Bu gün Ümumdünya Tolerantlıq günüdür 

 

Ekspertlər Azərbaycanda özünəməxsus tolerantlıq nümunəsinin olduğunu bildirirlər

 

16 noyabr Ümumdünya Tolerantlıq günüdür. 1995-ci ildə UNESKO-ya üzv dövlətlər tərəfindən tolerantlıq prinsipləri haqqında Bəyannamə qəbul olunub. 1996-cı ildə isə BMT Baş Assambleyası quruma üzv ölkələri hər il noyabrın 16-da Beynəlxalq tolerantlıq günü kimi qeyd edilməsibununla bağlı təhsil müəssisələrində, eləcə də geniş ictimai arasında müvafiq tədbirlər keçirilməsinə çağırır.

Tolerantlıq prinsipləri haqqında Bəyannamədə deyilir ki, bütün insanlar öz təbiətlərinə görə fərqli olsalar da, dəyər və hüquqlarına görə bərabərdirlər. Sənədə görə, dözümlülük dünyada mədəniyyətlərin, özünü ifadənin və insan şəxsiyyətinin təzahürünün müxtəlifliyinin başa düşülməsi, qəbul edilməsi və hörmət göstərilməsidir. Dövlət səviyyəsində dözümlülük ədalətli və qərəzsiz qanunvericilik, qanunçuluğa, məhkəmə-prosessesual və inzibati normalara əməl edilməsi deməkdir. Tolreantlıq hər bir insana heç bir diskriminasiya olmadan iqtisadisosial inkişaf imkanı yaradılmasını tələb edir.

Bəs, görəsən, Azərbaycanda tolerantlıq hansı səviyyədədir? Ölkəmizdə tolerant mühit mövcuddurmu?

Məsələyə münasibət açıqlayan ilahiyyatçı alim Elşad Miri bildirib ki, bu gün Azərbaycan Yer kürəsindəki ən demokratik dövlətlərə belə nümunə ola biləcək bəşəri bir tolerantlıq məkanıdır. Onun fikrincə, Azərbaycan həm də ənənəvi dini icmaların konstruktiv fəaliyyətindən və qarşılıqlı ünsiyyətindən yaranmış dünyəvi hakimiyyət və dövlət-din münasibətlərinin nadir modelinin yarandığı ölkədir: «Müqəddəs islami dəyərlərdən bəhrələnib, qarşılıqlı hörmət, faydalı ünsiyyət və sarsılmaz əməkdaşlığa söykənən tolerantlıq Azərbaycanda çox qədim tarixi köklərə və zəngin ənənələrə malikdir. Çünki dövlətçilik tarixi ərzində Azərbaycanda heç vaxt antisemitizm əhvali-ruhiyyəsi olmayıb. Yaşadıqları ölkələrdə ağır təzyiqlərə və təqiblərə məruz qalan müxtəlif məzhəb və din mənsubları xalqımızın tolerantlığına, yüksək insanpərvərliyinə əmin olduqları üçün məmləkətimizə böyük inamla pənah gətirib, ölkəmizi özləri üçün ümid qalası, sığınacaq məskəni hesab ediblər. Bu gün bəzi dövlətlərin öz ölkələri daxilində tolerantlıq mühiti yaratmaq üçün yollar aradıqları bir dövrdə Azərbaycanda tolerantlığın sarsılmaz təməl sütunlarına söykənib, dərin dayaqlara istinad etdiyi, gündəlik həyati reallığa çevrilib. Səmavi din olan islam nəinki özündən əvvəlki dinlərə qadağa qoymayıb, əksinə, bütün dinlərə hörmətlə, səbir, qayğı, şərəf və izzətlə yanaşmağı, ayrı-ayrı dinlərə etiqad edən bəşər övladlarının vicdan azadlığını, öz dini ayin və mərasimlərini sərbəst icra etmək haqqının toxunulmazlığını bəyan edib. Məhz elə bu səbəbdən uzun əsrlər boyu Azərbaycanda məskunlaşmış müxtəlif xalqlar öz dini etiqadlarını bu günədək qoruyub saxlaya biliblər».

 

Ölkə Konstitusiyası hər kəsə vicdan azadlığı verib

 

Millət vəkili Sahibə Qafarova isə “Həftə içinin əməkdaşı ilə söhbətində deyib ki, dini zəmində ayrı-seçkilik yaratmaq üçün fürsət gözləyən, hər cür təxribata hazır olan bəzi qüvvələrin mövcud olduğu, müəyyən cəhdlərin müşahidə olunduğu indiki dövrdə birgə yaşayışımızın yeganə resepti dini dözümlülük və tolerantlıqdır. Azərbaycanın çox mürəkkəb coğrafi məkanda yerləşdiyini xatırladan millət vəkili bildirir ki, regionda təkcə siyasi baxımdan deyil, dinimilli mənsubluq baxımından da kifayət qədər həssaslıq var. Onun fikrincə, bütün bu məsələlərə rəğmən Azərbaycan dinimilli tolerantlıq baxımından bölgə dövlətləri arasında liderlik edir: “Ölkəmizin ətrafında və daxilində digər dinlərin daşıyıcısı olan xeyli sayda millətlər yaşayır. Azərbaycanda bütün dinlərə və digər millətlərə mənsub olan toplumlara tarixən tolerant münasibət bəslənilib. Bu münasibət, təbii ki, inzibati metodlar hesabına formalaşdırılmayıb və formalaşdırılması da mümkün deyil. Çünki tolerantlıq hər kəsin fərqli ifadə tərzinə hörmətlə, ziddiyyət təşkil etsə belə, onun fikirlərinə dözümlü yanaşmaqdır. Bu isə Azərbaycanın milli-mədəni, mənəvi dəyərləri, tarixi ənənələri və bütövlükdə türk millətinin xarakteri ilə bağlı olan məsələdir”.

Millət vəkili onu da əlavə edib ki, Azərbaycanda müsəlmanlarla bərabər xristianlıq, iudaizm və digər qeyri-ənənəvi dinlərə mənsub xeyli sayda vətəndaş və vətəndaşlığı olmayan insanlar yaşayırş Burada ənənəvi dini bağlılıqları olmayan toplumların, məsələn, qaraçılarn da yaşadığını deyən Sahibə Qafarovanın fikrincə, hər hansı bir başqa dinə və millətə mənsub olduğuna görə Azərbaycan ərazisində insanlara cəmiyyət tərəfindən radikal münasibət göstərilməyib: “Azərbaycanda din dövlətdən rəsmən ayrıdır. Lakin Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinə əsasən, hər kəsin vicdan azadlığı var. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ var. Azərbaycanda müxtəlif dini konfessiyalar tərəfindən ibadət evlərinin tikintisinə və bərpasına fərqli dini icmaların nümayəndələrinin maddi və mənəvi dəstək verməsi dövlət siyasətinin mühüm prioritetlərindən biridir. Müsəlmanların çoxluq təşkil etdiyi Azərbaycanda xristian məbədlərinə paralel olaraq yəhudi sinaqoqları da bərpa olunub, yeniləri inşa edilib”.

 

«Tolerantlığın Azərbaycan modeli var»

 

Məsələyə münasibət açıqlayan millət vəkili Yevda Abramov bildirib ki, həqiqətən də tolerantlığın bir Azərbaycan modeli var. Özünün yəhudi əsilli olduğunu xatırladan millət vəkili yəhudilərə münasibətə, onların yaşamına əsaslanaraq söyləyir ki, Azərbaycan dövləti qədər nə MDB məkanında, nə də bütövlükdə dünya miqyasında tolerantlıq nümunəsi ola biləcək dövlət yoxdur: “Həm konstitusiya yolu ilə, həm də cəmiyyətin özünün ənənələri ilə bütün millətlərə bir dözümlülük nümayiş etdirilir. Bütün millətlərin nümayəndəsi Azərbaycanda özünü doğma hesab edə bilir. Ən önəmlisi olan da budur. Çünki bunu başqa dövlətlərdə görə bilmirəm. Bu gün Bakı Dövlət Universitetində ivrit fakültəsi var. Fransa kimi dünyanın beşiyi sayılan bir ölkədə isə yəhudi qəbiristanlığı, sinaqoqları dəfələrlə təhqir olunub. Azərbaycanda belə hadisələrə heç zaman rast gəlinməyib. Ümumiyyətlə, Azərbaycanda doğulub burada böyüyən bir insan kimi burada təkcə yəhudilərə deyil, xristianlara qarşı da mənfi münasibət görməmişəm. Gözümü açıb Qubada, Bakıda kilsə görmüşəm. İstər dini, istərsə də milli zəmində Azərbaycan bütün dünya üçün açıq bir dövlətdir".

 

Əsrlər boyu formalaşan miras

 

İlahiyyatçı alim Nəriman Qasımoğlu isə mövzu ilə bağlı fikirlərini bölüşərkən deyib ki, Azərbaycanda tolerantlıq mühitinin mövcudluğubu günkü, nə də dünənki nailiyyətdir. Bu əsrlər boyu formalaşan mirasdır, Azərbaycan xalqının keçdiyi tarixi yoldur. Onun sözlərinə görə, Azərbaycanın coğrafi məkanında, xalqımızın etnogenezində iştirak edən müxtəlif xalqlar, əsasən başlıca olaraq türklər bir sıra dinlərdən keçiblər: “Zərdüşt dini, xristianlıq dini, göy tanrıçılığına inanc, hətta bir qismi - Xəzər türkləri var ki, yəhudi dininə sitayiş ediblər. Sonradan islamislama sahib çıxan xalqımız ən müxtəlif dinləri özündə yaşatdığına görə, şüuraltı şəkildə onda başqa dinlərə çox normal, dözümlü bir tolerantlıq münasibət formalaşıb. Şübhəsiz ki, bu tolerantlıq məsələsi müəyyən tarixi dövrlərdə zədələnmələrə məruz qalan anlarda Azərbaycanın mütərəqqipərvər insanları o ruhda tərbiyyə etməyə çalışıblar ki, o nailiyyəti qoruyub saxlaya bilək. Onu da vurğulayım ki, Quran islamında tolerantlıq çox böyük dəyər kimi təlqin olunur. Dində məcburiyyət yoxdur. Şübhəsiz ki, tolerantlığı qoruyub saxlayan dövlət qurumlarıdır və bu elə bir nailiyyətdir ki, biz bununla fəxr etməliyik".

 

Sevinc

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

 Həftə içi.- 2013.- 16-18 noyabr.- S.6.