Səssiz ölüm

 

Başdaşını ölümündən əvvəl hazırlatdıran Ədalət Əsgəroğlu ilə vida mərasimi sadə və sakit oldu

 

Şair Ədalət Əsgəroğlu Xırdalan qəbiristanlığında torpağa tapşırıldı. Azərbaycanın müasir ədəbi mühiti özünün daha bir nümayəndəsini itirdi. Tanınmış şair, Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyi mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlunun sentyabrın 30-da axşam saatlarında qəfil ölümü çoxlarını sarsıtdı. Zəmanənin haqsızlığı ilə barışmayan Ədalət Əsgəroğlu həmişə olduğu kimi görünməyə çalışardı. Nadana baş əyməzdi, qanmayanı sözlə qandırardı, hərdən yeri gələndə zalıma yumruq göstərərdi Ədalət Əsgəroğlu. Həyatda çox mübarizqorxmaz idi. Amma əcəl ona həyatla mübarizəsini davam etdirməyə imkan vermədi...

 

Dünən "Təzə bəy" hamamının yaxınlığında, yaşadığı binanın qabağında saat 14:00-da Ədalət Əsgəroğlunun cənazəsi götürüldü. Onun tabutu önünə, şairlə vida mərasiminə xeyli insan toplaşmışdı. Ədalət Əsgəroğlunu sevənlərin əksəriyyəti orada idi. Hamıdan halallıq alırdı və hamıya da halallıq verirdi onun ruhu. Şairin vida mərasimində Azərbaycan Yazıçılar Birliyinin katibləri - Xalq şairi Fikrət Qoca, Arif Əmrahoğlu, Rəşad Məcid, "Ədəbiyyat" qəzetinin baş redaktoru, şair-publisist Ayaz Vəfalı və digər tanınmış şair və yazıçılar, yazar və ziyalılar iştirak edirdilər. Gələn qonaqlar mərhumun ailə üzvlərinə başsağlığı verirdilər.

Xalq şairi Fikrət Qoca Ədalət Əsgəroğlu haqqında öz təəssüratlarını bölüşdürərək dedi ki, Yazıçılar Birliyinin ən ağır və çətin işini məhz Ədalət görüb: "Biz bu işi bacarmırdıq. Amma Ədalət Əsgəroğlu çətin işlərdə sinəsini qabağa verirdi. Bununla da bir daha sübut etdi ki, hər kəs haqqa sarınmalı, halal yaşamalıdır. Bəlkə də dərmandan çox xoş söz onun səhhətinə kömək edirdiömrünü uzadardı. Alovlu şair idi, yaxşı şair idi...".

Tanınmış şair Vahid Əziz isə deyir ki, AYB-lə bağlı kimin nə iradı varsa, ilk növbədə Ədalət Əsgəroğlunu axtarırdı: "Heç olmasa indi yerli-yersiz, kiminsə yalmanmaq xətrinə, kiminsə yanında xal qazanmaq xətrinə öz keyfiyyətsizliyinin heyfini onun gözəl şeirlərindən çıxmaq xətrinə və bu kimi ləyaqətsiz və şərəfsiz qüsurlarla Ədalət Əsgəroğlunun adını hallandıranlar papaqlarını qabaqlarına qoyub düşünsünlər. Anlasınlar ki, dünya beş günlükdür, adam kimi yaşayaq. Ölüm haqdır, amma haqsızlıqlar ölümün gəlişini sürətləndirir. Necə ki, Ədalət Əsgəroğlunun ölümünü sürətləndirdi".

Ədəbiyyatşünas-tənqidçi Əsəd Cahangir isə mərhum şairi 80-ci illər nəslinin sayılıb-seçilən nümunələrdən biri kimi dəyərləndirirdi: "Şair var ki, sözü özündən ağırdır. Şair var ki, özü sözündən ağırdır. Amma Ədalət Əsgəroğlu sözü özünə və özü sözünə tən adamdır. O, gənclik illərində daha çox romantik, duyğusal, nikbin ovqatlı şeirlər yazıb. 90-cı illərdən sonra yazdığı şeirlərində isə tale, zaman və şikayət, qəm-kədər motivləri üstünlük təşkil edir. Bu onun şəxsi və milli həyatındakı problemlərdən doğur. Onun "Arılar gülü saçdı", "Xocam Xocalı", "Dərdimizin qan rəngi" soydan poemaları son illərdə yeni çıxan poema janrının yadda qalan nümunələridir".

Yazıçı-piblisist, "Kredo" qəzetinin baş redaktoru Əlirza Xələfli Ədalət Əsgəroğlunun hazırlıqlı bir ziyalı olduğunu söylədi. Onun sözlərinə görə, Azərbaycan ədəbiyyatındakı mənəvi meyilləri, istiqamətləri yaxşı bilərdi: "Ən müxtəlif ədəbi cərəyanlara şahid olan sənətkarları başa düşür və onların hər biri ilə ayrılıqda yaxın əlaqə yarada bilərdi. Onun ruhunu, mənəvi aləmini xarakterizə edə biləcək əsas amil poeziyasının təsəvvür ənənələri ilə bağlı olmasıdır. O, öz ədəbi fəaliyyətini Yunis İmrə, Qurbani, Azərbaycan xalq yaradıcılığının ənənələrini özünə xas olan ruhda və istiqamətdə davam etdirərdi. Mən Ədalət yaradıcılığının araşdırma istiqamətində bir sıra məqalələr yazmışam. Onun qoşma və gəraylıları misra-misra, söz-söz dil açıb danışırdı. Çünki o, qədimdən gələn formaya yeni məzmun və ruh verə bilirdi. Onun şeirlərində bu gün insanların ruhu canlı və diri idi. Bir çox hallarda onun poeziyası Yunis İmrə, Qurbani, Aşıq Abbas Tufarqanlı, ən başlıcası Xətai şeirinin davamı idi".

Şair Dayandur Sevgin də mərhum Ədalət Əsgəroğlu haqqında xoş xatirələrini bölüşdü. Onun sözlərinə görə, Ədalət Əsgəroğlu onun ölümündən bir neçə saat əvvəl bir yerdə olublar: "Sentyabrın 30-da saat 16:00-dək birlikdə idik. Bir yerdə nahar etmişik. Təxminən 16:30-da ayrılmışıq, 17:30-da qızı mənə zəng edib dedi ki, atam rəhmətə gedib...".

Dayandur Sevgi beyin insultundan dünyasını dəyişən şairin bir neçə gün əvvəl bərk əsəbi olduğunu da söylədi: "Onun təqaüdlə bağlı bir nəfərlə bərk mübahisəsi düşmüşdü. Bizim otaqlarımız bir-birinə yaxın olduğundan içəridəki səsi aydın eşidirdim. Otağımdan Ədalət müəllimin səsini eşitdim. Kiməsə əsəbi şəkildə izah edirdi ki, şəkər xəstəsi olduğu üçün onu narahat etməsinlər. Hətta başdaşının hazır olduğunu, özünə məzar yeri seçdiyinideyirdi".

Xatırladaq ki, mərhum şairin cənazəsi dünən yaşadığı evin həyətində təşkil olunmuş vidalaşma mərasimindən sonra Xırdalan qəbiristanlığında torpağa tapşırıldı. Allah rəhmət eləsin!

 

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2013.- 2 oktyabr.- S.7.