Heydər Əliyevin iqtisadi inkişaf strategiyasında vergi siyasəti 

 

Ümummilli liderin uzaqgörən siyasətinin nəticəsidir ki, bu gün Azərbaycanda ən yüksək səviyyədə vergi sistemi formalaşdırılıb

 

Azərbaycanda həyata keçirilən uzunmüddətli uğurlu iqtisadi inkişaf strategiyası məhz mərhum dövlət başçısı Heydər Əliyevin adı ilə bağlıdır. Çünki Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı ölkəmizin bütün sahələrində, o cümlədən iqtisadi sektorda sabitliyin əldə olunmasına səbəb oldu.

 

Mərhum dövlət başçısı Heydər Əliyevin həyata keçirdiyi mükəmməl iqtisadi strategiyanın əsas istiqamətlərindən biri ölkəmizdə vergi xidmətinin formalaşması ilə bağlıdır. Elə bu səbəbdəndir ki, Ulu öndərin «Biz bazar iqtisadiyyatını vergi yolu ilə tənzimləməliyik» fikri nəinki respublikada, eləcə də nüfuzlu beynəlxalq maliyyə qurumlarında azad bazar münasibətlərinin inkişafının fundamental əsaslarından biri kimi qiymətləndirilir.

Azərbaycanın vergi sisteminin müstəqillik illərindəki inkişaf tarixinə nəzər salsaq, görərik ki, cəmiyyətin vergilərə dair elementar biliklərinin olmadığı bir dönəmdən başlanan vergi quruculuğu tarix baxımdan qısa bir zaman kəsiyində, yəni, cəmi 20 il ərzində bir çox ölkələrin bəzən yüz illər ərzində qət etdiyi bir inkişaf prosesindən keçib. Məhz Heydər Əliyevin uzaqgörən siyasəti və səyi nəticəsində əvvəllər dövlət xəzinəsinə gəlirlərin yığılması ilə məşğul olan fiskal orqan kimi fəaliyyət göstərən vergi xidmətinin funksiyaları genişləndirildi, vergi siyasəti isə biznes mühitini iqtisadi tənzimləmə və stimullaşdırma vasitəsi kimi tətbiq olunmağa başladı. Heydər Əliyevin rəhbərliyi altında vergi siyasətinin konseptual əsasları hazırlandı, vergi sistemində aparılacaq islahatların fəlsəfəsi, strategiyası və əsas istiqamətləri formalaşdırıldı.

Azərbaycanda vergi sahəsində təkmil qanunvericilik bazasının yaradılması, ölkənin ilk Vergi Məcəlləsinin qəbulu da bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Onun rəhbərliyi altında 1999-2000-ci illərdə Vergi Məcəlləsinin ilk layihəsi hazırlanaraq geniş ictimai müzakirələrə çıxarıldı və 2000-ci ilin iyul ayında qəbul edildi. Sonrakı illərdə də Məcəllənin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirildi. Məcəllədə ölkə sahibkarlarının stimullaşdırılmasına, vergi ödəyicilərinin hüquq və mənafelərinin qorunmasına xidmət edən müddəalar geniş əksini tapdı. Sənədin qəbulu vergi sisteminin təkmilləşdirilməsi və onun beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində mühüm addım oldu, eyni zamanda vergi sektorunda islahatların genişləndirilməsinə əhəmiyyətli zəmin yaratdı. Bu sənədin qəbulu həm də ölkədə iqtisadi inkişafın sürətləndirilməsi, optimal vergitutma mexanizminin və əlverişli investisiya mühitinin yaradılması, sahibkarlığın inkişafının stimullaşdırması üçün vergi orqanları qarşısında mühüm vəzifələr qoydu.

Qeyd edək ki, Heydər Əliyev ideyalarının layiqli davamçısı prezident İlham Əliyevin həyata keçirdiyi siyasətlə 2003-cü ildə Azərbaycanın vergi xidməti keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Belə ki, prezident İlham Əliyev vergi xidmətinin qarşısında mühüm tapşırıqlar müəyyənləşdirdi. Bu, vergi inzibatçılığının müasir Avropa standartlarına uyğunlaşdırılmasına, vergi ödəyiciləri ilə elektron əlaqələrin inkişafına, müasir texniki təminata, geniş təhlil bazasına malik informasiya sistemlərinin yaradılmasına söykənən vergi xidmətinin qurulması idi. Son illərdə qeyd olunan istiqamətdə mühüm işlər görülüb. 2005-2007-ci illəri əhatə edən “Azərbaycan Respublikasında vergi inzibatçılığının təkmilləşdirilməsi Dövlət Proqramı”nın icrası nəticəsində 5 əsas strateji istiqaməti əhatə edən 39 irimiqyaslı tədbir reallaşdırılıb. 2006-cı ildə vergi xidmətində Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin tətbiqi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Azərbaycanda ilk dəfə 2007-ci ildə elektron bəyannamələrin tətbiqinə başlanıldı. Bu sistem vergi bəyannamələrinin elektron formada vergi orqanına göndərilməsini təmin etməklə tam şəffaf mühitin yaradılmasına da imkan verdi. 2008-ci ildən Azərbaycanda sahibkarlığın inkişafının stimullaşdırılması və biznes qeydiyyatının sadələşdirilməsi məqsədilə sahibkarlıq fəaliyyəti subyektlərinin qeydiyyatının “bir pəncərə” prinsipi üzrə təşkili ölkə iqtisadiyyatının və sahibkarlığın inkişafında çox mühüm hadisə idi. Bu sistemin tətbiqi nəticəsində Azərbaycanda kommersiya hüquqi şəxslərin qeydiyyat prosedurlarının maksimum dərəcədə sadələşdirildi. Nəticədə sahibkarlıq subyektlərinin “Bir pəncərə” prinsipi ilə qeydiyyatı sistemi ən uğurlu islahat kimi “Celebrating Reform 2008” hesabatına daxil edilidi və “Doing business” hesabatında “Biznesə başlama” reytinqində Azərbaycan 64-cü yerdən 51 pillə irəliləyərək 13-cü yerdə qərarlaşdı.

Yeri gəlmişkən, son illər vergi siyasətinin müvəffəqiyyətlə həyata keçirilməsi istiqamətində aparılan işlər ölkənin maliyyə resurslarının səfərbər edilməsini, dövlət büdcəsinin parametrlərinin köklü dərəcədə yaxşılaşmasını təmin edir. Təkcə onu demək kifayətdir ki, son illərdə dövlət büdcəsinin gəlirləri dəfələrlə artıb və bu ölkəmizin sosial-iqtisadi inkişafının sürətlənməsində özünü daha aydın göstərir. Bu gün vergi sistemində aparılan islahatlar bütövlükdə iqtisadi inkişafı, real sektorun daha səmərəli fəaliyyətini təmin etmək, vergi mədəniyyətini yüksəltmək məqsədi daşıyır. Sahibkarlığa kömək göstərilməsi, onun strukturunun təkmilləşdirilməsi, qanunda nəzərdə tutulmuş hər hansı sahibkarlıq növü üçün əlverişli şəraitin yaradılması, bürokratik əngəllərin aradan qaldırılması istiqamətində görülən işlərin səmərəliliyi artır, «bir pəncərə» sisteminin tətbiqi öz müsbət bəhrələrini verir. Heydər Əliyevin müəyyənləşdirdiyi və hazırda prezident İlham Əliyev tərəfindən həyata keçirilən uzaqgörən siyasətin nəticəsidir ki, ölkə iqtisadiyyatının sürətli inkişafı ilə yanaşı, vergi sisteminin texnoloji cəhətdən modernləşdirilməsi, inzibati idarəetmənin keyfiyyətcə yaxşılaşdırılması və avtomatlaşdırılması qısa müddətdə vergi daxilolmalarına da öz müsbət təsirini göstərib. Belə ki, 2000-ci illə müqayisədə vergi daxilolmalarının həcmi 2012-ci ildə 12 dəfəyə yaxın artıb. Bu da Azərbaycan iqtisadiyyatında baş vermiş iqtisadi sıçrayışın bariz nümunəsi olmaqla bərabər, həm də mövcud iqtisadi sistemə adekvat vergi inzibatçılığının mövcudluğunun göstəricisidir.

Danılmaz faktdır ki, Azərbaycanın iqtisadi inkişafının sürətlənməsi, yeni iqtisadi çağırışların meydana çıxması, bir çox sahələr kimi, vergi sistemində də qanunvericiliyin təkmilləşdirilməsini zəruri edir. Vergi Məcəlləsinə edilən son dəyişikliklər iqtisadi həyatın real qiymətləndirilməsindən, dünya iqtisadiyyatında baş verən proseslərdən, ölkənin milli maraqlarını qorumaq tələblərindən irəli gələn əsas məsələdir. Qanunvericiliyin təkmilləşdirilməsi ilə paralel aparılan islahatlar elektron xidmətlər, ümumilikdə vergilərin könüllü ödənilməsi sisteminin inkişafına, vergi ödəyicilərinin hüquqlarının etibarlı müdafiəsinin təminatına, vergi fırıldaqçılığına və vergilərin ödənilməsindən yayınma halları ilə mübarizənin gücləndirilməsinə, vergi orqanlarında beynəlxalq standartlara uyğun idarəetmə sisteminin inkişafı və müasir tələblərə cavab verən informasiya sisteminin yaradılmasına dərin əsaslar yaradır.

Bundan başqa, ötən illər ərzində vergi ödəyicilərinə elektron bəyannamələr göndərmək, elektron vergi hesab-fakturalarından istifadə etmək, elektron vergi ödənişlərini həyata keçirmək, vətəndaşlarla dövlət qurumu arasında elektron formada məktublaşma imkanı verən «On-layn kargüzarlıq» sistemindən faydalanmaq kimi əlverişli imkan yaradılıb. Eyni zamanda, Azərbaycanda ilk dəfə ƏDV inzibatçılığı prosesində vergi nəzarətinin tam elektronlaşdırılmasına imkan verən ƏDV depozit hesabı tətbiq edilib. Sahibkarlıq subyektlərinin qeydiyyatının daha da sadələşdirilməsi məqsədilə 2011-ci ildən fiziki şəxslərin, 2012-ci ildən isə yerli investisiyalı kommersiya hüquqi şəxslərin real vaxt rejimində elektron qeydiyyatına başlanılılıb.

Ümumiyyətlə isə bu gün sahibkarlıq fəaliyyətində vergi orqanları ilə vergi ödəyiciləri arasında bütün proseslər əsasən elektronlaşdırılıb, sahibkarlar vergi əməkdaşları ilə ünsiyyətə girmədən vergi öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı bütün prosesləri həyata keçirə bilirlər. Bütövlükdə tətbiq edilmiş informasiya texnologiyaları istər vergi ödəyiciləri tərəfindən, istərsə də vergi xidməti tərəfindən vergi inzibatçılığına çəkilən xərclərin əhəmiyyətli şəkildə azalmasına imkan verib. Məsələn, bu gün vergi inzibatçılığı xərclərinin vergi daxilolmalarına nisbəti göstəricisinə əsasən, Azərbaycanın vergi xidməti Avropa məkanında ən səmərəli vergi inzibatçılığına malik ölkələrdən biridir.

Beləliklə, sərbəst bazar iqtisadiyyatı institutlarının yaradılması və sahibkar təşəbbüskarlığına söykənən iqtisadiyyat modelinin bərqərar olması, iqtisadi və sosial infrastrukturun təkmilləşdirilməsi nəticəsində ölkəmiz davamlı inkişaf edir. Əsas hədəf isə çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə, elm və mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır.

 

 

Sevinc Osmanova

 

Yazı “Vergilər Nazirliyinin “Vergilər” qəzetinin və Azərbaycan Mətbuat Şurasının keçirdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanıb.

 

 Həftə içi.- 2013.- 16 may.- S.7.