Voroşilov döş nişanını təqdim edəndə dedi ki...“ 

 

Sədrəddin Ələsgərov: "Heydər Əliyevin köməkliyi ilə çox adamları türmədən azad elətdirmişəm"

 

Azərbaycanın bir əyalət rayonunda, kənd yerində yaşasa da, onu bütün SSRİ respublikalarının hamısında tanıyırdılar. Sadəcə "Çoban Sədrəddin" kimi! Halal zəhməti, əməksevərliyi ilə özünə də, Azərbaycanımıza da şan-şöhrət qazandırıb. Bir neçə xüsusiyyətlərinə, nailiyyətlərinə görə keçmiş SSRİ-də barmaqla sayıla biləcək qədər az sayda adamlardan biridir. Hələ 29 yaşında əvvəlcə "Lenin" Ordeni ilə təltif olunub, sonra isə "Sosialist Əməyi Qəhrəmanı" fəxri adına layiq görülüb.

 

"Çoban Sədrəddin" kimi tanınan Sədrəddin Ələsgərov indi Prezident təqaüdçüsü olmaqla yanaşı həm də Ağdam Rayon Ağsaqqalar Şurasının sədridir. 85 yaşını tamamlamağa hazırlaşsa da, özünü hələ cavan sayır Sədrəddin kişi: "Özümü 25-30 yaşlı gənclərdən zəif hiss etmirəm, qolum hələ öz gücünü saxlayıb. Özündən deyən oğul varsa, çıxsın meydana" deyir.

Beləliklə, "Lenin" Ordenli, "Sosialist Əməyi Qəhrəmanı", Prezident təqaüdçüsü, Ağdam Rayon Ağsaqqallar Şurasının sədri Sədrəddin Ələsgərovla müsahibəni təqdim edirik:

- Sədrəddin dayı, özünüzü necə hiss edirsiniz?

- Mən dağ adamı olmuşam, cavanlığın Dəlidağın, Çilgəzin yaylaqlarında keçib. Həmişə at belində gəzmişəm, əmlik quzunun ətindən yeyib Kəlbəcərin saf bulaqlarından su içmişəm. Cavan vaxtlarımda atı boynuma qaldırıb toylarda rəqs edərdim. Bax, o illərin ab-havası hələ canımdadır. İdmanla məşğul oluram, indinin özündə səhər tezdən durub idman edirəm, hər səhər 2 kilometrə qədər yolu qaçıram. Məni saxlayan idman, bir ki, Qarabağın ab-havasıdır. Uşaqlığım Böyük Vətən Müharibəsi illərinə təsadüf edir. Allah o illəri bir göstərməsin, aclıq ölkəni bürümüşdü, əhali yeməyə çımıx belə tapmırdı. Onda mənim 11 yaşım olardı. Atam qardaşlarım müharibəyə getdiyindən ailəmiz 6 uşaqla başsız qalmışdı. Böyük qardaşım cəbhədən qayıtmadı. Hələ 3-cü sinifdə oxuyarkən kolxoza gedib anama kömək edirdim. Uşaq olsam da, böyüklər qədər görürdüm. Ön cəbhəyə yığılan isti paltarı ərzaq məhsullarını aparıb Yevlax Dəmiryolu Stansiyasında təhvil verirdim. Müharibədən sonra Quzanlı kəndindəki "26 Bakı Komissarları" adına kolxozda anbardar, kassir işlədim. Düz 4 il, 1949-1953-cü illərdə hərbi xidmətdə oldum. Hərbi xidmətdən qayıdanda kolxoz ağır durumda idi. Qoyunçuluq təsərrüfatı çox acınacaqlı vəziyyətdə olduğundan məni kolxozda qoyunçuluq briqadiri təyin etdilər. Gecəm-gündüzüm olmadı, təsərrüfatla məşğul oldum. Zəhmətim hədər getmədi, qoyunçuluğu inkişaf etdirdim. Belə ki, 100 ana qoyundan 150 bala əldə etdik, dövlətin yun planına görə hər bir qoyundan 2,5 kiloqram yun əldə etməliydik. Amma mən 2,5 kiloqrama qarşı 4 kiloqram yun planı verdim. Qısa bir vaxtda kolxozun qoyunçuluq təssərrüfatını artırdım. Beş il müddətində bütün artıq SSRİ ərazisində "Çoban Sədrəddin" kimi tanındım. Bütün bunların nəticəsində 29 yaşımda yeganə gənc mən oldum ki, əvvəlcə "Lenin" Ordeni, sonra isə "Sosialist Əməyi Qəhrəmanı" adına layiq görüldüm. SSRİ Ali Sovetinin sədri Voroşilov döş nişanını mənə təqdim edəndə dedi ki, Sovetlər Birliyində "Sosialist Əməyi Qəhrəmanı" adını alan ilk gəncsiniz. Bu fəxri addan sonra nəinki Ağdamda, eləcə respublikada heyvandarlığı inkişaf etdirdim uzun müddət kolxozda ferma müdiri işləmişəm.

- O vaxt dövlət tərəfindən təltif olunan çobanlar həmişə öz adları ilə çağırılıb. Amma sizə el arasında hələ "Geroy" deyirlər. Niyə?

- 25 il ulu öndər Heydər Əliyevin komandasında çalışdım onun keçirdiyi bütün plenium konfranslarda, hətta ziyafətlərində yaxından iştirak etdim. Çünki ulu öndər zəhmətkeş adamları, əməkçiləri çox sevirdi. O mənim xətrimi çox istəyirdi, mənə həmişə "Geroy" deyirdi. Elə o vaxtdan da mənə el arasında "Geroy" deyə müraciət edirlər. Hər dəfə Heydər Əliyev Ağdama ətraf rayonlara gələndə mənimlə görüşərək fikirlərini bölüşərdi rayonun problemləri ilə maraqlanardı. Onunla yaxından dostluq edirdim, bir çətinliyim olanda həmişə ona müraciət edirdim. Heydər Əliyevin köməkliyi ilə çox adamları türmədən azad elətdirmişəm. Alı adlı bir həkimi haqsız yerə tutmuşdular. Buna görə Bakıya, ulu öndərin qəbuluna getdim. Məni mehribanlıqla qarşıladı, gəlişimin səbəbini biləndən sonra nazirə telefon edib dedi ki, "Geroy" yanımdadır, onun dediyi şəxsi azad edərsiniz. Belə oldu.

- Tanınmışlardan daha kimlərlə dostluq etmisiniz?

- Dostlarım çox olub, saymaqla qurtarmaz. SSRİ müdafiə naziri Jukov, SSRİ Ali Sovetinin sədri Voroşilov SSRİ Ali Sovetinin katibi Georqadze ilə yaxından dostluq etmişəm. Hətta Sov İKP-nin Baş Katibi Brelnevlə Kremldə çox görüşlərimiz olub. Kişi gərək həmişə xalqına, elinə arxalansın. Arxası olmayan dağın da arxası olmur. Mən halal zəhmətə üstünlük vermişəm, süfrəm dost üzünə hər vaxt açıq olub halal kişilər qapımı açıb. Hər il Kəlbəcərə, İstisu sanatorioyasına gedərdim. Orada respublikanın adlı-sanlı ziyalıları, şair yazıçıları ilə görüşüb şəkillər çəkdirərdik. 1955-ci ilin iyul ayında xalq şairi Səməd Vurğunla "Ceyran" bulağının üstündə yeyib-içirdik. Təbiətin ecazkar mənzərəsi adamı bihuş edirdi. Baş-başa dayanmış dağlar, yalçın qayalar sanki bir möcüzə, nağıl idi. Soyuq bulaqların şırıltısından, özlərini daşlara, qayalara çırpa-çırpa axan şəlalələrin gözəlliyindən doymaq olmurdu. Buz bulaqların suyu təmiz hava adamı iştaha gətirirdi. Məclisin gur yerində Səməd Vurğun mənə dedi ki, "Geroy" Sənin yaxşı atın varmı?" Cavab verdim ki, var. Gülümsədi, şair xəyalları uzaqlara uçdu, sonra siqaretinə bir qullab vurub dedi ki, belə gözəl bir mənzərəli yerdə yeyib-içəsən, yaşıl çəmənlikdə, dağlar qoynunda at çapıb, tətik çəkib ov etməyəsən. Get, atının birini mənə gətir, səninllə kəklik ovuna çıxacağam. Ona bir kəhər at ov tüfəngi gətirdim. Birgə Kəlbəcərin boz qayalarında kəklik ovuna çıxdıq. Səməd Vurğun əsl ovçu, sərrast atıcı idi, onun gözündən ov yayınmazdı. Bir göz qırpımına 4 kəklik vurdu. Elə oradaca "Yada sal məni" şeirini yazdı avazla oxudu. Başımın tükləri biz-biz oldu, şeirin təsirindən kövrəldim. Elə bil ürəyimə dammışdı ki, şair bir bu yerlərə gələ bilməyəcək. Bəli, Səməd Vurğun böyük şair olmaqla yanaşı, həm əsl dost, böyük şəxsiyyət sahibi idi. Onun sifətindən, saçlarından nur tökülürdü. Amma xəstəlik onu sıxırdı, vaxtsız əcəl onu aramızdan apardı.

- İndi ahıl yaşdasınız. Ahılların qayğıya ehtiyacı çox olur. Dövlət qayğısından razısınızmı?

- Ulu öndər ikinci dəfə hakimiyyətə qayıdandan sonra Ağdam ziyalıları ilə görüşə gələndə mən ordaydım. İndi bu ənənəni prezident İlham Əliyev davam etdirir. O prezident kimi ilk dəfə Ağdama gələndə görüşüb dərd-sərimlə maraqlandı. Onda atası ilə bağlı bəzi xatirələri danışdım. İlham Əliyev gənc olmasına baxmayaraq, çox gözəl rəhbərdir, onun xarici daxili siyasətini dəstəkləyirik. Quzanlı vaxtilə cəngəlliklərin içində itib batırdı. Artıq İlham Əliyevin qayğısı göstərişi nəticəsində cəbhə bölgəsinə yaxın olan bu kənddə qısa bir müddət ərzində böyük tikinti, abadlıq quruculuq işləri aparıldı, Quzanlıya qəsəbə statusu verildi. Amma bu gün Quzanlı qəsəbədən çox şəhərə bənzəyir.Şəxsi qayğılara gəlincə, elə ciddi çətinliyim yoxdur. Ağdam Rayon Ağsaqqallar Şurasını sədri kimi yenə ixtimai fəaliyyətimi davam etdirirəm. Hazırda Şuranın 100-ə yaxın üzvü var, üzvülərin sayı ilbəil artır. Rayon rəhbərliyi ilə sıx əlaqə yaradıb ahıl adamların problemlərinin həllinə çalışırıq. Biz rayonun ictimai işlərində fəal iştirak edirik, tez-tez cəbhə bölgəsinə gedib əsgərlərlə görüşlər keçiririk, onllara maddi mənəvi dayaq dururuq. Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqov bir rayon rəhbəri kimi bizimlə maraqlanır, görüşlər geçirir öz qayğısını bizdən əsirgəmir.

 

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2013.- 1 oktyabr.- S.7.