Yeniləşən Yeni Suraxanı

 

Paytaxtın ən iri qəsəbələrindən olan Yeni Suraxanıda sosial infrastruktur layihələri başa çatmaq üzrədir

 

2011-2013-cü il Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində paytaxtın Yeni Suraxanı qəsəbəsində bir sıra tikinti və abadlıq işləri aparılıb. Yeni çəkilmiş asfalt yollar, salınan yaşıl parklartikilmiş sosial binalar qəsəbənin infrastrukturunu tamamilə dəyişdirib. Qəsəbənin girəcəyində isə ulu öndərin hakimiyyətə gəldiyi günlə abidə kompleksi ucaldılıb, ətrafda yaşıllaşdırma işləri aparılıb.

 

“Həftə içi”nin əməkdaşı Dövlət Proqramının icra vəziyyəti ilə yaxından tanış olmaq, mövcud çətinlikləri öyrənmək məqsədilə Yeni Suraxanı qəsəbəsində olub. Burada həmsöhbət olduğumuz sakinlər 2011-2013-cü il Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icra vəziyyətindən razılıqla danışıblar. Nüsrət Əliyev adlı sakininin dediyinə görə, qəsəbənin mərkəzində yenicə salınmış istirahət parkında uşaq və yeniyetmələrin istirahəti üçün hər cür şərait yaradılıb: “Bu parkda uşaqların istirahəti üçün oyuncaqlar, karusel və yelləncəklər quraşdırılıb. Parkda yaşıl çəmənliklər salınıb, oturacaqlar qoyulub, fəvvarə tikilib. Bir sözlə, parkda sakinlərin və uşaqların istirahəti üçün hər cür şərait yaradılıb”.

 

Yollar abadlaşır

 

Nüsrət Əliyev son bir neçə ildə qəsəbədə sosial infrastrukturun müasirləşdirilməsi istiqamətində aparılan tədbirlərdən də ürəkdolusu danışıb. Onun sözlərinə görə, ötən ildən bəri qəsəbənin daxili yolları tamamilə asfaltlanılıb, geniş və yaraşıqlı küçələrdə gecə işıqları quraşdırılıb. Yeni Suraxanının paytaxta seçilən abad qəsəbələrindən biri kimi xarakterizə edən müsahibimizin sözlərinə görə, qəsəbədə böyük abadlıq, tikintiquruculuq işləri aparılıb: “Dövlət Proqramı çərçivəsində təkcə Yeni Suraxanıda yox, elə ətraf ərazilərdə çox işlər görülüb. Həmçinin Yeni Suraxanı və Əmircan qəsəbələrini birləşdirən yol asfaltlanıb. O cümlədən Xanlar Ələkbərov küçəsində və 89 saylı tam orta məktəbinin həyətində 5000 kvadratmetr sahə asfalt örtüklə örtülüb. Ümumilikdə götürsək qəsəbə ərazisində 38000 kvadratmetr asfalt örtüyü salınıb. Qəsəbədaxili yollar boyunca işıqlandırma sistemi, yeni elektrik dirəkləri quraşdırılıb, elektrik naqilləri dəyişdirilib”.

Qəsəbənin ağsaqqal sakinlərindən olan Salman kişi də Dövlət Proqramı çərçivəsində Yeni Suraxanıda bir çox problemlərin aradan qaldırıldığını deyib. Belə ki, çirkabqrunt sularının axıdılması üçün nəzərdə tutulan kanal bərpa edilib, Sabunçu Rayon Telefon Qovşağı tərəfindən rabitə xətlərinin yeraltı aparılması təmin edilib, telefon dirəkləri dəyişdirilib. Onun sözlərinə görə, Xanlar Ələkbərov, Mağaza, Hüseynağa Hüseynov küçələrində yaşayış evlərinin həyətlərində abadlıq işləri aparılıb. Hətta yolqırağı ərazilərdə fərdi evlərin həyətinə açılan darvazalar da rənglənib.

 

Sosial təminat diqqət mərkəzində

 

Yeni Suraxanı qəsəbə icra nümayəndəsi Vahid Danıyev də sadə vətəndaşların bu təəssüratlarının təsadüf olmadığını deyir. Onun sözlərinə görə, aidiyyəti qurumların birbaşa dəstəyi ilə qəsəbədəki sosial problemlərin həlli istiqamətində çox ciddi işlər görülüb. İcra nümayəndəsi deyir ki, 50 saylı poçt şöbəsi üçün yeni inzibati bina tikilərək istifadəyə verilib. Həmçinin qəsəbədə 72 ünvanda su kəmərlərində baş vermiş qəza hadisələri aradan qaldırılıb. O, görülən tədbirlər sırasında su təchizatının yaxşılaşdırılması istiqamətində atılan addımları xüsusilə qeyd edirb: “Sıradan çıxmış müxtəlif diametr ölçüdə 428 p/m metr su xətləri dəyişdirilib.14 iyul küçəsindəki su nasos stansiyasında əsaslı təmir işləri aparılıb, köhnə avadanlıqlar yenisi ilə əvəz olunub. Yuxarı Mədən küçəsində yerləşən 1000 kubmetr həcmli su anbarı yuyularaq zərərsizləşdirilib, bir ədəd d 200 mm siyirtmə dəyişdirilb, 6680 p/m kanalizasiya şəbəkəsi, 80 quyu təmizlənilib. Xanlar Ələkbərov küçəsində isə 5 ədəd lyuk qapağı quraşdırılıb. Yuxarı Mədən küçəsində Dövlət Proqramına əsasən, yeni kanalizasiya şəbəkəsi quraşdırılıb”.

Qəsəbə nümayəndəsi bildirib ki, Dövlət Proqramı çərçivəsində Yeni Suraxanıda 52799 pm müxtəlif diametrli yeni qaz xətti çəkilib, 3 ədəd şkaf və 50-ə yaxın sirtmə quraşdırılıb, 1000 ədəd “smartkarttipli qaz sayğacı qoyulub. Hazırda isə qəsəbənin qaz təchizatının yaxşılaşdırılması istiqamətində işlər davam edir. Onun sözlərinə görə, hazırda qəsəbə ərazisində yerləşən 2 saylı Bərpa Müalicə Xəstəxanası sökülərək, onun yerində müasir standartlara uyğun bina tikilir: “Səhiyyə Nazirliyi tərəfindən qəsəbədə fəaliyyət göstərən 12 saylı Bakı Şəhər Birləşmiş Xəstəxanasının binasında da əsaslı təmir və tikinti işləri aparılır.101 saylı tam orta məktəb üçün əlavə korpus binası inşa olunur, artıq binada tamamlanma işləri gedir”.

 

Əsas problem binalarında istilik sistemlərinin olmamasıdır

 

Müsahibimiz qəsəbəyə yeni su xətlərinin çəkildiyini söyləsə , burada bəzi problemlərin qaldığını da etiraf edib. Onun sözlərinə görə, qəsəbənin Bakı-Aeroport yolunun sol tərəfində yaşayış massivində, Aşağı qəsəbə küçəsində ,1-ci Köndələn küçəsində kanalizasiya xətti yoxdur. Bununla belə, bu problemlərin Dövlət Proqramı çərçivəsində həll ediləcəyi gözlənilir: “Harada ki, kanalizasiya xətti çəkilməyib, orada yol da əsaslı təmir olunmayıb. Hazırda əsas çətinlik qış aylarında istiliyin olmaması ilə bağlıdır. Qəsəbədə yerləşən 39 ədəd çoxmərtəbəli yaşayış binasında bu günə kimi istilik sistemi yoxdur. Ən yarlı yerimiz elə budur. Proqramda qəsəbə ərazisində standartlara uyğun istilik qazanxanasının tikintisi nəzərdə tutulub”.

Vahid Danıyev onu da deyib ki, məişət tullantılarının daşınması ilə bağlı İxtisaslaşdırılmış-Sanitariya Təmizlik Kommunal Xidmətləri İdarəsi ilə müqavilə bağlanılıb. Onun sözlərinə görə, adıçəkilən qurum tərəfindən məişət tullantıları vaxtlı- vaxtında daşınır.

 

 

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2013.- 11-13 may.- S.7.