Bir otağa sığmayan Muğam Teatrı

 

Dövlət Muğam Teatrının 64 işçidən 35-i hələ ötən ildən ixtisara düşübmüş

 

Azərbaycanın zəngin mənəvi-mədəni irsinin ən parlaq nümunələrindən biri, heç şübhəsiz, muğam sənətidir. Bu ecazkar sənət nümunəsi indi təkcə pərvəriş tapdığı Azərbaycanın deyil, həm dünya mədəniyyətinin nadir incisi hesab olunur. Bir vaxtlar dünyanın bir cox sənət adamları Azərbaycan muğamlarını dinləyərkən təəccüblənirdilər, muğam ifaçıları qeyri-adi zəngulələrinin guya xüsusi aparatlar vasitəsilə səsləndirdiklərini güman edirdilər. Lakin muğamlarımızı canlı ifalarda dinlədikdən sonra Cənubi Amerikanın musiqi mütəxəssisləri bu haqda belə bir rəy yazdılar: “Yalnız Azərbaycan xanəndələri boğazlarında öz təbii səslərini nümayiş etdirə bilirlər. Məhz bu xüsusiyyətlərə görə Azərbaycan muğamları YUNESKO-nun şifahi qeyri-maddi irs siyahısına daxil edildi”.

Azərbaycan xalqı tarixən acılı-şirinli günlərinin böyük bir hissəsini könlünün səs ahəngində yaşayıb. Fərrabinin, Seyid Əli Urməvinin Əbdül Qadir Marağinin musiqi dünyasını, yəni muğamı peşəkar ifaçıların - Məşədi İsinin, Hacı Hüsünün, Cabbar Qaryağdıoğlunun, Seyid, Xan Şuşinskinin səsində yaşadıb. Azərbaycan muğamının indiki zirvəyə qalxmasında mədəniyyət ocaqları, teatrlar da az rol oynamayıb. O mədəniyyət ocaqları ki, muğamlarımızın sədası, tanınmış muğam ifaçılarının nəfəsi divarlarına hopub. Fəaliyyəti, xidmətləri ilə muğam incilərimizi yaşadıb dünya səviyyəsində milli-mədəni irs kimi tanıdan belə mədəniyyət ocaqlarından bu yaxınlarda Nazirlər Kabinetinin qərarı ilə ləğv edilən Azərbaycan Dövlət Muğam Teatrıdır.

Hələ sovet dövründə, 1988-ci ildə tanınmış muğam ustası, Xalq artisti İslam Rzayevin əməkdar incəsənət xadimi Arif Qazıyevin gərgin əməyi səyi nəticəsində yaradılan bu teatr bir neçə il əvvələdək İçərişəhərdəki Karvansarayda fəaliyyət göstərib. Yarandığı gündən Azərbaycan muğamını bölgələrdə təbliğ edən bu teatrın kollektivi rayonlarda maraqlı konsert proqramı ilə çıxış edirdi. Bir sözlə, Azərbaycan Dövlət Muğam Teatrının milli musiqimizin, muğamlarımızın yaşamasında, inkişafında təbliğində xidmətləri əvəzsizdir. Respublikanın bir sıra tanınmış sənətçiləri vaxtilə bu mədəniyyət ocağının ağırlığını çiyinlərində daşımış şəxslər olub. Amma...

Nazirlər Kabineti oktyabrın 14-də Azərbaycan Dövlət Muğam Teatrının ləğv edilməsi barədə qərar verib. Baş nazir Artur Rasizadənin imzaladığı qərarda qeyd edilir ki, Mədəniyyət Turizm Nazirliyinin tabeliyində olan Azərbaycan Dövlət Muğam Teatrı 2014-cü il 1 yanvar tarixindən ləğv edilir. Ləğv edilmiş Azərbaycan Dövlət Muğam Teatrının sərbəstləşmiş ştat vahidlərindən 30 ştat vahidi Beynəlxalq Muğam Mərkəzinə, 25 ştat vahidi isə R.Behbudov adına Dövlət Mahnı Teatrına veriləcək. Baş nazir sözügedən qərarı imzalayarkən, Mədəniyyət Turizm, Maliyyə nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmış təklif nəzərə alıb.

Həftə içi”nin əməkdaşı olaraq, Nazirlər Kabinetinin teatrın ləğvi qərarının tətbiqindən sonra bu mədəniyyət ocağının onun kollektivinin taleyinin necə olacağını öyrənmək üçün yolumuzu İçərişəhərdəki Muğam Teatrından saldıq. Məlum oldu ki, bir neçə il əvvəl Muğam Teatrının yerləşdiyi qədim tarixə malik bina indi restoran kimi fəaliyyət göstərir. Rəşad adlı restoran müdiri dedi ki, 2011-ci ildən Muğam Teatrı Beynəlxalq Muğam Mərkəzinə köçürülüb. Onun sözlərinə görə, həmin ildən bura ünvan restoran kimi fəaliyyət göstərir: “Burada kiçik banketlər olur. Bu gün banket olacaq. Artıq hazırlıq işləri görürük. Muğam Teatrı əvvəllər saat 11:00-dan 14:00-dək teatr kimi fəaliyyət göstərərdi. Günün ikinci yarısında isə böyük tədbirlər keçirilirdi, konsertlər verilirdi. Tədbirlər başa çatdıqdan sonra restoran kimi işləyərdi. Amma indi teatrın bütün işçiləri Muğam Mərkəzində fəaliyyətini davam etdirirlər. Restoranın işçiləri isə qalıb burada işləyirlər”.

Teatrın əvvəlki ünvanında əldə edə biləcəyimiz məlumatları toplayıb bu dəfə Rəşid Behbudov adına Mahnı Teatrına yollandıq. Amma teatrın direktor müavini İlqar Musayev Dövlət Muğam Teatrının harada necə fəaliyyət göstərdiyindən, işçilərinin işləyib-işləməməsindən xəbərsiz olduğunu dedi: “Dövlət Muğam Teatrının ləğv olunması barədə Nazirlər Kabinetinin qərarından məlumatımız var. Amma deyilənə görə, teatrın 25 ştat vahidi Mahnı Teatrına veriləcək. Amma Dövlət Muğam Teatrının kollektivinin taleyi, onlardan kimlərin bizə gələcəyindən dəqiq məlumatımız yoxdur. Deyilənə görə, ştat vahidi 14 yanvarda elan olunacaq. Əlbəttə ki, bizə gələn hər bir sənətçini canla-başla sıralarımıza qəbul edəcəyik. Onlar da bu teatrın doğma üzvlərinə çevriləcəklər”.

Dənizkənarı Milli Parkda yerləşən Beynəlxalq Muğam Mərkəzinə üz tutduq. Burada öyrəndik ki, əslində Azərbaycan Dövlət Muğam Teatrı hələ bir müddət əvvəl yeni ünvanda fəaliyyət göstərir. Daha doğrusu, Dövlət Muğam Teatrı Beynəlxalq Muğam Mərkəzinin 2009-cu ildə istifadəyə verilmiş nəhəng göz oxşayan binasında balaca bir otaqda məskunlaşıb. Amma günorta saatları olmasına baxmayaraq, operator baş mühasib istisna olmaqla teatrın işçilərindən heç kəs işə gəlməmişdi. Öyrəndik ki, Nazirlər Kabinetinin məlum qərarından sonra teatrın kollektivi vaxtlı-vaxtında işə gəlmir.

Azərbaycan Dövlət Muğam Teatrının baş mühasibi Sevil Quliyeva bu mədəniyyət ocağında 2004-cü ildən işlədiyini dedi. Onun sözlərinə görə, Muğam Teatrında tanınmış sənətçilər çalışırdı: “Teatrın üzvləri rayonlara gedərək maraqlı konsert proqramı ilə çıxış edərdilər. Xalq artisti Aygün Bayramova, Səbuhi, Almaz Orucova, Lalə Məmmədova, Arzu vaxtilə bu teatrda çalışıblar. Eləcə I Muğam Müsabiqəsinin qaliblərindən olan Ehtiram da bu teatrda çalışıb. Bizim teatrda mütəmadi olaraq konsertlərlə yanaşı, teatr tamaşaları da verilirdi. Teatrın binası qədim möhtəşəm bir yer idi. Əsl teatr, muğam eviydi. Çox təəssüflər ki, onu bizə çox gördülər. Bu ilin oktyabrında Muğam Teatrının 25 illiyi keçirilməliydi. Yubiley ərəfəsində teatrın bağlanması ilə bizəsürprizelədilər. Halbuki tanınmış şair yazıçıların, incəsənət xadimlərinin, eləcə sənət adamlarının yaradıcılıq gecələri həmişə Dövlət Muğam Teatrının binasında təşkil olunurdu”.

Sevil Quliyeva onu da söylədi ki, teatr artıq iki ildir Beynəlxalq Muğam Mərkəzində bir otaqda yerləşir. Onun sözlərinə görə, şərait olmadığından teatr iki ildir faktiki olaraq fəaliyyətini dayandırıb: “Teatrda Əməkdar artist Ağacəbrayıl Abbasəliyev, rəqqasə Fatimə Fətəliyeva (Göyçək Fatimə) kimi tanınmış sənətçilərimiz çalışır. Teatrın 64 nəfər işçisi vardı. Amma indi cəmi 29 nəfər ştat cədvəli ilə əməkhaqqı alır. Xalq artisti Faiq Ağayev, Babək, Ruhəngiz Allahverdiyeva, Baloğlan Əşrəfov kimi tanınmış sənətçilər ixtisara düşüblər. Halbuki rayonlara qastrollara ən çox həmin şəxslər gedərdilər”.

2014-cü il 1 yanvar tarixindən Dövlət Muğam Teatrının rəsmi olaraq fəaliyyətini dayandıracağını deyən Sevil Quliyeva bildirir ki, gələn ildən yaradıcı heyətin 30 nəfəri Muğam Mərkəzinə, 25 nəfəri isə Rəşid Behbudov adına Mahnı Teatrına veriləcək: “Amma texniki işçilər tamamilə ixtisar ediləcək. Nazirlər Kabinetinin qərarı əsasında Mədəniyyət və Turizm Nazirliyinin bu haqda əmri hazır olandan sonra yeni işçilərin ştat cədvəli və maaşı müəyyənləşəcək. Hələlik onu dəqiq bilirik ki, gələn ilin yanvar ayından biz texniki işçilər işsiz qalacağıq. Məcburuq ki, indidən başmıza bir çarə qılaq”.

 

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2013.- 9-12 noyabr.- S.7.