Peyğəmbərimizin müridi - Veysəl Qərani 

 

İslam dünyasının hər yerindən müqəddəs ziyarətgahı görməyə zəvvarlar gəlir

 

Veysəl Qərani ocağını çoxdandır ziyarət etmək istəyirdik, amma hansısa səbəblər imkan vermirdi. Buna baxmayaraq, mayın ilk günlərində bu istəyimizi reallaşdırdıq. Uçulub-dağılmış yarı torpaq, yarı daşlı yolla uzun sürən yolçuluqdan sonra nəhayət ki, Ağdaş rayonunun Güneyində yerləşən Xınalı (Qaxay) kəndi ərazisindəki böyük bir məzarlığa çatdıq. Kəndin ətrafında salınmış məzarlığın həm içi, həm də ətrafı digər yerli qəbiristanlıqlardan xeyli təmiz və səliqəli idi. Girəcəkdə bir neçə bina – kiçik məscid, bulaq və ziyarətə gələnlərin dincəlməsi üçün yardımçı tikililər vardı. Veysəl Qəraninin məzar – türbəsi isə qəbiristanlığın mərkəzində yerləşirdi. İnsanların bu müqəddəs ocağa rahat gedib-gəlməsi üçün isə giriş qapısından türbənin kandarınadək ensiz cığıra daş plitələr döşənmişdi.

 

Göylərlə təmasda olan məzar

 

Evliyanın ikiotaqlı türbəsi dördkünc formada, üstüaçıq alçaq divarlardan ibarətdir. Otaqlardan birində içəridə – ortada Veysəl Qəraninin məzarı yerləşir. Onun baş tərəfində isə onunla eyni vaxtda şəhid olmuş üç naməlum adamın məzarı var. Hansı ki, onlardan da biri çökdüyündən ancaq sinədaşından hiss olunur. Veysəl Qəraninin sinədaşı adi daşdan olsa da, başdaşı təmiz ağ mərmərdən yonulub. Amma uzun müddət ziyarətə gələn insanlar tütyə kimi başdaşından qırıntılar qoparıb apardıqlarından onun yarısı yoxdur. Döşəməyə kafel döşənib və üzəri xalı-palazlarla örtülüb. Bu yerdə döşəmədəki barmaq girə biləcəyi qədər dar bir deşiyi göstərən hacı Məzahir bildirdi ki, orada (qəbrin içində – V.T) yeddiqardaş ilanlar yaşayır. Nazik və qara ilanlar tez-tez oradan çıxaraq məzarın ətrafında özlərini günə verirlər və yenə də yerlərinə qayıdırlar. Hətta divarların üstündə də çox vaxt ilanları görmək mümkündür, amma heç vaxt onlar ziyarətə gələnlərə xətər yetirmirlər. Hacı onu da qeyd etdi ki, dəfələrlə türbənin üstünü günbəzlə bağlayıblar, amma səhər gəlib görüblər ki, dam örtüyü kənara atılıb. Yəni məzar bir növ göylərlə açıq təması sevir…

Qonşu otağa da baş çəkdik. İçəri ortalıq çökəklik idi və üzərini ot-alaq basmışdı. Hacı Məzahir bildirdi ki, bura «Şəhidlər məkanı» adlanır. Çünki bura qazılarkən çox sayda insan sümükləri çıxıb və toplu məzar olduğunu düşünərək sümükləri yenidən torpağa basdırıblar. Türbənin qarşısında isə cərgəylə son 312 il ərzində ziyarətgaha xidmət göstərən 12 nəslin rəhmətə getmiş nümayəndələrinin məzarları yerləşir. Yeri gəlmişkən, bu qəbirlərdən ən qədimi İsmayıl Allahverdi oğlunun məxsusdur və 300 il əvvələ aiddir.

 

14 əsrin ilahi möcüzəsi

 

Kölgədə başında ağ araqçın olan bir gənc 4-5 yeniyetməyə ziyarətgahın kəramətindən danışırdı. Biz də Bakıdan gəldiyimizi və reportaj hazırlamaq istədiyimizi bildirdikdə, gənc özünün nəsillikcə ziyarətgahın xidmətində dayanmış sülalədən – Hacı Məzahirin oğlu Xəyyam olduğunu desə də, bizə bu işdə atasının kömək göstərə biləcəyini bildirdi.

Hacı Məzahir dedi ki, bu gün heç bir yazılı mənbə Veysəl Qəraninin doğum tarixi barədə dəqiq bilgi vermir. Buna baxmayaraq, onun 6-cı əsrin sonu, 7-ci əsrin əvvəllərində Yəmənin Qərn kəndində yaşadığı məlumdur: «Veysəl qərani anası ilə birlikdə yaşayıb. Çox kasıb olub, kəndin dəvələrini otarar və qazandığı az miqdarda pulla anası ilə birtəhər dolanırmış. Ömrünü Allaha, İslama və dinimizin banisi Məhəmməd Peyğəmbərə sevgiylə keçirib. Hər zaman Peyğəmbəri görmək ümidiylə yaşayıb, amma heç vaxt onunla görüşə bilməyib».

 

Peyğəmbəri görmədən qayıtdı

 

Bu yerdə hacı Məzahir dini rəvayətlərdən birini nəql edir. Bildirir ki, günlərində birində Veysəl Qərani anasından Ərəbistana gedib Peyğəmbəri görmək üçün icazə istəyir. Anası ona icazə verir, amma tapşırır ki, birbaşa evinə getsin, orada görsə əla, görə bilməsə geri – Yəmənə qayıtsın: «Veysəl Qərani peyğəmbərliyin 9-10-cu illərində Məkkəyə gəlir və soraqlaşıb Allah elçisinin evini tapır. Qapını döydükdə qarşısına Peyğəmbərin kiçik qızı Fatima çıxır və ondan kim olduğunu soruşur. Veysəl Qərani də özünü tanıdır və ona Peyğəmbəri görmək üçün Yəməndən gəldiyini deyir. Fatima atasının məsciddə olduğunu bildirdikdə Veysəl Qərani «anam mənə yalnız evə gəlməyimi, görə bilməsəm geri qayıtmağımı tapşırıb» deyərək Yəmənə qayıdır». Hacı Məzahir rəvayətin ardında bildirdi ki, axşam Məhəmməd Peyğəmbər evə gələndə xoş ovqat, ecazkar ətir duyur və qızından onlara kimin gəldiyini soruşur. Fatima Yəməndən Veysəl Qəraninin gəldiyini xəbər verəndə Peyğəmbərimiz onun gözlərindən öpüb «Eşq olsun o gözlərə ki, mənim görə bilmədiyim bir müqəddəsi görüb» deyir.

Veysəl Qəraninin kəramətlərindən biri də başqa rəvayətdə belə nəql olunur: «Veysəl Qərani Peyğəmbərin evində olarkən taxçadakı şüşə qabın içində bir diş görür və onun niyə orada saxlandığını Fatimadan soruşur. Fatima da deyir ki, həmin düş peyğəmbərindir və Uhud döyüşündə sındırılıb. Bunu eşidən Veysəl Qərani Yəmənə qayıdan kimi ağzındakı dişlərin hamısını sökdürür ki, əgər Allahın elçisinin dişi sındırılıbsa, onun da ağzında dişlərini saxlamağa haqqı yoxdur…».

 

Allahın elçisi əbasını göndərdi…

 

Tarixdən də məlumdur ki, Veysəl Qərani Peyğəmbəri görməsə də, Allahın elçisi onun varlığından və böyük Yaradanın nəzərlərində uca olduğundan hali idi. Hətta Məhəmməd Peyğəmbərin ömrünün sonlarında öz əbasını əmisi oğlu və kürəkəni həzrət Əliyə və həzrət Ömərə verərək aparıb Veysəl Qəraniyə çatdırmalarını tapşırır. «Həmin iki müqəddəs əshabə də tapşırıq üzrə Yəmənə gəlir və Qəranini namaz qılarkən tapırlar. Namazı bitirən kimi özlərini tanıtdırıb Peyğəmbərin hədiyyəsini ona verirlər. Veysəl Qərani də əbanı onlardan alıb qonşu otağa keçir və uzun müddət ordan qayıtmır. Bunu görən həzrət Əli ilə həzrət Ömər qonşu otağa keçəndə onun dizüstə çöküb Allaha yalvardığını, həmin əbanın Peyğəmbərin ona bağışladığını eşitməyincə geyməyəcəyini deyir. Bu an qeybdən ona səs gəlir ki, geyinsin…» deyən hacı Məzahir əlavə edir ki, Veysəl qərani görməyə-görməyə Peyğəmbərlə bu qədər bağlı olan yeganə müqəddəs şəxsiyyətdir.

 

«Allah onun andını yerinə yetirir»

 

Müqəddəs hədislərdə Allahın rəsulu Veysəl Qəraninin tabein dövrünün böyüklərindən olduğunu bildirib, həzrət Ömərə digər səhabələrə onun haqqında bəzi tövsiyələrini verib: “Üveys bir şey barəsində Allaha and içərsə, şübhəsiz ki, Allah onun andını yerinə yetirər, duasını qəbul edər. Duası qəbul olan bir zat olduğuna görə əgər özünüzə dua bağışlanma etdirə bilərsinizsə, etdirin” (Müslim, Fəzail əs-Səhabə, 224). Yalnız Peyğəmbərin vəfatından sonra Mədinəyə gəlib çata bilən Üveysi axtarıb tapan həzrət Ömər Allahın rəsulunun sözlərini ona çatdırıb özü üçün dua etdirmişdi.

Həzrət Ömərin onun haqqında belə dediyi nəql olunur: “Mən Allahın rəsulunun belə buyurduğunu eşitmişəm: “Şübhəsiz ki, tabeinlərin ən xeyirlisi Üveys adlı bir kəsdir. Onun bir anası var, alaca xəstəliyi keçirib. Ona rast gəlsəniz sizin üçün bağışlanma diləməsini istəyin!”.

 

Şəfa verir, bəxt açır

 

Hacı Məzahirin dediklərinə görə, Veysəl Qəraninin Azərbaycana gəlməsi barədə iki fərziyyə mövcuddur. Birincisi, «Allahın dostları» kitabında göstərildiyi kimi, Hicrətin 30-cu ilində (Miladi 650-ci illər) həzrət Əlinin başçılıgı ilə ərəblər İslamı yaymaq üçün Azərbaycana gəliblər, Tuqay meşələri yaxınlığındakı Suffin şəhəri ərazisində eyni adla tanınan döyüş baş verib. Bu ərazi Zərdabın indiki Yuxarı Seyidlər kəndinin yerində olan Yasər şəhərinin bir hissəsidir. Deyilənlərə görə peyğəmbərimizin müridi Veysəl Qərani 657-ci ildə burada şəhid olub. Digər fərziyyəyə görə isə Veysəl Qərani Azərbaycana İslam dinini təbliğ etmək məqsədilə gəlib heç bir müharibədə iştirak etməyib. Bu barədə Əhməd bin Ənbalın qeydlərindən oxuyuruq. O, Veysəl Qəraninin xəstəlikdən öldüyünü yazır. Amma türk mənşəli Mustafa Necati isə evliyanın qılıc zərbəsindən həlak olduğunu bildirir.

Hacı Məzahir onu da bildirdi ki, psixi ürəkkeçmə xəstəlikləri olanlar burada həmişə şəfa tapıblar. Eyni zamanda, yaşı ötmüş qızlar bura bəxtlərinin açılması arzusuyla gələndə istəklərinə çatırlar.

Hacı Məzahir sonda onu da bildirdi ki, 1992-ci ildə ziyarətgaha ərəb ölkələrindən nümayəndə heyəti gəlib. Helikopterlə əraziyə gələn qonaqlar söhbət əsnasında bildiriblər ki, vətənlərində olarkən buranın keçilməz meşələr olduğunu eşidiblərmiş, amma indi tam əksini görürlər. Hətta Yəməndən olan qonaqlardan biri ağlayaraq bildirib ki, bu gün ölkəsində Veysəl Qəraninin adına məktəblər, mədrəsələr sair var, amma əsl məbəd buradadır. Yeri gəlmişkən, hacı Məzahir dedi ki, ziyarətgaha Azərbaycanın hər yerindən qonşu ölkələrdən, eləcə Səudiyyə Ərəbistanı, Yəmən, İordaniya, Suriya sair kimi ərəb dövlətlərindən zəvvarlar gəlməkdədir.

 

 

Vüsal Tağıbəyli

 

Həftə içi.- 2013.- 11-13 may.- S.4.