşılamağı öz öhdəsinə götürür. Anar Bağırovun sözlərinə görə, Avropada bəzən vəkillə müştəri arasında elə hüquqi xidmət müqaviləsi bağlanılır ki, həmin müqaviləyə əsasən, əgər vəkil prosesi uduzarsa, öz müştərisindən xidmət haqqı tələb etməyəcəyinə söz verir. Lakin belə olan halda həmin vəkil müştəridən “hadisədən sonrakı hüquqi xərclərin sığortası” şəhadətnaməsini tələb edir. Yəni, vəkil prosesi uduzduğu zaman onun məsrəflərini müştərisi deyil, sığorta şirkəti ödəmiş olur.

 

8-200 avroluq sığorta

 

Anar Bağırov bildirib ki, hazırda Avropada “hüquqi xərclərin sığortası”ndan istifadə etmək üçün ödənilən illik sığorta haqqının məbləği 8-200 avroyadək dəyişir. Məbləğin bu qəribə intervalı isə sığorta hadisəsinə görə sığorta şəhadənaməsi ilə əhatə olunan hüquq sahələrinin sayı ilə bağlıdır. Onun sözlərinə görə, bu sığorta növünə əsasən, hüquqi xidmət həm cinayət, həm mülki, həm iqtisadi, həm inzibati, həm də digər sahələr üzrə göstərilə bilər: “Məsələn, hazırda İngiltərədə bu sığortadan istifadə edənlərin sayı əhalinin 60 faizdən çoxunu əhatə edir. Ümumiyyətlə, Avropa İttifaqında bu sığorta növü 1987-ci ildən geniş şəkildə istifadə olunur. Orada “Hüquqi xərclərin sığortası haqqında” 87/344/EEC saylı Direktiv qüvvədədir ki, İttifaqa üzv ölkələr həmin direktiv əsasında, bu sahədəki öz milli qanunvericiliklərini formalaşdırıblar».

Bununla belə, ekspert deyib ki, beynəlxalq təcrübədə bu institutun tətbiqi zamanı problemlər də ortaya çıxır. Anar Bağırovun fikrincə, bu sığorta növünün istifadəsi zamanı qarşılaşılan əsas çətinliklərdən biri sığorta olunanın sığorta hadisəsi baş verdiyi zaman ona xidmət göstərəcək hüquqşünasın seçiminin sığorta şirkətinin heyətində olan hüquqşünaslarla məhdudlaşmasıdır: “Əslində, sığorta şirkəti sığorta hadisəsi baş verən zaman sığorta olunana hüquqi xidmət göstərəcəyini vəd edir, lakin həmin xidmətin keyfiyyətinə zəmanət vermir. Bu cür müəmmalı vəziyyət çox vaxt bu cür sığorta növündən istifadə etmək niyyətində olanların sayına da mənfi təsir göstərə bilir. Zənnimcə, gələcəkdə belə problemlərlə rastlaşılmaması üçün ölkəmizdə fəaliyyət göstərən sığorta şirkətləri əvvəlcədən hüququn müxtəlif sahələri üzrə ixtisaslaşmış peşəkar yerli hüquq şirkətləri ilə əməkdaşlıq etsələr, özlərini həm müştəri narazıçılığından sığortalayar, həm də ki, öz müştəri bazasının artmasına töhfə vermiş olarlar».

 

Hüquqi xidmətə dəstək

 

Vəkil onu da vurğulayıb ki, bu təcrübə korrupsiyaya şərait yaradan halların qarşısının alınmasında əhəmiyyətli rol oynaya bilər. Çünki bu sığortadan istifadə edildikdə və sığorta hadisəsi baş verdikdə məhkəmənin qarşısına sadə vətəndaş deyil, peşəkar sığorta və ya hüquq şirkəti çıxacaq. Bu isə məhkəmə proseslərinin daha da ciddiləşməsinə səbəb olacaq, hüquqi məlumatlılığı məhdud olan vətəndaşların prosessual hüquqlarının ehtimal olunan pozuntusu riski minimuma enəcək.

Anar Bağırov hesab edir ki, bu təcrübə illər ərzində oturuşmuş peşəkar hüquq ənənələrinin formalaşmasına da imkan yaradacaq. Onun fikrincə, ilk baxışdan sadə görünən “hüquqi xərclərin sığortası” təcrübəsi Azərbaycanda təkcə sığorta bazarının deyil, həm də hüquq xidmət bazarının inkişafına təkan verməklə vətəndaşlarımızın hüquqlarının müdafiəsinə sözün əls mənasında dəstək vermiş olacaq. Hətta vətəndaşlar üçün cüzi məbləğ qarşılığında bu sığorta növünün icbariləşdirilməsi ölkəmizdə mövcud olan hüquqi yardım probleminin gələcək həllinə müəyyən mənada təkan vermiş ola bilər.

 

Sevinc

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

  Həftə içi.- 2013.- 26 dekabr.- S.6.