İqtisadiyyatımızın 2014 mənzərəsi 

 

Vüqar Bayramov: «Ölkədə iqtisadi şaxələnmə proqnozlaşdırılsa da, 2014-cü il həm də qiymətlərin artması ilə yadda qalacaq»

 

Artıq köhnə il başa çatır. Bu həm də o deməkdir ki, 2013-cü ilin büdcəsinin son vəsaitlərini xərcləyirik. Bir neçə gündən sonra isə yeni ilin büdcə vəsaitlərinin xərclənməsinə başlanacaq.

Bəs, görəsən, 2014-cü il dövlət büdcəsi ilə bağlı proqrozlar necədir? Ümumiyyətlə, gələn il ölkənin iqtisadi mənzərəsi necə proqnozlaşdırılır?

Məsələni «Həftə içi»nə şərh edən İqtisadiSosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirib ki, 2014-cü ilin dövlət büdcəsi iqtisadiyyatın şaxələndirilməsi baxımından atılan ən ciddi addımlardandır. Onun sözlərinə görə, yeni ilin büdcəsində ilk dəfə olaraq neft gəlirləri 70 faizdən az olacaq: «Büdcədə neft gəlirləri 65 faiz, qeyri-neft sektorundan gələn gəlir isə 30-35 faiz təşkil edəcək. Bu da neft ölkəsi üçün kifayət qədər ciddi rəqəmdir. Eyni zamanda, bu əsas iqtisadi göstərici kimi ÜDM-də də özünü göstərir. Belə ki, ÜDM-də qeyri-neft sektorunun payı ilk dəfədir ki, 60 faizdən çox olacaq. 2014-cü ildə qeyri-neft sektorunun ÜDM-də payı 61,5 faizdən çox olacaq. Bu, o deməkdir ki, ÜDM-də neft sektorunun payı 40 faizdən az olacaq, həm ÜDM-nin, həm də büdcənin strukturu baxımından Azərbaycan 2014-cü ilin büdcəsi ilə iqtisadiyyatın şaxələndirilməsi baxımından ciddi addımlar atacaq.

Bu, iqtisadiyyatın şaxələndirilməsinin başlanması və büdcənin daha real olması deməkdir».

 

Neft istehsalı 43 milyon ton azalacaq...

 

Ekspert 2014-cü ildə Azərbaycanda daha az neft istehsalının proqnozlaşdırıldığını da vurğulayıb. Vüqar Bayramovun hesablamalarına görə, gələn il Azərbaycanda təqribən 43 milyon tondan az neft istehsal olunacaq ki, bu da neft istehsalının 2014-cü ildə azalacağından xəbər verir. Amma onun fikrincə, iqtisadiyyatın şaxalənməsi qeyri-neft sektorunun inkişafına təkan verəcək: “Yəni neftin azalması fonunda qeyri-neft sektorunun inkişaf etdirilməsi praktiki olaraq iqtisadiyyatin şəxələndirilməsi üçün geniş imkanlar açacaq. Ümumilikdə isə biz gələn il qeyri-neft sektorunda təqribən 11 faizlik artım proqnozlaşdırırıq. Bu, o deməkdir ki, gələcək illərdə Azərbaycan iqtisadiyyatının neftdən asılılığının aradan qaldırılması mümkün olacaq».

Azərbaycanda 2014-cü ilin həm qiymətlərin artması ilə yadda qalacağını diqqət çəkən Vüqar Bayramov qeyd edib ki,benzinin qiymətinin artması gələcəkdə tənzimlənən qiymətlərə yenidən baxılmasının proqnozlaşdırılması istehlak bazarında qiymət artımlarına səbəb olacaq: “2014-cü ilin dövlət büdcəsində xərcləmələrin yüksək olaraq qalması dövlət büdcəsindən istehlak bazarından daha çox vəsaitin daxil olmasına səbəb olacaq ki, bu da öz növbəsində qiymət artımlarına gətirib çıxaracaq. Ölkədə inflyasiya səviyyəsini birrəqəmli həddə proqnozlaşdırsaq ki, inflyasiya artaraq təxminən 7-8 faizə çatacaq”.

 

...Əvəzində qeyri-neft sektoru güclənəcək

 

Ekspert onu da deyib ki, 2014-cü ildə 2010-cu ildən başlanan qeyri-neft sektorundakı ikirəqəmli artım tempi qorunub saxlanılacaq və yeni ildə ölkədə qeyri-neft sektorundakı artım 10 faiz olacaq: «Nəzərə alsaq ki, ÜDM-nin artımı 5 faiz olacaq, bu o deməkdir ki, ÜDM-dəki artım daha çox qeyri-neft sektorunun payına düşəcək. 2010-cu ildən götürülən siyasət, yəni, qeyri-neft sektorunun artımı siyasəti həm büdcədə, həm də makroiqtisadi göstəricilərdə özünü bariz şəkildə ifadə edəcək. Dövlət büdcəsinin gəlirlər hissəsinin strukturunda diqqət çəkən başqa bir məqam ondan ibarətdir ki, artıq vergidən gələn gəlirlərdə artım var. 6 faiz bənd vergi gəlirlərinin payına düşür. Bir tərəfdən, Dövlət Neft Fondu tərəfindən ciddi azalma var, təbii ki, yerli ekspertlər də bu azalmaların tərəfdarıdır. Digər məqam odur ki, vergili daxilolmalar artır. Bu daxilolmaların 11 faiz artması dövlət büdcəsi strukturunda kifayət qədər müsbət dəyişikliklər baş verməsi anlamına gəlir. Dövlət büdcəsinin gəlir hissəsi vergili gəlir hesabına formalaşır. Bunun ümumilikdə payı dövlət büdcəsinin strukturunda 40 faizədək yüksələcək. Bu, o deməkdir ki, artıq hər 100 manatdan 40 manatı birbaşa vergilərin payına düşür. Bu da büdcə gəlirlərinin dayanıqlığı baxımından olduqca vacibdir».

 

Sevinc

 

Həftə içi.- 2013.- 27 dekabr.- S.5.