Məsuliyyətsiz valideynlər cəzalandırıla bilər 

 

Azərbaycanda bununla bağlı yeni qanunvericilik bazası hazırlanıb

 

Etiraf etmək lazımdır ki, bu gün Azərbaycan ailələrində uşaqlara fərqli münasibət mövcuddur. Belə ki, cəmiyyətimizdə övladları qarşısında öz məsuliyyətini dərk edən valideynlərlə yanaşı, bu hissi anlamayanların sayı kifayət qədərdir. Məhz bu səbəbdəndir ki, hər il onlarla uşağın gələcək həyatı sual altına düşür.

Yeri gəlmişkən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycanda valideyn məsuliyyətinin artırılması ilə bağlı qanunvericilik paketi hazırlayıb. Bu barədə jurnalistlərə məlumat verən sözügedən qurumun sədrinin müavini Aynur Sofiyeva deyib ki, aparılan araşdırmalar uşaqlarla bağlı bütün problemlərin kökündə valideyn məsuliyyətsizliyinin dayandığını göstərir. Onun sözlərinə görə, valideyn məsuliyyətinin artırılması istiqamətində Dövlət Komitəsi tərəfindən qanunvericilik paketi hazırlanıb və müvafiq qurumlara təqdim olunub. Həmçinin artıq müvafiq dövlət qurumlarının, QHT-lərin nümayəndələrinin iştirakı ilə Monitorinq Qrupu yaradılıb. Üstəlik regionlarda bu sahədəki vəziyyətin öyrənilməsi ilə bağlı monitorinq aparılıb və hazırda müvafiq təkliflər hazırlanır.

Bəs görəsən, övladının gələcək həyatına məsuliyyətsiz yanaşan valideynə qarşı mövcud qanunvericilikdə hansısa cəza tədbirləri nəzərdə tutulubmu? Ümumiyyətlə, hansı hallarda valideynin valideynlik hüququ əlindən alına bilər?

Məsələyə münasibət açıqlayan Uşaq Hüquqlarını Müdafiə Liqasının sədri Yusif Bəkirovun sözlərinə görə, azyaşlıların hüquqları BMT-nin 1989-cu ildə qəbul olunan "Uşaq hüquqları haqqında beynəlxalq konvensiyası"na uyğun olaraq tənzimlənir: "Uşaqların hüquqlarının tanınması demokratiya məsələsidir. Ancaq Azərbaycanda bu məsələyə münasibət fərqlidir. Valideyn uşağa xüsusi mülkiyyət kimi baxır. Uşaqlar da hüquqlarını bilmirlər".

 

Uşaqların maarifləndirilməsinə ehtiyac var

 

Ekspert bu məsələdə uşaqların maarifləndirilməsini vacib sayıb və deyib ki, bunun üçün televiziyanın, mətbuatın mütəmadi olaraq məsələni qabartması gərəkdir. Onun sözlərinə görə, əslində maarifçilik və təbliğat məsələləri ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mütəmadi olaraq məşğul olmalı və bu yöndə KİV-in imkanlarından istifadə etməlidir: “Amma görünən odur ki, bu məsələ ilə bağlı görülən işlər keyfiyyətli aparılmır».

Yusif Bəkirov müvafiq icra hakimiyyəti orqanlarının tərkibində uşaq hüquqları müdafiə şöbəsinin fəaliyyət göstərdiyini və adıçəkilən qurumun xüsusilə risk qrupuna daxil olan ailələrdə mütəmadi olaraq monitorinq aparmalı olduğunu bildirib: "Məsələn, hər kəsə bəllidir ki, valideyn uşağını döyməklə ailədə avtoritar rejim yaradır. Bunun nəticəsində uşaqlar zəif, qorxaq, öz fikri olmayan, tez təsir altına düşərək böyüyür ki, bu da onlarda aqressiyaya gətirib çıxarır. Uşağını döyən valideynin məsuliyyətə cəlb olunması isə məsələyə ən son müdaxilədir. Bu istiqamətdə isə həmin şöbənin mütəmadi olaraq monitorinq keçirməsi vacibdir ".

 

Qanunvericilikdə müəyyən müddəalar var, amma…

 

Uşaq Hüquqları üzrə QHT Alyansının İdarə Heyətinin sədri Nazir Quliyev isə hesab edir ki, Azərbaycanda uşaq hüquqlarının pozulmasının başlıca səbəbi valideyn məsuliyyətsizliyidir. Belə ki, uşaqların zorakılığa məruz qalmasında, onların əməyə cəlb olunmasında valideynlərin "böyük rolu" var. Onun fikrincə, hazırda Azərbaycanda valideynlərin böyük əksəriyyəti uşaq hüquqlarına hörmətlə yanaşmır. Belə ki, valideynlər mütəmadi uşaqların hüququnu pozur, çox zaman uşaqlara gəlir mənbəyi kimi baxır: “Bəzi valideynlər belə düşünür ki, uşaq işləməli, evə gəlir gətirməlidir. Təbii ki, sosial ehtiyacı olan ailələr var ki, belə ailələrdə uşaqların çalışması az da olsa başa düşüləndir. Amma bir çox ailələr var ki, valideynlər evdədir, çalışmır, amma uşaqları ya dilənçiliyə, ya da əməyə məcbur edirlər".

Nazir Quliyev əlavə edir ki, belə hallar İnzibati Xətalar Məcəlləsində müəyyən müddəalarla tənzimlənsə də, qanunvericiliyin özündə valideyn məsuliyyətini sərtləşdirə biləcək normalar mövcud deyil. O hesab edir ki, Ailə Məcəlləsində valideynlik hüquqlarından məhrumetmə maddəsinin müddəalarını daha da genişləndirmək və sərtləşdirmək lazımdır.

Qızların erkən ərə verilməsi, onların nəyəsə məcbur edilməsi hallarını valideynlik hüququndan məhrumetmə müddəalarına salınmasının vacib olduğunu bildirən ekspert deyir ki, Ailə Məcəlləsində valideynlik hüququndan məhrumetmənin əsaslarında "Uşaqla amansız davrandıqda" yazılır: "Amansız termini bir qədər ağırlaşdırılmış formadı. Amansız kiminsə gözünü çıxarmaq, kiminsə xəsarət yetirmək kimi qəbul edilir. Bir çox ölkələrdə uşaq hüquqlarının pozulması, uşağa qarşı etinasızlıq valideynlik hüququndan məhrum etmənin əsasları sayılır".

Nazir Quliyev bildirir ki, ölkədə uşaq müraciət sistemində böyük problemlər mövcuddu. Onun sözlərinə görə, riskli ailələrin müəyyən edilməsi prosesi çətin olduğu üçün ailələrdə uşaqlar bir çox problemlərlə üzləşir, amma hara müraciət edəcəklərini bilmirlər: “Bunun da nəticəsində uşaq intiharlarının sayı artır. Təklif edirəm ki, problemli ailələrdə valideyn məsuliyyətini yaratmaq üçün uşaq reabilitasiya mərkəzləri fəaliyyət göstərməlidir. Belə olarsa, valideynlər uşaqları ilə başqalarının da ünsiyyətdə olduğunu bilib, onların hüquqlarını pozmaqdan ehtiyat edərlər".

 

Valideynlik hüququndan məhrumetmə yalnız məhkəmə yolu ilə mümkündür

 

"Azərbaycan Hüquq İslahatları Mərkəzi" ictimai birliyinin hüquqşünası Fərhad Nəcəfov isə bildirib ki, valideynlik hüququndan məhrumetmə yalnız məhkəmə yolu ilə mümkündür: «Əslində qanunvericiliyimiz "valideynlik hüquqlarından məhrumetmə" anlayışı altında həm ananın, həm də atanın bu hüquqlardan məhrum edilməsi şərtlərini bərabər əsaslar üzrə müəyyən edib. Çünki əvvəlki praktikadan fərqli olaraq 2000-ci ildən qüvvəyə minmiş Ailə Məcəlləsində valideynlik hüququndan məhrumetməyə əsas olan halların siyahısı genişləndirilib. Məcəlləyə əsasən, məhkəmə belə işlərə baxarkən valideynlər tərəfindən öz vəzifələrinin yerinə yetirilməməsi, alimentin qəsdən ödənilməməsi, valideynlik hüququndan sui-istifadə edilməsi, uşaqlara qarşı məişət zorakılığının törədilməsi, uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayətin törədilməsi və s. halları nəzərə almalıdır».

Fərhad Nəcəfov bildirib ki, məhkəmə valideynlik hüquqlarından məhrumetmə işlərinə valideynlərdən birinin ərizəsinə, habelə yetkinlik yaşına çatmayanların hüququnu müdafiə edən orqanın və ya müəssisələrin müraciətinə əsasən, onların iştirakı ilə baxır. Onun sözlərinə görə, məhkəmə belə işlərə baxarkən valideynlik hüquqlarından məhrum edilmiş valideynlərdən uşağa aliment tutulması məsələsini də həll edir.

Hüquqşünas qeyd edib ki, valideynlik hüquqlarından məhrum edilmiş valideynlər uşağa münasibətdə həmin uşaqla qohumluq faktına əsaslanan bütün hüquqlarını, o cümlədən, uşaqdan təminat almaq, habelə uşaqlar üçün təyin edilmiş dövlət müavinəti almaq və imtiyazlardan istifadə etmək hüququnu itirirlər. Lakin valideynlik hüququndan məhrum edilmiş valideynlər uşaqların saxlanmasını təmin etmək vəzifələrindən azad edilmirlər: "Valideynlik hüquqlarından məhrum edilmiş valideynlərin (onlardan birinin) uşaqları mənzilə xüsusi mülkiyyət hüququna və ya ondan istifadə hüququna, uşağın valideynlərlə və başqa qohumlarla qohumluq faktına əsaslanan əmlak hüquqlarına, o cümlədən, vərəsəlik hüququna malikdir. Konstitusiyamıza görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Yəni burada uşaqlara qayğı göstərilməsi ilə bağlı valideynlərə münasibətdə ayrı-seçkiliyə yol verilməyib».

 

Sevinc

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

 Həftə içi.- 2013.- 8-10 iyun.- S.6.