Ağdam sakinlərinin xidmətində dayanan müasir xəstəxana

 

Buna baxmayaraq, tibb ocağında kifayət qədər həkim yoxdur

 

Regionlarda, xüsusilə də cəbhə bölgəsin yaxın rayonlarda səhiyyə sahəsinə dövlət xüsusi qayğı göstərir. Elə həmin qayğının nəticəsidir ki, ölkə başçısının sərəncamı ilə ayrılan 1 milyon manat vəsait hesabına Ağdam rayonunun mərkəzi sayılan Quzanlı qəsəbəsində yeni bir xəstəxana binası tikilərək, 2012-ci ildən istifadəyə verilib. Üçmərtəbəli bu korpusda doğum evi, uşaq xəstəxanası və uşaq poliklinikası fəaliyyət göstərir. Bununla da köçkünlərin səhiyyə xidməti xeyli asanlaşıb. Rayon sakinləri öz xəstələrini ətraf bölgələrə yox, yerli rayon xəstəxanasına gətirirlər.

 

Döğum evinin baş həkimi Fəridə Bağırova "Həftə içi"nə bildirir ki, keçən il rayon üzrə 722 uşaq dünyaya gəlib, onlardan 3 nəfəri ölü doğulub.Onun sözlərinə görə köçkün rayonu kimi yerli kənd xəstəxanalarında və amblatoriyalarda ixtisaslı həkimlər çalışırlar: "Hamilə qadınlarda yerli həkimlər tərəfindən müayinə qrafik üzrə aparılır. Doğuşa qədər ananın bütün orqanları yoxlanılır, analizlər edilir. Xüsusilə, qanda son vaxtlar yayılan viruslar yoxlanılır. Bütün bu müayinələr doğum evində və mərkəzi xəstəxanada ixtisaslı həkim və tibb işçiləri tərəfindən aparılır. Əvvəlki illərdən fərqli olaraq xidmət daha yüksəkdir. Rayon ərazisində olan əməliyyatlar, xüsusilə də "qeysəriyyə" əməliyyatı doğum evində aparılır. Yerli-yersiz "qeysəriyyə" əməliyyatları səhiyyə nazirinin göstərişi əsasında azalıb. Bu gün ana bətində uşaqların normal inkişafı bir həkim kimi məni də qane etmir. Ona görə ki, analarda infeksion xəstəliklər, xüsusilə virus və parazitlərin göstəriciləri müalicə olunmasına baxmayaraq, normadan yüksəkdir. Və bu göstəricilər doğulan uşaqlarda açıq-aşkar büruzə verir".

Fəridə Bağırova bir həkim, ana kimi abortların edilməsinin əleyhinə olduğunu söyləyir: "Çalışıram ki, onun sayı minimuma endirilsin. Xüsusən də qız uşaqlarını abort etdirməyin əleyhinə olmuşam. Və son vaxtlar Milli Məclisin bununla bağlı verdiyi qərarları tam dəstəkləyirəm. Doğum Evinin həkimi kimi bu sahədə nəzarəti gücləndirmişəm. Əgər həkimlərimiz tərəfindən uşaq ana bətində yarımçıq tələf edilərsə, yəni abort əməliyyatı aparılarsa onlar cəzalandırılacaq. Biz həkimlərin vəzifəsi ana bətində uşaqları tələf etmək yox, sağlam cəmiyyətimizə sağlam uşağın dünyaya gətirməsində tibbi xidmət göstərməkdir. Onu da deyim ki, bu ilin 9 ayı ərzində 580 doğum olub. Hamilə qadınlar, xüsusilə də ilk doğuşa gələnlər "qeysəriyyə" əməliyyatına üstünlük verirlər. Amma başa düşmürlər ki, bu onların sağlamlıqlarına mənfi təsir göstərir və gələcək nəsillərin azalmasına gətirib çıxara bilər. Amma biz çalışırıq ki,hamilələrdə əgər mütləq göstəriş olarsa, onda bu üsula əl atılsın".

Həmsöhbətim doğum evində təbii ehtiyat qida məhsullarının olduğunu da dedi. Onun sözlərinə görə təzə doğulmuş uşağın süni qidalanmaya ehtiyacı olarsa, həmin təbii qidadan istifadə edirlər.

Uşaq xəstəxanasında da olduq. Adıçəkilən xəstəxananın baş həkimi Həqiqət Süleymanova müasir tələblərə uyğun tikilən xəstəxanada uşaqların müalicə olunması üçün hər cür şəraitin yaradıldığını bildirdi. Onun sözlərinə görə xəstəxana kifayət qədər tibbi avadanlıqlar və dərman preaparatları ilə təchiz olunub: "Xəstə uşaqlar stansionar müalicəyə cəlb edilir. Gün ərzində qəbul olunan təxminən 22 xəstədən ən azı 4-ü stansionara cəlb edilərək, müalicə aparılır. Əsas somatik xəstələr müalicə edilir. Onu da qeyd edim ki, uşaqlarda xəstəliklər fəsli xarakter daşıyır".

Uşaq Poliklinikasının şöbə müdri Reyhan Eyvazova həkim qıtlığından danışdı. Onun sözlərinə görə, poliklinika və xəstəxanada ixtisaslı həkimlər çox azdır. Şöbəmizə ixtisaslı həkimlər tələb olunur. Poliklinikada uşaq anadan olan gündən 18 yaşına kimi qeydiyyatda olur. Ayda bir dəfə uşaqlar peyvənd edilir. Xoşbəxtlikdən il ərzində uşaqlar arasında vərəmə, difteriya və digər qorxulu xəstəliklərə tutan olmayıb. Dəqiq deyə bilərəm ki, Baharlı,Cəfərli, Alıbəyli, "Dörd yol-1", Dörd yol-2", ümumiyyətlə əksər qəsəbələrdə uşaq həkimləri çatışmır. Bu da polklinikanın işində çətinliklər yaradır. Bir həkim 10 həkimin yükünü çəkir. Ağcəbədi, Bərdə rayonlarında, eləcə də "Xam torpaq"da məskunlaşmış köçkünlərimizə də biz nəzarət edirik. Həmin ünvanlarda da həkim çatışmır".

Ağdam Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Gülnar Abbasova ilə də görüşdük. Gülnar Abbasova 108 həkimə bu gün ehtiyacları olduğunu söylədi. Onun sözlərinə görə rayonda həkim çatışmamazlığı ilə bağlı Səhiyyə Nazirliyinin də məlumatı var: "Həkimlərin işə qəbulu üçün mərkəzləşmış qaydada test imtahanı keçirilməsinə baxmayaraq, bu günə kimi rayona 1 həkim göndərilib".

Həkimlər cəbhə bölgəsi və şəraitinin ağır olduğuna görə gəlib rayonda işləmək istəmirlər. Digər rayonlarla müqayisədə Ağdam camaatının böyük əksəriyyəti müharibə zamanı stress keçirib, nevrozdurlar: "2 min 23 nəhər sakin isə şəkərdən əziyyət çəkir. 280 nəfər Qarabağ əlilinə tibbi köməklik göstəririk. 10 nəfər xəstəmiz telosemiyadan əziyyət çəkir. Bundan başqa 336 nəfər vərəm tutulan xəstələrimiz var. Ildə 30-35 nəfərdə ilkin vərəm aşkar olunur. Bunların içərisində azyaşlı uşaqlardan da vərəmə tutulanları var. Hər il həkimlərimiz tərəfindən məktəblərdə vərəm əleyhinə mantu qoyulur. Rayonda 5 nəfər "Hepatet-c"dən əziyət çəkir. Onlar əsasən Bakı Şəhər Xəstəxanasında müalicə olunur".

 

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2013.- 5-7 oktyabr.- S.7.